Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-184/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xəzər rayonu, Binə qəsəbəsi, İstiqlal küçəsi nömrəsiz fərdi tikilidə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 sentyabr 2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində "İmam Həsən" məscidinin yanında sürücülük vəsiəqəsi olmadan idarə etdiyi **-NN-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı mikroavtobusuna **-ME-*** dövlət qeydiyyat nişanlı X8 markalı avtomaşını idarə edən Zərərçəkmiş şəxs yol verməməsini irad tutması səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs söyüb təhqir etməklə onu avtomobilin içərisində zor tətbiq edib yumruqla burun nahiyyəsinə bir dəfə zərbə vuraraq fikizi ağrı yetirib ictimai yer olan "İmam Məscid"-in yanında digər şəxslərin gözü qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik edib, özünün şəxsiyyətini başqa şəxslərin fövqündə qoyub, ictimai qayda və ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək avtomobilinə minib getmiş, Zərərçəkmiş şəxs öz avtomobilini sürüb getdikdə mübahisənin davamı olaraq onun arxasınca gedərək Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə-Hövsan südçülük sovxozu nömrəsiz fərdi tikili evin qarşısında aralarındakı bir qədər əvvəlki mübahisəni bahanə edib nalayiq ifadələri işlədərək əxlaq normalarını və birgə davranış qaydalarını yenidən pozub heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs zor tətbiq edib onu itələyərək yıxmaqla aralarındakı şəxsi münasibətlərin pozulması zəminində qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, qəsdən qisas almaq məqsədilə xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs qarşı zorakılıq hərəkətlərini davam etdirib bədənin müxtəlif nahiyyələrindən yumruq və təpiklə bir neçə dəfə qəsdən vurub həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan alnın hematoması, burunun qançırı, sağ dizin sıyrığı, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün sınığı, sol əlin kəsilmiş yarası kimi az ağır dərəcəli zərərvuran bədən xəsarəti yetirməsi ilə nəticələnən qəsdən sağlamlığına xuliqanlıq niyyətilə az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirdi ki, 26 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən yanacaq doldurma məntəqəsindən çıxıb yola düşmüşdür. Binə qəsəbəsində yerləşən «İmam Həsən» məscidinin yanında tıxacda dayanmışdır. Yol açılan zaman hərəkətə başlamışdır. Qarşıda hərəkət edən **-ME-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü qəflətən yolun solundan sağa çıxmış və maneə yaratmışdır. O, avtobusun şüşəsini açaraq həmin sürücüyə, sonradan adı məlum olmuş olan Zərərçəkmiş şəxs iradını bildirmişdir. Bu vaxt aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə əsanasında o, Nurlanın üz nahiyyəsindən əli ilə vurmuşdur. Sonra Nurlan avtomobilini sürüb getmişdir. O, da onun arxasınca sürüb getmişdir. Yolda gedərkən həmin avtomobili ara (tupik) küçədə görmüşdür. Bundan sonra o, avtobusdan yerə düşmüşdür. Bu zaman aralarında yenə mübahisə yaranmış və o, Nurlanı təkrarən vurmuşdur. Həmin vaxt tanımadığı 5-6 nəfər onlara tərəf gəlib onu ayırmışlar. Bundan sonra oradan çıxıb getmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs qeyd etdi ki, xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində avtomaşını ilə Binə qəsəbəsi istiqamətindən Sovxoz istiqamətində hərəkətdə olmuşdur. Mehriban qonşular küçəsində arxadan gələn mikroavtobus işıqları yandıraraq ondan yol istəmişdir. O, da vəziyyətə görə ona yol verə bilməmişdir. Çünki hər tərəfin maşın olmuşdur. “İmam Həsən” məscidin yanına çatanda “Mersedes” markalı avtomaşın onun qabağını maşınla kəsmişdir. Sürücü avtomaşından yerə düşmüşdür. Onun tərəfindən maşınının qapısını açmışdır. Onun burnuna bir dəfə yumruqla zərbə vurmuşdur. Bir dəfə də maşınına yumruq vuraraq maşınına minmişdir. O, maşınını sürərək getmiş yolda görmüşdür ki, həmin sürücü onun arxasınca gəlir. O, öz evinin qapısına çatanda görmüşdür ki, həmin şəxs avtomaşınla onun qapısına gəlmişdir. O, maşından yerə düşəndə adını sonradan bildiyi Sahib, onu təkrarən vuraraq yerə yıxmışdır. Məhlədə olan tanımadığı bir neçə nəfər şəxs onları ayırmışlar. Hal-hazırda ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə verən Şahid qeyd etdi ki, hadisədən təxminən 3-4 ay əvvəl o, baş etibarnamə əsasında özünə Mercedes markalı mikroavtobus almışdır. Təqsirləndirilən şəxs hadisədən 10-15 gün əvvəldən tanışdır. xx.xx.2024-cü il tarixdə o, toya getdiyi üçün Sahibdən xahiş etmişdir ki, onun əvəzinə ona məxsus olan mikroavtobusu idarə etsin. Həmin gün saat 22 radələrində o, toydan çıxıb evə gəlmişdir. Həmin vaxt bilmişdir ki, Sahib mikroavtobusu idarə edən zaman adını araşdırma zamanı bildiyi Zərərçəkmiş şəxs ilə dalaşmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata götürülmüşdür; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisə yeri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsi 160 saylı avtobusun son dayanacağı tərəfdə dalan (tupik) ərazidir; - Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 PHŞ-nin 04 oktyabr 2024-cü il tarixli 1172 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – alının hematoması, burunun qançırı, sağ dizin sıyrığı, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün sınığı küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi H.Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında məlumat mövcud deyildir; - E-məhkəmə informasiya sistemindən və AZ-İV seriyalı 882770 saylı və AZ-İV seriyalı 363983 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü Mehdi və xx.xx.2023-cü il təvəllüdlü Güldanə- Təqsirləndirilən şəxs övladlarıdır; - Azərbaycan Respublikası Medalının Vəsiqələrinin (N İ-43675 və İ-8385) surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir; - Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, sonuncu iləı barışmışdır; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və axtarış elan edilmişdir; - Xəzər RPİ-nin 3-cü PŞ-nin xx.xx.2025-ci il tarixli 3-13-45-3/2-4654 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində Xəzər RPİ-nin 3cü PŞ-nin əməkdaşları tərəfindən tutulmuş və 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarda olan ifadələr, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12), zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı könüllü olaraq ödəməsini (CM-nin 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, “Vətən Müharibəsi” iştirakçısı olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsieləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həsbdən azad edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək həbsdə saxlanıldığı 01 (bir) ay 06 (altı) gün olmaqla, cəmi 01 (bir) ay 08 (səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) ay 16 (on altı) gün müddət ona təyin edilmiş cəzaya hesablansın və üzərində 02 (iki) il 03 (üç) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saat vaxta görə 132 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-184/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-184/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver