Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-179/2024 28.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X3, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.1 və 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ildən etibarən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış sahəsi, yeni yaşayış massivində su kanalının yaxınlığında Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin mülkiyyətində olmaqla X421985, Y4480574 koordinatlarında yerləşən torpaq sahəsi üzərində qanunla müəyyən olunmuş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan ümumi sahəsi 300 m2 olan təyinatı məlum olmayan torpaq sahəsində özbaşına, qanunsuz tikinti işləri apararaq Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin mülkiyyətində olan torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, mübahisə predmeti olan torpaq sahəsini 2014-cü il tarixdə almışdır. İki il olar ki, isə orada ev tikməyə başlamışdır. Eyni zamanda qonşulaqda da çoxsaylı evlər tikilmişdir. Əgər evi qanunsuz tikirdisə niyə bu müddət ərzində bir dəfə də ona tikintinin qanunsuz olması barədə xəbərdarlıq edilməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, torpaq sahəsini 2014-cü il tarixdə almışdır. Həmin torpaq sahəsinə dair çıxarışı yoxdur. Lakin, torpaq sahəsini etibarnamə əsasında almışdır. 2014-cü ildə torpaq sahəsini aldıqdan sonra elə həmin il də torpaq sahəsini hasarlamışdır. Həmin vaxtdan isə tikintinin aparılmaması, qanunsuz olması ilə bağlı ona kimsə tərəfindən hər hansı bir xəbərdarlıq olunmamışdır. İki ildən bir qədər çox olar ki həmin hasarladığı torpaq sahəsində ev tikməyə başlamışdır. Torpaq sahəsini satan şəxsin 4 hektar torpaq sahəsi olmuş, hissələrə bölərək həmin torpaq sahəsini satmış, o da həmin şəxsdən 10 sot torpaq sahəsi almışdır. Həmin yerə işıq, su və digər kommunal xətlər də şəkilmiş və onun adınadır. Hazırkı vaxta qədər isə torpaq sahəsinə çıxarış alınması ilə bağlı müraciət etməmişdir. Buna səbəb isə həyat yoldaşından boşanması və digər problemlər olmuşdur. Aldığı torpaq sahəsi bildiyinə görə Şahid1 adlı şəxsə məxsus olmuş, o isə torpağı Meyrəli adlı şəxsdən almışdır. Torpağı isə keçmiş həyat yoldaşı Şeyda Behbudovanın adına almışdır. Lakin, faktiki alqı-satqı onunla Meyrəli arasında olmuşdur. Hazırda dəqiq xatırlamır, torpaq sahəsinə görə 35000-40000 manat Meyrəliyə pul vermişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyəti ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə Təqsirləndirilən şəxs göstərmişdir ki, Xəzər rayon icra hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-12/2-1758/2023 nömrəli məktubu ilə tanış olmuşdur. Həmin torpaq sahəsində təxminən iki ildir ki, tikinti işi aparır. Onun adına heç bir torpaq sənədi və ya torpaq yoxdur. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikir, həmin topağın sahəsi təxminən 0,1 ha-dır. Xəzər rayon İcra hakimiyyəti bu barədə xəbərdalıq etməmişdir, hamı necə tikir o da, elə tikir. İfadələri arasında olan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs bildirmişdir ki, o, belə bir ifadə verdiyini xatırlamır. Ümumiyyətlə heç bir sənədə imza etməmişdir. Müstəntiq tərəfindən ona hər hansı bir sənəd təqdim etməsi üzün şərait yaradılmamış, şübhəli şəxs kimi iki gün saxlanıldıqdan sonra heç nə deyilmədən sərbəst buraxılmışdır. Təqsirləndirilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə tikintilərlə əlaqəli əraziyə nümayəndəlik tərəfindən baxış keçirilən zaman Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, X16 küçəsində 300 m2 sahəsi olan tikinti aşkar edilmiş, bununla bağlı müvafiq aktı tərtib edilərək aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə göndərilmiş, icra hakimiyyəti tərəfindən isə fakt üzrə araşdırma aparılaraq aidiyyəti üzrə Xəzər rayon polis idarəsinə məktub ünvanlanmışdır. Həmin məktub əsasında isə cinayət işi başlanmışdır. Cinayət işinin başlanmasına səbəb isə tikinti işləri aparılarkən aidiyyəti orqanlara məlumat verilməmsi və müvafiq icazə alınmaması olmuşdur. Mübahisə predmeti olan torpaq ssahəsi çıxarış olmadığı üçün dövlət torpağı sayılır. Zəbt olunmuş torpaq sahəsində isə qeyri-qanuni tikinti işləri aparılmışdır. İcra nümayəndəliyi tərəfindən isə onlara şifahi olaraq bildirilmişdir ki, vətəndaşa qanunsuz tikinti işlərinin aparılmasının qanunsuz olması barədə dəfələrlə şifahi xəbərdarlıq olunmuşdur. Zərərçəkmiş şəxs həmçinin verilən suallara cavab olaraq bildirdi ki, vətəndaşa yazılı deyil şifahi xəbərdarlıq olunmuş, həmçinin onunda olan məlumata görə həmin 300 m2 sahəsi olan tikili 2021-ci ildə yox, təzə tikilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi 2008-ci il tarixdə qədər Abşeron İcra Hakimiyyətinin balansında olmuş və Donuzkökəltmə sovxozunun torpaqları adlandırılmışdır. 2008-ci də həmin torpaq sahələri Bakı şəhər İcra Hakimiyyətinə verilmiş və hazırda Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivinin torpaqları sayılır. İnzibati ərazi bölgüsünə görə isə həmin torpaq sahələrinə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti nəzarət edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun və qardaşlarının 4 hektar torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi ona 90-cı illərdə verilmişdir. Həmin vaxtı kənd camaatına torpaq sahələri verilərkən ona və qardaşlarına da torpaq sahəsi verilmişdir. Lakin torpaq sahəsi onun adına verilmişdir. Torpaq sahəsinin hər hektarı üçün o vaxtı 2500 rubl pul vermişdir. Həmin toraq sahəsi Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, kanalın kənarında yerləşir. Həmin torpaq sahəsini təxminən 10 il bundan qabaq Rasim adlı şəxsə etibarnamə ilə verdiyini xatırlayır. X4 və Təqsirləndirilən şəxs isə tanımır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Nəcəf oğlu ifadəsində göstərmişdir ki, Şahid1 tanıyır. Belə ki, Rahil onunla bir kənddə yaşayır. Rahil ona bir neçə il bundan qabaq Binə Atçılıq yaşayış massivində 4 hektar torpaq sahəsini etibarnamə ilə vermişdir. O, həmin torpaq sahəsini etibarnamə ilə aldıqdan sonra bir neçə nəfərə satmışdır. Həmin torpaq sahəsinin təxminən 10 sotunu isə Təqsirləndirilən şəxs satmışdır. Sənana satdığı torpaq sahəsi boş olmuş, üzərində hər hansı bir tikili olmamışdır. X4 isə tanımır. Ola bilər ki, Sənan tərəfindən notariusda həmin qadının şəxsiyyəti vəsiqəsi təqdim edildiyindən və həmin qadına etibarnamə verməyini istədiyi üçün etibarnaməni də ona verilmişdir. Torpağı isə Sənana hansı məbləğə satdığını hazırda xatırlamır. İş materiallarında olan: - Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Xəzər Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-12/2-1758/2023 nönmrəli məktubdan görünür ki, “Yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı Binə qəsəbəsi, Q.Zakir küçəsi (Atçılıq yaşayış massivi) vətəndaş Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan torpaq sahəsində təyinatı məlum olmayan tikinti işlərinin aparılması faktı aşkar olunmuşdur. Sözügedən ünvanda qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işlərinin dayandırılması və ərazinin əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı vətəndaşa xəbərdarıq edilməsinə baxmayaraq, o, tikinti işlərini davam etdirimişdir. Bununla əlaqədar komissiya tərəfindən xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir (əlavə olunur). Qeyd olunanları nəzərə alaraq, vətəndaş Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan torpaq sahəsində tikinti işləri aparılması faktı üzrə qanunvericiliyin tələblərindən irəli gələn müvafiq tədbirlərin görülməsinə və nəticəsi barədə Rayon İcra Hakimiyyətinə məlumat verilməsinə göstəriş verməyinizi Sizdən xahiş edirik”. -Xəzər Rayon İcra Hakimiyyəti Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin akt “Xəzər rayonu ərazisində torpaq sahələrinin qanunsuz zəbt edilməsi, özbaşına tikintilərin qarşısının alınması və bu sahədə qanunauyğun tədbirlərin həyata keçirilməsi” məqsədilə yaradılmış komissiyanın üzvləri Binə qəsəbəs inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsini müvəqqəti icra edən Ərəstun Əlisoy, mühəndis Gülməmməd Məmmədov və sürücü Elton Zeynalov tərəfindən ondan ötrü tərtib edilmişdir ki, Binə qəsəbəsi, X16 küçəsində (Atçılıq yaşayış sahəsi) Təqsirləndirilən şəxs (***-***-**-**) tərəfindən istifadəsində olan torpaq sahəsində qeyri-qanuni (30x10-300m2) təyinatı məlum olmayan qanunsuz tikintinin aparılması aşkar edilmiş və vətəndaşa dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq tikintini davam etdirmişdir. Qanunsuz tikintinin ümumi sahəsi 300m2-lik X- 421985, Y-4480574 koordinatlarında yerləşir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi tələb olunsa da, Təqsirləndirilən şəxs tərəfindən mülkiyyət hüququnu təsdiq edən, eləcə də, tikintiyə icazə (razılaşdırma məktubu və təsdiq olunmuş layihə) sənədi təqdim olunmamışdır. Bununla əlaqədar olaraq dövlət mülkiyyətində hüququnun pozulması faktına qarşı zəruri tədbirlər görülmüş, (fotoşəkillər və ərazinin koordinatları əlavə olunur) və vətəndaşa xəbərdarlıq olunmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs ərazidə özbaşına tikinti işləri aparacağı təqdirdə qanunavericiliklə nəzərdə tutulmuş qaydada barəsində daha ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. - ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 188.1 və 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli- xx.xx.1987-ci ildə Bərdə rayonunda anadan olmuş Təqsirləndirilən şəxs ittiham elan olunması üçün barəsində axtarış elan olunmuş və tutulduqda Xəzər RPİ-nin MSY-yə təhvil verilməsi qərara alınmışdır. - cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat CM-in 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. - Xəzər RPİ-nin 2-ci PŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ İstintaq Şöbəsinə getməsi təmin edilmişdir. - cinayət işinin istintaqının təzələnməsi və icraata qəbul ediməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq təzələnmiş və icraata qəbul edilmişdir. - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:25-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 188.1 və 188.2-ci maddələrindı nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyi üçün o, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X10 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 28 sentyabr 2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X10 tərəfindən Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan gprünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayonu Donuzkökəltmə sovxozu tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 40 nömrəli əmrdən çıxarışdan görünür ki, Donuzkökəltmə sovxozu tərəfindən Şahid1 Bakı-Mərdəkan şose yolunun şimal hissəsində 4,00 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, xx.xx.1991-ci il tarixli, 40 nömrəli çıxarışa əsasən Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 4 ha torpaq sahəsindən yalnız 0.105 ha torpaq sahəsinin və tikiləcək tikilinin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi və s. hərəkətlərin aparılması barədə səlahiyyətlər Şahid1 tərəfindən Şahid2 Nəcəf oğluna etibar edilmiş, sonuncu tərəfindən həmin səlahiyyətlər X5 ötürülmüşdür. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Dövlət Arxivi tərəfindən məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun 18.03. 1991-ci il tarixli, 40 nömrəli əmri ilə Şahid1 Bakı-Mərdəkan şose yolunun şimal hissəsində 4,00 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə informasiya sistemi”ndə olan məlumatlardan görünür ki, xx.xx.2024-cü il tarixdə Şahid2 Nəcəf oğlu tərəfindən X5 xx.xx.1991-ci il tarixli, 40 nömrəli çıxarışa əsasən Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 4 ha torpaq sahəsindən yalnız 0.105 ha torpaq sahəsi ilə bağlı etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(011)-3924/2023 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Təqsirləndirilən şəxs ilə cavabdeh X7 arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 52 saylı akt qeydinə əsasən bağlanmış nikah pozulmuşdur. İlk öncə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 188.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması və həmin hissədə iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, məhkəmə çıxışları zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə tam əhatə olunduğunu bildirib ona qarşı CM-in 188.1-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyini bildirmişdir. Məhkəmə dövlət ittihamçısının ittihamdan qismən imtina etməsi barədə çıxışını nəzərə alaraq hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-in 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Qeyd olunanlara əsasən dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyindən iş üzrə həmin hissədə ona qarşı cinayət təqibinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 40 nömrəli əmri ilə Şahid1 Bakı-Mərdəkan şose yolunun şimal hissəsində 4,00 hektar torpaq sahəsi ayrılmışdır. Şahid1 həmin torpaq sahəsini etibarnamə əsasında Şahid2 Nəcəf oğluna vermişdir. Şahid2 isə isə öz növbəsində 19 dekabr 2014-cü il tarixdə etibarnamə əsasında həmin torpaq sahəsinin 0,105 ha hissəsini Təqsirləndirilən şəxs həmin zaman arvadı olmuş X1. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Nəcəf oğlu qeyd edilən faktı təsdiq etmişdir. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısı 13 sentyabr 2023-cü il tarixli məktub ilə Xəzər rayon Polis İdarəsinə müraciət edərək yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı Binə qəsəbəsi, Q.Zakir küçəsi (Atçılıq yaşayış sahəsi) Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə zidd olaraq özbaşına tikinti işlərinin aparılması faktının aşkar olunduğunu və bu barədə müvafiq akt tərtib edildiyini qeyd etmişdir. Qeyd etmək lazımdır ki, özbaşına tikilinin tikilməsi özlüyündə torpağın mülkiyyətdə olmaması anlamına gəlmir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Xəzər rayon Polis İdarəsinə ünvanladığı 13 sentyabr 2023-cü il tarixli məktubda qeyd edilən torpaq sahəsinin Təqsirləndirilən şəxs istifadəsində olması öz təsdiqini tapır. Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsinin dispozisiyasına görə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparılması cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyanın 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilə olduğundan Azərbaycan Respublikası Konstitusiyasının 12, 148 və 151-ci maddələrinə əsasən Konvensiyanın müddəaları Azərbaycan Respublikasının ərazisində müvafiq surətdə tətbiq edilməlidir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (bundan sonra, Avropa Konvensiyası) 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra, Avropa Məhkəməsi) dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən, Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X6 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və digər normativ-hüquqi aktları ilə yanaşı, “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməlidir. Hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələyə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” 30 noyabr 2004-cü il tarixli qərarında mülkiyyət hüququ ilə bağlı maraqlı məsələ vurğulanmışdır. Qərarda qeyd edilmişdir ki, “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da mülkiyyət hüquqları hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi maraqların “hüquq” kimi tanınması, istərsə də bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşısını almır, hər bir halda ərizəçi tikdiyi evə sərf olunmuş materialları, evdəki daşınar əşyaların, evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir, dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Əgər bir dövlətin ərazisində qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tutmalarına baxmayaraq, vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin şəxsin mülkiyyəti sayılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (CM-nin 3-cü maddəsi). Məhkəmə bildirir ki, cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Cinayətin obyektiv cəhəti isə torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud başqa üsullarla özbaşına tutmada ifadə olunmuşdur. Cinayətin subyekti 16 yaşına çatmış hər hansı bir anlaqlı fiziki şəxs ola bilər. Cinayətin subyektiv cəhəti birbaşa qəsddən ibarətdir. Yəni təqsirkar torpaq sahəsini özbaşına hasarladığını, tutduğunu, dəyişdirdiyini və ya becərdiyini, özbaşına tikinti və ya quraşdırma işlərini apardığını dərk edir və bu əməli törətəməyi arzu edir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cinayət tərkibinin üç əlaməti mövcud olsa da, lakin cinayətin subyektiv cəhəti mövcud deyildir. Belə ki, işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin özünə aid olduğunu hesab etmiş və buna onun kifayər qədər əsasları olmuşdur. Yəni onun qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama və ya qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma kimi bir niyyəti olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası CPM-nin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi mövcud deyildir. Bu isə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibini istisna edən haldır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü onun əməlində cinayət tərkibi olmadıqda çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.2-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən ”Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.” Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 188.2-ci maddəsi ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 350-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Dövlət ittihamçısı Azərbaycan Respublikası CM-in 188.1 və 188.2-ci maddələri ilə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyindən iş üzrə həmin hissədə ona qarşı cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 38 saata görə 228 manat, cəmi 378 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-179/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-179/2024
28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver