Məhkəmə qərarları › İş №1(003)-172/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-172/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-172/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısının, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1996-cı ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, X.Natəvan küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4 və 186.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs sosial şəbəkəbə tanış olduğu Zərərçəkmiş şəxs məxsus “Mercedes” markalı **-CC-*** qeydiyyat nöməli avtomobilini almaq adı ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat adlanan ərazidə aldadaraq əvvəlcədən 1.000 manat pul verərək qalan pulu isə 24 ay müddətinə hər ay 300 manat ödəmək şərti ilə 8.200 manat məbləğinə aralarında yaranmış razılığa əsasən almış, sonradan 2022-ci ilin oktyabr, noyabr və dekabr aylarında hər ay 300 manat, 2023-cü ilin yanvar ayında isə 150 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs bank kartına 1.050 manat pul köçürmüş, 2023-cü ilin fevral ayında həmin avtomobili Xırdalan şəhəri ərazisində özgənin xeyli mirqdada əmlakını məhv və zədələmə yolu ilə hissələrə bölərək hissələrini müxtəlif şəxslərə satmış, zərərçəkmiş şəxsin qalan 6.150 manat, yəni xeyli miqdarda pulunu etibarından sui-istifadə edərək dələduzluq yolu ilə ələ keçirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 186.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 2022-ci ilin sentyabr ayında sosial şəbəkədə avtomobillərin satışı elanlarında Zərərçəkmiş şəxs ilə tanış olmuş və elanda yerləşdirdiyi “Mercedes” markalı **-CC-*** qeydiyyat nömrəli avtomobilini almaq istəmişdir. Bunun üçün xx.xx.2022-ci il tarixdə Sənanla Xəzər rayonu, Binə qəsəbəsində, Bakavtomat deyilən yerdə görüşmüş, kafelərin birində oturub söhbət etmişlər. Avtomobili bəyənib aralarında razılaşma əsasında həmin avtomobili almışdır. Belə ki, aralarındakı razılaşmaya əsasən əvvəlcədən 1.000 manat pul verməli, qalan məbləği isə 24 ay müddətinə hər ay 300 manat ödəmək şərti ilə verməli olmuşdur. Belə razılaşdıqdan sonra həmin gün o, Sənana görüşdükləri yerdə 1.000 manat pul vermiş və Sənan da ona bir illik avtomobili idarə etmək üçün “online” vasitəsi ilə etibarnamə vermişdir. Bundan sonra 2022-ci ilin oktyabr, noyabr və dekabr aylarında hər ay 300 manat Sənana pul onun bank kartına köçürmüş, 2023-cü ilin yanvar ayında isə pulu olmadığına görə 150 manat köçürmüşdür. Sonradan həmin avtomobildə nasazlıqlar yaranmış, həmin vaxtlar pula da ehtiyacı olmuş, Sənana da pul verə bilməmiş, ona görə də avtomobili satmaq qərarına gəlmişdir. Lakin avtomobilin texniki pasportu onda olmadığına görə sata bilməmişdir. Ona görə də fikirləşmişdir ki, həmin avtomobili ayrı-ayrı hissələrə bölüb satsın. Bunun üçün avtomobili Xırdalan şəhəri ərazisində avtomobili sökmüş və hissələrə ayıraraq işlənmiş hissələr kimi tanımadığı müxtəlif şəxslərə satmışdır. Bundan sonra əldə etdiyi pulu öz borclarına xərcləmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Həmçinin zərərçəkmiş şəxsə vurulmuş ziyanın 25 faiz məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının sonlarında özünə məxsus “Mercedes” markalı **-CC-*** qeydiyyat nömrəli avtomobilini satmaq məqsədi ilə sosial şəbəkədə elan yerləşdirmiş və istifadəsində olan ***-***-**-** mobil nömrəsini orada qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə bir nəfər özünü Qərib kimi təqdim edən şəxs bildirmişdir ki, həmin avtomobili almaq istəyir. Onlar həmin gün Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat adlanan ərazidə görüşmüş və orada yerləşən “Pivənoy Boss” adlı kafedə oturub söhbət etmişlər. Aralarında danışıb razılaşmışlar ki, əvvəlcədən Qərib ona 1000 manat pul verəcək, qalan pulu isə 24 ay müdətinə hər ay 300 manat ödəmək şərti ilə ümumilikdə 8.200 manat pul verəcək. Beləliklə onlar razılaşmış və həmin gün Qərib ona 1000 manat pul vermişdir. O da Qəribə avtomobili sürmək üçün xx.xx.2023-cü il tarixədək etibarnamə vermiş və elə orada da avtomobili Qəribə təhvil vermişdir. Bundan sonra ayrılmışlar və arada telefonda danışmışlar. Bundan sonra Qərib ona hər ay 300 manat olmaqla üç ay pul ödəmiş, dördüncü ay isə 150 manat ödəmiş və ona bildirmişdir ki, bir az maddi vəziyyəti yaxşı deyil, növbəti ay qalıq borcunu da ödəyəcək. Lakin növbəti ay Qərib ona pul ödəməmişdir. Ona görə də ona dəfələrlə zəng etsə də Qərib müxtəlif bəhanələr gətirərək pulunu ödəməkdən yayınmışdır. Son vaxtlar isə Qərib ümumiyyətlə onun zənglərinə cavab verməmişdir. O, Qəribin yaşadığı evi tapıb evlərinə getmiş, lakin Qərib evdə olmasa da ailəsinə vəziyyəti danışmışdır. Buna baxmayaraq bu günə kimi pulunu ödəməmişdir. Eyni zamanda ona məlum olmuşdur ki, Qərib həmin avtomobili hissələrə bölərək başqa ayrı-ayrı şəxslərə satmışdır. Qərib pulu onun bank kartına ümumilikdə 1050 manat köçürmüş, lakin sonradan köçürmədiyinə görə hazırda ona 6.150 manat pul verməli olduğunu bildirmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş Xəzər Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir maddi və mənəvi tələbi və şikayəti yoxdur. İş materiallarında olan: -Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1996-cı ildə Tərtər rayonunun Qaradağlı kəndində doğulmuş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardadan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elvin Ağayev tərəfindən toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və ibtidai araşdırma aparılması üçün icraatına qəbul edilməsi barədə qəbul edilmişdir. -xx.xx.2023-cü il tarixli şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. -xx.xx.2023-cü il tarixli qərara əsasən cinayət işi üzrə icraat təzələnmişdir. -xx.xx.2023-cü il tarixli qərara əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.4- cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. -xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. -xx.xx.2023-cü il tarixli qərara əsasən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. -xx.xx.2023-cü il tarixli qərara əsasən cinayət işi üzrə icraat təzələnmişdir. -xx.xx.2023-cü il tarixli qərara əsasən cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsindən həmin Məcəllənin 178.2.4 və 186.1-ci maddələrinə tövsif edilmişdir. -xx.xx.2023-cü il tarixli qərara əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.4 və 186.1-ci maddələrində nəzərdə tutulan ittihamlar elan edilmişdir -xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 1538 (bir min beş yüz otuz səkkiz) manat pul ödənilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-172/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyindən iş üzrə həmin hissədə ona qarşı cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs az ağır cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 40.1, 40.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar