Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-174/2024 14.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, döngə 8, nömrəsiz fərdi evdə qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək ünvan 1 ünvanında yerləşən yaşadığı evin həyətyanı sahəsindən 0,02 hektar sahəsini 7000 manata, 01 ədəd hovuzu isə 300 manata satacağını vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin may ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində ünvan 1 ünvanda yerləşən yaşadığı evdə Zərərçəkmiş şəxs 6700 manat, yəni xeyli miqdarda pulunu alıb ələ keçirərək zərər çəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşuluqda yarımtikili evi vardır. 2021-ci ilin may ayında o, öz həyətindən 200 kv.m. torpaq sahəsini satmaq istəmiş və Zərərçəkmiş şəxs həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Bundan sonra onlar öz aralarında razılığa gəlmişlər və Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda 2021-ci ilin may ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində ona qeyd olunan torpaq sahəsi üçün 6400 (altı min dörd yüz) manat pul vermiş, lakin 600 (altı yüz) manat borcu qalmışdır. Bundan sonra o, sadə kağızda ondan pul almağı ilə bağlı qeydlər apararaq imzalamışdır. O, həmin torpaq sahəsini Şərafətə satsa da, həmin torpaq sahəsinə görə hər hansı bir sənədi olmadığından sənəd təqdim edə bilməmişdir. Müəyyən müddət keçməsinə baxmayaraq Zərərçəkmiş şəxs onun 600 manat pulunu ödəmədiyi üçün o, həmin torpaq sahəsini Kamran adlı şəxsə 11000 manata satmışdır. Həmin torpaq sahəsini satdıqdan sonra isə Zərərçəkmiş şəxs ona verdiyi 6400 (altı min dörd yüz) manat puldan əvvəlcə 4000 (dörd min) manat, sonra 200 (iki yüz) manat, sonda isə 250 (iki yüz əlli) manat pulunu geri qaytarmışdır. Danışıqlarına əsasən isə yerdə qalan 1950 (min doqquz yüz əlli) manat pulu hissə-hissə qaytarmalı idi. Lakin, Zərərçəkmiş şəxs bununla razılaşmamış və torpaq sahəsini tələb etməyə başlamışdır. O, isə Şərafətə bildirmişdir ki, torpaq sahəsinin pulunu vaxtında tam ödəmədiyi üçün həmin yeri başqa şəxsə satmışdır. Bundan sonra da Şərafətin ona verdiyi pulun çox hissəsini geri qaytarmışdır. Yerdə qalan pulu Şərafətin ona verdiyi kimi hissə-hissə ödəyə biləcəyini desə də Şərafət onunla razılığa gəlməmişdir. Bu səbəbdən də o, həmin vaxtdan sonra ona pul ödəməmişdir. Hazırda Zərərçəkmiş şəxs onun cəmi 1950 (min doqquz yüz əlli) manat borcu qalmışdır. Torpaq sahəsini sonradan satdığı Kamran adlı şəxs isə oranı hasara aldıraraq oraya dəmir darvaza quraşdırmışdır. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs pulu ona dediyi vaxtda ödəmədiyindən torpaq sahəsini satmışdır. Onun aliment borcu olmuş, həmin puldan alimentini ödəmişdir. Zərər çəkmiş şəxsə qalan pulu ödəmək istəyir. Torpaq sahəsini Şərafətə 7000 manata satmışdır. İldən ilə torpağın qiyməti qalxır bu səbəbdən torpağı Kamrana 11000 manata satmışdır. Şərafətin torpaq sahəsini Kamrana satmasından xəbəri olmuşdur. Torpaq sahəsini Kamrana satmamışdan əvvəl Zərərçəkmiş şəxs xəbərdar etmişdir. Şərafət ona danışdıqları kimi pulu tam vermədiyindən, yəni 600 manat pulu 4-5 ay ərzində vermədiyindən aralarında narazılıq olmuş, o, da torpağı Şərafətə məlumat verərək satmışdır. Təqsirləndirilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayında həmin evin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs əlavə 200 kv.metr torpaq sahəsi almış, öz həyətinə birləşdirmək qərarına gəlmişdir. Torpaq sahəsini 7000 manata razılaşmışdır. Bu məqsədlə 2021-ci ilin may ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində Təqsirləndirilən şəxs 300 manata ona satdığı hovuzla birlikdə ümumilikdə 6700 manat pul vermişdir. Həmin pulları ona hissə-hissə olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində yerləşən yaşadığı evdə əlbəəl vermişdir. Ondan aldığı torpaq sahəsinə görə verəcəyi 7000 manat puldan 600 manat borcu qalmışdır. Həmin pulu ona görə Gündüzə verməmişdir ki, Gündüz ona torpaq sahəsi ilə bağlı sənəd verməkdən imtina etmişdir. O, Gündüzün ona sənəd verəcəyini gözlədiyi bir vaxtda Gündüz onun xəbəri olmadan ona satdığı torpaq sahəsini Kamran adlı başqa bir şəxsə satmışdır. O, bunu bilən kimi Gündüzdən pulunu geri tələb etmişdir. Gündüz ona 200 manat pul vermişdir. Bir müddətdən sonra isə yenə də ona 250 manat pul qaytarmışdır. O, Gündüzdən pulu hissəhissə deyil, tam şəkildə qaytarmağını tələb etdikdən sonra isə Təqsirləndirilən şəxs ümumiyyətlə ona pul verməmişdir. Həmin torpaq sahəsini Təqsirləndirilən şəxs ona satarkən heç bir rəsmi sənəd təqdim etməmişdir. Həmin torpaq sahəsində hər hansı tikinti işlər aparmamışdır. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Gündüz ona 4450 manat pul ödəmiş, 6550 manat borcu qalmışdır. Gündüzə torpaqdan əlavə 4000 manat pul vermişdir. Torpaq sahəsini Gündüzdən 10800 manata almışdır. Bütün şikayətlərində 6400 manat yazmağına səbəb əlində heç bir sənəd olmaması olmuşdur. 6400 manatla bağlı kağızı vardır. Torpaq sahəsinin sənədsiz olduğunu bilmişdir. O, 6700 manat pul verərək Gündüzdən aldığı torpaq sahəsini başqa şəxsə satdığından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəmənin təşəbbüsü əsasında şahid qismində dəvət edilərək dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Gündüzdən 10800 manata torpaq sahəsi almışdır. Sonra həmin torpağı Xəzər Rayon Bələdiyyəsindən icarəyə götürmüşdür. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid göstərmişdir ki, torpaq sahəsini 2022-ci ildə 11000 manata almışdır. Gündüz ona torpaq sahəsini başqa şəxsə satdığını deməmişdir və ya torpağı alan zaman orada başqa adam iştirak etməmişdir. Şərafət xanımı torpaq sahəsini alandan 7-8 ay sonra keçən ilin avqust ayından tanımışdır. Şərafət ona zəng edərək onunla söhbəti olduğunu demiş, Gündüzdən aldığı torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. O, bununla bağlı Gündüzdən soruşmuş, Gündüz ona torpaq sahəsini əvvəl Şərafətə satdığını, lakin sonradan Şərafət torpaq sahəsinin pulunu tam vermədiyindən Şərafətin torpaq sahəsinə verdiyi pulu geri qaytardığını bildirmişdir. Şərafətlə aralarında torpaq sahəsinin satıb pulunu geri qaytarmağa razılaşdıqlarını bildirmişdir. X5 tərəfdən nə qədər pul qaytarıldığından məlumatı yoxdur. Gündüzdən torpaq sahəsini alan zaman sənədləşmə aparmamışlar. Hazırda Gündüzün satdığı torpaq sahəsi onun istifadəsindədir. Şərafət ona Gündüzdən torpaq sahəsini neçəyə aldığını deməmişdir. Gündüzə Şərafətin borcu qalması ilə bağlı dəqiqləşmə aparmamışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 127.1 və 66.5-ci maddələri ilə təqsirli bilinərək barəsində 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində AR CM-nin 306.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 iyul 2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Ramil Mehdiyev tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və eyni tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan və AR DİN-nin Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən verilmiş eyni tarixli məktubdan görünür ki, 31 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində saxlanılaraq Xəzər RPİ-nin MSY-nə yerləşdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 31 iyul 2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Ramil Mehdiyev tərəfindən cinayət işi üzrə icraat təzələnməklə istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 02 avqust 2023cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Ramil Mehdiyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmə AR CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Verilmiş ittihama əsasən təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs 0,02 hektar sahəsini 7000 manat və 01 ədəd hovuzu isə 300 manat müqabilində satmaq barəsində razılığa gəlmiş, zərərçəkmiş şəxs tərəfindən bunun qarşılığında ona 6700 manat məbləğində pul ödənilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, həmin torpaq sahəsinin heç bir hüquqi sənədi olmamış, torpağı satarkən bu barədə zərərçəkmiş şəxsə məlumat vermiş, zərər çəkmiş şəxsin torpağı alarkən bu barədə məlumatı olmuşdur. Həmin torpaq sahəsinə görə zərərçəkmiş şəxs hissə-hissə olmaqla 9 ay müddətində pul ödəmiş, 600 manat borcu qalmışdır.Qalan borcu zərərçəkmiş şəxsdən bir neçə ay müddətində tələb etmiş, borcu qaytarmayacağı təqdirdə torpaq sahəsini başqa şəxsə satacağını ona bildirmişdir. Zərərçəkmiş şəxs borcu ona qaytarmadığı üçün o, torpaq sahəsini digər şəxsə 10800 manata satmışdır. Torpağı satdıqdan sonra zərərçəkmiş şəxsin pulunu qaytarmış, ona 1950 manat borcu qalmışdır. Qalan borcu hissə-hissə qaytarmaq istəsə də, zərərçəkmiş şəxs ondan torpağı tələb etmiş, bu səbəbdən borcu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, təqsirləndirilən şəxslə qonşuluqda yaşamış, həmin torpaq sahəsini ondan alaraq öz yaşadığı əraziyə birləşdirmək istəmişdir. Ona 9 ay müddətində 6700 manat pul ödəmiş, cəmi 600 manat borcu qalmışdır. Torpağın sənədsiz olması barədə məlumatı olmuşdur. Zərərçəkmiş şəxs eyni zamanda qeyd etmişdir ki, o, təqsirləndirilən şəxsə ümumilikdə 11000 manat pul vermişdir. Lakin aralarındakı razılaşmada həmin məbləğ 7000 manat kimi göstərilmişdir. 4000 manat hissəsi razılaşmada öz əksini tapmadığından istintaq orqanına müraciətində 7000 manat məbləğində pulun qaytarılmasını bildirmişdir. 11000 manatın müqabilində Gündüzün ona 4450 manat qaytardığını və hazırda onun 6550 manat borcunun qaldığını qeyd etmişdir. Şahid məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində həmin torpaq sahəsinin 2022-ci ilin mart ayında 10800 manat müqabilində Gündüz Abbasovdan aldığını bildirmişdir. Həmin torpaq sahəsinin əvvəl başqa şəxsə satılması barədə məlumatı olmamışdır. Yalnız torpaq sahəsini alandan 7-8 ay sonra təxminən 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs ona zəng edərək bu barədə məlumat vermişdir. Gündüz Abbasovdan bu barədə soruşduqda o, Zərərçəkmiş şəxs ona pulu tam şəkildə ödəmədiyini, bu səbəbdən torpağı yenidən satmaq qərarına gəldiyini lakin Zərərçəkmiş şəxs ilə aralarında torpaq sahəsinin satıldıqdan sonra onun pulunun geri qaytarılması ilə bağlı razılaşdıqlarını bildirmişdir. Məhkəmə əldə edilmiş sübutları bütünlükdə tədqiq edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ittiham sübuta yetmir, bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2023-cü il tarixli 7 saylı qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun.” Məhkəmə bildirir ki, təqsirləndirilən şəxs əvvəlcədən razılaşdırılmış məbləğə torpaq sahəsini zərərçəkmiş şəxsə satmış, zərərçəkmiş şəxsin torpağı alarkən sənədsiz olması barədə məlumatı olmuşdur. Zərərçəkmiş şəxs 9 ay müddətində təqsirləndirilən şəxsə ümumi məbləğin müəyyən hissəsini ödəmiş, qalan hisəssini isə bir neçə ay müddətində ödəyə bilməmişdir. Belə ki, iş materiallarında olan 01 fevral 2022-ci il tarixli tərəflər arasında yazılmış qəbzin surətindən görünür ki, Gündüz Abbasov 0,02 hektar sahəsini 7000 manat və 01 ədəd hovuzu isə 300 manat müqabilində Zərərçəkmiş şəxs satmış, Zərərçəkmiş şəxs ona 6400 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs pulun qalan hissəsini ödəmədiyinə görə zərərçəkmiş şəxsə qabaqcadan xəbərdar etməklə torpağı digər şəxsə satmışdır. Belə ki, iş materiallarında olan tərəflər arasında yazılmış qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs 05 avqust 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixə kimi 3000 manat məbləğində, 15 mart 2023-cü il tarixə kimi isə 1000 manat məbləğində pulu Gündüz Abbasova ödəməyi öz öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs torpağı digər şəxsə satdıqdan sonra zərərçəkmiş şəxsə pulun bir hissəsini qaytarmışdır. Lakin zərərçəkmiş şəxs qalan pulu deyil torpağı yenidən tələb etdiyinə görə təqsirləndirilən şəxs qalan pulu ona qaytara bilməmişdir. Məhkəmə qeyd edir ki, ittihamın irəli sürülməsinə əsas olmuş hal yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ittihamda öz əksini tapmır. Belə ki, təqsirləndirilən şəxsin niyyəti zərərçəkmiş şəxsin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlməmişdir. Göründüyü kimi tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılaşma (öhdəlik) olmuşdur. Razılaşma zərərçəkmiş şəxs tərəfindən icra edilmədiyinə görə torpaq sahəsi digər şəxsə satılmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin niyyəti öhdəliyin icrasına yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü onun əməlində cinayət tərkibi olmadıqda çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.2-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən ”Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.” İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 350-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X3 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümümilikdə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-174/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-174/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver