Məhkəmə qərarları › İş №1(003)-185/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-185/2025

03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-185/2025 03.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Yevlax rayonu, Aşağı Bucaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Aşağı Bucaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talama məqsədi ilə 31 oktyabr 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Südçülük sovxozu nömrəsiz fərdi evdə olduğu zaman “Lalafo.az” elan saytında Zərərçəkmiş şəxs “iPhone 12" markalı mobil telefonunu satmaq üçün yerləşdirdiyi elanı görüb istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs elanda yerləşdirdiyi ***-***-**-** mobil nömrəsinə “Teleqram” sosial şəbəkəsi vasitəsilə mesaj yazıb onu tanımaması üçün özünü Telli Nəsibova adlı şəxs kimi təqdim edərək həmin mobil telefonunu bəyənib almaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs ilə telefonu alacağına dair razılaşdıqdan sonra, ona bank kart nömrəsi göndərməyi və mobil telefonu onun pulunu tam ödəyənə kimi saxlaması üçün həmin kart hesabına beh olaraq pul göndərəcəyini deyib inandıraraq gizli niyyətinə nail olmaq üçün Zərərçəkmiş şəxs istifadəsində olan “Kapital Bank" ASC-yə aid 4169- 7385-7543-7169 nömrəli kartının nömrəsini özünə göndərtdirməklə elektron məlumat daşıyıcısı olan həmin ödəniş kartındakı məlumatları istintaqa məlum olmayan üsul və vasitələrlə Zərərçəkmiş şəxs həmin kart hesabında istintaqa məlum olmayan üsul və vasitə ilə 1.709 manat məbləğində pul vəsaiti olduğunu öyrənib həmin hesabdan yenə istintaqa məlum olmayan üsul və vasitə ilə Zərərçəkmiş şəxs məxsus 1.650 manat məbləğində pulu yaşadığı Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Südçülük Sovxozu nömrəsiz fərdi evdə olduğu zaman 31 oktyabr 2023-cü il tarixdə saat 21:59-da özünün də istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “M10” tətbiqi hesabına, dərhal sonra isə həmin məbləği “Binance.com” kriptovalyuta saytında +994 55 *** ** ** mobil nömrəsi ilə qeydiyyatdan keçmiş “M10” tətbiq istifadəçisi, cinayətdən xəbərsiz olan Şahid “M10” hesabına 80011231 əməliyyat kodu ilə istintaqa məlum olmayan üsul və vasitə ilə köçürtməklə sonradan nağdlaşdıraraq özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1.650 (min altı yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, 2023-cü ilin yay-payız aylarında telefonunu satmaq istəmiş və bu məqsədlə “Lalafo”ya elan qoymuşdur. Bir müddət sonra ona bir nəfər yığmışdır ki, telefonu istəyir. Sonra demişdir ki, “məlumatlarını göndər, pulun yarısını indi atım və qalanını da sonra verəcəyəm”. Amma heç bir pul göndərməmiş və hadisədən xəbəri də yoxdur. Onun nömrəsi ********** olmuş, bir dəfə bu nömrə ilə qeydiyyatdan keçmiş və daha sonra nömrəni bağlatdırmışdır. Ümumiyyətlə o, “M10” istifadəçisi deyildir və “M10”-la heç bir köçürmə aparmamışdır. “Teleqram” sosial şəbəkəsində istifadə edir. Lakin orada zərərçəkmiş şəxsə yazması olmamışdır. Şahid adında şəxs tanımır. İfadəni qarşısına qoymuşlar və oxumadan imzalamışdır. İstintaqda ona qarşı zorakılıq olmamışdır. Zərərçəkmişə dəyən zərəri ödəmişdir. Çünki qorxmuş, istəməmişdir ki, ona nəsə problem yaransın. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi zidiyyətlər olan hissədə elan edilmişdir. Həmin ifadədən görünür ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Fəhləliklə məşğul olur. Keçən il, yəni 2023- cü ilin oktyabr ayında özünə mobil telefon almaq istəmişdir, bunun üçün 2023cü ilin lap axırları “Lalafo.az” elan saytında telefon axtararkən orada elanların birində bir mobil telefon görmüş və xoşuna gəlmişdir, elandakı hazırda xatırlamadığı mobil nömrəyə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən “Telegram” sosial şəbəkə vasitəsi ilə mesaj yazıb həmin mobil telefonu bəyəndiyini və almaq istədiyini bildirmişdir. Özünü həmin şəxsə Telli Nəsibova kimi təqdim etmişdir ki, adını bilməsin. Onlar telefonun qiyməti ilə bağlı razılaşmış, həmin şəxsə bank kartı göndərməyini və həmin karta beh göndərəcəyini yazmışdır. Həmin şəxs bir neçə dəqiqədən sonra ona özünün hazırda nömrəsini xatırlamadığı "xxxx" ASC-ə aid bank kartının şəklini göndərmiş, o, istintaqa demək istəmədiyi üsulla həmin kartın balansına baxıb görmüşdür ki, təxminən 1.700 manata yaxın pul var, həmin məbləğdən 1.650 manatını özünün ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi M10 hesabına köçürmüşdür. Bundan sonra dərhal da həmin məbləği online qazanc əldə etmək üçün əvvəllər qeydiyatdan keçdiyi “Binance.com” kriptovalyuta saytına daxil olmuş həmin məbləği ora göndərmişdir. Bundan sonra telefonu satan dəfələrlə ona mesaj yazsa da, ona zəng etsə də cavab verməmiş və həmin nömrəmi daha işlətməmişdir. İş üzrə "PashaPay” MMC-dən daxil olmuş məlumatlardan istifadəsində olan 077-575- 35-46 mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi M10 hesabından ***-***-**-** mobil nömrəsinin istifadəçisi Şahid qeydiyyatdan keçdiyi M10 hesabına köçürməsinin müəyyən olunması barədə verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxsi tanımır, kim olduğunu bilmir, onunla heç bir əlaqəsi yoxdur, sadəcə olaraq “Binance.com” kriptovalyuta saytında belə bir qayda var ki, orada çoxsaylı valyuta alqı-satqısı ilə məşğul olan şəxslər özlərinin qiymət cədvəlini yerləşdirirlər, investisiya yatırtmaq istiyən müştəri onlardan birini seçir və ona pulu göndərir. O, da təsadüfən həmin şəxsi seçmiş və həmin şəxsə göndərmişdir, pulu göndərəndə məbləğ həmin şəxsin M10 hesabına köçür, ona görə həmin şəxsin M10-dan qeydiyyatdan keçən ***-***-**-** mobil nömrəsinin istifadəçisi Şahid olduğu müəyyən olunduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs son sözündə ona bəraət verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X3 bildirdi ki, 2023-ci ilin oktyabr ayında telefonu satmaq üçün “Lalafo”ya və “Topaza” elan qoymuşdur. Ona teleqramdan mesaj gəlmişdir ki, telefonu almaq istəyir, ancaq Gəncədə yaşayır. Demişdir ki, ona “Azərpoçt”la göndərsinin, kart nömrənizi də deyin, link atacam ora girərsiz, pulu verəcəm”. O, 16 rəqəmli kartınının şəklini atmışdır. Linkə girmiş və 2-3 dəqiqədən sonra "xxxx"dan ona mesaj gəlmişdir ki, kartdan 1650 manat çıxılmışdır. Banka yığmış, o, 15 dəqiqəlik bloklanmışdır. “102” çağrı mərkəzinə yığaraq məlumat vermişdir. Təqsirləndirilən şəxsi indi burada görür, valideynlərini görmüş, çox mərifətli insanlardır. Hazırda ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, buna görə də heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan: -xx.xx.2024-cü il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin sənədlər "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli PPQ-LEG/0287/2024 nömrəli məktubla daxil olmuş məlumatlardır və həmin məlumatlar 14 vərəqdən ibarətdir. Baxış keçirilərkən 1-ci vərəqdə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 21:59:04-də 1650 manat məbləğində pul 4169 73** **** 7169 nömrəli "xxxx" ASC-nə aid bank kartından +994 77 *** ** ** mobil nömrəsi ilə qeydiyyatdan keçmiş M10 istifadəçisinin hesabına köçürülmüşdür. Digər 7-ci vərəqdə isə müəyyən olunur ki, həmin məbləğ tam olaraq +994 77 *** ** ** mobil nömrəsi ilə qeydiyyatdan keçmiş M10 istifadəçisinin hesabından +994 55 *** ** ** mobil nömrəsi ilə qeydiyyatdan keçmiş M10 istifadəçisinin hesabına köçürülmüşdür. Məlumatların 8-ci vərəqində isə vəsaitin köçürüldüyü 077 *** ** ** və 055 *** ** ** nömrəli “M1O” istifadəçilərindən 077 *** ** ** nömrəli istifadəçi “M1O” tətbiqi üzərindən müştəri uyğunluğu tədbirlərindən keçmədiyi üçün həmin istifadəçinin anket məlumatları "PashaPay” MMC-də mövcud olmadığı, 055 *** ** ** mobil nömrəsi isə xx.xx.1993-cü ildə Şəmkir rayonu, Dəllər qəsəbəsində doğulmuş və Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olan Şahid olduğu müəyyən olunmuşdur. Bundan başqa 9,10,11 və 12-ci vərəqlərdə +994 77 *** ** ** mobil nömrəsinin sahibinin fotoşəkilləri, 13 və 14-cü vərəqlərdə isə +994 55 *** ** ** mobil nömrəsinin sahibinin fotoşəkilləri əks olunmuşdur. -"xxxx" ASC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 2024/111/6567 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsi, ev 11-də qeydiyyatda olan Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nə aid bank kartından xx.xx.2023-cü il tarixdə saat 21:59:02-də 1650 manat çıxmış və balansda 59 manat vəsait qalmışdır. -xx.xx.2024-cü il tarixli digər sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin sənədlər "xxxx" MMC-dən daxil olmuş məlumatlar əsasında əldə olunmuş portal arayışlarıdır və arayışlara baxış keçirilərkən müəyyən olunur ki, +994 77 *** ** ** mobil nömrəsi xx.xx.1998-ci ildə Yevlax rayon, Aşağı Bucaq kəndində doğulmuş və Yevlax rayon, Aşağı Bucaq kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs adına olduğu müəyyən olunmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs adında olan digər mobil nömrələr aşkar edilmişdir ki, həmin nömrələrin heç birinə zəng çatmamışdır. Digər portal arayışında +994 55 *** ** ** mobil nömrəsi isə xx.xx.1993-cü ildə Şəmkir rayonu, Dəllər qəsəbəsində doğulmuş, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olan Şahid adına olduğu müəyyən olunmuşdur. Eyni zamanda Şahid adında olan digər mobil nömrələr aşkar edilmişdir ki, həmin nömrələrin heç birinə zəng çatmamışdır. -xx.xx.2024-cü il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin sənədlər Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş əməliyyat yolu ilə əldə olunmuş qəbzlərdir və həmin qəbzlərə baxış keçirilərkən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 1650.00 manat məbləğində pul +994 77 *** ** 46 mobil nömrəsi ilə qeydiyyatdan keçmiş M10 istifadəçisinin hesabından +994 55 *** ** ** mobil nömrəsi ilə qeydiyyatdan keçmiş M10 istifadəçisinin hesabına 80011231 əməliyyat kodu ilə köçürülmüşdür. -xx.xx.2025-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin sənəd iş üzrə Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş ödəniş qəbzidir və qəbzə baxış keçirilərkən müəyyən olunur ki. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən “Rahat" marketdə quraşdırılmış "xxxx" QSC-nə məxsus ödəniş terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs adında olan "xxxx" ASC-nə aid 5*** **** **** 6779 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 12:01-də ********** əməliyyat nömrəsi ilə 800 manat məbləğində pul köçürülmüşdür. -“Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:30-da tutulmuşdur. -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Ağayev tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. -“Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin təmin edilməməsi, qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi və saxlanıldığı Bakı şəhəri, Xəzər RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. -“Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -“Məhkumluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır”. Həmin qərarda həmçinin göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddələrinə əsasən “Oğurluq, yəni elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin məhkəməyədək icraa zamanı verdiyi ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X4 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı veriyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər mövcud olmuş, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə özünü təqsirli bilərək törətdiyi əməli etiraf etsə də məhkəmə istintaqı zamanı heç bir cinayət əməli törəymədiyini bildirmişdir. Lakin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı veridiyi ifadə əsas götürülməlidir. Çünki həmin ifadə iş üzrə toplanmış digər mötəbər və mümkün sübutların məcmusu ilə öz təsdiqini tapır. Məhkəmə icraatı zamanı verilən ifadənin isə sübut kimi götürülməsi üçün məhkəmə heç bir əsas görmür. Belə ki, həmin ifadə iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam olaraq təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat, Müdafiəçi tərəfindən isə məhkəmədə müdafiə etməsinə görə sərf etdiyi 17 saata görə 102 manat, ümumilikdə 192 manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar