Məhkəmə qərarları › İş №1(003)-189/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-189/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-189/2022 22.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-48/2022 saylı, 03 fevral 2022-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlama müddəti 01 fevral 2022-ci il tarixdən hesablanan, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-189/2022 saylı, 25 may 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, həbsetmənin əvvəli tutulduğu 06 iyun 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,820 qram ağ rəngli, kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin İ Siyahısına daxil edilən psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 01 fevral 2022-ci il tarixdə saat 18:30 radələrində Xəzər RPİ PPXB-nin əməkdaşları Xəzər rayonu Binə qəsəbəsində inzibati ərazidə xidmətdə olduqları zaman Vaqif küçəsində saxlanılmış və narkotik vasitənin istifadəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən Xəzər RPİ 3-cü PŞ-nin inzibati binasına gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sol cibindən 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş təzyiqlər altında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 12 ildir ki, narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin qəbul edir və əvvəllər də narkotik vasitələrdən istifadə etdiyinə görə bir neşə dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Fərdi əməklə məşğul olmuş, yəni Binə qəsəbəsində dəmirçi işləmiş, narkotikə olan tələbatını da oradan qazandığı pulla ödəmişdir. 01 fevral 2022-ci il tarixdə saat 18:30 radələrində tanışı Elman adlı şəxslə Binə qəsəbəsində Vaqif küçəsində su kanalının yanında, yəni yaşadığı evin yaxınlığında hərəkətdə olduqları zaman PPX-nin əməkdaşları onları saxlayaraq özlərini təqdim etdikdən sonra onlarla sorğu aparmış və onları Xəzər RPİ 3-cü PŞ-nə dəvət etmişlər. Orada xidməti otaqların birində vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, əvvəlcə ondan üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuş və əgər varsa, könüllü təqdim etməsi təklif edilmişdir. O da üzərində olan bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini təqdim edərək onu 01 fevral 2022-ci il tarixdə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Həmin maddə polis işçiləri tərəfindən götürülərək orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra zərfin üzəri və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Hazırkı açıq məhkəmə iclasında isə əsil həqiqəti söyləyir və bildirir ki, o, hazırda ittiham olunduğu cinayəti törətməmişdir. Tam səmimi olaraq bildirir ki, 01 fevral 2022-ci il tarixdə axşamüstü polis işçiləri tərəfindən saxlanılarkən üstündə narkotik vasitə və ya psixotrop maddə olmamışdır, onu gecə yarısına qədər Xəzər RPİ-nin 3-cü Polis şöbəsində saxladıqdan sonra müdafiəçi gələnə qədər ciblərini tamam boşaltmışlar və cibinə həmin psixotrop maddəni qoyaraq müdafiəçinin iştirakı ilə gecə yarısı videoçəkilişlə üzərinə baxış keçirilərkən həmin psixotrop maddənin guya ona məxsus olmasını etiraf etməsi tapşırılmış, əks təqdirdə üzərinə daha böyük həcmdə narkotik vasitənin qoyulacağı və guya narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olan şəxs kimi barəsində cinayət işinin başlanacağı ilə hədələnmişdir. Əməliyyatçılar narkotik vasitənin ona məxsus olmasını etiraf etməsi üçün ona fiziki təzyiq göstərmiş, o da müdafiəçisi gedəndən sonra saxlanıldığı yerdə polis əməkdaşları tərəfindən yenidən fiziki təzyiqə məruz qala biləcəyindən qorxub videoçəkiliş zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən canını qurtarmaq üçün polis əməkdaşlarının tapşırığı ilə məcburi surətdə özünə qarşı ifadə vermiş, bu barədə qorxusundan heç kimə heç nə deməmiş, bütün ümidlərini məhkəməyə bağlamış və hazırda da sözün düzünü burada deyir. Onu da bildirir ki, ümumiyyətlə narkotik vasitələrdən istifadə etdiyinə görə peşmandır və bundan sonra bir daha narkotik vasitələrdən istifadə etməyəcəkdir. Himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır, atası vəfat etmişdir, qoca və xəstə anası da onunla birlikdə yaşayır.. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid1 göstərdi ki, o, 01 fevral 2022-ci il tarixdə postaçı yoldaşı polis serjantı Şahid2 ilə birlikdə Binə qəsəbəsində 2 saylı marşrut üzrə 6352 çağırışlı avtopatrulla Vaqif küçəsində xidmətdə olduqları zaman küçədə iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görmüş və onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onlarla sorğu keçirtmiş, söhbət zamanı onların narkotik vasitə istifadəçiləri olmalarından şübhələnmişlər. Buna görə də onları nakrotik vasitə istifadəçiləri kimi şübhəli olduqları üçün Xəzər RPİ 3-cü PŞ-nə dəvət etmişlər. Orada məlum olmuşdur ki, onlardan biri Təqsirləndirilən şəxs, digəri isə X3r. Həmin şəxsləri PŞ-nin Növbətçi Hissəsinə təhvil verərək raportla şöbə rəisinə məruzə etmişlər. Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün şöbənin rəhbərliyi tərəfindən 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Anar Hacıyevə və Elman Əliyev barəsində tədbir görülməsi isə digər təhqiqatçıya tapşırılmış və araşdırma aparılmasına başlanılmışdır. Şöbənin inzibati binasında onun, postaçı yoldaşı Şahid2, təhqiqatçı Anar Hacıyevin və müdafiəçi - 8 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış, baxış və götürmə keçirilməsinə başlanılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmiş, sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop madələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində “şüşə”dir, yəni psixotrop maddə olan metamfetamindir və o, onu 01 fevral 2022-ci il tarixdə Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata alaraq üzərində saxlamışdır. Baxış və şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər-hansı fiziki təzyiqlər göstərilməmiş, onun təqdim etdiyi 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra zərfin üzəri və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 02 fevral 2022-ci il tarixli 6/650 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs. ..” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkis 0,820 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,820 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,770 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,00 (səksən bir) manatdır. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahıİ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 08 yanvar 2021-ci il tarixli 88 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş, və ekspertizadan sonra qalıq qalan 0,770 qram psixotrop maddə - metamfetamin maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan şəxsiyyət vasitələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 21 fevral 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 aprel 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 avqust 2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 fevral 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 11 (on bir) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşıması faktı şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməməsini üstündə aşkar edilmiş psixotrop maddənin ona məxsus olmaması, Polis şöbəsində ona fiziki və psixoloji təsir göstərilməsi, həmin psixotrop maddənin onun üzərinə qoyulması, psixotrop maddə üstündə gəzdirmədiyi halda, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid ifadələri, cinayət işinin materiallarında olan sənədlərlə və təqsirləndirilən şəxsin ilkin izahat və ifadələri ilə müəyyən edilmişdir ki, psixotrop maddə məhz Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən aşkar edilmişdir. Aparılmış məhkəmə narkoloji ekspertizasının nəticələrinə əsasən onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən edilmiş, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserdə qeydə alınması məsləhət görülmüşdür. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəmə iclasında Polis şöbəsinə gətirildikdən sonra ona fiziki və psixoloji təzyiqlər göstərilməsi və öz əleyhinə ifadə verməyə məcbur edilməsini bildirsə də, həmin vaxt bununla bağlı heç bir yerə şikayət etməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasının sonunda əməlindən peşmançılıq çəkməsini bildirməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli 4(003)-48/2022 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı seçilmiş, ev dustaqlığında saxlama müddəti onun faktiki tutulduğu 01 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(003)-189/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində həbsli axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan və Xəzər RPİ-nin 3-cü Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 06 iyun 2022-ci il tarixli 341-3313-1222 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən Binə qəsəbəsi ərazisində saxlanılaraq Xəzər RPİ MSY-nə təhvil verilmişdir. İş materiallarında olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış 08 iyun 2022ci il tarixli xx/xx-2679 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən Binə qəsəbəsi ərazisində saxlanılaraq 08 iyun 2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu və ev dustaqlığında olduğu cəmi 03 (üç) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli tutulduğu 06 iyun 2022-ci il tarixdən tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.3cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,770 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 81,00 (səksən bir) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsnın dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 120,00 (bir yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90,00 (doxsan) manat olmaqla ümumilikdə 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu və ev dustaqlığında olduğu cəmi 03 (üç) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 06 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,770 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81,00 (səksən bir) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 120,00 (bir yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90,00 (doxsan) manat olmaqla ümumilikdə 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar