Məhkəmə qərarları › İş №1(003)-184/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-184/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-184/2021 22.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi - 0,198 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi ərazisindən əldə edib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsinə daşıyaraq üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsidə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət olunmuş və həmin gün saat 15:05 radələrində Xəzər RPİ-nin inzibati binasında xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli parça şalvarın sol cibindən siqaretin qara rəngli kağızına bükülmüş 01 büküm təmiz çəkisi 0,198 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 5-6 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir və narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul edir. Öz istifadəsi üçün narkotik vasitələri əsasən Bakı şəhərinin müxtəlif yerlərindən üzdən tanıdığı adını bilmədiyi şəxslərdən alır. xx xxxxxx 2021-ci il tarixdə səhər saatlarında o, yenə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən narkotik vasitə almışdır. Həmin şəxs hündür boylu, 35-40 yaşlarında olan, arıq bədən quruluşlu şəxs olmuş və o, həmin şəxsə 10 manat verərək bir büküm heroin almış və narkotik vasitəni cibinə qoyaraq yaşadığı evə getmişdir. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə təxminən saat 14 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsində piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun narkotik vasitələrin qəbulunda şübhəli olduğunu bildirərək onu Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirərək təhvil vermişlər. PŞ-də polis əməkdaşları video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmiş, bir qədər sonra polis əməkdaşları hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirtmişlər və əgər üzərində narkotik vasitə, yaxud gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa, könüllü təqdim etməsini, əks halda üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O, başa düşmüşdür ki, polislər üzərinə şəxsi axtarış keçirtsələr yuxarıda göstərdiyi həmin narkotik vasitəni aşkar edəcəklər, ona görə əynində olan qara rəngli parça şalvarın sol cibindən üzərində olan siqaretin qara kağızına bükülmüş bir büküm heroini təqdim etmiş və üzərində başqa qanunla qadağan edilmiş heç nəyin olmadığını demişdir. Polis əməkdaşı üzərində şəxsi axtarış aparmış, lakin könüllü təqdim etdiyi qeyd olunan narkotik vasitə heroindən başqa üzərindən saxlanılması, gəzdirilməsi qanunla qadağan olunmuş heç bir maddə, əşya aşkar edilməmişdir. Göstərilən narkotik vasitə polis əməkdaşları tərəfindən onun iştirakı ilə yerindəcə qablaşdırılıb götürülmüşdür, bu barədə polis əməkdaşı protokol tərtib edib iştirakçılara ucadan oxumuş, protokolun doğruluğunu, həmçinin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin qablaşdırıldığı zərfi o və digər iştirakçılar imza edərək təsdiq etmişlər. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi, ev 3, mənzil 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Bundan sonra o, digər polis əməkdaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi R.Qasımov küçəsinə yollanmışlar. Orada müşahidələr aparmağa başlamışlar və Təqsirləndirilən şəxs Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsində müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim edərək Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib onu Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə dəvət etmişlər. O, da heç bir etiraz etməyib onlarla birlikdə Polis şöbəsinə getmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla şöbə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 1-ci PŞnin baş təhqiqatçısı Xəzər Yolçuyevə həvalə edilmişdir. Baş təhqiqatçı Xəzər Yolçuyev Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra baş təhqiqatçı Təqsirləndirilən şəxs, vəkilin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələri izah edilmiş, üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarın sol cibindən üzərində olan siqaretin qara kağızına bükülmüş bir ədəd büküm təqdim edərək heroin olduğunu və şəxsi istifadəsi üçün xx xxxxxx 2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalandı. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi, ev 3, mənzil 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Bundan sonra o, digər polis əməkdaşı Təqsirləndirilən şəxs ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi R.Qasımov küçəsinə yollanmışlar. Orada müşahidələr aparmağa başlamışlar və Təqsirləndirilən şəxs Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsində müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim edərək Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib onu Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə dəvət etmişlər. O, da heç bir etiraz etməyib onlarla birlikdə Polis şöbəsinə getmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla şöbə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı Xəzər Yolçuyevə həvalə edilmişdir. Baş təhqiqatçı Xəzər Yolçuyev Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra baş təhqiqatçı Təqsirləndirilən şəxs, vəkilin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələri izah edilmiş, üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarın sol cibindən üzərində olan siqaretin qara kağızına bükülmüş bir ədəd büküm təqdim edərək heroin olduğunu və şəxsi istifadəsi üçün xx xxxxxx 2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalandı. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 6/194 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 157” möhür əksi, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,198 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2021-ci il tarixli, 312 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 15:05-15:20 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynindəki qara rəngli parça şalvarın sol cibindən 1 ədəd bükümdə siqaretin qara rəngli kağızına bükülmüş spesifik iyə malik olan maddəni təqdim edərək, həmin maddələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CMin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, ailəsində yeganə işləyən şəxs olmasını və ailəsini maddi təmin etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən “Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,148 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, iş materiallarında olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,148 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 08 saylı hüquq məsləhətxanasının vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 08 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar