Məhkəmə qərarları › İş №1(003)-172/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-172/2022

23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-172/2022 23.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Şamilyeviçin, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İİ Qarabağ müharibəsi iştirakçısı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını yandırmaqla ümumi təhlükəli üsulla qəsdən məhv etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən məhv etmək məqsədi ilə 03 iyun 2021-ci il tarixdə, saat 06 radələrində Zərərçəkmiş şəxs Şamilyeviçə məxsus sonuncunun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 101 saylı yataqxananın həyətində saxladığı «Toyota Prius» markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobili bir neçə gün əvvəl telefonda səhv düşməsi səbəbindən Zərərçəkmiş şəxs tərəfindən nalayiq ifadələr işlətməsini əsas gətirib özü ilə əvvəlcədən gətirdiyi «Coca-cola» şüşəsində olan benzini tökərək qəsdən yandırmaqla Zərərçəkmiş şəxs Şamilyeviçə 11400 manat xeyli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını ümumi təhlükəli üsulla qəsdən məhv etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin may ayının sonları özünə məxsus 055 *** ** ** nömrəsindən unutduğu bir nömrəyə zəng edərək «Ramindir danışan?» demişdir. Həmin şəxs telefonda səhv düşdüyünü demişdir. O isə üzr istəyəndə nalayiq ifadələrlə təhqir edib kobud şəkildə demişdir ki, «yığdığın nömrəni görmürsən?». O, da demişdir ki, «üzümə qarşı deyə bilərsən söyüşləri». Həmin şəxs üzünə deyə biləcəyini deyib bir daha nalayiq ifadələrlə təhqir etmişdir. O isə demişdir ki, «güllə qabağından qaçmamışam, sənin də qabağından qaçmayacam, amma sən mənim qabağımdan qaçacaqsan». Həmin şəxs telefonu qapatmışdır. Bir saat sonra zəng vurmuş, lakin həmin şəxs nömrəsini qara siyahıya saldığından düşə bilməmişdir. Vatsapda mesaj yazıb demişdir ki, «gəl görüşək söydüyün söyüşləri üzünə qarşı söy». Həmin şəxs yenidən onu qara siyahıya salmışdır. O, unutduğu başqa sim nömrə alıb yenidən həmin şəxsi yığmağa başlamışdır. Yenidən telefonda danışıb həmin şəxsə «səni yerin dibindən də olsa tapacam» demişdir. Həmin şəxs isə demişdir ki, «bacarırsan tap». Tanışlar vasitəsilə həmin şəxsin nömrəsini anket məlumatlarını araşdırıb Getkantakt tətbiqi vasitəsilə adının «Bahadur», «Bahadur Binə», «Baxa» kimi yazıldığını müəyyən etmiş və Getkantakt tətbiqində «Toyota Prius» markalı maşının şəkli və ** SY *** dövlət qeydiyyat nişanı olmuşdur. Həmin şəxsin Binə qəsəbəsində yaşadığını anlayandan sonra Binə qəsəbəsində avtomobilini maraqlananda bildirmişlər ki, həmin şəxs taksi fəaliyyəti ilə məşğul olur və adı Bahadurdur. Yaşadığı binanı və 2-ci mərtəbədə qaldığını anlamış və həyətindən zəng vurub demişdir ki, «həyətdəyəm çıx qabağıma söydüyün söyüşləri bir də söy». Bahadur yenə də, telefonu söndürmüşdür və o, çıxıb getmişdir. 03 iyun 2021-ci il tarixdə Montin qəsəbəsində dostu Mail ilə birlikdə qaldığı oteldən saat səhər 05:20-də çıxıb taksi sifariş etmiş və Binə qəsəbəsinə gəlmişdir. Binə qəsəbəsinə çatanda taksi sürücüsünə demişdir ki, «maşınım burdadı benzini yoxdu YDM dən benzin alaq». Taksi sürücüsü Binə qəsəbəsinin mərkəzində olan «Azpetrol» yanacaq doldurma məntəqəsində saxlamışdır. Yaxınlıqda olan köşkdən 2 lt Coca Cola almış və yerə boşaldaraq qaba benzin doldurub taksiyə oturmuşdur. Taksi sürücüsünə qabaqda maşınının yanında düşürməsini demişdir. Bahadurun qaldığı məhəlləyə gəlmiş və benzini Bahadura məxsus göy rəngli «Toyota Prius» markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin üstünə töküb alışqan ilə yandırmışdır. O, geriyə çəkilmiş və gəldiyi taksi ilə Binə qəsəbəsinin mərkəzinə gələrək orada düşmüş, oradan isə çıxıb getmişdır. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs Şamilyeviç ifadəsində göstərdi ki, hadisədən 8 ay əvvəl 13000 manata aldığı «Toyota Prius» markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 03 iyun 2021-ci il tarixdə, saat 06:10-da yaşadığı yataqxanada olan zaman qonşular onu yuxudan oyadaraq avtomobilinin yandığını bildirmişlər. O, həyətə düşəndə avtomobilin yandığını aşkar etmişdir. Bundan sonra DİN-in 102 xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Avtomobili yararsız vəziyyətə düşdüyündən ona 11000 manat maddi ziyan dəymişdir. Sonra avtomobilini həmin vəziyyətdə 2000 manat pula satmışdır. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini, lakin təqsirləndirilən şəxsə ağır cəzanın təyin olunmasını istəmədiyini bildirdi. Məhkəmədə Şahid oğlu ifadəsində göstərdi ki, ona məxsus «Renault Megane» markalı, **-RK-*** dovlet qeydiyyat nişanlı avtomaşı ilə taksi fəaliyyəti ilə məşgul olur. 03 iyun 2021-ci tarixdə, saat 5:20 radələrinda bir nəfər şəxs Nərimanov rayonu Montin qəsəbəsi adlanan ərazidə maşınına əyləşmiş və onu Binə qəsəbəsində mərkəz adlanan yerdə «Səda» şadlıq sarayının arxa hissəsinə aparmasını istəmişdir. O, həmin şəxsi qeyd olunan ünvana gətirdikdə avtomobilinin benzininin bitdiyini bildirib benzin almaq üçün yanacaq doldurma məntəqəsinə sürməsini istəmişdir. Həmin istiqamətinə hərəkət edən zaman həmin şəxs köşkdən 2 l-lik Coca Cola almış va həmin şirəni yerə tökərək «Azpetrol» yanacaq doldurma məntəqəsindən 2 litr benzin almış və həmin ünvana getmişlər. Həmin oğlan maşından düşüb həyətdə dayanmış «Toyota Prius» markalı, **- SY-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə benzin tökərək yandırmış və onu Sabunçu dairəsinə aparmasını istəmişdir. O, həmin şəxsdən çəkindiyindən onu Sabunçu dairəsinə düşürdükdən sonra hadisənin baş verdiyi yerə qayıtmış və DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Orada yaşayan insanları oyadaraq maşının sahibini tapıb məlumat vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 fevral 2022-ci il tarixli, 9/1295 nömrəli rəyindən görünür ki, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 13500 manat olmuş, 2007-ci ildə istehsal edilmiş, «Toyota Prius» markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla nəzəri qaydada təxminən 11400 manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 23 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2720 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2726 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Sosial arayışdan görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olduğuna görə ona Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, İİ Qarabağ müharibəsi iştirakçısı olduğuna görə ona Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilməsini, “Suqovuşanın azad olunmasına görə” medalı və “Hərbi xidmətlərə görə” medalı ilə təltfi olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Törədilmiş cinayətin az ictimai təhlükəli olmasını, qəsdlə törədilmiş əməlin insan həyat və sağlamlığına ziyan vurulmasına yönəlməməsini, təqsirləndirilən şəxsin öz davranışı ilə islah olunmasını və törətdiyi əməldən səmimi peşmançılığını, İİ Qarabağ müharibəsi iştirakçısı olduğuna görə ona Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilməsini, “Suqovuşanın azad olunmasına görə” medalı və “Hərbi xidmətlərə görə” medalı ilə təltfi olunmasını məhkəmə müstəsna hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. «Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunmasi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1997-ci il 30 dekabr tarixli 3 №-li Qərarına əsasən məhkəmələr edilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan qanunun maddəsi ilə müəyyən olunmuş həddə cəza təyin edərkən nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, qanunlara dürüst əməl etmə, ümumi davranış qaydalarına hörmət etmə ruhunda tərbiyələndirmə, habelə həm məhkuumlar tərəfindən, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan Hüquqlarının və X2 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1.-ci maddəsinə görə “cinayət məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu,cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar,habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal köməklik etdikdə, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən, cəzani yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 4 №-li, 25 iyun 2003-cü il tarixli qərarının 8-ci bəndində göstərilir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, İİ Qarabağ müharibəsi iştirakçısı olduğuna görə ona Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilməsini, “Suqovuşanın azad olunmasına görə” medalı və “Hərbi xidmətlərə görə” medalı ilə təltfi olunmasını, cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın aşağı həddindən az cəza təyin edilməsi məqsədə uyğundur. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 18 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək həbsdə olduğu 1 (bir) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 23 may 2022-ci il tarixdən hesablanmaldır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Rüstəm İsmayılovun 28 fevral 2022-ci il tarixli qərarından görünür ki, “Toyota Prius” markalı, **-SY-*** dövlət nömrə nişanlı avtomobil maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs Şamilyeviçə qaytarılması nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut “Toyota Prius” markalı, **-SY-*** dövlət nömrə nişanlı avtomobilin Zərərçəkmiş şəxs Şamilyeviçə qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs Şamilyeviç yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs Şamilyeviç dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat olmaqla, ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ödənilməsi üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək həbsdə olduğu 1 (bir) gün ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 23 may 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “Toyota Prius” markalı, **-SY-*** dövlət nömrə nişanlı avtomobilin Zərərçəkmiş şəxs Şamilyeviçə qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ**********0000001944, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar