Məhkəmə qərarları › İş №1(003)-19/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-19/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-19/2023 12.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, məhəllə 5035, ev 2, mənzil 82-də qeydiyyatda olan, ünvan 2-də yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 27 mart 2022-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanda yerləşən qardaşı Zərərçəkmiş şəxs yaşadığı evdə sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı başı ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən vuraraq ona sol gözaltı nahiyyənin qançırı, üst dodağın selikli qişasının əzilmiş yarası, sol almacıq sümüyünün sınığı ilə nəticələnən qəsdən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığına az ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərər çəkmiş şəxsin ifadəsi, ekspert rəyi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, məhəllə 5035, ev 2, mənzil 82-də qeydiyyatda olsada faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi V yaşayış sahəsi, ev 28, mənzil 17-də yaşayır. Ailə həyatı qurmamışdır və hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşı ilə aralarında əvvəllər ciddi şəkildə heç bir mübahisələri olmamışdır. 27 mart 2022-ci il tarixdə qardaşı ona zəng vuraraq onu yaşadığı Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən evinə qonaq çağırmışdır. O həmin gün saat təxminən 16 radələrində qardaşının yaşadığı evinə qonaq getmiş, həmin vaxt qardaşı evdə tək olmuşdur. O, uşaqların harada olduğunu soruşduqda Azər uşaqların bazarlıq üçün getdiklərini bildirmişdir. Onlar evin qonaq otağına keçmiş və o qonaq otağında masa başında stula əyləşmişdir. Həmin vaxt qəflətən başından zərbə dəymiş və o nə baş verdiyini başa düşməmişdir. Arxaya fırlanıb baxdıqda Azərin əlində parçaya bükülmüş əşya görmüş və o Azərə baxdıqda Azər onun başından əlindəki alətlə yenidən bir zərbə vurmuşdur. Zərbələrin təsirindən onun başı partlamış və qan axmışdır. Bundan sonra o ayağa qalxmış və dəhlizə tərəf getmişdir. Azər onun üzərinə gəlmiş və onun yaxasından tutmuşdur. Azər onu yenə vurmasın deyə o, sağ əli ilə Azərin yaxasından tutmuş, sol əli ilə isə Azərin əlini tutmuşdur. O evdən çıxıb getmək istəsə də Azərin onu tutduğu üçün evdən çıxa bilməmişdir. Azərin onu tutduğu üçün, həmçinin, o evdən çıxa bilmədiyi üçün o Azərin sifət nahiyyəsindən kəllə ilə bir zərbə vurmuşdur. Zərbənin təsirindən Azər əvvəlcə müqavimətini itirmiş, sonra isə Azərdə kəllə ilə onun sifət nahiyyəsindən bir zərbə vurmuş və onun burnu sınmışdır. Bundan sonra Azər onun ayağından tutaraq yerə yıxmaq istəmiş, bu vaxt ayağı sürüşərək yerə yıxılmış və Azər onun yaxasından tutduğu üçün o da yerə doğru hərəkət edərkən Azər təpiklə onun sifətinə bir zərbə vurmuşdur. Bundan sonra o evdən çıxıb həyətin darvazasına tərəf qaçmış, darvazanı açmaq istədikdə Azər onun yanına gəlmiş və onu saxlamaq istədikdə o qışqırmışdır. Bundan sonra isə o qaçaraq küçəyə çıxmış və oradan ümumi yola qədər piyada hərəkət etmişdir. Mərdəkan yoluna çatdıqda orada olan şəxslər təcili tibbi yardım çağırmışlar və təcili tibbi yardım onu Əhmədli qəsəbəsində yerləşən Neyrocərrahiyyə xəstəxanasına aparmış və ona ilk tibbi yardım göstərilmişdir. O, Azərin evindən çıxarkən onun üst geyimi onun evində qalmış və yaşadığı evin açarları üst geyiminin cibində qalmışdır. Bu səbəbdən o ögey qardaşı Cəlilin yaşadığı evə getmişdir. Cəlil evdə olmadığından o Cəlilə zəng vuraraq Azərdən onun geyimlərini gətirməyini xahiş etmişdir. Təxminən bir saat sonra Atası Azad, ögey qardaşı Cəlil və Azər birlikdə Cəlilin yaşadığı evə gəlmişlər. Bundan sonra o geyimini götürmüş və Cəlil onu öz avtomobili ilə yaşadığı evinə aparmışdır. Əlavə olaraq qeyd etmişdir ki, o yaşadığı evin açarının bir nüsxəsini 2021-ci ilin yay aylarında qardaşına vermişdir. 2021-ci ilin yanvar ayında qardaşının ona 6000 dollar pul borcu olmuşdur. Həmin vaxt qardaşı ona 6000 dollar borcu olmasını dəftərə yazaraq ona vermişdir. O evdə dəftərin olduğu yerə baxdıqda dəftəri tapa bilməmişdir. Azərin onu vurduqdan sonra həmin gün ona məxsus evə gələrək həmin dəftəri götürdüyünü düşündüyünü bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə cinayət əməli törətmədiyini bu səbəbdən də barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov 21-də qeydiyyatda olsada ünvan 1-da yaşayır. Cinayət işi üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı ilə arasında əvvəllər ciddi şəkildə heç bir mübahisələri olmamışdır. Qardaşı tək yaşadığından bayramlarda onu evə qonaq çağırır və bayramı bir yerdə keçirirmişlər. O, Socarda işlədiyi üçün 15 gün dənizə gedir və 15 gün evdə olur. 21 mart 2022-ci il tarixdə dənizdən gəldiyi üçün Anarla danışmış və 27 mart 2022-ci il tarixdə qonaq gəlməsini bildirmişdir. 27 mart 2022-ci il tarixdə saat təxminən 16 radələrində Anar yaşadığı Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən evinə gəlmişdir. Həmin vaxt yoldaşı və uşaqlar parka gəzmək üçün çıxmışlar. Anar evin qonaq otağında əyləşmiş və onlar söhbət etməyə başlamışlar. Söhbət zamanı Anar onların ata eviləri olan və Anarın həmin evi digər qardaşları Cəlilə bağışladığı evdən 7000 dollar pul istədiyini bildirmişdir. O, Anara həmin evlə bağlı məsələni atası və Cəlillə birlikdə həll etməyini dedikdə Anar onu və atasını təhqir edərək söymüşdür. O, da Anarı söydükdə Anar onun üzərinə gələrək onun qarnına təpik atmışdır. Həmin vaxt o Anara bir təpik atmış və təpik Anarın sol dizindən tutmuşdur. Bundan sonra Anar onun üzərinə gəlmiş və onun sifət nahiyyəsindən bir kəllə zərbəsi vurmuşdur. Zərbənin təsirindən onun sifətində almacıq sümüyü sınmış və o, yerə çökmüşdür. Bundan sonra o, bir təhər ayağa durmuş və Anarın sifətindən bir kəllə zərbəsi vurmuşdur. Anar sifətini tutduqda o, Anarın qolundan tutmuş və evin qapısından itələyərək həyətə itələmişdir. Həmin vaxt Anar yerə yıxılaraq başı yerə dəymişdir. Bundan sonra Anar ayağa qalxmış və qaçaraq həyətdən çıxıb getmişdir. Bundan bir qədər sonra qardaşı Cəlil və atası gəlmiş və Anarın evdə qalan paltosunu və papağını götürərək Anarın yanına getmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanuna müvafiq cəza verilməsini xahiş etdi. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2022-ci il tarixli, 329 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol gözaltı nahiyənin qançırı, üst dodağın selikli qişasının əzilmiş yarası, sol almacıq sümüyünün sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X6” X5 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Az Ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş 17 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 17 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2022-ci il tarixli, T541/2022 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs sol maksillar sinusun ön divarının çökmə sınığı, lateral divarının minimal yerdəyişmiş sınığı, sol almacıq sümüyünün frontal çıxıntısının minimal yerdəyişmiş sınığı, sol gözaltı nahiyənin qançırı, üst dodağın selikli qişasının əzilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətkər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən başla yetirilən zərbə nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Binəqədi ƏSMM tərəfindən verilmiş 032245 saylı, xx.xx.2002-ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup Qarabağ əlilidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən cinayət tərkibi zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurması və bunu təqsirin qəsd formasında etməsi zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittihamı qəbul etməməsinə dair verdiyi ifadəsini müdafiə xarakterli olduğunu hesab edir. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Birinci Qarabağ müharibəsi iştirakçısı olmasını və İİİ qrup Qarabağ əlili olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən “Zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaqda müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 05 saata görə 30 (otuz) manat manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar