Məhkəmə qərarları › İş №1(003)-181/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-181/2023

10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-181/2023 10.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Sovxozunda qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 12 nömrəli mühafizə olunan duracağının yaxınlığına gələrək yol hərəkəti qaydaları pozduğuna görə Bakı şəhər X12 İdarəsinin əməkdaşları tərəfindən həmin duracağa yerləşdirilmiş X2 etibarnamə ilə idarə etdiyi “TOFAŞ” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2022-ci il tarixdə Zərbəliyev Mirsahib Şahid oğluna məxsus “KAMAZ” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin və 10 mart 2022ci il tarixdə X4 idarə etdiyi “Hyundai” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin duracaqdan buraxılması üçün X12nin xüsusi buraxılış arayışlarını saxta üsulla tərtib edərək qeyd edilən nəqliyyat vasitələrinin sürücülərinə təqdim etməklə həmin arayışların əsasında “Hyundai” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “KAMAZ” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “TOFAŞ” markalı, **- SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin duracaqdan buraxılması ilə nəticələnən hüquq verən saxta sənəd hazırlamış və bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, “Kamaz” markalı avtomobilin sürücüsü Mirsahibi, Tofaş markalı avtomobilin sürücüsü Fuadı və “Hyundai” markalı avtomobilin sürücüsü Bəhlulu həmkəndli tanyır. Özü heç vaxt polis orqanlarında işləməmiş və polis ilə heç bir əlaqəsi olmamışdır. Son 3 ay ərzində həmin şəxslərə müxtəlif yerlərdə görüşüb onlara kömək etmək məqsədilə guya Bakı şəhər DYP-nin verdiyi arayışı hazırlayıb onlara vermişdir. Həmin arayışın köhnə nüsxəsinin surətini əvvəllər yerdən tapmış və onu özündə saxlamışdır. Qeyd etdiyi sürücülərə də həmin arayışın 3 nüsxə surətini çıxarmış və sürücülərə təqdim etmişdir. Duracağın gözətçisi həmin arayışların saxta olduğunu bilməmiş və həmin maşınları duracaqdan buraxmışdır. Onun saxta arayışlar düzəltməsindən heç kəsin xəbəri olmamışdır. O, cümlədən sürücülər də bu haqda məlumatsız olmuşlar. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməli etiraf etdiyini və səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində ifadəsi alınmış Nümayəndə məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, yol polisi əməkdaşları yol hərəkəti pozan nəqliyyat vasitələrinin duracağa yerləşdirilməsi zəruri olanlarını qanuni əsaslarla “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin 12 nömrəli mühafizə olunan duracağına yerləşdirirlər. Nəqliyyat vasitələrinin duracaqdan buraxılması isə həmin nəqliyyat vasitələrinə tətbiq olunan inzibati tənbeh növündən sonra buraxılır. Nəqliyyat vasitələrinin buraxılması üçün Bakı şəhər Yol Poisi İdarəsinin müvafiq buraxılış arayışı tərtib olunur və həmin arayış duracağın gözətçisinə verilir. Gözətçi sürücüdən arayışı aldıqdan sonra nəqliyyat vasitəsini duracaqdan buraxır. Əməkdaşlar tərəfindən keçirilən yoxlama zamanı müəyyən olunmuşdur ki, duracağa yerləşdirilmiş nəqliyyat vasitələrindən 3-ü barəsində heç bir tədbir görülmədən duracaqdan buraxılmışdır. Belə ki, yoxlama zamanı müəyyən olunmuşdur ki, X12 İdarəsinin əməkdaşları tərəfindən “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin 12 nömrəli mühafizə olunan duracağına yerləşdirilmiş “KAMAZ” markalı, 99 BL-557 dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı, **- ZR-*** dövlət qeydiyyat nişanlı və “Tofaş” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillər xüsusi buraxılış arayışı olmadan saxta sənədlərlə duracaqdan buraxılmışdır. Müəyyən edilmişdir ki, həmin saxta sənədlər Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmişdir. Onlar da bu haqda müvafiq sənədləri toplayaraq aidiyyəti üzrə Xəzər rayon polis idarəsinə göndərmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 bildirdi ki, əvvəllər tanıdığı Eldar adlı şəxsdən 6 ilə yaxındır ki, nasaz vəziyyətdə olan “Tofaş” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin maşını yaşadığı ünvanın həyətində saxlamışdır. Bir neçə dəfə kəndin içində həmin avtomobili sənədsiz olaraq idarə etmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Buzovna qəsəbəsində avtomobili idarə edərkən YPX əməkdaşları onu saxlayaraq, avtomobilin həbsi olduğuna görə Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparmışlar. Maşın orada təxminən 55 günə yaxın qalmışdır. xx.xx.2022-ci il tarixdə maşını oradan çıxarmaq və məsələnin nə yerdə olduğunu bilmək üçün həmin cərimə meydançasının qarşısına gəlmişdir. Həmin yerin yaxınlığında o, əvvəllər qəsəbədən tanıdığı Turqay adlı şəxsi görmüşdür. Söhbət zamanı oraya nə üçün gəldiyini soruşmuşdur. O, da cavab olaraq idarə etdiyi nəqliyyat vasitəsinin polis tərəfindən duracağa yerləşdirildiyini və hal-hazırda həmin nəqliyyat vasitəsini duracaqdan buraxdırmaq üçün gəldiyini bildirmişdir. O, məsələni Turqaya izah etdikdən sonra Turqay ona bildirmişdir ki, DYP-də onun çoxlu tanışları var, o, məsələni özü həll edəcək. O, da Turqaya inanmışdır. Bundan sonra onlar vədələşmiş və həmin gün bir neçə saatdan sonra, saat təxminən 16 radələrində həmin cərimə meydançasının yaxınlığında Turqayla görüşmüşlər. Orada Turqay özü ilə gətirdiyi arayışı ona verərək bildirmişdir ki, həmin arayışı DYP-dən veriblər, o, həmin arayışı DYP-nin duracağının gözətçisinə versin və bundan sonra avtomobili buraxacaqlar. Bunun müqabilində də Turqay ondan 100 manat pul da almışdır. O, elə başa düşmüşdür ki, o, həmin pulu avtomobilin cəriməsi üçün verəcək. O, Turqay adlı şəxsin ona təqdim etdiyi arayışa ötəri baxmış, ancaq həmin arayışın saxta olub-olmamasını bilə bilməmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Baş X12 İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin 12 saylı cərimə meydançasında gözətçi işləyir. Yol polisi əməkdaşları tərəfindən cərimə meydaçnasına gətirilmiş nəqliyyat vasitələrini duracağa yerləşdirərək onları mühafizə edir. Duracağa yerləşdirilmiş bütün nəqliyyat vasitələri yalnız DYP-nin müvafiq icazə arayışı əsasında duracaqdan buraxılır. Duracağa yerləşdirilmiş “TOFAŞ” markalı avtomobilin sürücüsü xx.xx.2021-ci il tarixli, “KAMAZ” markalı avtomobilin sürücüsü xx.xx.2022-ci il tarixli, “HYUNDAİ SONATA” markalı avtomobilin sürücüsü xx.xx.2022-ci il tarixli arayışlarla yaxınlaşaraq avtomobillərin buraxılması üçün müraciət etmişlər. O, da təqdim edilən arayışlara əsaslanaraq duracaqda saxlanılan “TOFAŞ”, “KAMAZ” və “HYUNDAİ SONATA” markalı avtomobilləri sahiblərinə təqdim edərək duracaqdan buraxmışdır. Bundan bir müddət keçəndən sonra ona məlum olmuşdur ki, “TOFAŞ”, “KAMAZ” və “HYUNDAİ SONATA” markalı avtomobillərin duracaqdan buraxılması üçün təqdim edilmiş arayışlar saxta olmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 30 sentyabr 2022-ci il tarixli, 4/1183 saylı ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş 3 ədəd BF seriyalı 03266 nömrəli arayışdakı imzalar – X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx xxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş Əliyev X7 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası MM-nin xx.xx.2013-cü il tarixli Amnistiya qərarın 1.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan AR CM-nin 320.1-ci maddəsi ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 320.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən törətmiş olduğu əməli etiraf etməsini və etmiş olduğu əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən “Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla yanaşı eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli özü səmimi olaraq etiraf etmiş və etdiyi əməldən peşman olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin sanksiyasına uyğun olaraq islah işləri cəzası təyin edilməlidir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan AR CM-nin 320.2-ci maddəsi ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, “Təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir.” Məhkəmə qeyd edir ki, hazır ki iş üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan AR CM-nin 320.2-ci maddəsi ilə bağlı olan hissədə dövlət ittihamçısı ittihamın müdafiəsindən imtina etdiyindən Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən barəsində olan Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsi hissəsində cinayət işinin icraatına Xəzər Rayon Məhkəməsinin 1(003)- 181/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə xitam verilmişdir. İş üzrə maddi sübut yoxdur. İş üzrə 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinsin və ona qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı hVəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə istintaqı zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar