Məhkəmə qərarları › İş №1(003)-183/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-183/2020

04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-183/2020 04.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru X4, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsi, ev 3-də qeydiyyatla yaşamış və barəsində Xəzər rayon məhkəməsinin qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, yeni yaşayış sahəsində yerləşən açıq sahədən Zərərçəkmiş şəxs1 məxsus bir baş qara rəngli 2000 manat dəyərində iri buynuzlu cins heyvan olan inəyi və bir baş qaraala rəngli 2300 manat dəyərində iri buynuzlu cins heyvan olan inəyi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 4300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, yeni yaşayış sahəsində yerləşən açıq sahədən X2 məxsus bir baş 1250 manat dəyərində 18 aylıq 280 kiloqram olan iri buynuzlu heyvan olan inəyi gizli olaraq talayıb zərərçəkmiş Etibar Yusibova həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, yeni yaşayış sahəsində yerləşən açıq sahədən Zərərçəkmiş şəxs2 məxsus bir baş 900 manat dəyərində 5 yaşında 200 kiloqramlıq, bir baş 900 manat dəyərində 3 yaşında 200 kiloqramlıq, bir baş 750 manat dəyərində 20 aylıq 160 kiloqramlıq və bir baş 650 manat dəyərində 14 aylıq 130 kiloqram çəkidə iri buynuzlu heyvan olan inəkləri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 3200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, xx xxxxxx 2020-ci il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, yeni yaşayış sahəsində yerləşən açıq sahədən Zərərçəkmiş şəxs4 məxsus bir baş 1800 manat dəyərində 6 yaşında 400 kiloqramlıq və bir baş 1600 manat dəyərində 10 yaşında 400 kiloqram çəkidə iri buynuzlu heyvan olan inəkləri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 3400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Türkan qəsəbəsində Üzümçülük sovxozunda gəzişərkən boşluq sahədə olan bir baş iri buynuzlu heyvan sahibsiz olduğunu görmüşdür. Həmin heyvanlar onun diqqətini çəkmiş, heyvanı oğurlamaq qərarına gəlmişdir. Həmin heyvanın sahibsiz olduğundan əmin olduqdan sonra heyvana yaxınlaşmış həmin heyvanı səsləyərək bir qədər otlaqdan aralıda olan dörd bir tərəfi hasarlanmış darvazası olan bir boş həyət taparaq həmin həyətə salmışdır. O, Hövsan qəsəbəsində olan Bahar qəsəbəsində yerləşən mal qara fermasında iri buynuzlu heyvanların alındığını bildiyi üçün yola çıxaraq yolla hərəkət edən tanımadığı və dövlət nömrə nişanını bilmədiyi Qazel markalı avtomaşın saxlatmış həmin maşını idarə edənlə 30 manata razılaşmış və maşını heyvanı saldığı qapıya aparmışdır, həmin heyvanın birini Qazel markalı avtomaşına mindirmiş və Bahar qəsəbəsinə fermaya aparmışdır. O, orada işləyən Həci ləqəbli şəxsə yaxınlaşmışdır. Satılıq heyvanının olduğunu bildirmişdir. Həmin heyvana baxdıqdan sonra razılaşıb heyvanı Həci ləqəbli şəxsə, yəni Şahid 350 manata satmışdır. Həmin zaman Həci ondan heyvanın oğurluq olub-olmadığını soruşmur, o, da cavab olaraq özünə məxsus olduğunu və anası xəstə olduğu üçün pul ehtiyacından satdığını bildirmişdir. Bundan başqa yenədə xx xxxxxx 2020-ci il tarixdə təqribən günorta radələrində o, evdən çıxmışdır ki, gedib əraziyə göz gəzdirsin bəlkə hardasa yenə də qarşısına otlaqda heyvan çıxsa həmin heyvanları da oğurlayaraq satıb gəlir əldə etsin. Türkan Üzümçülük sovxozu ərazisində otlaq sahədə 4 baş iri buynuzlu heyvanın otladığını görmuşdur. Həmin heyvanların da sahibsiz olduğundan əmin olduqdan sonra heyvanlara yaxınlaşmış, həmin heyvanları səsləyərək təqribən 100 metr otlaqdan aralıda olan dörd bir tərəfi hasarlanmış darvazası olan bir boş həyət taparaq həmin həyətə salmışdır. O, Hövsan qəsəbəsində olan Bahar qəsəbəsində yerləşən mal qara fermasında iri buynuzlu heyvanların alındığını bildiyi üçün yenədə yola çıxaraq yolla hərəkət edən tanımadığı və dövlət nömrə nişanını bilmədiyi Qazel markalı avtomaşın saxlatmış, həmin maşını idarə edənlə 30 manata razılaşmış maşını heyvanları saldığı qapıya aparmış, həmin heyvanlardan birini Qazel markalı avtomaşına mindirmiş və Bahar qəsəbəsinə fermaya aparmışdır. O, orada işləyən Həci ləqəbli şəxsə yaxınlaşmış, yenədə satılıq heyvanının olduğunu bildirmişdir. Hətta həmin heyvandan ondan başqaları da olduğunu demişdir. Bu zaman Həci adlı şəxs həmin qara rəngli heyvana baxaraq, onun da özünə məxsus olubolmadığını soruşmuş və o, heç bir oğurluq olmadığını bildirib həmin heyvanı da 450 manata satmağa razılaşmış və həmin heyvanı satmışdır. Bundan sonra onlar birlikdə yəni Həci Həcinin qardaşı və o, heyvanları saxladığı həyətə gəlmişlər. Onlar yenicə çatmışlar ki, polis əməkdaşları həmin yerə gəlmişlər. Bunu görən zaman o, həmin yerdən qaçaraq getmişdir. Bundan sonra maddi durumu pis olduğundan oğurluq etmək qərarına gəlib xx xxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində əvvəllər oğurladığı iri buynuzlu heyvanlar olan ərazinin yaxınlığına getmişdir. Türkan Üzümçülük sovxozu ərazisində otlaq sahədə 2 baş iri buynuzlu heyvanın otladığını görmüş, həmin heyvanların da sahibsiz olduğundan əmin olduqdan sonra heyvanlara yaxınlaşmış həmin heyvanları ötürə-ötürə təxminən 3-4 km məsafəyə gətirmişdir. Bu zaman bir nəfər şəxsin gəldiyini görmüş və həmin şəxs ona səslənərək inəkləri hara apardığını soruşduqda inəkləri orada qoyaraq qaçıb oradan uzaqlaşmışdır. Başa düşmüşdür ki, həmin şəxs inəklərin sahbidir. Bundan başqa heç bir oğurluq hadisəsi törətməmişdir. xx.xx.2019-cu il tarixdə polis əməkdaşlarının onu axtardığını bildiyi üçün ərazinin əməliyyat müvəkkili ilə danışmış və özü polisə təslim olmuşdur. Zərərçəkmiş şəxs1 heyvanlarını isə o, oğurlamamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, mal qara saxlamaqla məşğul olur. Həyətdə saxladığı heyvanları hər gün örüşə buraxır, axşamda heyvan həyətə qayıdırmış. xx.xx.2020-ci il tarixdə səhər saat 09:30-da hər zaman olduğu kimi 4 baş iri buynuzlu heyvanları örüşə buraxmışdır. Günorta radələrində heyvanlara baxmaq istəmiş, heyvanların örüşdə olmadığını görmüşdür. O, düşünmüşdür ki, heyvandır yəqin azıb başqa yerə getmişdir. Bu səbəbdən də polis orqanlarına rəsmi müraciət etmədən özü heyvanları axtarmağa başlamışdır. Lakin, bir neçə gündən sonra artıq heyvanların oğurlana biləcəyini düşünmüş və bu səbəbdən də xx.xx.2020-ci ildə DİN-nin 102 xidmətinə heyvanların oğurlanması ilə bağlı rəsmi məlumat vermişdir. Həmin iri buynuzlu heyvanın biri 5 yaşında 200 kq çəkidə qiyməti təqribən 2000 manat, digəri 3 yaşında 200 kq çəkidə qiyməti təqribən 2200 manat, digəri 1 yaş 8 aylıq 160 kq çəkidə qiyməti 1800 manat, digəri 1 yaş 2 aylıq 130 kq çəkidə qiyməti təqribən 1500 manat təşkil edir. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları ona məxsus olan heyvanları taparaq ona geri qaytarmış, lakin hadisəni törədən şəxsin onların əlindən qaçdığını bildirmişlər. Heyvanlarının oğurlanması nəticəsində ona ümumilikdə 7500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat təqribən 09:00 radələrində o, evdən çıxıb işə getmişdir. O, işə getdikdən sonra həyat yoldaşı Sevinc həyətdə saxladığı ona məxsus olan biri 6 yaşında biri 10 yaşında olan yerli cins inəkləri evin qarşısında olan otlağa buraxmışdır. Həmin gün saat 14:00 radələrində maşınla evə gələrkən Türkan qəsəbəsində onların evindən bir qədər uzaq məsafədə, təqribən 4 km məsafədə həmin iki baş inəklərini boşluq sahədə bir nəfər şəxsin apardığını görmüşdür. O, həmin şəxsə çataraq inəkləri hara apardığını soruşmuş həmin şəxs dərhal cəld tərpənib qaçmağa başlamışdır. O, həmin şəxsi sifətdən həmin ətrafda yaşayan şəxs kimi tanımış, lakin adını isə bilmirdi. O, iki baş iri buynuzlu inəklərini götürüb geri evlərinə qayıtmışdır. Səhəri gün yəni xx.xx.2020-ci il tarixdə polisə baş vermiş hadisə ilə bağlı şikayət etmişdir. 6 yaşlı inəyinin çəkisi 400 kq qiyməti 2000 manat və 10 yaşlı heyvanın çəkisi isə 400 kq olmaqla qiyməti 2000 min manat olmuşdur. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 bildirdi ki, xx.xx.2020-ci il tarixdə sahər radələrində o, özünə məxsus olan 1 baş iri buynuzlu yerli cins olan 280 kq çəkidə bir yaş yarımlıq 1300 manat dəyərində qara inəyini otlağa buraxmışdır. O, hər səhər iri buynuzlu heyvanını evdən otlağa buraxmış, heyvan özü otladıqdan sonra evə geri qayıtmışdır. Lakin həmin gün axşam olsa da heyvan otlaqdan geri qayıtmamışdır. O, düşünmüşdür ki, heyvan yəqin həmişəki yerindən uzaqlaşıb və geri yolu tapa bilmədiyindən itmişdir. Bu səbəbdən rəsmi qayda da polisə heç bir müraciət etməmişdir. xx.xx.2020-ci ildə axşam saat 19:00 radələrində polis əməkdaşları ona zəng vuraraq ona məxsus olan iri buynuzlu heyvanını tapdıqlarını bildirmişlər. Bundan sonra ona məlum olmuşdur ki, heyvanı otlaqdan Atəş adlı şəxs oğurlayaraq Hövsan qəsəbəsində olan fermaya satmışdır. Polis əməkdaşları heyvanını gətirib qapıda özünə geri qaytarmışlar. Bundan sonra o, həmin şəxsdən rəsmi qayda da şikayət edərək barəsində tədbir görülərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12:30 radələrində işdə olan zaman oğlu Nahid zəng vuraraq bildirmişdir ki, həmin günü saat təxminən 11:00 radələrində yaşadıqları evin yaxınlığında açıq sahəyə buraxdıqları bir baş qara rəngli 2000 manat dəyərində boğaz olan cins heyvan və bir baş qara ala rəngli 2300 manat dəyərində gün ərzində 20 litr süd verən cins heyvan naməlum şəxslər tərəfindən oğurlanmışdır. Bu barədə oğluna DİNnin 102 zəng xidmətinə məlumat verməsini bildirmişdir. Bundan sonra oğlu DİNnin 102 zəng xidmətinə məlumat vermiş və bir qədər keçmiş hadisə yerinə polis əməkdaşları gəlmişlər, hadisə yerini müayinə edərək fotoşəkillər çəkilib protokol tərtib etmişlər. Həmin iki baş iri buynuzlu heyvanlarının oğurlanması nəticəsində ona 4300 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirdi ki, Təqsirləndirilən şəxs əvvələr tanımamışdır. Belə ki, onun ləqəbi Həcidir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 17:00 radələrində o, fermada olan zaman bir nəfər şəxs, yəni adını sonradan Atəş bildiyi şəxs gələrək satılıq dana olduğunu bildirmişdir. O, əvvəlcə ondan həmin dananın kimə məxsus olmasını və oğurluq olmadığını soruşmuşdur. Həmin şəxs dananın özünə məxsus olduğunu və anası xəstə olduğu üçün satdığını bildirmişdir. Bundan sonra o, həmin danaya baxıb Atəşlə razılaşaraq 350 manata həmin dananı almışdır. Bundan bir neçə gün sonra yəni, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında yenədə həmin şəxs gələrək satılıq iri buynuzlu heyvanın olduğunu bildirmişdir. Hətta bildirmişdir ki, bundan başqa daha iri buynuzlu heyvanı da var. Daha bir gətirdiyi qara rəngli heyvana baxıb onun da oğurluq olmadığını və özünə məxsus olduğunu bildirdikdən sonra həmin heyvanı razılaşıb 450 manata almışdır. Bundan sonra Atəş bildirdiyi kimi digər iri buynuzlu hevanları almaq üçün qardaşı ilə birlikdə baxmağa getmişlər. Onlar Atəşin bildirdiyi kimi həmin heyvanların saxladığı yerə çatmış, elə bu zaman həmin yerə polis əməkdaşları gəlmişlər. Həmin an Atəş adlı şəxs qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra ona məlum olmuşdur ki, həmin heyvanlar hər biri oğurulq olmuş və onları Təqsirləndirilən şəxs ayrı-ayrı ünvanlardan oğurlayıb həmin yerdə gətirib saxlamışdır. Həmin hasarlanmış həyətdə 3 baş iri buynuzlu heyvanlar olmuşdur, polis əməkdaşları həmin heyvanları protokollaşdıraraq götürmüşlər. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə onun heyvanları saxladığı fermaya gəlmiş və orada onun Təqsirləndirilən şəxs aldığı 2 baş heyvanı polis əməkdaşları götürüb aparmışlar. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 09/09 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş iribuynuzlu heyvanların 2020-ci ilin yanvar-fevral aylarına olan orta bazar qiymətləri ilə ümumi dəyəri təxminən 7850,00 manat müəyyən edilir. Həmin heyvanların ayrı-ayrılıqda adları və qeyd edilən qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 69.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması hökm edilmişdir. Hazırda məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan 3 epizod yəni, zərərçəkmiş şəxslər X5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 məxsus heyvanların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən “zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan 7 ədəd iribuynuzlu heyvanın zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X5 və Zərərçəkmiş şəxs4 qaytarılmış hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan 1 epizod yəni, Zərərçəkmiş şəxs1 məxsus heyvanların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4-cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan 1 epizod yəni, Zərərçəkmiş şəxs1 məxsus heyvanların oğurlanması hissəsində təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus olan heyvanları oğurlamadığını bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs1 məxsus heyvanların təqsirləndirilən şəxs tərəfindən oğurlanması ilə bağlı elan edilmiş ittihamda hər hansı dəlil və ya sübut əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, yeni yaşayış sahəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus iki baş iri buynuzlu hayvanların açıq sahədən gizli yolla talayaraq zərəçəkmişə ümimilikdə 4300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından ittihamdan xaric edilməli, həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər Rayon Prokuroruna göndərilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, yeni yaşayış sahəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus iki baş iri buynuzlu hayvanların açıq sahədən gizli yolla talayaraq zərəçəkmişə ümimilikdə 4300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Həmin oğurluq cinayətinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı Şəhəri Xəzər Rayon Prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 06 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il hissəsi Azərbaycan Respublikası CM-in 68.1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 7 ədəd iribuynuzlu heyvanın zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X5 və Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, ümumilikdə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar