Məhkəmə qərarları › İş №1(003)-184/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-184/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-184/2024 12.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Naxçıvan MR, Ordubad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Ordubad rayonu, Sabirkənd ərazi Dairəsi, Sabirkǝnd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs aldadıb onun oğlu X5 Sərhəd Xidmətinin orkestrində və qardaşı oğlu X2 isə həmin Xidmətin Mərdəkan qəsəbəsi ərazisində yerləşən təhsil mərkəzində sürücü kimi işə düzəldəcəyi barədə vəd verməklə xx.xx.2022-ci il tarixdə saat 16:45-də 1000 manat, xx.xx.2022-ci il tarixdə saat 14:19-da 500 manat, xx.xx.2022-ci il tarixdə saat 18:33-də 1000 manat, xx.xx.2022-ci il tarixdə saat 18:37- də 1000 manat, 15 noyabr 2022-ci il tarixdə saat 16:00-da 1000 manat pulu "xxxx" ASC-yə məxsus istifadəsində olan **********809536 nömrəli kart hesabı vasitəsi ilə, habelə 2022-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 28 May küçəsində yerləşən «Makaron» fabriki adanan ərazidə 2500 manat nəğd pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 7000 manat pulunu ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilədək Dövlət Sərhəd Xidmətində işləmişdir. “Vətən müharibəsi” iştirakçısı olmaqla bir neçə medal almışdır. İlqarla 2022-ci ildə tanış olmuş və sonuncuya X3 mülki işçi kimi işə adam düzəldə biləcəyini demişdir. Bundan sonra İlqar ondan oğlunu və qardaşı oğlunu işə düzəltməyi xahiş etmişdir. Bu məqsədlə İlqar ona hissə-hissə olmaqla cəmi 7000 manat pul vermişdir. Aldığı pulları şəxsi ehtiyaclarına xərcləmiş, sonra isə İlqarın pulunu qaytara bilməmişdir. İlqar onu bir neçə ay gözləsə də imkanı olmadığı üçün pulu qaytara bilməmiş, İlqar da ondan polisə şikayət etmişdir. Daha sonra ibtidai istintaq zamanı pulun az hissəsini qaytarmış, hal-hazırda isə tam olaraq İlqara vurduğu maddi ziyanı ödəmiş və sonuncu ilə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını, vurduğu maddi ziyanı tam ödədiyini və dövlət nəfinə vurduğu ziyan məbləğinin 25% miqdarında ödəniş etdiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirsk edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2022-ci ilin oktyabr ayında oğlunu Dövlət Sərhəd Xidmətinə işə düzəltmək istəmişdir. Bu vaxt Neman adlı şəxslə tanış olmuşdur. Neman ona bu işdə kömək edəcəyini, lakin müəyyən qədər pul verməli olduğunu bildirmişdir. Neman uşağın işə düzəlməsi üçün 5000 manat lazım olduğunu demiş, o, da 5000 manatı tam verə bilməyəcəyini, hissə-hissə verə biləcəyini demiş və bu qaydada Nemanla razılaşmışdır. Neman ondan oğlunun müəyyən sənədlərinin surətlərini istəmişdir. Bu səbəbdən hissə-hissə Nemana 2000 manat pul göndərmişdir. Sonra qardaşı oğlunun da işə düzəlmək istədiyini bildirmiş, Neman isə 2000 manat pul qarşılığında həll edəcəyini demişdir. Beələliklə də, o, Nemana hissə-hissə olmaqla cəmi 7000 manat pul vermişdir. Sonradan heç bir iş düzəlməmiş və Neman onun pulunu geri qaytarmamışdır. Bu səbəbdən də Nemanın onu aldatdığını başa düşərək polisə şikayət etmişdir. Sonradan Neman ona dəymiş ziyanı tam ödəlmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Ödəniş qəbzlərinin surətindən aydın olur ki, xx.xx.2022-ci il tarixdə saat 16:45-də 1000 manat, xx.xx.2022-ci il tarixdə saat 14:19-da 500 manat, xx.xx.2022-ci il tarixdə saat 18:33-də 1000 manat, xx.xx.2022-ci il tarixdə saat 18:37-də 1000 manat, 15 noyabr 2022ci il tarixdə saat 16:00-da 1000 manat pul "xxxx" ASC-yə məxsus olan **********809536 nömrəli kart hesabı vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir; - Şübhəli şəxsin tutulması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində tutulmuşdur; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xəzər RPİnin İŞ-nin müstəntiqi Ü.Novruzov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və ya cinayət məsuliyyətindən azad edilməmişdir; - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir; - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzindən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə 1750 manat ödəniş olunmuşdur; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tamamilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73-1.2-ci maddəsinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir; 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətindən azad edilməmiş, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Eyni zamanda o, cinayət nəticəsində vurulmuş 7000 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 1750 manat dövlət büdcəsinə ödəniş etmiş və barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsinə razılığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 43.1.2, 321.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 178.2.4-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saat vaxta görə 150 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar