Məhkəmə qərarları › İş №1(003)-182/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-182/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-182/2023 04.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Təvəkgül oğlunun və X1, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Poçt küçəsi 86 üvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən ehtiyatsızlıqdan bir şəxsin sağlamlığına ağır zərər vurulmasına və özgənin əmlakına ziyan vurulmasına səbəb olan həərəkətlərə yol verməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə saat 17 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda həmin tələblərə riayət etməyərək sürücülük hüququ olmadan “VAZ- 2106” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili Suraxanı rayonu Türkan qəsəbəsi istiqamətindən Hövsan-Türkan yolu ilə Xəzər rayonu Türkan qəsəbəsi istiqamətinə doğru idarə edərək hərəkətdə olarkən həmçimnin həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyərək idarə etməni itirmiş, Türkan qəsəbəsi dənizkənarı yolunda fəaliyyət göstərən “Türkan Sahil” restoranının qarşı tərəfində dayanmış piyada Zərərçəkmiş şəxs1 vuraraq baş beynin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, sağ mil sümüyünün, sağ İİİ ayaq-daraq sümüyünün, sol bud sümüyünün yerdəyişən sınıqları, sağ ayağın İ barmağının açıcı vətərinin zədələnməsi, alının, sol qaşın, burunun sıyrıqları ilə müşaiyət olunan həyatı üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetrimiş, həmçinin avtomobil sürüşərək həmin yerdə olan parklanmada hərəkətsiz vəziyyətdə dayanmış X1 etibarnamə ilə idarə etdiyi “VAZ-21070” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toşqquşaraq zədələməklə 3078 manat maddi ziyan vurmuş, toqquşmadan sonra “VAZ-21070” markalı avtomobil sürüşərək yaxınlıqda olan Zərərçəkmiş şəxs2 Təvəkgül oğlunun etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz GL 500” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələməklə 3250 manat maddi ziyan vurmuş, bununla da bir şəxsin xəsarət almasına və 2 avtomobilə maddi ziyan vurulmasına səbəb olan hərəkətlərə yol verməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, avtomobil idarə etmək üçün ümumiyyətlə sürücülük vəsiqəsi olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 17:10 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2106” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu Türkan qəsəbəsi istiqamətindən Xəzər rayonu istiqamətində gedən yolda saatda 100 km sürətlə hərəkət etmişdir. Həmin yerdə maksimum sürət həddi neçə olduğunu o həmin vaxt bilməmişdir. Ancaq yaşayış məntəqələrində ümumi olaraq maksimum sürət həddi 50-60 km/saat həddində müəyyən edilmişdir. Xəzər rayonu Türkan qəsəbəsi, Dənizkənarı yolunda fəaliyyət göstərən “Türkan Sahil” restoranının qarşısına çatan zaman idarə etdiyi avtomobilin idarə edilməsini itirmiş, avtomobil sağ istiqamətdə sürüşərək həmin yerdə dayanmış piyadaya çırpılmış, daha sonra sürüşmə davam etmiş və “Türkan Sahil” restoranının qarşısında parklanma yerində dayanmış “VAZ-21074” markalı avtomobilə çırpılmışdır. “VAZ-21074” markalı avtomobil zərbənin təsirindən sürüşərək parklanma yerində dayanmış vəziyyətdə olan “Mercedes” markalı avtomobilə dəymiş və yol-nəqliyyat hadisəsi baş vermişdir. İdarə etdiyi avtomobil ilə vurduğu piyada vətəndaşların köməkliyi ilə xəstəxanaya aparılmışdır. Hadisə zamanı “Türkan sahil” restoranıın qarşısında parklanma yerində dayanmış VAZ 21074 markalı avtomobilin və “Mercedes” markalı avtomobillərin salonlarında sürücü və sərnişinlər olmamışdır. İlk dəfə ehtiyatsızlıqdan törətdiyi bu əməlindən peşmandır, lakin maddi imkanı zəif olduğu üçün zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyə və onlarla barışa bilməmişdir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Türkan qəsəbəsində yol kənarında yerləşən “Türkan-Sahil” istirahət mərkəzinin qarşısında olmuşdur. O, həmin restoranın qarşısında avtomobillərin parklanmasına kömək edir. Həmin vaxt duracağa daxil olan avtomobillərə yol göstərərkən Hövsan qəsəbəsindən Türkan qəsəbəsi istiqamətinə doğru sürətlə hərəkətdə olan “VAZ-2106” markalı avtomobil qəfildən yolun sağ kənarına çıxmış və onu vurmuşdur. Zərbənin gücündən o, xəsarət alaraq yerə yıxılmışdır. Bu zaman hadisə yerində olan insanların və hadisə yerinə gəlmiş Təcili tibib yardım xidmətinin işçilərinin köməkliyi ilə onu xəstəxanaya aparmışlar və o xəstəxanada müalicə almalı olmuşdur. Təqsirləndirilən şəxs hadisədən sonra ona heç bir köməklik etməmişdir. Müalicəsinə indiyə qədər 5000 (beş min) manat pul xərcləmişdir, müalicəsi indi də davam edir və bunun üçün ona yenə də pul lazım olacaqdır. Tələbi ondan ibarətdir ki, təqsirləndirilən şəxs ona çəkdiyi ziyanın əvəzi olaraq həmin 5000 (beş min) manatı ödəsin. Təqsirləndirilən şəxs ziyanı ödəməsə, o, ondan şikayətçidir. Bunların nəzərə alınmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X2 göstərdi ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında atası Asif ilə birlikdə ona məxsus “VAZ-2107” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili Xəzər rayonu Türkan qəsəbəsi ərazisində dənizkənarı yolunda fəaliyyət göstərən”Türkan Sahil” restoranının qarşısında parklanma yerində saxlayıb şəxsi işilərinin arxasınca getmişlər. Həmin tarixdə 16:40 radələrində atası ilə birlikdə restorana qayıdıb çay içmişlər. Saat 17:10 radələrində restoranın çöl hissəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. O və atası Asif çölə çıxdıqda məlum olmuşdur ki, əvvəllər tanımadığı “VAZ-2106” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü restoranın qarşısında parklanma yerində işləyən şəxsi vurduqdan sonra ona məxsus avtomobilə çırpılmışdır. Çırpılma nəticəsində ona məxsus avtomobil sürüşərək parklanma yerində dayanmış “Mercedes” markalı avtomobilə çırpılmışdır. Hadisə zamanı onun avtomobilində və parklanma yerində toqquşmaya məruz qalan digər avtomobilin salonunda heç kəs olmamışdır. Hadisə nəticəsində ona məxsus avtomobilə ümumilikdə 3078 (üç min yetmiş səkkiz) manat maddi ziyan dəymişdir. Hadisə yerində tanımadığı adamlar olmuşdur. Təqsirləndirilən şəxs hadisədən sonra ona heç bir köməklik etməmiş və 3078 (üç min yetmiş səkkiz) manat ziyan məbləğini indiyə qədər ödəməmişdir. Tələbi ondan ibarətdir ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanın əvəzi olaraq həmin 3078 (üç min yetmiş səkkiz) manatı ödəsin. Təqsirləndirilən şəxs ziyanı ödəməsə, o, ondan şikayətçidir. Bunların nəzərə alınmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 Təvəkgül oğlu göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində özünə məxsus “Mercedes Benz CL 500” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilini Xəzər rayonu Türkan qəsəbəsi dənizkənarı yolunda fəaliyyət göstərən “Türkan Sahil” resoranının qarşısında parklanma yerində saxlayıb restoranın daxilində tanışları ilə çay içmişdir. Saat 17:10 radələrində restoranın çöl tərəfində yol-nəqliyyat hadisəsi baş verməsinin səsini eşidib restorandan çölə çıxanda bir neçə avtomobilin bir-birinə dəyərək zədələnməsini görmüşdür. Hadisə yerinə yaxınlaşanda məlum olmuşdur ki, əvvəllər tanımadığı “VAZ-2106” markalı 10- GM-185 dövlət qeydiyyat nişanlı avtomobilini idarə edən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə Hövsan istiqamətindən Türkan istiqamətinə doğru hərəkətdə olarkən restoranın qarşısında duran piyadanı vurmuş, piyadanı vurduqddan sonra “VAZ-2106” markalı avtomobil parklanma yerində dayanmış “VAZ-21074” markalı avtomobilə çırpılmış, zərbənin təsirindən “VAZ-21074” markalı avtomobil zərbənin təsirindən sürüşərək parklanma yerində dayanmış vəziyyətdə olan ona məxsus “Mercedes Benz CL 500” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Hadisə zamanı “Türkan Sahil” restoranının qarşısında parklanma yerində dayanmış “VAZ-21074” markalı avtomobilin sürücüsü və o avtomobilin salonunda olmamış və hadisənin baş verdiyi anı bilavasitə görməmişlər. Hadisə nəticəzində onun avtomobilinə ümumilikdə 3250 (üç min iki yüz əlli) manat maddi ziyan vurulmuşdur. Hadisə yerində tanıdığı kimsəi görməmiş, ancaq tanımadığı adamlar olmuşdur. Təqsirləndirilən şəxs hadisədən sonra ona heç bir köməklik etməmiş və 3250 (üç min iki yüz əlli) manat ziyan məbləğini indiyə qədər ödəməmişdir. Tələbi ondan ibarətdir ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanın əvəzi olaraq həmin 3250 (üç min iki yüz əlli) manatı ödəsin. Təqsirləndirilən şəxs ziyanı ödəməsə, o, ondan şikayətçidir. Bunların nəzərə alınmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, oğlu Asif Nəsirlinin ifadəsində göstərdiklərini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında oğlu Nurlan ilə birlikdə Nurlana məxsus “VAZ-2107” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili Xəzər rayonu Türkan qəsəbəsi ərazisində dənizkənarı yolunda fəaliyyət göstərən “Türkan Sahil” restoranının qarşısında parklanma yerində saxlayıb Nurlanla birlikdə işlərinin arxasınca getmiş, saat 16:40 radələrində restorana qayıdıb çay içmişlər. Saat 17:10 radələrində restoranın çöl hissəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. O və oğlu Nurlan çölə çıxdıqda məlum olmuşdur ki, əvvəllər tanımadığı “VAZ-2106” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü restoranın qarşısında parklanma yerində işləyən şəxsi vurduqdan sonra ona məxsus avtomobilə çırpılmışdır. Çırpılma nəticəsində onun oğluna məxsus avtomobil sürüşərək parklanma yerində dayanmış “Mercedes” markalı avtomobilə çırpılmışdır, Hadisə zamanı onların avtomobilində və parklanma yerində toqquşmaya məruz qalan digər avtomobilin salonunda heç kəs olmamışdır. Hadisə nəticəsində oğluna məxsus avtomobilə ümumilikdə 3000 manatdan çox maddi ziyan dəymişdir. İş materiallarında olan Hadisə yerinə keçirilən baxış protokolundan görünür ki, hadisə Hövsan-Türkan avtomobil yolunun Xəzər rayonu Türkan qəsəbəsindən keçən dənizkənarı yolda yerləşən “Türkan-Sahil” restoranının qarşısında olan parklanma yerində baş vermişdir. Yolun həmin hissəsi asfalt örtüklüdür. Həmin yolda Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili “Türkan Sahil” restoranının qarşı tərəfində dayanmış piyadanı vuraraq xəsarətlər yetrimiş, bundan sonra sürüşərək həmin yerdə olan parklanmada hərəkətsiz vəziyyətdə dayanmış “VAZ-21070” markalı avtomobillə toşqquşmuş, toqquşmadan sonra “VAZ-21070” markalı avtomobil sürüşərək yaxınlıqda olan “Mercedes-Benz GL 500” markalı avtomobillə toqquşmuşdur. İş materiallarında olan “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2022-ci il tarixli 1/2836 nömrəli aktın nəticə hissəsindən görünür ki, sürücü Təqsirləndirilən şəxs AYİQ vəziyyətdə olmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 17 sentyabr .2022-ci il tarixli 725 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – baş beyin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, sağ mil sümüyünün, sağ İİİ ayaqdaraq sümüyünün yerdəyişən sınıqları, sağ ayağın İ barmağının ağıcı vətərinin zədələnməsi, alının, sol qaşın, burnun sıyrıqları küt əşya (əşyalar) təsirindən onun ”X3” X5 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur. Dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox (120 gündən çox) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa AĞİR zərər vurulmaya aiddirlər”. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 iyul 2022-ci il tarixli, 8/1621 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “VAZ-2106” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin portal sistemindən yoxlanılmış görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur və hadisə zamanı o, “VAZ-2106” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. İş materiallarında olan Xəzər rayon Polis İdarəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, “vət.Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi, “VAZ-2106” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyadanın vurularaq ağır xəsarət alması və nəqliyyat vasitələrinin zədələnməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı hadisəni görə biləcək şahidləri, eləcə də həmin hadisə yerində video müşahidə kameralarının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs hadisədən əvvəl nəqliyyat vasitəsini həmin yerdə nəzərdə tutulmuş maksimum sürət həddindən daha yüksək sürətlə, təxminən 110-120 km/saat sürətlə idarə edərək hərəkətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 11 noyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən ehtiyatsızlıqdan bir şəxsin sağlamlığına ağır zərər vurulmasına və özgənin əmlakına ziyan vurulmasına səbəb olan həərəkətlərə yol verməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması faktı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlmədiyinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-182/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və icrası Xəzər RPİ-nə tapşırılmışdır. Xəzər RPİ-nin 1-ci PŞ 07 mart 2023-cü il tarixli məktubla məhkəməyə müraciət edərək 07 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Xəzər rayonu ərazisində saxlanılaraq məhkəməyə təhvil verilməsini bildirmişdir. Həmin gün məhkəmədə Təqsirləndirilən şəxs çağırış vərəqəsi təqdim olunaraq növbəti məhkəmə iclasının 03 aprel 2023-cü il tarixə təyin edilməsi bildirilərək məhkəmə iclasında iştirak etməsinin zəruriliyi barədə xəbərdar edilmiş, barəsiində başqa yerə getməmək barədə qətimkan tədbirinin seçilməsi nəzərə alınmış və o, sərbəst buraxılmışdır. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar - Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin, hadisə zamanı zədələnmiş X1 etibarnamə ilə idarə etdiyi “VAZ-21070” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs2 Təvəkgül oğlunun etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz GL 500” markalı, **- MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 150,00 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar - Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin, hadisə zamanı zədələnmiş X1 etibarnamə ilə idarə etdiyi “VAZ-21070” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs2 Təvəkgül oğlunun etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz GL 500” markalı, **- MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 85,00 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar