Məhkəmə qərarları › İş №1(003)-182/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-182/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-182/2025 24.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 və Ədalət Vəkil Bürosunun vəkili Müdafiəçi2, X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Hindistan Respublikası, Pəncab əyaləti, Bathinda şəhərində doğulmuş, Hindistan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olmayan, Hindistan Respublikası, Pəncab əyaləti, Bathinda şəhəri, TV Tover yaşayış kompleksi, 1-ci küçə, ev 33-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixədək olan müddət ərzində Hindistan Respublikasında istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan xeyli miqdarda, 32,150 qram tiryək narkotik vasitəsini qəsdən qanunsuz olaraq əldə etmiş, bir qəbildən olan malları digər şəklə salmaqla üzərində “PATANJALİ DANT KANT Natural Toothpaste” sözləri yazılmış diş məcunu qabının içərisində gizlədib kiçik ölçülü əl çantasında saxlamış, müşayiət etdiyi çamadana yerləşdirib 02 noyabr 2024-ci il tarixli, 6E1803 nömrəli Dehli-Bakı aviareysi ilə Azərbaycan Respublikasına daşımış, həmin gün saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən X11 Aeroportunun 1 -ci terminalının gəliş zalında Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, 03 noyabr 2024-cü il tarixdə, saat 01 radələrində gömrük əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin oktyabr ayının sonunda, saxlanılmazdan 1 həftə öncə Azərbaycan Respublikasına səfər etməyə qərar vermiş, bir həftə, yəni noyabrın 2-dən 9-na qədər Azərbaycan Respublikasında qalmağı planlaşdırmışdır. xx.xx.2024-cü il tarixdə təyyarə Bakı şəhərində hava limanına endikdən sonra sərhədkeçmə prosesini həyata keçirib baqajlarını götürmək üçün baqaj lentinə yaxınlaşmışdır. Baqajı gəldikdən sonra götürüb çıxış qapısına tərəf yönələn zaman özlərini gömrük əməkdaşı kimi təqdim edən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və ona aid baqajda yoxlama aparılmalı olduğunu bildirərək baqajlar rentgen aparatında yerləşdirilmişdir, daha sonra isə gömrük əməkdaşları tərəfindən baqajlarında yoxlama aparılmışdır. Ona aid çamadana onun və iki nəfər hal şahidinin iştirakı ilə aparılmış yoxlama zamanı şübhəli maddə aşkar olunduğu bildirilmiş, bununla əlaqədar olaraq sənədləşmə işləri aparılmış və həmin maddə araşdırma məqsədilə götürülmüşdür. Daha sonra müvafiq sənədlər tərtib olunmuş, tərcüməçinin iştirakı ilə həmin sənədlərlə tanış olub onları imzalamışdır. Boynunda 25 yaşdan bəri problemi vardır, çamadanında aşkar edilən diş pastası qutusunda olan maddə boyun ağrıları üçün həkim tərəfindən ona hazırlanıb verilən məlhəmdir. Həmin maddə bitki tərkibli, boyun ağrıları üçün nəzərdə tutulmuş məcundur. Onun tərkibində narkotik tərkibli, habelə digər istifadəsi qadağan olunmuş maddələrin də ola biləcəyini inkar etmir. Bu məcunu yaşadığı şəhərdə öz həkimindən əldə etmişdir. Onun içərisinə hansı bitkilərin qarışımını əlavə etdiyi barədə dəqiq məlumatı olmamış və ağrılarına müsbət təsiri olduğu üçün mütəmadi istifadə etmişdir. Həmin məlhəmi hazırlayan həkim onu dərman qabında yox, məhz diş məcunu qabına doldurmuşdur. Bu hal diqqətini çəkmiş, həkimdən həmin məlhəmi nəyə görə diş məcunu qabına doldurduğunu soruşduqda ona başqa qab tapa bilmədiyi üçün həmin qaba doldurduğunu bildirmişdir. Həmin məhlulun kimyəvi tərkibi barədə məlumatı olmasa da, tərkibində hər hansı güclü təsir edən, yaxud narkotik vasitə olması ehtimalını inkar etmir. İlk dəfə Azərbaycan Respublikasına səfər etmiş, yuxarıda qeyd edilən məcunu gömrük orqanına bəyan edilməli olduğu barədə məlumatlı olmamışdır. Aşkar edilmiş məcunun əldə olunması üçün resept tələb edilmir və bu məcun apteklərdə satılmır, bunu həkimi onun üçün hazırlamışdır. Ona məxsus olan üzərində “WASHBAG” yazısı olan çantanın içərisindən aşkar edilən, üzərində “PATANJALİ DANT KANTİ Natural Toothpaste” yazısı olan diş məcunu qabının içərisindəki maddənin narkotik maddə tərkibli olduğunu istisna etmədiyini göstərsə də, həmin dərmanı əhəmiyyətsiz olduğunu zənn etmiş, müalicə üçün istifadə edildiyini əsas götürüb gömrük orqanına məlumat verməmişdir. Xarici ölkə vətəndaşı olduğundan məlumatsız olmuş və belə bir cinayətin tərəfindən törədilməsinə yol vermişdir. Etdiyi əməldən peşmandır. İlk dəfə cinayət məsuliyyətinə cəlb edilir. Hindistan Respublikasında dörd nəfər yetkinlik yaşına çatmayan övladı vardır. Ailəsinin yeganə qazanc gətirən şəxsi odur. Onun uzun müddət həbsdə qalması ailəsinin maddi durumunu çox ağır vəziyyətə salmışdır. İlk gündən istintaq orqanı ilə əməkdaşlıq etmiş, bütün suallara dəqiqliklə cavab vermişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 2024-cü ilin noyabr ayının əvvəlində Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs hava yolundan istifadə etməklə Bakı şəhərinə gələcəyi, üzərində və ya müşayiət etdiyi yükdə narkotik vasitə olacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən məlumatın yoxlanılması məqsədi ilə Şöbə rəisi tərəfindən qərar qəbul edilmiş və əməliyyat qrupunun rəhbəri təyin olunmuşdur. Barəsində məlumat daxil olmuş şəxsin xx.xx.2024-cü il tarixdə saat 23:35-də Dehli-Bakı aviareysi ilə gəlməsi müəyyənləşdirilmiş və şəxs nəzarətə götürülmüşdür. Təqsirləndirilən şəxs 3 noyabr 2024-cü il tarixə keçən gecə sərhəd nəzarətindən keçib ölkə ərazisinə daxil olmuş və onun hərəkətlərini müşahidə etmişlər. Eyni zamanda şəxsə məxsus irihəcmli, qara rəngli çamadan nəzarətə götürülmüş, yoxlama məntəqəsində həmin baqaja əməliyyat qrupunun üzvü, instruktor-kinoloq Məhərrəm Cəfərov tərəfindən xidməti it də tətbiq edilmişdir. Bu zaman xidməti it həmin baqaja reaksiya vermişdir, bundan sonra həmin çamadan baqaj lentinə qoyulmuş və nəzarət davam etdirilmişdir. Təqsirləndirilən şəxs özünə məxsus olan sözügedən çamadanı baqaj lentindən götürüb gömrük nəzarətinə daxil olduqdan sonra ona məxsus çamadan “X-ray” rentgen aparatına yerləşdirilmiş, bu zaman monitorda şübhəli cizgilərin olduğu müəyyən edildiyi üçün baqaja baxış keçirmək qərarına gəlmişdir. Bu məqsədlə 2 hal şahidi dəvət edib onlara hüquq və vəzifələrini izah etmiş, şəxsin özünün, qrupunun üzvlərinin və hal şahidlərinin iştirakları ilə keçirilmiş yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus iri həcmli, qara rəngli çamadandakı, üzərində “WASHBAG” yazısı olan əl çantasının içində diş məcunu qabı və həmin qabın üzərində qəhvəyi rəngli maddə olduğu müəyyən edildiyi üçün qapağı açılmış və həmin diş məcunu qabının içərisində tiryəkə bənzər maddə olduğu aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid gömrük xidməti əməkdaşı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadəsi alınmış Şahid4 Nəvi oğlu bildirmişdir ki, “Heydər Əliyev” Beynəlxalq Aeroportunda yerləşən "xxxx" MMC-də yuyucu maşın operatoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə “Heydər Əliyev” adına X9 işdə olan zaman gömrük orqanı əməkdaşı ona və onun iş yoldaşı Şahid3 yaxınlaşaraq onlardan 1-ci Terminalın gömrük nəzarəti xəttində saxlanılmış bir nəfər sərnişinin üzərində keçiriləcək şəxsi yoxlamada və həmin sərnişinə aid olan əl yüklərinə keçiriləcək yoxlamada hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Onlar da gömrük əməkdaşına etiraz etməmiş və həmin əməkdaşla birlikdə yoxlama keçiriləcək yerə getmişlər. Yoxlama “Heydər Əliyev” adına X10 1-ci Terminalında keçirilmişdir. Oraya çatdıqdan sonra onların iştirakı ilə Hindistan Respublikası vətəndaşının baqajına baxış keçirilmiş və çamadandakı diş məcunu qabının içərisində naməlum maddə olması müəyyən edilmişdir. Gömrük əməkdaşları həmin maddənin tiryək narkotik vasitəsinə bənzədiyini demişlər və həmin qab götürülərək qablaşdırılmışdır. Sonda gömrük əməkdaşı tərəfindən protokol tərtib olunmuş, həmin protokolla tanış olub imzalamışdır. Məhkəmədə digər Şahid3 Şahid4 Nəvi oğlunun ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Hindistan Respublikasından gələn sərnişinlərdən biri tərəfindən gömrük qaydaları pozulmaqla, qanunsuz olaraq narkotik vasitə gətirilməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qruöu yaradılmışdır; - 03 noyabr 2024-cü il tarixli "Şəxsi yoxlama və götürmə haqqında" protokoldan görünür ki, şəxsi yoxlama zamanı, Təqsirləndirilən şəxs məxsus irihəcmli qara rəngli çamadan açılmış və içərisinə baxış keçirilmişdir. Həmin çamadanın içərisində müxtəlif şəxsi əşyalarla birlikdə içərisində şəxsi əşyalar olan, üzərində “WASHBAG” yazısı olan, içərisi gözlə görünə bilən zəncirbəndli, kənar səthi və tutacağı qara rəngli olan kiçikölçülü çanta olduğu müəyyən edilmişdir. Daha sonra həmin çanta olduğu yerdən götürülmüş və onun da içərisinə baxış keçirilmişdir. Bu zaman çantanın içərisində 2 ədəd yeni diş fırçası, bəzi şəxsi əşyalar və üzərində “PATANJALİ DANT KANTİ Natural Toothpaste” yazısı olan diş pastası qabı olduğu müəyyən edilmişdir. Həmin diş pastasının qablaşdırmasının üzərinə yaxılmış qəhvəyi rəngli maddənin olması müşahidə edildiyindən onun qapağı açılmışdır. Bu zaman həmin diş pastası qabının içərisində tünd qəhvəyi rəngdə, spesifik iyə malik tiryəkəbənzər maddə aşkar edilmişdir. Həmin diş pastası tərəziyə qoyularaq çəkilmiş və qablaşdırma ilə birlikdə malın ümumi təqribi çəkisinin 53 qram olduğu müəyyən edilmişdir. Daha sonra yoxlama davam etdirilmiş, lakin Təqsirləndirilən şəxs məxsus çamadanda gömrük orqanına bəyan edilməyən yaxud gömrük nəzarətindən gizlədilən hər hansı başqa predmet aşkar edilməmişdir; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/5120 saylı rəyindən aydın olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Hindistan vətəndaşı Təqsirləndirilən şəxs..." yazısı və imzalar olan kağız paketdə üzərində “PATANJALİ DANT KANT Natural Toothpaste” yazısı olan qabdaki təmiz çəkisi 32,150 qram tünd qəhvəyi rəngli, spesifik iyə malik yumşaq konsistensiyalı maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; - 3 noyabr 2024-cü il tarixli Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilməsi haqqında protokolla Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına cəmi bir dəfə səfər etməsi, xx.xx.2024-cü il tarix, saat 23:58-də X11 X7-Buraxılış Məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olması müəyyən edilmişdir; - 06 noyabr 2024-cü il tarixli qərara əsasən 03 noyabr 2024-cü il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 32,150 qram (qalıq çəki: 31,8 qram) tiryək narkotik vasitəsi, həmin hüquqpozma predmetinin saxlanıldığı, üzərində “WASHBAG” yazılmış əl çantası maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılmışdır; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 206.2 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur; - Qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixindən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 dekabr 2024-cü il tarixli, 7730 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi ilə müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması müəyyən edilmişdir; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-1088/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında saxlanma müddəti həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-1088/2024 saylı qərarı ləğv edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır; - Hindistan Respublikası, Pəncab əyalətinin Batinda şəhərində yerləşən “X14” klinikasının həkimi tərəfindən verilmiş sənədlərdən məlum olur ki, xəstə Təqsirləndirilən şəxs boyun spondiliti diaqnozu müəyyən edilmişdir. Həmin xəstəliyin müalicəsi üçün xalq təbabətinə əsasən Hindistan Respublikasında qadağan olunmayan, məişət birkisi kimi istifadə edilən xaşxaşdan hazırlanan vasitədən istifadə etməsi tövsiyyə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 32.150 qram olan narkotik vasitə– tiryək xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, etdiyi əməli səmimi etiraf edərək peşman olmasını, cinayətin açılmasına fəal kömək etməsini, cinayətin predmeti olan narkotik vasitəni tibbi məqsədlər üçün xəstəxana həkimi tərəfindən verilmiş resept əsasında həkim tərəfindən hazırlanmasını, qeyd edilən əməlin Azərbaycan Respublikasında cinayət hesab olunmasını bilməməsini və ailəsinin yeganə gəlir gətirən şəxsi olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 8-ci bəndinə əsasən CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayətin açılması ilə bağlı fəal kömək etməsini, hazırki cinayətin predmeti olan maz formasında tiryəkin müalicə məqsədləri üçün Hindistan Respublikasında xalq təbabətində geniş istifadə edilməsini və onun xarici ölkə vətəndaşı olmaqla bu əməlin Azərbaycan Respublikasında cinayət hesab edilməsindən xəbərsiz olması yüngülləşdirici halları müstəsna hallar hesab etdiyindən, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 234.1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrumetmə cəzası, CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə barəsində CM-nin 206.2-ci maddəsinin sanksiyada nəzərdə tutulandan aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Dövlət Gömrük Komitəsində maddi sübut kimi saxlanılan qalıq 31,8 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 114 manat məbləğində pul vəsaiti ondan tutularaq dövlət nəfinə keçirilməlidir (CPM 198.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini də nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmasa da Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 234.1-ci maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilməklə CM-nin 206.2-ci maddəsi ilə 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Maddi sübut kimi tanınmış qalıq 31,80 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd əl çantası sahibinə qaytarılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 16 saat vaxta görə 96 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar