Məhkəmə qərarları › İş №1(003)-172/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-172/2025

10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-172/2025 10.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Cəbrayıl rayonu, Nüzgar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Nüzgar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3 saylı uşaq xəstəxanasında məskunlaşmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdə saat 12:28-də özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı **-TY- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Mərdəkan-Buzovna şossesi ilə Buzovna qəsəbəsi istiqamətində 100 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər yol hərəkəti iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və sair) vaxtında və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətin təmin olunmasını yerinə yetirməli olduğu halda, eyni zamanda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsi olması şəraitində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə, yəni 100 km/saat sürətlə idarə etməməli olduğu halda və bununla da yol-nəqliyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməmiş, sürücü Təqsirləndirilən şəxs iki zolaqlı yolun sol zolağında “Opel Astra” markalı 90 TY-805 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan-Buzovna şossesi ilə onunla eyni Buzovna qəsəbəsi istiqamətində qarşıda sürücü X14 oğlunun idarə etdiyi “Hyundai Sonata” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ zolağından sola manevr etməsini görən sürücü Ruslan İsgəndərov idarə etdiyi “Opel Astra” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili qadağan olunmuş 100 km-saat sürətlə idarə etdiyi vaxt sürəti azaldaraq yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməməsi səbəbindən idarəetməni itirərək “Hyundai Sonata” markalı avtomobilə toxunmadan qövsvari şəkildə yolun sağ zolağına, daha sonra isə sol zolağına keçərək avtomobilin sağ yan hissəsi ilə əks istiqamətdə hərəkət hissələrini ayıran beton konstruksiyalı ayrıcı zolağın üstünə quraşdırılmış işıq dirəyinə ehtiyatsızlıqdan vurmaqla yol nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan “Opel Astra” markalı avtomobildə qabaq sağ oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs2 təpə nahiyyəsinin hematoması, sağ əlin 1 daraq sümüyünün yerdəyişən sınığı ilə nəticələnən sağlamlığının uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığına az ağır dərəcəli bədən xəsarətləri yetirilməsi ilə nəticələnib ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurulmasına səbəb olan, eyni zamanda həmin avtomobildə sol arxa oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 başbeyninin əzilməsi, sol beyin yarımkürəsi lövhəşəkilli subdural (sərtqişaüstü) hematoması, sağ İX, X, Xİ qabırğaların yerdəyişən sınıqları, sağ tərəfli hematoraksı ilə nəticələnən həyatı üçün təhlükəli olduqlarına görə “sağlamlığına ağır dərəcəli bədən xəsarətləri yetirilməsi ilə nəticələnib ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulmasına səbəb olan, həmçinin, həmin avtomobildə sağ arxa oturacaqda əyləşmiş sərnişin X2 gicgah nahiyyəsinin əzilmiş yarası: təpə nahiyyəsinin, alın nahiyyəsinin, sağ və sol bazunun arxa səthinin, qarının ön divarının sol yarısının orta üçdə birinin, sol baldırın aşağı üçdə birinin ön-iç səthinin sıyrıqları: sağ budun yuxarı üçdə birinin bayır səthinin, sol budun orta üçdə birinin bayır səthinin qançırları: başın yumşaq toxumalarının iç səthinə, beyin beyin toxumasına və beyin yumşaq qişasına geniş qansızmalar: sağ gicgah sümüyünün orta kəllə çuxuruna uzanan xətti sınığı: sağ bazu sümüyünün qapalı, yerdəyişən sınığı kimi bədən xəsarətləri nəticəsində həyatı üçün təhlükəli olduqlarına görə sağlamlığına ağır dərəcəli bədən xəsarətləri yetirilməsi kimi ölümlə birbaşa səbəbli əlaqəsi olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərəvurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə almış olduğu travma kompleksi nəticəsində baş beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X5 ölümünə bilavasitə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona ittiham edilən əməl üzrə özünü təqsirli bilərək göstərdi ki, 25 iyul 2024-cü il tarixdə sol yol ilə getdiyi zaman Hundai markalı avtomobili 100-150 metrdən görmüş, ona 20-30 metr yaxılaşan zaman elə bilmişdir ki, ona yol vermək istəyir. Lakin yolda manevr etməyə başlamışdır. Bu zaman idarə etməni itirmiş, nəticədə avtomobil sol tərəfdəki dirəyə dəymiş, nəticədə avtomobilində olan sərnişin Vüsal ölmüşdür. Digərləri isə xəsarət almışdır. Avtomobil ona məxsusdur. Avtomobili sürətli 90- 100 km-saat sürətlə idarə etmişdir. Əsəbi olduğu üçün sürətlə idarə etmişdir. Sürətli idarə etməsinə və hadisəyə görə peşman olmuşdur. Zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisəni xatırlamır. İşə getmək üçün avtomobilə əyləşmişdir. Avtomobildə arxada oturmuş, zərbədən sonra baş verənləri xatırlamır. Qabırğaları, dişləri sinmış və kəllə-beyin travması almışdır. Hazırda barışmış, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qabaqda oturmuşdur. Qarşıda manevr edən avtomobili görmüşdür. Sonra isə üzünə su vurulub ayıldılmasını xatırlayır. Ekspert rəyi ilə razılaşmır. Çünki, onun əli tamamilə sınıq vəziyyətə düşmüşdür. Əlini hərəkət etdirə bilmir. Hazırda barışmış, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi X7 məhkəmə iclasına gəlməmiş və məhkəməyə xx.xx.2025-cü il tarixli ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs ilə barışdığını və vurulmuş ziyanın ödənildiyini, ona qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə zərər çəkmiş şəxsin hüquqi varisi X6 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmiş və onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsini elan etmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, X8 onun oğludur. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Vüsal İsmayılov yaşadıqları ünvandan çıxmışdır. xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində bir nəfər şəxs onunla əlaqə saxlayaraq oğlu Vüsal İsmayılovu avtomobilin vurmasını demişdir. O, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanaya getmiş, orada Vüsal İsmayılovun vəfat etməsi ona məlum olmuşdur. Daha sonra isə oğlunun nəşini morqdan təhvil alaraq Yevlax şəhəri, Cırdaxan kəndində yerləşən qəbirstanlıqda dəfn etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 13 avqust 2024-cü il tarixli 102 nömrəli ekspert rəyindən görünür ki, mərhum V.İ.İsmayılovun meyitində aşkar edilmiş xəsarətlər-sağ gicgah nahiyyəsinin əzilmiş yarası:təpə nahiyyəsinin, alın nahiyyəsinin, sağ və sol bazunun arxa səthinin, qarının ön divarının sol yarısının orta üçdə birinin, sol baldırın aşağı üçdə birinin ön-iç səthinin sıyrıqları: sağ budun yuxarı üçdə birinin bayır səthinin, sol budun orta üçdə birinin bayır səthinin qançırları: başın yumşaq toxumalarının iç səthinə, beyin beyin toxumasına və beyin yumşaq qişasına geniş qansızmalar: sağ gicgah sümüyünün orta kəllə çuxuruna uzanan xətti sınığı: sağ bazu sümüyünün qapalı, yerdəyişən sınığı küt əşya(əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan avtomaşının salonunun qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum V.İ.İsmayılovun ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı alımış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beyin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum V.İ.İsmayılovun meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum V.İ.İsmayılovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir(məhkəm-kimyəvi müayinə aktı № 2565/K, xx.xx.2024) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 09 sentyabr 2024-cü il tarixli 1023 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər-baş-beyin əzilməsi, sol beyin yarımkürəsi lövhəşəkilli subdural (sərtqişaüstü) hematoması, sağ İX, X, Xİ qabırğaların yerdəyişən sınıqları, sağ tərəfli hematoraks küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun ‘‘X13” X15 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 09 sentyabr 2024-cü il tarixli 1063 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-təpə nahiyyəsinin hematoması, sağ əlin İ daraq sümüyünün yerdəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X13” X15 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2024-cü il tarixli, 8/2986 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Opel Astra” markalı, **- TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobil yaşayış məntəqəsi olması şəraitində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərinə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Hyundai Sonata markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin hadisə zamanı nəqliyyat vasitələri arasında toqquşma baş vermədiyindən onun hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin qiymətləndirilməsi üçün yol-nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb olunmadığından yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. -Zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını və vurulmuş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. -zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 notariat qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyanın tamamilə ödənilməsini, barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, iddia və tələbi olmadığını bildirmişdir. İş materiallarında olan: -əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 25 iyul 2023-cü il tarixli, 1/6707 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbul edilməsi halı aşkar edilməmişdir. - AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin mərkəzi məlumat sistemində aktiv məlumatları yoxlanılarkən AD seriyalı, 402913 nömrəli sürücülük vəsiqəsinin aktiv olması, həmin sürücülük hüququndan məhrum edilməməsi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-in xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. - elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin diskdə 01 ədəd videogörüntü vardır. Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər kameralarından əks olunan video görüntü olan 01 ədəd DVD diskə baxış keçirdilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 25 iyul 2024-cü il tarixində yolnəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan-Buzovna şossesi Buzovna qəsəbəsi istiqamətində gedən yol qeyd edilən saat 12:28 dəqiqədə Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobillə sol zolaqla 100 km/saat sürətlə hərəkət etməsi, idarə etməni itirərək avtomobillə işıq dirəyinə çırpılaraq yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilir. Videogürüntünün davamında hadisə yerinə yoldan keçən çoxsaylı şəxslərin toplaşması müşahidə edilir. -təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Əli İskəndərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir”. Həmin qanunun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən “Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir”. Həmin Qanunun 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə qiymət verərək, həmçinin iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv olaraq qiymətləndirərək qeyd edir ki, iş materiallarından da göründüyü kimi xx.xx.2024-cü il tarixdə baş vermiş və piyadanın ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi məhz sürücü Təqsirləndirilən şəxs təqsiri nəticəsində baş vermişdir. Bu hal yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, protokola əlavə edilmiş hadisə yerinin sxemi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi və iş materiallarına əlavə edilmiş və yol nəqliyyat hadisəsinin əks olunduğu video görüntü ilə də öz təsdiqini tapır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslər ilə barışmasını, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşmançılığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən “Zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən “Cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan yeganə əsas cəza növü-azadlıqdan məhrum etmə cəzasının və əlavə cəzanın təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, əlavə cəza isə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olmalıdır. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut qismində tanımış “Opel Astra” markalı, 90-TY- 805 dövlət qeydiyyat nömrəli avomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzrə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut qismində tanımış “Opel Astra” markalı, 90-TY- 805 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 90 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 06 saata görə 36 manat, ümumilikdə 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar