Məhkəmə qərarları › İş №1(003)-179/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-179/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-179/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Sabirabad rayonu Qarağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Südçülüktərəvəzçilik sovxozu nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 7(003)-386/2023 saylı qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 355/2022 saylı 13 iyul 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 2 (iki) il 8 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 12 may 2023-cü il tarixə çəkilməmiş qalan 2 (iki) il 2 (iki) ay 6 (altı) gün müddəti 1 (bir) günə 2 (iki) gün hesabı ilə hesablanmaqla 1 (bir) il 1 (bir) ay 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsetmənin əvvəli 12 may 2023-cü il tarixdən hesablanmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, hazırkı cinayət işi üzrə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 1,317 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-xuna bağlar massivi ərazisində üzərində saxlamaqla daşımış, 29 sentyabr 2022-ci il tarixdə saat 11:00 dəqiqədə Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən Qala qəsəbəsi Xaşa-xuna bağlar massivində saxlanılaraq 1-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümündə qeyd edilən çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik maddələrdən istifadə edir. 29 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində səhər Qala qəsəbəsi Xaşa-xuna bağlar massivində küçə ilə piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməyi tələb etmişlər. O, özünü təqdim etdikdən sonra onlar ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Xəzər RPİ-nin 1ci Polis Şöbəsinin inzibati binasına dəvət etmiş, o da etiraz etməyərək onlarla birlikdə 1-ci PŞ-nin inzibati binasına gəlmişdir. Orada təhqiqatçı tərəfindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmağı haqqında qərar elan olunmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra ona müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı izah edilmişdir. Əvvəlcə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmiş, bundan sonra əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd ağ rəngli kağız bükümünü çıxarıb təqdim edərək bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Üzərində şəxsi axtarış aparılan zaman həyəcanlı olduğundan narkotik vasitə heroini Novxanı qəsəbəsi ərazisində İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxsdən aldığını demiş, əslində isə “Baba” adlı şəxsi tanımamış, narkotik vasitə heroini Novxanı qəsəbəsi ərazisində deyil, 28 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manata almışdır. Daha sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı başqa əşya və ya predmet aşkar edilməmişdir. Həmin narkotik vasitə heroin polis işçiləri tərəfindən götürülərək orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Hazırkı açıq məhkəmə iclasında əsil həqiqəti söyləyir və bildirir ki, özü əvvəllər narkotik vasitələrdən istifadə etmişdir, lakin hazırda istifadə etmir. 29 sentyabr 2022-ci il tarixdə səhər saatlarında 4-5 nəfər maşınla gedərkən polis əməkdaşları onları saxlamış və hamısını şöbəyə aparmışlar. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində adlarını bilmədiyi polis əməkdaşları videoçəkilişdən əvvəl onu döyərək cibinə narkotik vasitə qoymuş və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə dindirilərkən sözügedən narkotik vasitənin guya ona məxsus olmasını deməyə məcbur etmiş, narkotiki etiraf etməyəcəyi təqdirdə onu daha ağır maddə ilə yükləyəcəklərini deyərək hədələmişlər. Qorxduğu üçün polis əməkdaşlarının əvvəlcədən ona verdikləri təlimata uyğun olaraq öz əleyhinə ifadə vermiş, lakin 1-ci PŞ-də ona göstərilmiş fiziki təzyiqlər barədə heç bir yerə şikayət etməmiş, hətta onun barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də heç nə deməmişdir. Özünü təqsirli bilmir. Bütün bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Zirə qəsəbəsi Südçülük-tərəvəzçilik sovxozu nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduqdan sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuş, özü və 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və onlar Qala qəsəbəsi Xaşa-xuna bağlar massivinə yollanmışlar. 29 sentyabr 2022-ci il tarixdə saat 11:00 radələrində Xaşa-xuna bağlar massivində küçə ilə piyada hərəkət edən, Təqsirləndirilən şəxs zahirən bənzəyən və özünü şübhəli aparan bir nəfər şəxsi görüb ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərdikdən sonra həmin şəxsdən də özünü təqdim etməyi tələb etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, bundan sonra onlar ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu 1-ci PŞ-nə dəvət etmiş, o da buna etiraz etməyərək onlarla birlikdə oraya gəlmişdir. Onlar Təqsirləndirilən şəxs araşdırma aparılması üçün 1-ci PŞ-nin təhqiqatçısı Şahin Mustafayevə təhvil vermişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra özü, Şahid2 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif edilmiş, o da əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümünü çıxarıb təqdim edərək bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, onu 28 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Novxanı qəsəbəsi ərazisində İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunan başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Həmin narkotik vasitə heroin tərəflərindən götürülərək ekspertizaya təqdim edilməsi üçün orada olan şəxslərin iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, bu barədə tərtib edilmiş protokol və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istinaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 29 sentyabr 2022-ci il tarixli 6/5593 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 157” dairəvi möhür əksi olan "Vət. Təqsirləndirilən şəxs üzərindən ...." yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,317 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 1,317 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 1,267 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 55,00 (əlli beş) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 25 noyabr 2022-ci il tarixli, 7140 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd ağ rəngli kağız bükümünün içərisində təmiz çəkisi 1,317 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin maddi sübut kimi tanınmış, narkotik vasitə - heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış – 1,267 qram hissəsi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 21 dekabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əli-Bayramlı Şəhər Məhkəməsinin 09 noyabr 2007-ci il tarixli hökmünə əsasən AR CM-nin 244.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, 05 avqust 2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat cərimə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin “Amnistiya aktının tətbiq edilməsi barədə” 20 iyul 2016-cı il tarixli qərarı ilə “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 300 manat cərimə cəzasından azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 iyul 2022-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 (İki) il 8 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 7(003)-386/2023 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsinə dair Bakı şəhər Probasiya İdarəsinin təqdimatı təmin edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-355/2022 saylı 13 iyul 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 8 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 12 may 2023-cü il tarixə çəkilməmiş qalan 2 (iki) il 2 (iki) ay 6 (altı) gün müddəti 1 (bir) günə 2 (iki) gün hesabı ilə hesablanmaqla 1 (bir) il 1 (bir) ay 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin əvvəli 12 may 2023-cü il tarixdən hesablanmaqla, dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək üzərində saxlamaqla daşıma cinayətini törətməsini məhkəmə baxışı zamanı özünün etiraf etməməsinə baxmayaraq, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməməsini üstündə aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, Polis şöbəsində ona fiziki təzyiqlər göstərilməsi, həmin narkotik vasitənin Polis şöbəsində onun üzərinə qoyulması, narkotik vasitə üstündə gəzdirmədiyi halda, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid ifadələri, cinayət işinin materiallarında olan sənədlərlə və təqsirləndirilən şəxsin ilkin izahat və ifadələri ilə müəyyən edilmişdir ki, narkotik vasitə məhz Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən aşkar edilmişdir. Aparılmış məhkəmə narkoloji ekspertizasının nəticələrinə əsasən onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəmə iclasında PŞ-nə gətirildikdən sonra ona fiziki təzyiqlər göstərilməsini və öz əleyhinə ifadə verməyə məcbur edilməsini bildirsə də, həmin vaxt bununla bağlı heç bir yerə şikayət etməmiş, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə heç nə bildirməmiş, 1-ci PŞdə olarkən ona hədə-qorxu gəlinməsi, qorxudulması barədə isə sonradan da şikayət etməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-355/2022 saylı 13 iyul 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 8 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 12 may 2023-cü il tarixə çəkilməmiş qalan 2 (iki) il 2 (iki) ay 6 (altı) gün müddəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 7(003)-386/2023 saylı qərarı ilə 1 (bir) günə 2 (iki) gün hesabı ilə hesablanmaqla əvəz edilərək təyin edilmiş 1 (bir) il 1 (bir) ay 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 13 iyul 2023-cü il tarixə çəkilməmiş qalan 11 (on bir) ay 2 (iki) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 01 oktyabr 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 29 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli, hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli 13 iyul 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-355/2022 saylı 13 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 8 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 12 may 2023-cü il tarixə çəkilməmiş qalan 2 (iki) il 2 (iki) ay 6 (altı) gün müddətinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 7(003)-386/2023 saylı qərarı ilə 1 (bir) günə 2 (iki) gün hesabı ilə hesablanmaqla əvəz edilərək 1 (bir) il 1 (bir) ay 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və hazırda həmin cəzanı çəkməsi nəzərə alınmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 1,267 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 55,00 (əlli beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X1, X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 20 iş saatına görə 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X2 10 iş saatına görə 60,00 (altmış) manat və Müdafiəçi 10 iş saatına görə 60,00 (altmış) manat olmaqla ümumilikdə 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-355/2022 saylı 13 iyul 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 8 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 12 may 2023-cü il tarixə çəkilməmiş qalan 2 (iki) il 2 (iki) ay 6 (altı) gün müddəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 7(003)-386/2023 saylı qərarı ilə 1 (bir) günə 2 (iki) gün hesabı ilə hesablanmaqla əvəz edilərək təyin edilmiş 1 (bir) il 1 (bir) ay 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 13 iyul 2023-cü il tarixə çəkilməmiş qalan 11 (on bir) ay 2 (iki) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli 13 iyul 2023-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 1,267 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 55,00 (əlli beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-355/2022 saylı 13 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 8 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 12 may 2023-cü il tarixə çəkilməmiş qalan 2 (iki) il 2 (iki) ay 6 (altı) gün müddətinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 7(003)-386/2023 saylı qərarı ilə 1 (bir) günə 2 (iki) gün hesabı ilə hesablanmaqla əvəz edilərək 1 (bir) il 1 (bir) ay 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və hazırda həmin cəzanı çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X2 60,00 (altmış) manat və Müdafiəçi 60,00 (altmış) manat olmaqla ümumilikdə 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar