Məhkəmə qərarları › İş №1(003)-174/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-174/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-174/2023 30.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri Nizami rayonu P.Fərzəliyev küçəsi ev 133 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Zabrat 1 qəsəbəsi ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,327 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində daşıyaraq üzərində saxlamış, 10 oktyabr 2022-ci il tarixdə saat 19:45 dəqiqədə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Çiləgər yaşayış massivində yerləşən “Bakı” kafesinin yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitələrdən bir neçə ildir ki, istifadə edir. 10 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində əvvəllər tanımadığı şəxsdən 15 manata öz şəxsi istifasi üçün narkotik vasitə heroin əldə edərək üzərində saxlamış, 10 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Çiləgər yaşayış massivində yerləşən «Bakı» kafesinin yaxınlığında piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməyi tələb etmişdir. Özünü təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına dəvət etmiş, polis əməkdaşlarının təklifinə etiraz etməyərək onlarla birlikdə 2-ci Polis Şöbəsinin inzibati binasına gəlmiş, PŞ-nin inzibati binasında təhqiqatçı tərəfindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmağı haqqında qərar elan olunmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra ona müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılmağa başlamadan öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmişdir. Bundan sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edərək bükümdə narkotik vasitə heroin olduğunu bildirmiş, daha sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülən, içərisində narkotik vasitə heroin olan bir ədəd gümüşü rəngli siqaret kağızı bükümü içərisi boş olan kağız zərfə qoyulmuş, tərəfindən imza edilərək üzəri möhürlənmişdir. Törətdiyi bu əməli etiraf edir və peşmançılıq çəkir. Himayəsində iki uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 2-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 göstərdi ki, xx xxxxx 1979-cu ildə ünvan 2 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Zabrat 1 qəsəbəsi ünvan 3nvnında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Çiləgər yaşayış massivində yerləşən “Bakı” kafesinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuş, ondan və Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu yaradıldıqdan sonra Şahid1 ilə birlikdə Buzovna qəsəbəsi Çiləgər yaşayış massivində yerləşən «Bakı» kafesinin yaxınlığına yollanmış, 10 oktyabr 2022-ci il tarixdə saat 19:45 dəqiqədə Buzovna qəsəbəsi Çiləgər yaşayış massivində yerləşən «Bakı» kafesinin yaxınlığında Təqsirləndirilən şəxs zahirən bənzəyən və özünü şübhəli aparan bir nəfər şəxsi görüb ona yaxınlaşmış, Şahid1 ilə birlikdə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərdikdən sonra həmin şəxsdən də özünü təqdim etməyi xahiş etmiş, həmin şəxs özünü xx xxxxx 1979-cu ildə ünvan 2 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Zabrat 1 qəsəbəsi ünvan 3nvnında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlamış, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına dəvət etmiş, o da buna etiraz etmədikdən sonra onu 2-ci Polis Şöbəsinin inzibati binasına apararaq barəsində araşdırma aparılması üçün 2-ci Polis Şöbəsinin təhqiqatçısı, polis leytenantı Nicat Cahangirova təhvil vermişdir. X3 Rzayevin hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra Şahid1 ilə birlikdə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış aparılmadan öncə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edərək həmin bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 10 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Maştağa qəsəbəsində əvvəllər tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxardaraq təqdim etdiyi bir ədəd gümüşü rəngli siqaret kağızı bükümü açıldıqda içərisində spesifik iyə malik, tünd qəhvəyi rəngli kütlə olması müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, onun üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olan kütlə içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanaraq möhürlənmişdir. Bununla bağlı olaraq təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokolla tanış olmuş, protokolun düzgün tərtib edildiyinə əmin olduqdan sonra protokola imza etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 11 oktyabr 2022-ci il tarixli 6/5854 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 193” dairəvi möhür əksi olan "Vət. Təqsirləndirilən şəxs üzərindən ...." yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,327 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Ümumi çəkisi 0,327 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitənin 0,100 qramı tədqiqata sərf edilmiş, 0,227 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,00 (səksən bir) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 25 noyabr 2022-ci il tarixli, 7131 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,327 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin qalıq qalmış – 0,227 qram hissəsi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 21 dekabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üstündə saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 12 oktyabr 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 10 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,227 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 81,00 (səksən bir) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,227 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar