Məhkəmə qərarları › İş №1(003)-186/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-186/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-186/2021 28.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Xanlar (indiki Göygöl) şəhəri Yeniəlibayramlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-38/2021 saylı 30 yanvar 2021ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 yanvar 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş, həmçinin silah qismində istifadə olunan əşyadan istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bizim market”in yaxınlığında avtomobilinin cərimələrinin ödənilməməsi ilə bağlı cüzi səbəb gətirməklə açıqaşkar heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq edərək, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə yumruqla tanışı Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq, sonuncunun kəskin fiziki ağrı keçirməsinə səbəb olan xəsarət yetirmiş, daha sonra cibindən çıxartdığı silah qismində istifadə edilən bıçaqla Zərərçəkmiş şəxs vuraraq qarnın ön divarının qarın boşluğuna nüfuz etməyən 2 ədəd, döş qəfəsinin arxa səthinin sağ yarısının plevra boşluğuna nüfuz etməyən 1 ədəd, sağ budun arxa səthinin 2 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ əlin İİİ barmağının kəsilmiş yarası xəsarətlərindən ibarət sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs törətdiyri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs 2015-ci ildən tanıyır. Belə ki, Babək ilə əsgərlikdə bir yerdə olmuş, təxris olunduqdan sonra isə sıx münasibətləri olmuşdur. 2020-ci ilin may ayında Babəkin tanışından idarə etmək üçün “Opel Vectra” markalı **-VM-*** nömrəli avtomobili özünə qalmaq şərtilə icarəyə götürmüşdür. Babək arada həmin avtomobili ondan götürüb öz şəxsi işlərini görmüşdür. Babək avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən və adına yazılan cərimələri ödəmədiyindən polis tərəfindən saxlanılmış və avtomobil cərimə meydançasına aparılmışdır. Həmin vaxt Babəkə cərimələri ödəməsini desə də Babək maddi vəziyyətinin pis olduğunu əsas gətirərək cərimələri ödəməmişdir. Hadisədən bir neçə gün əvvəl Babəkə zəng edərək görüşüb bu cərimə məsələsini həll etməyi desə də Babək yenə ona bəhanələr gətirmişdir. Babəkin maddi cəhətdən sıxıntıları olduğu üçün Babəkə hissə-hissə olmaqla ümumilikdə 700 manat borca pul vermişdir. 12 noyabr 2020-ci il tarixdə yenidən Babəkə zəng edib görüşmək istədiyini deyəndə Babək ona “Sən kimsən ki, səninlə görüşüm” demişdir. Babəkdən harada olduğunu soruşmuş və görüşmək üçün gəlmək istədiyini demişdir. Həmin vaxt qardaşı Səbuhi və dostu Ağarza da onun yanında olmuşlar və Nəsimi rayonu 4-cü mikrorayon dairəsinin yanında çayxanada oturmuşlar. O, avtomobili olmadığı üçün Röyala zəng etmiş və onları taksi kimi Binə qəsəbəsinə aparıb gətirməsini xahiş etmişdir. Röyal razılaşmış və gəlib onları Binə qəsəbəsində yerləşən “Bizim Market”in yanına aparmışdır. Avtomobildən düşüb Babəkə yaxınlaşmış və onlar təxminən 10 metr kənara qaranlıq yerə çəkilmişlər. Babəkə heç bir pislik etmədiyini və nə üçün ona belə pislik etməsini, yəni cəriməni ödəməyi üçün avtomobilin cərimə meydançasına aparıldığını və cərimə meydançasından avtomobilin sahibi tərəfindən çıxardaraq götürüldüyünü demişdir. Həmin vaxt Babək ona var-yox söyüşü söydüyü üçün əsəbiləşib Babəkin sifətindən bir dəfə yumruqla vurmuş, Babək də onun başından bir dəfə yumruqla vurmuşdur. Babəkin ondan fiziki cəhətdən güclü olduğunu görüb cibində olan balaca qatlanan bıçağı çıxarıb onun sinə nahiyəsindən 2-3 dəfə, sağ yandan isə 2 dəfə vurmuş və bıçaq əlindən yerə düşdüyü üçün onlar tutaşmışlar. Həmin vaxt qardaşı Səbuhi və Ağarza onlara tərəfə qaçaraq onları ayırmış və bundan sonra onlar Röyalın avtomobilinə əyləşərək geri qayıtmışlar. Röyala yol haqqı kimi 20 manat vermişdir. İlk dəfə törətdiyi bu əməldən peşmandır. Məhkəmənin gedişində zərərçəkmiş şəxslə barışıq əldə etmişdir və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti yoxdur. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, “xxxx” MMC-də ticarət nümayəndəsi işləyir. Təqsirləndirilən şəxs ilə 2015-2016-cı illərdə əsgərlikdə bir yerdə xidmət etmişlər, bu vaxta qədər münasibətləri normal olmuşdur. 12 noyabr 2020-ci il tarixdə Xəzər rayonu Atçılıq yaşayış massivində yaşayan bibisi oğlu Hüseyngilə qonaq gəlmişdir. Həmin gün Ələstun ona zəng edərək onunla görüşmək istədiyini demişdir. O isə Mehdiabadda olmadığını, Binə qəsəbəsində qohumugildə olduğunu, bura gələ bilsə, görüşə biləcəyini demişdir. Ələstun ona etiraz etməmiş və gələcəyini demişdir. Həmin gün saat 21 radələrində Binə qəsəbəsində yerləşən “Bizim market”in yaxınlığında Ələstunla görüşmüşdür. Ələstunun yanında qardaşı Səbuhi, dostu Ağarza olmuşdur. Ələstun ona kənarda söhbət etməyi demişdir. O və Ələstun kənara çəkilmişlər. Həmin vaxt Ələstun yumruqla onun başından vurmuş, o da Ələstunu vurmuş və onlar tutaşmışlar. Bu zaman Ələstun cibindən bıçaq çıxardıb onun qarnından 3 dəfə vurmuşdur. O, Ələstunun əlindən tutanda bıçaq əlini kəsmiş, həmin vaxt Ağarza və Səbuhi onlara yaxınlaşıb onları ayırmış, bundan sonra Ələstungil çıxıb getmişlər. Hazırda Ələstunla barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 göstərdi ki, o, Təqsirləndirilən şəxs 2 il əvvəl tanımışdır və onunla normal münasibəti vardır. Hadisədən 1 həftə əvvəl qohumu Röyal ilə Ələstunu tanış etmişdir. Belə ki, Röyal taksi fəaliyyəti ilə məşğul olduğundan Röyalın xidmətindən istifadə etmək üçün onları tanış etmişdir. Zərərçəkmiş şəxs bir neçə ay bundan əvvəl Ələstun vasitəsi ilə tanımış, normal münasibətləri olmuş və Ələstunla Babəkin əsgər yoldaşları olmağını bilmişdir. 12 noyabr 2020-ci il tarixdə Ələstun ona zəng edərək, Babəklə görüşüb çay içmək üçün Binə qəsəbəsinə getməyi təklif etmiş və o, etiraz etməmişdir. O, Ələstunla görüşmüş, həmin vaxt Ələstunun qardaşı Səbuhi də orada olmuşdur. Ələstun Röyala zəng edərək Binə qəsəbəsinə aparmağı ona demiş, Röyal da gəlib onları 4-cü mikrorayon dairəsinin yanında olan çayxanadan götürmüşdür. Həmin vaxt o və Səbuhi Ələstundan nə üçün Binəyə getdiyini soruşanda Ələstun Babəklə işi olduğunu demişdir. Röyal idarə etdiyi avtomobillə onları götürərək Binə qəsəbəsində yerləşən “Bizim market”in yanına aparmışdır. Onlar ora çatanda Ələstun avtomobildən düşmüş və Babəklə söhbət edəcəyini deyərək Babəklə onlardan 10 metr aralanıb söhbət etməyə başlamışdır. Onlar təxminən 2 dəqiqə sonra səs eşitmişlər və o, Səbuhi ilə səs gələn yerə qaçmışdır. X6 əlbəyaxa olduğunu görüb onları aralamış, sonra Röyalın idarə etdiyi avtomaşınla geri qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X5 göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən 1 əvvəl tanımışdır. Belə ki, Babəklə qardaşı Ələstun əsgərlikdə bir yerdə xidmət etmişlər. 2020-ci ilin may ayında qardaşı Ələstun Babəkin tanışından özü idarə etmək üçün “Opel Vectra” markalı **-VM-*** dövlət qeydiyyat nömrəli avtomobili qalmaq şərti ilə icarəyə götürmüşdür. Babək arada həmin avtomobili Ələstundan götürüb öz şəxsi işlərini görmüşdür. Babək avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi, adına yazılan cərimələri ödəmədiyi üçün polis tərəfindən saxlanılmış və avtomobil cərimə meydançasına aparılmışdır. Lakin Babək həmin cərimələri ödəmədiyi üçün avtomobilin üzərinə həbs qoymuşlar. 12 noyabr 2020-ci il tarixdə o, qardaşı Ələstun və Ağarza birlikdə 4-cü mikrorayon dairəsi yaxınlığındakı çayxanada olan zaman Ələstun kiminləsə danışmış və Röyala zəng edərək onları Binə qəsəbəsinə taksi kimi aparmağı xahiş etmişdir. Bundan sonra Röyal idarə etdiyi avtomobillə gəlmiş və onlar Ələstundan hara getdiyini soruşanda Ələstun Babəklə görüşməyə getdiyini demişdir. Birlikdə Binə qəsəbəsində yerləşən “Bizim Market”in yanına getmişlər. Ələstun avtomobildən düşüb Babəkə yaxınlaşmış və söhbət etmək üçün təxminən 10 metr kənara qaranlıq yerə çəkilmişlər. Təxminən 2 dəqiqə sonra onlar səs-küy eşidərək həmin yerə qaçmış və orada Babəklə Ələstunun tutaşdığını görüb onları aralamış, sonra Röyalın idarə etdiyi avtomaşınla geri qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs ilə qohumu Ağarza vasitəsilə tanış olmuşdur. 12 noyabr 2020-ci il tarixdə Ələstun ona zəng edərək taksi kimi Binə qəsəbəsinə aparmasını xahiş etmiş, o da razılaşıb təxminən saat 21 radələrində 4-cü mikrorayon dairəsindən Ələstunu, onun qardaşı Səbuhini və Ağarzanı götürərək Binə qəsəbəsində yerləşən “Bizim market”in yanına aparmışdır. Ələstun avtomobildən düşmüş və bir nəfərlə söhbət edib gələcəyini bildirmişdir. Həmin vaxt o, Ağarza və Səbuhi də avtomobildən düşmüşlər. Adını sonradan bildiyi Babək adlı şəxs və Ələstun onlardan 10 metr kənarda aralıqda söhbət etmişlər. O, həmin vaxt avtomobilə əyləşmiş, təxminən 2-3 dəqiqə sonra isə səs-küy eşidərək avtomobildən düşmüş və Ələstunla Babəkin dava etdiyini görmüşdür. Həmin vaxt Ağarza və Səbuhi oraya qaçaraq Babəklə Ələstunu aralamış, sonra o, onları idarə etdiyi avtomaşınla geri qaytarmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə tibbi ekspertizasının 1369 saylı 29 dekabr 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – qarnın ön divarının qarın boşluğuna nüfuz etməyən 2 ədəd, döş qəfəsinin arxa səthinin sağ yarısının plevra boşluğuna nüfuz etməyən 1 ədəd, sağ budun arxa səthinin 2 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ əlin İİİ barmağının kəsilmiş yarası deşici-kəsici əşyanın (alət(ola bildin bıçaq)) deşici-kəsici və kəsici təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla qərarda göstərilən 12 noyabr 2020-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərər vurmaya aiddirlər. Hadisə haqqında məlumatlara qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. İş üzrə təyin edilmiş əlavə məhkəmə tibbi ekspertizasının 01-ə/1369 saylı 04 fevral 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – qarnın ön divarının qarın boşluğuna nüfuz etməyən 2 ədəd, döş qəfəsinin arxa səthinin sağ yarısının plevra boşluğuna nüfuz etməyən 1 ədəd, sağ budun arxa səthinin 2 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ əlin İİİ barmağının kəsilmiş yarası deşici-kəsici əşyanın (alət(ola bildin bıçaq)) deşici-kəsici və kəsici təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla qərarda göstərilən 12 noyabr 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa Yüngül zərər vurmaya, ümumilikdə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində elektroşokla yetirməyə xarakterik xəsarət və xəsarətin əlamətləri aşkar edilmədi. İş materiallarına əlavə edilmiş üzləşdirmə protokollarından görünür ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduqları ifadələrində göstərdiklərini bir-birinin üzünə bildirmişlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 30 yanvar 2021-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 221.3cü maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilmiş, 30 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-38/2021 saylı 30 yanvar 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək həbsetmənin əvvəli 29 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, 17 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrindən həmin Məcəllənin 127.2.3, 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmiş, 18 fevral 2021-ci il tarixdə ona həmin maddələrlə yeni ittiham elan edilmiş və barəsində Xəzər rayon məhkəməsinin 30 yanvar 2021-ci il tarixli №4 (003)38/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. İş materiallarında olan, Bakı şəhəri Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərov tərəfindən qəbul edilmiş 01 mart 2021-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə, yəni Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilmiş bu dəyişiklərlərlə ittiham aktı təsdiq edilmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 07 aprel 2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayəti yoxdur, barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun özünün etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməllərindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2 maddələsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 29 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrun etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 29 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən:Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar