Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-19/2024 14.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlıbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs Əmiralı oğlunun etibarından sui istifadə edərək aldatmaqla 2019-cu ilin dekabr ayının təxminən ortalarında saxta sənədlərlə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivindən 0,04 ha torpaq sahəsini 20 000 (iyirmi min) manat müqabilində sataraq Zərərçəkmiş şəxs xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq cinayəti törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü əvvəl təqsirli bilməyərək və daha sonra qismən təqsirli bilərək göstərdi ki, o, Binə atçılıqda işləmiş, alqı-satqı, torpaq alqı-satqısı işinə baxmışdır. Elşən ona torpağının olduğunu, lakin həbsdən təzə çıxdığına görə adına sənədləşmə apara bilmədiyini demişdir. Xanım onunla bir yerdə işləmişdir. Bir ay keçdikdən sonra o, Xanıma torpaqla bağlı məsələni danışmış və ona hörmət olunacağınıda bildirmişdir. Xanım razılaşmışdır. Elşən vəsiqəsini ona vermiş, sənədləşmə aparılmışdır. Elşən sənəd düzəltmək üçün borca ondan pul istəmişdir. O, Elşənə 1500 manat pul vermişdir. 1500 manat civarında ona 3000 manat pul vermişdir. O, pulu Xanımdan almışdır. Qalan pul məsələlərindən 3000-4000 kimə verdiyini bilmir. O, Elşəndən pul almamış, ona 1500 mana pul vermişdir. O, özünü təqsirli bilir ki, Xanımın adına söz demişdir, onu bu məsələyə cəlb etmişdir, lakin o, başqa heç bir işdə olmamışdır. Xanıma demişlər ki, ona 5000 manat pul verəcək. O, Zərərçəkmiş şəxs pul almamış, pulları Xanım almışdır. O, xanımdan 3000 manat pul almışdır. Xanımı tapdığna görə Elşən ona 1500 manat pul vermişdir. Xanım 1000 manat aldığı zaman ona 300 manat beh vermişdir. Onun Mirzəyə borcu olmamışdır. Bu məsələdən onun əliə 3000 manat pul gəlmiş və həmin pulu qaytarmağa razıdır, başqa pul almamışdır. O, Aydını tanımır, Aydında onu tanımır. Torpağı Xanım satmış, orada Xanımın nömrəsi olmuşdur. Torpağı özü satmış və pulda onda olmuşdur. O, beh alan günü 300 manat, iki gün sonra “20 Yanvar” metrosu ərazisində 1700 manat, 200 obyektə, 800 manat isə qəsəbəyə gedən zaman vermişdir. Onun aldığı pullar sadaladıqlarıdır. Qala pulları Mirzə və qardaşı Famil almış, pulları onun adından almışlar. Onun Mirzəyə borcu olmuş, lakin o, borcunu qaytarmışdır. Elşənin pul aldığını görməmişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Xəzər rayonu Atçılıq yaşayış massivində kanalın yaxın ərazisində özünə məxsus torpaq sahəsi varıdır. Həmin torpaq sahəsini genişləndirmək üçün ətrafından yer almaq qərarına gəlmiş və bu fikirlə 2019-cu ilin axır aylarında onun torpaq sahəsinə birləşik olan hasarlanmış 0,04 ha torpaq torpaq sahəsinin divarına rənglə yazılmış mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin ***-***-**-** mobil nömrəsinin sahibi olan adını sonradan Xanım kimi bildiyi qadından topaq sahəsi ilə maraqlandıqda həmin qadın demişdir ki, məsləhətdəşib deyəcək. Bir-iki ay sonra o, yenidən qadınla əlaqə saxladıqda həmin torpaq sahəsinin 0,04 ha olduğunu və 18000 manata satdığını demişdir. Bundan sonra ilkin olaraq o, beh kimi 1000 manat pulu Əhmədli metrostansiyasının yaxınlığında həmin Xanım adlı qadına göndərmişdir. Bundan bir neçə gün sonra qadınla razılaşdığı kimi Atçılıq yaşayış massivində yerləşən notariat kontorunda görüşmüş, həmin Xanım adlı qadının yanında Famil adlı şəxsdə olmuşdur, Famil Xanıma bildirmişdir ki, notariusa desin ki, xanımı Həci Elşən göndərib. Xanımda olduğu kimi notariusa demiş və onlar həmin 0, 04 ha torpaq sahəsini etibarnamə ilə onun adına almışlar. O, orada Xanıma bildirmişdir ki, «sənə həmin torpaq sahəsinə görə 20000 manat verəcəm» və bildirdiyi kimi 1000 manatdan əlavə 19000 manat pulu Xanıma vermişdir. Bundan bir müddət sonra o, həmin torpaq sahəsində tikinti işləri aparmaq istəyən zaman torpaq sahəsinin başqa şəxsə məxsus olduğu ona məlum olmuşdur. O, bundan sonra həmin qadına zəng vuraraq satdığı torpaq sahəsinin onun adına olmadığını və 20000 manat pulunu geri qaytarmağını tələb etmişdir. Həmin qadın bildirmişdir ki, həmin torpağın sənədləşdirməsi və eyni zamanda torpaqla bağlı onun heç bir məlumatı yoxdur, belə ki, torpaq sahəsini Famil və Elşən adlı şəxslər sənədləşdirib. O, Xanımın deməsindən artıq başa düşmüşdür ki, torpağın satılmasında Xanımı vasitəçi olaraq rola salıblar. O, bu günədək 20000 manat pulunu həmin şəxslərdən geri ala bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Famili ilk dəfə məhkəmədə görmüşdür, əvvəllər onu görməmişdir, ibtidai istintaqda verdiyi ifadəsi onun sözləri ilə yazılmış və o, imzalamışdır. Hazırda o, şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, aşbazdır, kafedə işləyir. 2018-ci ildə Binə atçılıq zavodunda yerləşən “Yaşıl məkan kafesi”ndə aşbaz işləyirdi. Oradan tanıdığı Famil də kafedə kababçı işləyirdi, bir iş yoldaşı kimi münasibəti olmuşdur. Bir neçə, aydan sonra iş yeri uzaq olduğu üçün iş yerini Mehdiabad qəsəbəsinə, kirayəşin yaşadığı evə yaxın kafeyə dəyişmiş, 2019-cu ilin əvvəlində o, işdə olarkən, Famil tanımadığı Elşən adlı, “Hacı” ləqəbli şəxslə yanına gəlmiş, söhbət əsnasında Famil demişdir ki, «mənim Binə Atçılıq savxozunda evi var, həm də sahibsiz bir torpaq sahəsi var, gəl həmin torpağı sənin adna sənədləşdirək, sonra sataq, sənə də hörmət edərik». Famil belə izah etmişdir ki, özünün və arvadının adına ev varmış, ona görə torpağı öz adına sənədləşdirə bilmir. O, Familə inanmışdır. Famil ondan şəxsiyyət vəsiqəsini istəmiş, oda vermişdir. Bir həftə keçmiş Famil və Elşən yanına gəlmiş və demişdilər ki, torpağı onun adına sənədləşdirmişlər. O, sənədləri istəmiş, lakin ona sənədləri verməmişlər. Demişlər ki, narahat olmasın, hər şey düzdür, sənədlər onlardadır, haçan torpaq satılanda sənədləri də ona verərlər. Bundan 1 ay keçmiş, Famil, Elşən və Samir adlı şəxs yanına gəlmişlər. Famil və Elşən demişlər ki, Samir onu Binə Atçılıq savxozuna aparıb həmin torpaq sahəsini ona göstərəcək. Samir də onu həmin yerə aparmış, torpağı ona göstərmiş, sonra demişdir ki, o, divara öz telefon nömrəsini yazsın, torpağı kim almaq istəsə ona zəng edə bilsin. Samir özündə olan rəngli sprey ilə divara onun nömrəsini yazmışdır. Bundan bir neçə gün keçmiş Famil və Elşən ona torpağın sənədlərini kserosurətini vermişlər. Təxminən 10-15 gün keçmiş ona zəng gəlmiş, zəng edən həmin torpaq sahəsinin qonşuluğunda yaşayan Aydın adlı şəxs torpağı almaq istədiyini bildirmiş, oda demişdir ki, qoy məsləhətləşsin, sonra deyər. O, bu barədə Famil və Elşənə demişdir, onlar da torpağın qiymətini 18000 manat olduğunu bildirmişlər. Aydın iki ay sonra zəng edən zaman o, torpağın qiymətini 18000 manat demiş və Aydın razılaşmışıdr. O, Aydına demişdir ki, ona beh göndərsin. O, da ona Əhmədli metrosunun yanına tanımadığı şəxslə ona 1000 manat pul göndərmişdir. O, 1000 manat pulu götürəndən sonra Familə zəng vurub demişdir ki, o, 1000 manat behi almışdır. Həmin gün Famil işlədiyi Gədəbəy kafesinə gələrək ondan 1000 manat pulu almışdır. Bir neçə gün sonra, o, qohumu Vüsalə ilə birlikdə Binə Atçılıq savxozunda yerləşən notariat kontoruna gəlmiş, Aydın da ora gəlmiş, Famil də orada olmuşdur. Aydınla birlikdə notariusun yanına daxil olmuş və notariusa demişdir ki, onu Hacı göndərib, natariusda heç nə deməmişdir, heç nə soruşmadan sənədləşdirmə aparmış, alqı-satqı müqaviləsi bağlamışdır. Aydın ona torpağa görə 18000 manat əvəzinə 20000 manat pul verəcəyini bildirmiş və ona 1000 verdiyi beh nəzərə alaraq əlavə 19000 manat pul vermişdir. Bundan sonra o, Familə zəng vuraraq demişdir ki, Aydın ona 19000 manat pul vermişdir. Səhəri gün işə getmiş, pulu da özü ilə aparmışdır. Bir az keçmiş Famil gəlmiş və demişdir ki, torpağın sənədləşdirilməsinə görə 2000 manat pul xərcləmiş, pulu qaytarsın. Oda Familə 2000 manat pul vermişdir. Yenə, səhəri gün Famil tanımadığı Mirzə adlı şəxslə gəlmiş, onun yanında bir-birilərilə pul üstündə mübahisə edərək, bir-birilərini söyüb, təhqir etmişdilər, dava salmışlar. Mirzə demişdir ki, onun pulunu qaytarsın. Famil də demişdir ki, onda pul yoxdur. O, məsələni başa düşməmişdir. Famil ondan 5000 manat alaraq Mirzəyə vermiş və çıxıb getmişdilər. Yenə səhəri gün Famil Samir ilə gəlmiş və ondan Famil 1000 manat alıb Samirə vermişdir. Səhəri gün, Famil yanına gəlmiş, əvvəl 2000 manat, sonra isə bir neçə gün ərzində hissə-hissə 10000 manat pulu ondan alıb aparmışdır. Ona isə heç nə verməmiş, heç bir hörmət də etməmişdir. 3-4 gün keçmiş Mirzənin qardaşı, tanımadığı Famil adlı şəxs 10 nəfər ilə onun iş yerinə gəlmiş, üstünə qışqırıb ondan 450 manat pul tələb etmişdir. Onu təhqir etməyə, ölümlə hədələməyə başlamışlar. Tanımadığı şəxs olan Famil demişdir ki, Familin onlara 450 manat borcu olmuşdur. Onları Famil göndərib ki, “pul arvaddadır, get ondan al, əgər sabaha kimi pulu verməsən səni öldürərik». O həmin şəxslərə Familin yalan danışdığını, onda heç bir pulun olmadığını, torpaq 20000 manata satılıb, pulun da hamsını Familə verdiyini demişdir. Həmin şəxslər onu hədələmişlər, onu söyüb, nalayiq sözlərlə təhqir etmişlər. O, qorxduğuna görə qızının üzüyünü və qolbağını lombarda girov qoyaraq, oradan 450 manat pul götürmüş və tanımadığı şəxs Familə vermişdir. Bundan bir qədər keçmiş, təxminən 2019-cu ilin iyun ayında torpağı satdığı Aydın ona zəng edib demişdir ki, «sən torpağı qanunsuz satmısan, torpaq sənin adına deyil. Mənim 20000 manat pulumu qaytar». O, da Aydın adlı şəxsə demişdir ki, onun torpaq işindən xəbəri olmamış, torpağı onun adına Famil və Elşən sənədləşdirmiş, eləcə də onun verdiyi pulun hamsı, yəni 20000 manatı Familə vermişdir. Aydın heç nə deməmiş, pulu vermədiyi təqdirdə şikayət edəcəyini bildirmidir. O, məcbur olub Familə və Elşənə zənglər etmiş, Famil telefonu bağlamış, Elşən də telefonu götürməmişdir. Famil və Elşən saxtakarlıq etmiş, onun adına saxta sənəd düzəltmişlər. Onun bunlardan xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, Şahid1 təxminən 10 ilə yaxınıdır ki, tanıyır. Əvəllər onunla bir yerdə Balaxanı yolunda yerləşən «Gədəbəy» restoranında işləmişdir. Şahid1 ilə yaxşı münasibətdə olmuşdur. Təxminən 2019-cu ildə işdə olarkən Şahid1 yanına Famil, Mirzə və digər Famil gəlmişdir. Onlar Xanımla kabinetdə öz aralarında söhbət etmişlər. Onlar getdikdən sonra Şahid1 ona demişdir ki, həmin şəxslər maklerdi onlar torpaq satırlar və sənədləri Xanımın adına keçirtməyi təklif edirlər. Bir müddət sonra Xanım ona demişdir ki, o, Familgilnən 20000 manata Binə qəsəbəsində torpaq satmışdır. Bir neçə gün sonra işlədiyi kafeyə Təqsirləndirilən şəxs və yanında adını bilmədiyi şəxslərlə gəlmişlər, onlar Xanımla kabinetlərin birində əyləşib söhbət etmişlər. O, həmin şəxslərə çay aparanda Xanım Familə pul verdiyini görmüşdür. Nə qədər məbləğdə pul verməsini həmin vaxt bilməmiş, sonradan Xanımdan eşitmişdir ki, həmin vaxt Xanım Familə 4500 manat pul vermişdir. Təxminən 2-3 gün sonra kafeyə digər Famil, Elşən və Samir gəlmişlər. Onlar Xanımdan pul tələb etmişlər, Xanım onlara pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Bir neçə gün sonra kafeyə Samir, Famil və bir neçə nəfər gəlmiş, Xanımla mübahisə edərək pul tələb etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid3 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə təxminən 4-5 il bundan əvvəl tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Binə qəsəbəsində kafe işlədirdi, o, müştəri kimi Təqsirləndirilən şəxs işlədiyi kafeyə gedib gəlmiş, yaxşı münasibətdə olmuşdular. Təxminən 2019-cu ildə Famil ona demişdir ki, ona 3 günlük borca 4800 manat borca pul lazımdır. Həmin pulu sənəd alacağı üçün təcili lazım oldğunu qeyd etmişdir. O, tanışlarından borca pul götürüb Təqsirləndirilən şəxs vermişdir. Familinin dediyi vaxt gəlib çatsa da Təqsirləndirilən şəxs onun pulunu qaytarmamışdır. Təxminən 3 ay keçəndən sonra Famil onda olan borcundan 800 manat pulu Binə qəsəbəsində yerləşən avtomobil ehtiyyat hissələrinin satışı mağazasına qoymuş və ona zəng vurub bildirdikdən sonra o, həmin 800 manat pulu gedib götürmüşdür. Bundan sonra, o, Famildən qalan pulunu istəmiş, Famil ilə şəhərdə görüşmüşdür. Famil ona demişdir ki, Failin pulu Balaxanı qəsəbəsində kafe işlədən Xanım adlı qadındadır. Pulunu Xanımdan ala bilməyəcəyini bildirdikdən sonra o, Famil ilə birlikdə kafeyə getmiş, Famil Xanımdan pulunu istədikdə Xanım isə demişdir ki, Xanımda Familin hər hansı pulu yoxdur. Oda Familə demişdir ki, bəs deyirdin Xanımda pulu var. O, əsəbləşib Famillə mübahisə etdikdən sonra Xanım işlədiyi həmin kafedə kabinetlərin birində ona 5 ədəd 200 manatlıq əskinaslardan ibarət ümumilikdə 1000 manat pul gətirib vermişdir. Xanım ona demişdir ki, Familin ona olan borcunun qalanı səhəri günü Familə verəcəkmiş. Bundan sonra o, Familə zəng vurmuş, Famil telefonları söndürüb yoxa çıxmışdır. O, eşitmişdir ki, Famil şəhərdədir və onun olduğu yerə getmişdir. Famili şəhərdə görüb pulunu tələb etmiş və Famil borcundan ona 1800 manat pul vermişdir. Bundan sonra o, Famili görməmişdir. Bu günə kimi Familin ona 1000 manat borcu olmuşdur. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 13071-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsi Bazarstore ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin MSY-ə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 2-ci hissəsi, 41 maddəsi ilə təqsirli bilinmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və 2 il şərti sınaq mddəti müəyyən edilmişdir. Suraxanı RPİ-də onun barəsində CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi açılmış və xx.xx.2021-ci il tarixdə CPM-nin 40.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işi üzrə əməlin hüquqi tövsif edilməsi haqqından qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsindən CM-nin 178.2.1 və 178.2.4-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qimsində cəlb etmə barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 3-13-45-2/2-2194 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xəzər rayonu Mərdəkan qəsəbəsində tutularaq ƏN PX 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət hadisəsi tam sübuta yetdiyindən ona 24 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılsın və barəsində seçilmiş başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri nəzərə alınması, istintaqı aparılan ********* saylı cinayət işinin istintaq müddətinin yekunlaşdığını nəzərə alaraq X1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələr ilə ayrıca nömrə altında cinayət təqibi ayrılması barədə qərar qəbul edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 134, 312, 320-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi, Şahid3 4800 manat pulu Təqsirləndirilən şəxs borc verildiyindən mülki xarakterli qiymətləndirilməsi və bu məsələ ilə bağlı gələcəkdə Şahid3 şikayəti olacağı təqdirdə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə edilməsi, X2, X3, Mirzənin qardaşı kimi tanınmış şəxsin, Elşən Aslanovun tanışı olan Atçılıq massivində yerələşən notariat kotornun işçisinin əmələrinə cinayət işindən ayrılmış işdə hüquqi qiymət verilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs 1997-ci ildə Hərbi Dəniz Qüvvələri Hərbi Tiribunalı tərəfindən 03 il azadlıqdan məhrum etmə və 02 il şərti sınaq müddətinə məhkum edilsədə hazırda onun cəzası bitmiş və ödənildiyindən onun barəsində residivi aranmaması nəzərə alınmalı və məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş şəxs kimi hesab olunması, iş üzrə alınmış şahid ifadələri, zərərçəkmiş şəxsin ifadələri sübut növü kimi qiymtələndirilməsi,qQərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayonu prokuroruna göndərilməsi qərara alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etməsi məhkəmə baxışı zamanı onun özünün ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxsnın cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 23 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixə qədər saxlanıldığı 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmənin əvvəli 27 mart 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (60 manat) və məhkəmə baxışı (120 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 23 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixə qədər saxlanıldığı 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 27 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (60 manat) və məhkəmə baxışı (120 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu anadan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-19/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-19/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver