Məhkəmə qərarları › İş №1(003)-171/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-171/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-171/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində Nərimanov rayonu, A.Nemətulla küçəsi, 34 ünvanında yerləşən “Hədiyyələr aləmi” mağazasının qarşısından Zərərçəkmiş şəxs2 məxsus “İnfinity FX 35” markalı, **-EH-*** dövlət qeydiyyat nömrəli avtomobili talama məqsədi olmadan qanunsuz olaraq qaçırmış və talama məqsədi ilə avtomobilin salonundan ümumi dəyərləri 780 manat olan 01 ədəd dəyəri 60 manat olan istifadədə olmuş qolsuz gödəkçəni, 01 ədəd, dəyəri 25 manat olan, istifadədə olmamış, “Braun” markalı, yumru qutudakı saç ütüsünü, 01 ədəd, dəyəri 45 manat olan istifadədə olmamış “Braun” markalı, REF5151 kodlu saç ütüsünü, 01 ədəd dəyəri 30 manat olan, istifadədə olmamış “Braun” markalı saç fenini, 01 ədəd, dəyəri 100 manat olan istifadədə olmamış, paslanmayan metaldan hazırlanmış, qızılı rəngə boyanmış, üzəri tək tutacaqlı şüşədən ibarət, şəbəkə formalı, 4 yerlik çərəz qabını, 01 ədəd, dəyəri 100 manat olan istifadədə olmamış, paslanmayan metaldan hazırlanmış, qızılı rəngə boyanmış, üzəri ayrı-ayrı tutacaqlı şüşələrdən ibarət, şəbəkə formalı, 4 yerlik çərəz qabını, 01 ədəd dəyəri 120 manat olan istifadədə olmamış, paslanmayan metaldan hazırlanmış, qızılı rəngə boyanmış, üzəri ayrı-ayrı tutacaqlı şüşələrdən ibarət, şəbəkə formalı, 6 yerlik çərəz qabını, 01 ədəd, dəyəri 140 manat, istifadədə olmamış, paslanmayan metaldan hazırlanmış, qızılı rəngə boyanmış, üzəri ayrı-ayrı tutacaqlı şüşələrdən ibarət, şəbəkə formalı, 6 yerlik çərəz qabını, hər birinin dəyəri 40 manat olan 02 ədəd, istifadədə olmamış, paslanmayan metaldan hazırlanmış, qızılı rəngə boyanmış salfet qablarını və hər biri 40 manat olan 02 ədəd 5 ədədlik şamdanı oğurlamışdır. Bundan başqa, o, təkrarən xx.xx.2020-ci il tarixdə saat təxminən 08:25 radələrində Maştağa-Buzovna yolunun sağ tərəfində “Əsədoğlu” adlı ət mağazası ilə üzbəüz yolda dayanan Şahid1 etibarnamə ilə idarə etdiyi, yeznəsi Zərərçəkmiş şəxs1 məxsus “Opel Zafira” markalı, **-SD-*** dövlət qeydiyyat nömrəli avtomobili talama məqsədi olmadan qanunsuz olaraq qaçırmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə, təxminən saat 18 radələrində Nərimanov rayonu, A.Nemətulla küçəsində olan zaman yolun kənarında “İnfinity FX35” markalı, **-EH-*** nömrəli avtomobilin dayandığını və açarın maşının salonunda olduğunu görmüşdür. O, avtomobilin qapısını əli ilə yoxlamış və açıq olduğundan avtomobilin qapısını açıb əyləşmiş, start-stop düyməsi ilə avtomobilin mühərrəkini işə salıb avtomobili sürməyə başlamışdır. O, avtomobili bir qədər sürdükdən sonra Maştağa qəsəbəsinə gəlmiş və avtomobili yolun kənarında saxlamışdır. O, avtomobilə baxan zaman arxa sərnişin oturacağının üzərində qab-qacaq olduğunu görmüş və həmin əşyaları oğurlayıb sonra satmağı fikirləşmışdir. O, yoldan keçən markasını və nömrəsini xatırlamadığı bir taksi saxlatmış və sürücüyə avtomobilinin xarab olduğundan avtomobildə olan əşyaları evinə aparmağı demişdir. Bundan sonra həmin əşyaları taksiyə qoyub Xəzər rayonu, Albalılıq massivində yerləşən nömrəsiz evə aparmışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə, təxinən saat 08:20 radələrində Maştağa-Buzovna yolunda yolun kənarında dayanmış “Opel Zafira” markalı, **-SD-*** dövlət-qeydiyyat nişanlı avtomobilin açarının üzərində olduğunu görmüş, həmin avtomobili qaçırdıb bir az sürmək qərarına gəlmişdir. O, ətrafda heç kəs olmadığından avtomobilin qapısını açıb əyləşmiş, avtomobili sürərək şəhər istiqamətində hərəkət etmişdir. Həmin vaxt avtomobilin içərinə baxmış və qiymətli heç nə aşkar etməmişdir. Bundan sonra avtomobil ilə geri qayıdan zaman Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edən vaxt bir avtomobil ona işarə verərək maşında nasazlıq olduğunu bildirmişdir. O, avtomobilin təkərinin partladığını fikirləşmiş və avtomobili yolun kənarında saxlamışdır. Həmin vaxt ona işarə verən maşından düşən şəxslər onu saxlayıb Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə aparmışlar və o, orada etdiyi əməlləri səmimi etiraf etmişdir. Bundan sonra o, bacısı Səbinəyə zəng edərək “İnfinity FX35” markalı avtomobildən oğurladığı əşyaları öz otağında saxladığını və həmin əşyaları gətirib polis şöbəsinə verməyi demişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, o, Nərimanov rayonu, A.Nemətulla küçəsi 34 ünvanında yerləşən “Hədiyyələr Aləmi” mağazasında satıcı işləyir. “İnfinity FX 35” markalı, **-EH-*** dövlət-qeydiyyat nişanlı avtomobil ona məxsusdur, o, həmin avtomobili 2009-cu ildə 40000 ABŞ dollarına almışdır. xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində o, avtomobili işlədiyi mağazanın qarşısında saxlayıb piyada “N.Nərimanov” metrostansiyası tərəfə getmişdir. Təxminən saat 20 radələrində sonra işlərini qurtarıb maşının yanına gələn zaman avtomobili saxladığı yerdə olmadığını görmüşdür. O, həmin vaxt avtomobilin qapısını bağlamadığını və avtomobilin mühərrikinin start stopla işə düşdüyündən kiminsə sürüb qaçırdığını anlamışdır. O, dərhal DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş, daha sonra isə Nərimanov RPİ-nin 17-ci PB-nə gedərək ərizə ilə müraciət etmişdir. Ona məxsus, avtomobilin arxa sərnişin oturacağının üstündə 01 ədəd, 2018-ci ildə 220 manata aldığı və geyindiyi qolsuz gödəkçə, 01 ədəd dəyəri 25 manat olan saç ütüsü, 01 ədəd dəyəri 45 manat olan saç ütüsü, 01 ədəd, dəyəri 35 manat olan “Braun” markalı saç ütüsü, 02 ədəd, hər biri 112 manat olan 4 yerlik ləpə qabı, 01 ədəd, dəyəri 148 manat olan 6 yerlik ürək formalı ləpə qabı, 01 ədəd, dəyəri 170 manat olan 6 yerlik ləpə qabı, 02 ədəd, hər biri 65 manat olan salfet qabı və 02 ədəd, hər biri 67 manat olan 5 ədədlik şamdan olmuşdur. xx.xx.2020-ci il tarixdə ona polis bölməsindən zəng etmişlər və o, polislərlə birlikdə Maştağa qəsəbəsinə getmiş və avtomobilin orada yolun kənarında aşkar etmişlər. O, avtomobilin içərisinə baxış keçirən zaman yuxarıda adlarını sadaladığı əşyalarının oğurlandığının şahidi olmuşdur. Bundan sonra polis bölməsinə qayıtmışlar və avtomobilini ona qaytarmışlar. Oğurluq nəticəsində ona 1021 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, “Opel Zafira” markalı, **-SD-*** dövlətqeydiyyat nişanlı avtomobil ona məxsusdur, lakin o, həmin avtomobili etibarnamə əsasında arada idarə etmək üçün qaynı Şahid1 verir. xx.xx.2020ci il tarixdə, Vasif ondan tezdən bazarlığa getmək üçün avtomobili götürmüşdür. xx.xx.2020-ci il tarixdə, təxminən saat 09 radələrində Vasif ona zəng edərək, Xəzər rayonu, Maştağa-Buzovna yolunun kənarında ət almaq üçün avtomobili saxlayıb maşından düşdüyünü, maşının mühərrikinin işlək vəziyyətdə qoyduğundan avtomobili naməlum şəxsin qaçırdığını və polisə gedib ərizə yazmağı demişdir. Bundan sonra o və Vasif Xəzər RPİ-nin 2-ci PŞ-nə getmişlər və o, ərizə ilə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə onlara Xəzər RPİ-nin 2-ci PŞ-dən zəng gəlmiş və onlar yenidən polis bölməsinə gedəndə avtomobili qaçıran şəxsin tutulub polis şöbəsinə gətirildiyinin şahidi olmuşlar. Bundan sonra o və Vasif avtomobilə baxış keçirmişlər və avtomobildə olan texniki passport, Vasifin sürücülük vəsiqəsi və etibarnaməsi avtomobilin içində olmuşdur. Orada ona məlum olmuşdur avtomobili Təqsirləndirilən şəxs adlı şəxs qaçırmışdır. Bundan başqa o, avtomobildə heç bir qiymətli əşya olmadığını və avtomobilə heç bir ziyan dəymədiyini bildirmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, “Opel Zafira” markalı, **-SD-*** dövlət-qeydiyyat nişanlı avtomobil yeznəsi Zərərçəkmiş şəxs1 məxsusdur, lakin o, həmin avtomobili etibarnamə əsasında arada idarə edir. xx.xx.2020-ci il tarixdə, o, yeznəsi Həsəndən avtomobili bazarlığa getmək üçün götürmüşdür. xx.xx.2020-ci il tarixdə, saat 08:25 radələrində Maştağa Buzovna yolunun sağ tərəfində o, avtomobili saxlayaraq ət almaq üçün yolun əks tərəfinə keçmişdir. Həmin vaxt o, avtomobilin mühərrikini söndürməmiş və açar maşının üstündə qalmışdır. Təxminən 5 dəqiqədən sonra ət alıb yolu keçəndə o, avtomobilin yerində olmadığını görmüşdür. Bundan sonra o, yaxınlıqdakı adamlardan soruşsa da heç kəs görmədiyini demişdir. O, avtomobilin qaçırıldığını anlamış və DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra Xəzər RPİ-nin 2-ci PŞ-nə gedib ərizə yazmışdır. xx.xx.2020-ci il tarixdə ona Xəzər RPİ-nin 2-ci PŞ-dən zəng gəlmiş, o və Həsən yenidən polis şöbəsinə gedəndə avtomobili qaçıran şəxsin tutulub polis şöbəsinə gətirildiyinin şahidi olmuşdur. Bundan sonra o və Həsən avtomobilə baxış keçirmişlər və avtomobildə olan texniki passport, sürücülük vəsiqəsi və etibarnamə avtomobilin içində olmuşdur. Orada ona avtomobili Təqsirləndirilən şəxs adlı şəxsin qaçırdığı məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onlar Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, nömrəsiz evdə yaşayırlar. xx xxxxxx 2020-ci il tarixdə o, evdə olan zaman qardaşı Anar ona zəng edərək avtomobil qaçırdığı üçün Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanıldığını və həmin avtomobillərin birindən oğurladığı əşyaları evdəki otağında olduğunu və həmin əşyaları polisə gətirib təhvil verməyini ondan xahiş etmişdir. Bundan sonra o, dərhal Anarın otağına keçib, orada olan 4 ədəd sellofan paketdə olan əşyaları götürüb aparıb polis bölməsində təhqiqatçıya təhvil vermişdir. O, polis əməkdaşlarının iştirakı ilə həmin əşyaları təhvil verən zaman orada 02 ədəd şamdan, 02 ədəd salfet qabı, 04 ədəd ləpə qabı, 03 ədəd saç feni və 01 ədəd kişi gödəkçəsi olmuşdur. O, Anarın avtomobilləri qaçırdığından və həmin avtomobilin birindən həmin əşyaları oğurladığından, yaşadıqları evdə öz otağında saxlamağından xəbərsiz olmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 09/156 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2018-ci ildə alınmış, istifadədə olmuş qolsuz gödəkcə 60 manat, istifadədə olmamış, “Braun” markalı, yumru qutuda saç ütüsü 25 manat, istifadədə olmamış “Braun” markalı, REF5151 kodlu saç ütüsü 45 manat, istifadədə olmamış “Braun” markalı saç feni 30 manat, istifadədə olmamış, paslanmayan metaldan hazırlanmış, qızılı rəngə boyanmış, üzəri tək tutacaqlı şüşədən ibarət, şəbəkə formalı, 4 yerlik çərəz qabı 100 manat, istifadədə olmamış, paslanmayan metaldan hazırlanmış, qızılı rəngə boyanmış, üzəri ayrı-ayrı tutacaqlı şüşələrdən ibarət, şəbəkə formalı, 4 yerlik çərəz qabı 100 manat, istifadədə olmamış, paslanmayan metaldan hazırlanmış, qızılı rəngə boyanmış, üzəri ayrı-ayrı tutacaqlı şüşələrdən ibarət, şəbəkə formalı, 6 yerlik çərəz qabı 120 manat, istifadədə olmamış, paslanmayan metaldan hazırlanmış, qızılı rəngə boyanmış, üzəri ayrı-ayrı tutacaqlı şüşələrdən ibarət, şəbəkə formalı, 6 yerlik çərəz qabı 140 manat, 02 ədəd, istifadədə olmamış, paslanmayan metaldan hazırlanmış, qızılı rəngə boyanmış hər biri 40 manat olan salfet qabı, hər biri 40 manat olan 02 ədəd 5 ədədlik şamdan ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olunmasını nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 780, 0 manat müəyyən olunur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş Səfərov X4 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 285.2.2 və 185.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1 və 185.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinə əsasən “Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma), təkrar törədildikdə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrinə, ekspert rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1 və 185.2.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin nəzərdə tutulduğu maddələrin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olmaq üçün təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan “Nissan İnfiniti FX35” minik markalı, **-EH-*** dövlət qeydiyyat nömrəli avtomobil, 01 ədəd qolsuz gödəkçə, 01 ədəd “Braun” markalı saç ütüsü,01 ədəd “Braun” markalı, REF5151 kodlu saç ütüsü, 01 ədəd “Braun” markalı saç feni, 01 ədəd, üzəri tək tutacaqlı şüşədən ibarət şəbəkə formalı dörd yerlik çərəz qabı, 01 ədəd, üzəri ayrı-ayrı tutacaqlı şüşələrdən ibarət şəbəkə formalı dörd yerlik çərəz qabı, 01 ədəd üzəri ayrıayrı tutacaqlı şüşələrdən ibarət şəbəkə formalı altı yerlik çərəz qabı, 01 ədəd üzəri ayrı-ayrı tutacaqlı şüşələrdən ibarət şəbəkə formalı altı yerlik çərəz qabı, 02 ədəd salfet qabı və 02 ədəd beş ədədlik şamdan Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilməlidir. İş üzrə maddi sübut olan “Opel Zafira” minik markalı, **-SD-*** dövlət qeydiyyat nömrəli avtomobil Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinsin, CM-nin 177.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 185.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan “Nissan İnfiniti FX35” minik markalı, **-EH-*** dövlət qeydiyyat nömrəli avtomobil, 01 ədəd qolsuz gödəkçə, 01 ədəd “Braun” markalı saç ütüsü,01 ədəd “Braun” markalı, REF5151 kodlu saç ütüsü, 01 ədəd “Braun” markalı saç feni, 01 ədəd, üzəri tək tutacaqlı şüşədən ibarət şəbəkə formalı dörd yerlik çərəz qabı, 01 ədəd, üzəri ayrı-ayrı tutacaqlı şüşələrdən ibarət şəbəkə formalı dörd yerlik çərəz qabı, 01 ədəd üzəri ayrıayrı tutacaqlı şüşələrdən ibarət şəbəkə formalı altı yerlik çərəz qabı, 01 ədəd üzəri ayrı-ayrı tutacaqlı şüşələrdən ibarət şəbəkə formalı altı yerlik çərəz qabı, 02 ədəd salfet qabı və 02 ədəd beş ədədlik şamdanın Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan “Opel Zafira” minik markalı, **-SD-*** dövlət qeydiyyat nömrəli avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 22 saata görə 132 (bir yüz otuz iki) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 222 (iki yüz iyirmi iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar