Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-170/2023 15.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 0,438 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 28 noyabr 2022-ci il tarixdə saat 14:45 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş və həmin gün saat 16:05 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 01 büküm təmiz çəkisi 0,438 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, təxminən 10 ilə yaxındır ki, narkotik vasitə heroindən istifadə edir. Öz istifadəsi üçün narkotik vasitələri əsasən Bakı şəhərinin müxtəlif yerlərindən üzdən tanıdığı adını bilmədiyi şəxslərdən almışdır. 27 noyabr 2022-ci il tarixdə axşam saatlarında o, yenə Hövsan qəsəbəsi ərazisindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadə etmək məqsədi ilə almış, üzərində gəzdirmişdir. 28 noyabr 2022-ci il tarixdə təxminən saat 14:45 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq 1-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələrin qəbulunda şübhəli olduğundan Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirərək təhvil vermişlər. Bundan sonra polis şöbəsində narkotik vasitələrin qəbulunda şübhəli olduğu üçün vəkil dəvət olunmuş və o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirmişlər, o da buna etiraz etməmişdir. Bir qədər sonra polis əməkdaşları hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini və əgər üzərində narkotik vasitə, yaxud gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa, könüllü təqdim etməyini bildirmişlər. O, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir büküm narkotik vasitəni təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin maddə narkotik vasitə "kakos"dur və həmin narkotik vasitəni Hövsan qəsəbəsi ərazisindən öz şəxsi istifadəsi üçün almış, başqa məqsədi olmamışdır. Həmin narkotik vasitədən başqa üzərində heç bir narkotik vasitə və qadağan olunmuş əşya olmamışdır. Polis əməkdaşı üzərində şəxsi axtarış aparmış, lakin təqdim etdiyi qeyd olunan narkotik vasitədən başqa üzərindən saxlanılması, gəzdirilməsi qanunla qadağan olunmuş heç bir maddə, əşya aşkar edilməmişdir. Göstərilən narkotik vasitə polis əməkdaşları tərəfindən onun iştirakı ilə yerindəcə qablaşdırıb götürülmüş, bu barədə polis əməkdaşı protokol tərtib etmiş, iştirakçılara ucadan oxumuş, protokolun doğruluğunu, həmçinin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırıldığı zərfi o və digər iştirakçılar imza etmişlər. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlini səmimi etiraf edib peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 28 noyabr 2022-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, «Nurlan» adlı şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olur. Eyni zamanda həmin şəxsin Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində olduğu bildirilmişdir. Alınmış məlumatla bağlı şöbənin rəhbərliyinə məlumat verilmiş və əməliyyat qrupu yaradılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, «Nurlan» adlı şəxs xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasnın vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra o və qrupun digər üzvü Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə 28 noyabr 2022-ci il tarixdə Xəzər rayonu Türkan qəsəbəsinə getmişlər. Orada müşahidələr aparmağa başlamış və təxminən saat 14:45 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib onu Xəzər Rayon Polis İdarəsinin 1-ci PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla 1-ci PŞ-nin rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Şahin Mustafayevə həvalə edilmiş və Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Şahin Mustafayev Təqsirləndirilən şəxs, dəvət olunmuş Müdafiəçi və onların iştirakıyla videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah etmiş üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 01 büküm maddəni təqdim edərək həmin maddənin narkotik vasitə kakos olduğunu və öz şəxsi istifadəsi üçün Hövsan qəsəbəsi ərazisindən aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması barədə qərardan görünür ki, 29 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, 28 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6801 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası DİN Zərflər üçün №157 " dairəvi möhür əksləri olan, " Vət. Təqsirləndirilən şəxs aşkar olunaraq ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ( bir ) ədəd bükümdə təmiz çəkisi 0,438 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,438 qram olan kustar üsulla hazırlanmış narkotik maddə - heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,05 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,388 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, 30 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7306 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin, psixostimulyatorların və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CMnin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 il 05 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan məktublardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən Türkan qəsəbəsi ərazisində tutularaq saxlanılması üçün 3 saylı İT-na gətirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab edilən heroini və psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,388 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut-1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 65,00 (altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 28 noyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,388 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65,00 (altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (90 manat) və məhkəmə baxışı zamanı (180 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 270 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-170/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-170/2023
15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver