Məhkəmə qərarları › İş №1(003)-172/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-172/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-172/2021 07.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1989-cu il tarixdə Kəlbəcər rayonunun Qılınclı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kəlbəcər rayonunun Qılınclı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Koroğlu küçəsi ev 32-də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə qərəzli xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19:30-da Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi “Albalılıq” Masssivində yerləşən “Xəzər” kafesində sərxoş vəziyyətdə olarkən sifariş verdiyi yeməyin pulunu verməməsi səbəbindən kafeni icarə əsasında işlədən Zərərçəkmiş şəxs ilə aralarında bu zəmində yaranmış mübahisə zamanı açıq-aşkar heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq edib ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib ucadan nalayiq söyüşlər söyməklə kafedən çıxıb gedərkən kafenin qarşısında Zərərçəkmiş şəxs bir neçə dəfə yumruq zərbələri ilə sifət nahiyəsindən qəsdən vuraraq, sonuncuya sağ və sol gözaltı nahiyənin qançırları, burunun sıyrığı, burun sümüyünün yerdəyişməyən xətti sınığı (çatı) ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 16:15 radələrində dostu Şahid1lə birlikdə Zərərçəkmiş şəxs işlətdiyi, Buzovna qəsəbəsində yerləşən “Xəzər” adlı kafeyə gedərək təxminən saat 19:30-dək yeyibiçmişlər. Həmin vaxt Emin ilə birlikdə bir qədər spirtli içki olan pivə qəbul etmişlər. Bundan sonra evə getmək qərarına gəlib, hesabı vermək üçün Ədalətə yaxınlaşaraq hesabı soruşduqda, o, hesabın 61 (altmış bir) manat olduğunu bildirmişdir. Cibindən pulu çıxararkən üzərində 50 (əlli) manat pulunun olduğunu görüb, Ədalətə üzərində 50 (əlli) manat pul olduğunu, qalan 11 (on bir) manatı isə borca yazmasını və növbəti gün ödəyəcəyini bildirmiş, Ədalət isə ondan pulu tam verməyini tələb etmişdir. Ədalətə həmin borcun əvəzinə mobil telefonunu girov qoyub, növbəti gün borcu ödədikdən sonra telefonu verə biləcəyini bildirmiş, Ədalət isə yenə borcu tam ödəməyini demişdir. Bundan sonra mübahisə baş verməməsi üçün o, kafeni tərk edərək kafenin qarşısına çıxmışdır. Həmin vaxt Ədalət də onun arxası ilə gəlmişdir. Spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olduğundan, yumruqla Ədalətin sifətindən bir neçə dəfə vurmuşdur. Bundan sonra polis əməkdaşları gələrək Ədaləti və onu Xəzər RPİ 2-ci PŞ-nə gətirmiş, onlar orada ərizə və izahat yazmışlar. Törətdiyi əməldən peşman olaraq Ədalət ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Ədalətin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, 2020-ci ilin iyul ayından Buzovna qəsəbəsi ərazisindəki “Xəzər” adlı kafeni icarəyə götürərək işlədir. Şahid1 işlətdiyi kafeyə müştəri qismində tez-tez gəlib-getdiyi üçün, Təqsirləndirilən şəxs isə Eminlə birlikdə kafeyə gəlib-getdiyi üçün tanımışdır. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 15-16 radələrində Emin dostu Rafiklə birlikdə kafeyə gələrək saat 18:30 radələrinədək yeyib-içmişlər. Bundan sonra Emin ona yaxınlaşaraq hesabın nə qədər olduğunu soruşmuş, o da hesabın 33 (otuz üç) manat olduğunu bildirmişdir. Emin hesabı tam şəkildə ödəmiş və bundan sonra Rafik nə qədər yeyib-içəcəksə, həmin hesabı Rafikin özündən də almağını bildirmişdir. Bundan sonra Rafik 18 (on səkkiz) manat məbləğində pivə və noxud sifariş verərək tək halda oturub yeyib-içməyini davam etdirmişdir. Təxminən bir saat sonra Rafikə yaxınlaşaraq Eminlə birlikdə yeyib-içmələrindən yaranmış hesabın Emin tərəfindən tam ödənildiyini, qalan hesabın isə onun özünün ödəyəcəyini və əgər pulu yoxdursa, durub getməsini bildirmişdir. Rafik isə sərxoş vəziyyətdə ona iərəf çevrilərək “yeyib-içmişəmsə, hesabımı da tam ödəyəcəyəm, sənlik deyil” deyib oturduğu masadan kənarlaşmağını bildirmişdir. Bundan sonra oradan kənarlaşmış, ardınca isə Rafik ona yaxınlaşaraq hesabın nə qədər etdiyini soruşmuş, o da Rafikə hesabın 18 (on səkkiz) manat olduğunu demişdir. Həmin vaxt Rafik üzərində pulun olmadığını və nisyə yazmağını bildirmişdir. O, Rafikə keçən dəfə də belə etdiyini, lakin bu dəfə nisyə yaza bilməyəcəyini deyərək hesabı tam ödəməsini xahiş etmişdir. Rafik isə ona heç bir cavab verməyərək geriyə çevrilmiş və kafeni tərk etmiş, o da onun arxası ilə gedərək hesabı tam ödəməsini tələb etmişdir. Kafenin qarşısında Rafik ona qarşı çevrilib ümumiyyətlə hesabı verməyəcəyini bildirmiş və qaçaraq kafenin qarşısında olan tanımadığı şəxsin idarə etdiyi, lakin dövlət qeydiyyat nişanını görmədiyi qırmızı rəngli, “VAZ-2107” markalı nəqliyyat vasitəsinə əyləşib kafeni tərk etmək istəmişdir. O, Rafikin arxası ilə qaçaraq əynində olan qış gödəkçəsinin boyun nahiyəsindən tutarkən Rafik avtomobilin qapısını bağlamaq istəmiş, bu zaman avtomobilin qapısı onun sifət nahiyəsindən dəyərək xəsarət yetirmişdir. Bundan sonra Rafik avtomobildən düşüb sağ yumruğu ilə bir dəfə sifət nahiyəsinin sağ və bir dəfə də sifət nahiyəsinin sol tərəfindən zərbə endirmiş, daha sonra da sağ yumruğu ilə bir dəfə burun nahiyəsindən zərbə endirərək ona xəsarət yetirmişdir. Dava-dalaş zamanı Rafik ona qarşı nalayiq ifadələr işlətmiş, Emin də yanlarında olmuş, hadisə təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt o, Rafikə heç bir xəsarət yetirməmiş, lakin onun hərəkətləri barədə Xəzər RPİ 2-ci PŞ-nə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gələrək Rafiki və onu 2-ci PŞ-nə gətirmiş, onlar orada ərizə və izahat yazmışlar. Hazırda Rafik ona dəymiş ziyanı tamamilə ödədiyinə görə o, onunla barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 19 radələrində tanışı Rafiklə birlikdə Buzovna qəsəbəsindəki “Xəzər” adlı kafeyə gələrək orada yeyib-içmişlər. Sonra hesab onların stoluna gəlmiş və görmüşlər ki, hesablarından 11 (on bir) manat çatmır. Buna görə də Rafik hesab ödənilən yerə yaxınlaşaraq kafeni işlədən Ədalətə bu barədə demiş və bildirmişdir ki, pulun çatışmayan hissəsi sabah veriləcəkdir. Buna görə də Rafiklə Ədalətin arasında mübahisə yaranmış və onlar söhbət edə-edə kafedən çölə çıxmışlar. O isə həmin vaxt içəridə olmuşdur. Bir neçə dəqiqədən sonra çöldə Ədalətlə Rafikin ucadan səslərinin gəldiyini eşidib çölə çıxmış və onların ikisinin arasında dava-dalaş yarandığını, ətrafda olan adamların onları ayırdıqlarını görmüşdür. O da onları ayırmağa çalışmış, həmin vaxt Rafikin gözünün ətrafında vuruq olduğunu, Ədalətin isə burnundan qan axdığını görmüşdür. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və orada sakitçilik yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, təxminən bir il olar ki, adətən Buzovna qəsəbəsində Zərərçəkmiş şəxs işlətdiyi “Xəzər” kafesinə istirahət üçün gedir. O, kafeyə tez-tez gəlib-gedən müştəriləri, o cümlədən Rafik və onun dostu Emini də kafedən tanıyır, onlarla adi münasibətləri vardır. 2020-ci il noyabrın 25-də, təxminən saat 18 radələrində yenə də istirahət üçün kafeyə gəlmiş, çay sifariş verib oturmuşdur. Təxminən saat 18:30 radələrində Rafik yenə də dostu Eminlə kafeyə gəlmiş, yemək və spirtli içki sifariş verərək yeyib-içməyə başlamışlar. Həmin vaxt kafedə onlardan başqa digər müştərilər də olmuşdur. Təxminən saat 19:30 radələrində Rafik yeməyin hesabını istəmiş və hesab ona verildikdən sonra o, yerindən durub kafeni işlədən Ədalətə yaxınlaşmışdır. Görmüşdür ki, onların arasında pul barədə söhbət gedir, Rafik yeməyin pulunu tam verə bilmədiyi üçün Ədalətə nə isə deyir, Ədalət isə ona deyir ki, “yeməyin pulunu tam ödəmək lazımdır, nisyə yemək vermir”. Az sonra onların arasındakı mübahisə bir qədər qızışmış, Rafik həmin vaxt artıq sərxoş olduğundan Ədalətin ünvanına ucadan nalayiq sözlər söymüş və onu təhqir etmişdir. Ədalət isə Rafiki başa salıb demişdir ki, “bura kafedir, burda səndən də başqa müştərilər var, camaatı narahat etmək olmaz”. Rafik Ədalətin sözlərinə heç bir məhəl qoymayaraq onu söyməyə davam etmiş, kafeyə gələn bəzi müştərilər içəridə mübahisə olduğunu görüb çıxıb getmişlər. Bundan sonra Rafik ümumiyyətlə heç bir pul verməyəcəyini deyib ucadan söyüşlər söyə-söyə kafedən çölə çıxmış, Ədalət də onun ardınca getmişdir ki, ondan yeməyin pulunu ala bilsin. Təxminən 5 dəqiqə sonra o, onların arxasınca çıxmışdır ki, birdən dalaşma baş verərsə imkan verməsin. Kafenin qarşısına çıxanda görmüşdür ki, Rafik həyətdə olan hansısa bir maşına oturub getmək istəyir, Ədalət isə onun paltarından tutub getməyə qoymamışdır. Bu vaxt Rafik söyüş söyə-söyə Ədaləti yumruq zərbələri ilə sifətindən vurub getmək istəyərkən sərxoş olduğundan yıxılmış və sifəti yerə dəymişdir. Ədalətin isə sifəti qan içində olmuşdur. Bir azdan sonra kafeyə polislər gəlmiş və Rafiklə Ədaləti araşdırma üçün polisə aparmışlar. İş materiallarında olan canlı şəxsin ekspertizası ilə bağlı xx xxxxxx 2020-ci il tarixli 1299 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sağ və sol gözaltı nahiyənin qançırları, burunun sıyrığı, burun sümüyünün yerdəyişməyən xətti sınığı (çatı) küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında keçirilmiş 28 noyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, onlar istintaq zamanı verdikləri ifadələrini bir-birlərinin üzünə deyərək həmin xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan sərxoşluq hallarının təyini haqqında xx xxxxxx 2020-ci il tarixli, 1/5211 №-li tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş xx xxxx 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir, hazırda onun Rafikdən heç bir şikayəti və ya digər tələbi yoxdur, barışmalarının nəzərə alınaraq Rafikə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq Cinayət Məcəlləsinin 128 -ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutları araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq cinayətini törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 15 iş saatına görə (ibtidai istintaqda 10 saat və və məhkəmə baxışı zamanı göstərilən hüquqi yardıma görə 5 saat) cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 2000 (iki min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar