Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-177/2023 02.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonu Bülüdül kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış sahəsində Zərərçəkmiş şəxs ilə söyüş söyülməsi səbəbindən aralarında şəxsi münasibətlərinin pozulması zəminində mübahisə edib Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri ilə qəsdən vuraraq ona sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyyənin, sol almacıq nahiyyəsinin, sağ dirsəyin, sağ saidin, sağ kürək nahiyyəsinin sıyrıqları, burunun qançırı ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə qəsdən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, qardaşı Təhminin yanında fəhlə işlədiyinə görə Zərərçəkmiş şəxs tanıyır. 05 oktyabr 2022ci il tarixdə, saat 10:30 radələrində İmran ona sms yazaraq ona qarşı təhqiredici sözlər işlətmişdir. O, bu barədə qardaşı Təhminə məlumat vermişdir. 07 oktyabr 2022-ci il tarixdə, saat 20:30 radələrində İmrana zəng edərək onun yaşadığı evin qarşısında görüşmüşlər. Həmin vaxt qardaşı Təhmin də yanında olmuşdur. Söhbət zamanı qardaşı Təhmin İmrandan nəyə görə onları söydüklərini soruşmuşdur. Bunu deyən zaman İmran yenidən onların ünvanına söyüşlər söyməyə başlamışdır. Bu zaman o, İmranın sifətinə iki yumruq zərbəsi vurmuşdur. Bu vaxt İmranın arvadı və qohumu olan dayısı oğlunun əllərində dəmir parçası ilə onların üstünə gəldiklərini görüb oradan qaçmağa başlamışlar. İmran da onların arxasınca qaçmış, onu tutmuş onlar birlikdə yerə yıxılmışlar, lakin o, tez ayağa qalxaraq yenidən İmranın sifətinə bir yumruq zərbəsi vurmuş və daha orada dayanmayaraq qaçıb getmişlər. Dava zamanı qardaşı Təhmin İmranı vurmamışdır. İmran onların ünvanına söyüş söydüyünə görə o, İmranı vurmuşdur. Hadisə İmranın yaşadığı evin qarşısında baş vermiş və orada həmin vaxt İmran, o, qardaşı Təhmin və İmranın ailə üzvləri, yəni arvadı və qohumu olmuşdur. Hadisə zamanı İmranın sifətindən yumruqla vurmuş, əlində hər hansı bir predmet olmamışdır. Davadalaş təxminən 10-15 dəqiqə baş vermişdir. İmranın bədənində olan diğər xəsarətləri yıxılarkən almışdır. İmranla aralarında yaranmış münaqişənin əsas səbəbi onun nalayiq söyüşlər söyməsi olmuşdur. Hazırkı məhkəmə iclasında bir daha həmin əməlindən peşmançılıq çəkdiyini bildirir və bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. 08 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, onun Qala qəsəbəsində tikilməkdə olan yarımçıq evi var və həmin evin hörgü işlərini gördürmək üçün ustalar axtarmışdır. Bu məqsədlə təsadüfən Tacir və Təhmin adlı ustalarla tanış olmuş, onlar həyətində cəmi 4 kv. metrlik sahədə iş görmüşlər. Bu 2022-ci ilin iyul ayının 27-də olmuşdur. Buna görə həmin ustalara 280 manat pul vermişdir. Lakin sonradan onlar hər dəfə müxtəlif bəhanələr gətirərək evi təmir etməmişlər və işi başa çatdırmaqdan boyun qaçırmışlar. Buna görə də onlardan pulu tələb etməyə başlamış, lakin onlar pulunu verməkdən yayımışlar. 07 oktyabr 2022-ci il tarixdə, saat 20:30 radələrində yaşadığı evə gələnzaman görmüşdür ki, Təhminlə qardaşı Tacir yaşadığı evin yaxınlğında dayanmışlar. Lakin onlara əhəmiyyət verməyib evinə girmişdir. Sonra onlar telefonla sms yazıb onu küçəyə çağırmışlar. Buna görə həyətə çıxmış, onlara yaxınlaşaraq evinə gəlməklərinin səbəbini soruşmuşdur. Lakin onlar danışmağa imkan verməmişlər və gözləmədiyi halda Tacir yumruq zərbəsi ilə sifətindən vurmuşdur. Həmin vaxt özünü itirməyib həmin Təhmini tutub saxlamağa çalışmışdır ki, aralarında dava olmasın, lakin Təhmin onu qardaşına tərəf itələmiş və Tacir də bundan istifadə edərək ikinci dəfə yenə də yumruqla sifətindən vurmuş və bundan sonra onlar qaçıb getmişlər. O, bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra isə hadisə barədə ərizə ilə polisə müraciət etmiş və məhkəmətibb ekspertizası müayinəsindən keçmişdir. Hadisə əvvəlcə yaşadığı evin qarşısında başlanmışdır. Tacir evinin qarşısında iki dəfə yumruqla onun sifət nahiyəsindən vurmuşdur. Sonra onlar qaçıb getmişlər, o, onların arxasınca getmiş, onlara çatan zaman artıq onlar küçənin ortasında onu döyməyə başlamışlar, onun yerə yıxaraq təpikləmişlər. Daha sonra həyat yoldaşı Çiçək və baldızı oğlu Sadiq hadisə yerinə gəlmişlər və onu döyülmüş vəziyyətdə yerdə görmüşlər. Hadisə nəticəsində o, müxtəlif bədən xəsarətləri almışdır. Dava-dalaş təxminən 15-20 dəqiqə baş vermişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs ilə barışmaq fikri yoxdur, ondan şikayətçidir, törətdiyi əməlinə görə ona müvafiq cəza təyin edilməsini xahiş edir. 08 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır. 05 oktyabr 2022ci il tarixdə, saat 10:30 radələrində İmran Tacirə sms yazaraq ona qarşı təhqiredici sözlər işlətmişdir. Tacir bu barədə ona məlumat vermişdir. 07 oktyabr 2022-ci il tarixdə, saat 20:30 radələrində İmrana zəng edərək onun yaşadığı evin qarşısında görüşmüşlər. Həmin vaxt qardaşı Tacirin yanında olmuşdur. Söhbət zamanı qardaşı o, İmrandan nəyə görə onları söydüklərini soruşmuşdur. Bunu deyən zaman İmran yenidən onların ünvanına söyüşlər söyməyə başlamışdır. Bu zaman Tacir İmranın sifətinə iki yumruq zərbəsi vurmuşdur. Bu vaxt İmranın arvadı və qohumu olan dayısı oğlunun əllərində dəmir parçası ilə onların üstünə gəldiklərini görüb oradan qaçmağa başlamışlar. İmran da onların arxasınca qaçmış, Taciri tutmuş və onlar birlikdə yerə yıxılmışlar, lakin Tacir tez ayağa qalxaraq yenidən İmranın sifətinə bir yumruq zərbəsi vurmuş və onlar daha orada dayanmayaraq qaçıb getmişlər. Dava zamanı o, imranı vurmamışdır. İmran onların ünvanına söyüş söydüyünə görə Tacir İmranı vurmuşdur. Hadisə İmranın yaşadığı evin qarşısında baş vermiş və orada həmin vaxt İmran, o, qardaşı Tacir və İmranın ailə üzvləri, yəni arvadı və qohumu olmuşdur. Dava-dalaş təxminən 10-15 dəqiqə baş vermişdir. İmranın bədənində olan diğər xəsarətləri yıxılarkən almışdır. İmranla aralarında yaranmış münaqişənin əsas səbəbi onun nalayiq söyüşlər söyməsi olmuşdur. 08 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, İmran İmanovu qonşu kimi tanıyır, başqa heç bir münasibəti və eləcə də ədavəti yoxdur. Həmçinin Tacir və onun qardaşı Şahid3 qardaşlarını tanıyır, onlarla da tanışdır, aralarında heç bir ədavəti yoxdur, çox vaxt iş olanda Təhminlə birlikdə fəhlə işləyir. 2022-ci ilin oktyabr ayının əvvələrində, dayısı oğlu Bəhrəm qara kimi tanıdıqları Təhminlə Atçılıqda kafedə oturmuşlar. O, həmin vaxt Təhminin qardaşı Tacirə zəng edərək çay işmək üçün onu kafeyə çağırmışdır. Tacirlə kafedə oturan zaman o, işinin olduğunu, İmranın yanına gedəcəyini bildirmişdir. O, Bəhrəm, və Təhmin də kafedən çıxıb Tacirlə birlikdə İmranın yaşadığı evin qapısının yanına getmişlər. Orada o, Bəhrəmlə siqaret almaq üçün markatə getmiş, Tacir isə qardaşı Təhminlə qalmışdır. Onlar marketdən çıxıb qayıdan zaman Tacir və Təhminin qaçdığını, İmranın, onun arvadı və yanında olan bir nəfər şəxsin də onların arxasınca qaçdığını görmüşdür. Tacir yumruqla İmranı vurmuş və hər ikisi yerə yıxılmışlar. O, Təhminin İmranı vurmasını görməmişdir. O, İmranın Tacir tərəfindən döyülməsinin şahidi olmuşdur. 08 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 bildirdi ki, 07 oktyabr 2022-ci il tarixdə, saat 20:30 radələrində yaşadığı evdə olan zaman bacısı oğlu Sadiq onlara qonaq gəlmişdir. Bu vaxt yoldaşı İmrana zəng gəlmiş və o, evdən çölə çıxmışdır. Aradan bir qədər vaxt keçmiş, İmran evə gəlmədiyidən narahat olaraq evdən çıxmışdır. Həmin vaxt yoldaşı İmran evdən bir qədər kənarda yerdə yıxılmış vəziyətdə olduğunu görmüş və ora çatan zaman İmran Tacirin onu döydüyünü demişdir. Sonradan qohumu Sadiq də onların yanına gəlmişdir. Hadisə zamanı ona və Sadiqə heç bir xəsarət yetirilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07 oktyabr 2022-ci il tarixli 1390 nömrəli rəyində göstərilmişdir ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxsnın məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinir:
1. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər — sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyənin, sol almacıq nahiyəsinin, sağ dirsəyin, sağ saidin, sağ kürək nahiyəsinin sıyrıqları, burunun qançırı küt əşya (əşəyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. 2.Hadisə haqqında məlumatlar, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs "bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə qərar və protokoldan görünür ki, 14 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan əməlin tövsif edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən CMnin 128-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan qərardan görünür ki, 16 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan qərardan görünür ki, 16 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurması cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi böyük ictimai təhlükə törətməyən əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, fərdi evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa- Xuna bağlar massivi, fərdi evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı (60 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 180 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Zaur Tağıyev