Məhkəmə qərarları › İş №1(003)-169/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-169/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-169/2023 28.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Ucar rayonundan anadan olmuş, Azərbaycan Respublikasnın vətəndaşı, natamam orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, Ucar rayonu, Ucar şəhəri, Ş.Fərzəliyev küçəsi, ev 26-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvani küçəsində nömrəsiz evdə kirayədə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 0,294 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 28 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Bakı kafesinin yaxınlığında saxlanılaraq Xəzər RPİnin 2-ci PŞ-nə gətirilmiş və həmin gün saat 18:10 radələrində Xəzər RPİ-nin 2-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 büküm təmiz çəkisi 0,294 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, mütəmadi olaraq narkotik maddə istifadə etmir, lakin 11 ayda, ara-bir istifadə etmişdir. O, yeni işə düzəlmiş, 28 noyabr 2022-ci il tarixdə işdən evə qayıdan zaman Şamxal və Bəxtiyar adlı əməliyyatçılar onu saxlayaraq Polis Bölməsinə gətirmişlər. Orada ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qeydiyyata alındığı bildirilmişdir. Polis Bölməsində onun cibinə narkotik maddəni qoymuşlar və üzərində şəxsi axtarış aparılması zamanı cibindən çıxmışdır. Üzərinə axtarış vəkilin iştirakı ilə aparılmış, lakin o, həmin vaxt vəkilə hadisəni olduğu kimi danışa bilməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı təyziq olunmuş, lakin onu döyməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 2-ci PŞ-də cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 İlhani oğlu ifadəsində göstərdi ki, 28 noyabr 2022ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, «Seyran» adlı şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olur. Eyni zamanda həmin şəxsin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində olduğu bildirilmişdir. Alınmış məlumatla bağlı şöbənin rəhbərliyinə məlumat verilmiş və əməliyyat qrupu yaradılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra o, və qrupun digər üzvü Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə 28 noyabr 2022-ci il tarixdə Xəzər rayonu Buzovna qəsəbəsinə getmişlər. Orada müşahidələr aparmağa başlamış və təxminən saat 18:10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Bakı kafesinin yaxınlığında Təqsirləndirilən şəxs hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib onu Xəzər Rayon Polis İdarəsinin 2-ci PŞ-nə dəvət etmişlər. O, etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla 2-ci PŞ-nin rəisinə müraciət etmişlər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra vəkilin iştirakıilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 büküm maddəni təqdim edərək həmin maddənin narkotik vasitə heroin olduğunu və öz şəxsi istifadəsi üçün Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 2-ci PŞ-də əməliyyat müvəkkili Şahid2 Şahid1 İlhani oğlunun ifadəsində oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış 28 noyabr 2022-ci il tarixl Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd büküm içərisində narkotik vasitə olan heroini çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 29 noyabr 2022-ci il tarixli 6/6802 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №193 dairəvi möhür əksi, " Saxlanılan şəxs ( İmza ) Təqsirləndirilən şəxs.."sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,294 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 02 dekabr 2022-ci il tarixli, 7299 nömrəli rəyindən görünür ki, müayinə zamanı Müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkololi dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə 0,294 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq hazırkı çəkisi 0,244 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşırılmış 30 noyabr 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə MSY-dən azad edilmiş və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 10 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Hüseynov X1 Qarnizonu Hərbi Tribunalının xx.xx.1983-cü il tarixli hökmü ilə CM-nin 234cü maddəsinin A bəndi ilə təqsirli bilinmiş və qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizbəyov Rayon Xalq Məhkəməsinin xx.xx.1985-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, Ucar Rayon Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmü ilə CM-nin 226-1-ci maddəsinin 2ci hissəsi ilə təqsirli bilinmiş və 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.1992-ci il tarixli Amnistiya qərarı ilə xx.xx.1992-ci il tarixdə cəzadan azad olunmuş, Bakı şəhər Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə CM-nin 226-cı maddəsinin 2-hissəsi, 55-ci maddə ilə təqsirli bilinmiş və əmlakı müsadirə olunmaqla 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə CM-nin 226-1-ci maddəsinin 2hissəsi ilə təqsirli bilinmiş və 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı ilə cəzası 06 ilə endirilmiş, 15 aprel 2004-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Ucar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM – nin 178.2.2, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinmiş və 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə üzərində 01 il 09 ay cəza saxlanılmış, xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM – nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və qəti olaraq 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Azərbaycan Respublikası CM-in Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut Bakı şəhəri Xəzər RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalan çəkisi 0,244 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut videogörüntü olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 55 (əlli beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmiş maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 28 noyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,244 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut videogörüntü olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 55,00 (əlli beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (90 manat) və məhkəmə baxışı zamanı (90 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 180 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar