Məhkəmə qərarları › İş №1(003)-181/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-181/2025

16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-181/2025 16.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Məktəb küçəsi ev 22-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Baxça yolu küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 sentyabr 2024-cü il tarixdə saat 03 radələrində ünvan 1 ünvanında yerləşən "Adəm" marketin dəmirdən olan giriş qapsının üzərindəki qıfılı əvvəlcədən özü ilə gətirdiyi istintaqda müəyyənləşdirilməsi mümkün olmayan dəmir linglə sındıraraq saxlanc yeri olan marketin ticarət salonuna qanunsuz daxil olub orada mağazanın ticarət salonunda yerləşən "xxxx" QSC-nə məxsus İD-94023 saylı "MilliÖn" ödəmə terminalının giriş qapısının üz hissəsini əlində olan dəmir linglə sındıraraq yararsız hala salmaqla 320 manat məbləğidə əmlak ziyanı vurub açaraq pulun saxlanc yeri olan həmin ödəmə terminalının içərisinə qanunsuz daxil olmaqla "MilliÖn" ödəmə terminalından 180 manat dəyərində pul kasetini içərisindəki 1.781 manat məbləğində pul ilə birlikdə götürüb aparmaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nə ümumilikdə 2.281 manat məbləğində ziyan vurub özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 oktyabr 2024-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Surxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozunda yerləşən "Spar" marketin arxa tərəfindəki dəmirdən olan giriş qapsmı əvvəlcədən özü ilə gətirdiyi istintaqda müəyyənləşdirilməsi mümkün olmayan dəmir linglə sındıraraq saxlanc yeri olan marketin ticarət salonuna qanunsuz daxil olub orada mağazanın ticarət salonunda yerləşən "xxxx" QSC-nə məxsus İD-5919 saylı "E- Manat" ödəmə terminalının giriş qapısının üz hissəsini əlində olan dəmir linglə sındıraraq yararsız hala salmaqla 2952 manat məbləğidə əmlak ziyanı vurub açaraq pulun saxlanc yeri olan həmin ödəmə terminalının içərisinə qanunsuz daxil olmaqla "E-Manat" ödəmə terminalından 410 manat dəyərində pul kasetini içərisindəki 6166 manat məbləğində xeyli miqdarda pul ilə birlikdə götürüb aparmaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nǝ ümumilikdə 9528 manat məbləğində xeyli miqdarda ziyan vurub özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 noyabr 2024-cü il tarixdə saat 03:00 radələrində X2 icarə əsasında işlətdiyi Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X5 Əliyev küçəsi 3-cü döngədə yerləşən "Cənub" marketə arxa tərəfdən yarımaçıq nəfəslikdən saxlanc yeri olan marketin ticarət salonuna qanunsuz daxil olub orada marketin ticarət salonunda yerləşən "xxxx" MMC-yə məxsus İD- 1460 saylı "E-Manat" ödəmə terminalının giriş qapısının üz hissəsini əvvəlcədən özü ilə gətirdiyi istintaqda müəyyənləşdirilməsi mümkün olmayan dəmir linglə sındıraraq yararsız hala salmaqla 320 manat məbləğidə əmlak ziyam vurub açaraq pulun saxlanc yeri olan həmin ödəmə terminalının içərisinə qanunsuz daxil olmaqla "E-Manat" ödəmə terminalından 204 manat dəyərində pul kasetini içərisindəki 7753 manat məbləğində xeyli miqdarda pul ilə birlikdə götürüb aparmaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə ümumilikdə 8277 manat məbləğində xeyli miqdarda ziyan vurub özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olub ğizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, şəxsi ehtiyaclarını ödəməkdən ötrü o, oğurluq etmək qərarına gəlmişdir. 14 sentyabr 2023-cü il tarixdə səhər saatlarında o, təsadüfən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük savxozunda yerləşən "Adəm Mərketǝ" siqaret almaq üçün daxil olmuşdur. O, həmin marketdən siqaret alan zaman mağazada yerləşdirilmiş "MilliÖn" ödəmə aparatını görmüşdür. Həmin aparatda mütəmadi olaraq pul olduğunu bilmişdir. O, siqaret aldıqdan sonra mağazadan çıxmışdır. Mağazanın qarşısında dayanıb mağazaya baxmağa başlamışdır. Həmin vaxt mağazanın giriş qapısını dəmirdən olduğunu və həmin giriş qapısını asma qifilla bağlandığını görmüşdür. O, ətrafa nəzər yetirmişdir. Ətrafda müşahidə kameralarının olmadığını görmüşdür. Həmin vaxt mağazada olan "MilliÖn" ödəmə terminalından pul oğurlamaq qərarına gəlmişdir. 15 sentyabr 2023-cü il tarixdə saat 02 radələrində o, yaşadığı evin həyətindən bir ədəd dəmir ling götürmüşdür. Piyada yaşadığı evdən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük savxozunda yerləşən "Adəm Market"-in qarşısına gəlmişdir. Bir qədər ətrafa yenidən nəzər keçirmişdir. Ətrafda heç kimin olmadığından tam əmin olmuşdur. Sonra özü ilə gətirdiyi dəmir linglə mağazanın üzərində olan asma qıfılı sındıraraq mağazaya daxil olmuşdur. O, mağazanın içərsində olan "Milliön" ödəmə termenalını dəmir linglə sındırmışdır. Terminalın içərisindən 1781 manat pul götürüb oradan uzaqlaşmışdır. Növbəti oğurluğunu Bakı şəhəri, Surxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozunda yerləşən "Spar Market"-dən etmək qərarına gəlmişdir. Bu məqsədlədə 04 oktyabr 2023-cü il tarixdə səhər saatlarında həmin marketə gəlib özü üçün bir qutu siqaret almışdır. 05 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində yaşadığı evdən çıxmışdır. Piyada həmin marketin qarşısına gəlmişdir. O, marketin qarşısına gələn zaman birinci oğurluq cinayətində istifadə etdiyi dəmir lingidə özü ilə gətirmişdir. Bir qədər ətrafa nəzər yetirmişdir. Ətrafda heç kimin olmadığından əmin olduğu üçün dəmir linglə mağazanın arxa qapının üzərində olan asma qıfılı sındırmışdır. Sonra mağazaya daxil olmuşdur. O, mağazanın içərisində olan "E-Manat" ödəmə aparatını əlində olan dəmir linglə sındırmışdır. Həmin aparatın içərisində olan pulları götürüb yaşadığı evə getmişdir. O, evdə pulları sayan zaman təxminən 1800-1900 manat pul olduğunu görmüşdür. 28 noyabr 2023-cü il tarixdə yaşadığı evin həyətində olan dəmir lingi götürüb evdən çıxmışdır. Bir qədər Binə qəsəbəsində piyada gəzməyə başlamışdır. O, gəzə-gəzə Binə qəsəbəsində yerləşən "Cənub" marketin qarşısına gəlmişdir. O, həmin marketdən oğurluq etmək qərarına gəlmişdir. O, həmin marketin ǝrtafına nəzər yetirmişdir. Həmin marketin qapısı plastikdən olmuşdur. Sonra marketin arxa tərəfinə keçmişdir. Orada olan nəfəsliyi görmüşdür. Mağazanın arxasında olan nəfəslik yarımçıq açıq olmuşdur. Həmin nəfəsliyin pəncərəsini əli ilə açmışdır. Sonra orada olan pilləkanı götürüb divara söykəmişdir. Pilləkanın vasitəsi ilə yuxarı qalxmışdır. Nəfəslikdən marketin içərisinə daxil olmuşdur. O, ilk öncə marketin kassasına yaxınlaşmışdır. o, marketdə olan "E-manat" aparatını Kassada pulun olmadığını görmüşdür. Sonra mağazanın içərisində olan geniş yerə kimi gətirmişdir. Əvvəlcədən özü ilə gətirdiyi dəmir linglə həmin aparatın qapısını açmışdır. "E-manat" aparatının içərisində pul olan kasetini götürüb mağazaya daxil olduğu nəfəslikdən çıxmışdır. Sonra o, mağazanın yaxınlığında olan zibil qablarının yanına getmişdir. Orada o, "E-manat" aparatından götürdüyü kaseti dəmir linglə sındırmağa başlamışdır. Kasetin içərisində olan qaytarıcı yay kasetin qapağını kənara tullamışdır. Həmin vaxt kasetin içərisində olan pullarda ətrafa yayılmışdır. O, oğurluq etdiyi gecə hava küləkli olmuşdur. Əsən külək kasetdən çıxan pulun bir hissəsini uçurmuşdur. O, kasetin içərisində qalan və qarşısına düşmüş pulu götürüb yaşadığı evə getmişdir. O, əldə etdiyi pulun bir hissəsini şəxsi ehtiyacları üçün xərcləmişdir. Etdiyi əməldən peşmandır. Əvvəlki məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 05 oktyabr 2023-cü il tarixdə gecə saatlarında Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük savxozunda yerləşən əvvəl "Arazbizim" market adı ilə tanınmış, hazırda isə "Spar market" kimi fəaliyyət göstərən obyektdən naməlum şəxs tərəfindən oğurluq hadisəsi baş vermişdir. Həmin şəxs marketin arxa tərəfindən qapını naməlum alətlə açaraq içəri daxil olmuşdur. O, marketə daxil olduqdan sonra həmin marketdə yerləşən, "xxxx" QSC-yə məxsus olan İD5919 saylı terminalı sındıraraq içərisindəki 6166 manat pulu oğurlamışdır. "xxxx" QSC-yə ümumlikdə 9528 maddi ziyan dəydiyini bildirmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Əvvəlki məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdi ki, hazırda Modenis MMC-də Təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində işləyir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozu "Cənub” marketǝdə işlədiyi şirkətə məxsus "E-manat" ödəmə aparatı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə gecə saatlarında naməlum şəxs tərəfindən aparat sındırılmış və içərisində 7753 manat pul olan kaset oğurlanmışdır. Bundan başqa "Emanat" ödəmə aparatına 524 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq cinayəti nəticəsində şirkətə ümumilikdə 8277 manat maddi ziyan dəymişdir. Hazırda onlara dəymiş ziyan tam olaraq ödənilmişdir və hadisəni törədən Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Əvvəlki məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o müqavilə ilə “Milliön” aparatlarını müxtəlif marketlərə əhalinin istifadəsi üçün yerləşdirmişdir. xx.xx.2023-cü il tarixdə sistemə baxdıqda Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Adəm” market adlanan yerdə quraqşdırılmış 94028 kodlu aparatın işləmədiyini görmüşdür. O, həmin ünvana yaxınlaşdıqda orda xx.xx.2023-cü il tarixdə gecə 4 radələrində oğurluq olduğu məlum olmuşdur. O, terminala nəzər yetirdikdə terminalın üzərində zorakılıq izlərinin olduğunu və terminalın içərisindən pul oğurlandığını görmüşdür. Terminaldan 1781 manat pul oğurlanmış və 500 manat maddi ziyan dəymişdir. Bu barədə polis məlumat vermiş və 30cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Bundan başqa "xxxx" QSC-yə ümumilikdə 2281 manat maddi ziyan dəydiyini, hadisənin xx.xx.2023-cü il tarixdə saat 04 radələrində baş verdiyini, həmin məlumatı sistemde yoxladığı zaman müəyyən etdiyini bildirmişdir. Ona dəyən zərər ödənilməyib, təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Cənub” marketdə baş vermiş oğruluq hadisəsi ilə bağlı baxış keçirilmişdir; - Maddi sübutun götürülməsi və əşyaya baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan aydın olur ki, Binə qəsəbəsində yerləşən “Cənub” marketdə olan ödəmə terminalından oğurlanmış pul əskinasları Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmişdir; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi H.Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - Ödəmə terminalında olan pul vəsaitinin miqdarı barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə X3 “Cənub” marketdə olan ödəmə terminalından 7753 manat pul oğurlanmışdır; - xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, "xxxx" MMC cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır; - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 qəbzə imza edərək oğurlanan 8277 manat pulun tam geri qaytarıldığını bildirmişdir; - xx.xx.2023-cü il tarixli qəbzdən müəyyən edilir ki, "xxxx" MMC-yə vurulmuş 8277 manat maddi ziyan tam olaraq ödənilmişdir; - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci i tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(010)-122/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; - Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(010)-122/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2021-ci il tarixdə başa çatdığına görə o, cəzadan azad edilərək qeydiyyatdan çıxarılmışdır; - xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən ərazi Binə qəsəbəsində yerləşən “SPAR” Marketin daxilindəki terminaldır; - Ödəmə terminalına dəymiş zərərin qiymətləndirilməsi üzrə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Araz Bizim” marketdə olan 5919 saylı terminalın yararsız hala salınması nəticəsində 3362 manat ziyan dəymişdir; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, "xxxx" QSC cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs2 "xxxx" QSC-nin cinayət işi üzrə nümayəndəsi qismində tanınmışdır; - Suraxanı RPİ-nin 30-cu PŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da axtarışla tutulmuşdur; - xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Binə südçülük sovxozunda yerləşən “SPAR MARKET” mağazasında olan “E-Manat” terminalını dəmir alətlə açaraq oradan 1600 manat oğurlamışdır; - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilərək o, MSY-dən azad edilmişdir; - xx.xx.2024-cü il tarixli cinayət işlərinin birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilərək ********* nömrə altında istintaqı davam etdirilmişdir; - xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yerləşən mağazanın daxilində olan terminal aparatı zərər vurularaq açılmış və içərisindən 1781 manat pul oğurlanmışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" QSC cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs3 "xxxx" QSC-nin cinayət işi üzrə nümayəndəsi qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Rəhmanov X4 RPİ-nin İŞ-nin müstəntiqi A.Bayramov tərəfindən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməyərək onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, Suraxanı rayonu Hövsan qəsəbəsi Quşçuluq massivində yerləşən “Adəm Market” mağazasındakı “Milli Ön” terminalını dəmir alətlə açaraq oradan 1781 manat oğurlamışdır; - xx.xx.2024-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsinə tövsif edilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Eyni zamanda vurulmuş maddi ziyanın məbləğləri ilə bağlı olaraq məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən oğurluq nəticəsində vurulmuş ziyan düzgün nəzərə alınmamışdır. Belə ki, ünvan 2 ünvanında yerləşən "Adəm" marketin salonunda yerləşən "xxxx" QSC-nə məxsus İD-94023 saylı "MilliÖn" ödəmə terminalından edilmiş oğurluğa görə ziyan kimi 320 manat terminalın yararsız hala salınmasına görə hesablanmış məbləğ ittihamdan xaric olunmalı, vurulmuş ziyan kimi 180 manat pul kasetinin qiyməti və 1781 manat oğurlanmış pul olmaqla, cəmi 2101 manat nəzərə alınmalıdır. Bundan başqa, Bakı şəhəri, Surxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozunda yerləşən "Spar" marketin salonunda yerləşən “M-Pay" QSC-nə məxsus İD-5919 saylı "E- Manat" ödəmə terminalından edilmiş oğurluğa görə ziyan kimi 2952 manat terminalın yararsız hala salınmasına görə hesablanmış məbləğ ittihamdan xaric olunmalı, vurulmuş ziyan kimi 410 manat pul kasetinin qiyməti və 6166 manat oğurlanmış pul olmaqla, cəmi 6576 manat nəzərə alınmalıdır. Bundan başqa, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Savxozu, Toğrul Əliyev küçəsi, 3-cü döngədə yerləşən "Cənub" marketin salonunda yerləşən "xxxx" MMC-yə məxsus İD-1460 saylı "E-Manat" ödəmə terminalından edilmiş oğurluğa görə ziyan kimi 320 manat terminalın yararsız hala salınmasına görə hesablanmış məbləğ ittihamdan xaric olunmalı, vurulmuş ziyan kimi 204 manat pul kasetinin qiyməti və 7753 manat oğurlanmış pul olmaqla, cəmi 7957 manat nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxs “M-Pay" QSCnə dəymiş ziyanı ödəməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), üç epizod oğurluq etməsini, vurulmuş ziyanın ödənilməməsini nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, xx.xx.20223cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün olmaqla, cəmi 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), maddi sübut kimi götürülmüş pul əskinaslarının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün olmaqla, cəmi 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut kimi götürülmüş pul əskinaslarının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 06 saat vaxta görə 36 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edənEmin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar