Məhkəmə qərarları › İş №1(003)-190/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-190/2021

18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-190/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 2021-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1997-ci ildə Neftçala rayonu, Kürqarabucaq kəndində doğulmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, təhsili olmayan, subay, fərdi əməklə məşğul olan əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Kürqarabucaq kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yeni sahədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 14 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi “Büllur” zavodunun yaxınlığında X4 məxsus BAİC markalı ** NY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində X2 qeyri-rəsmi ər-avad münasibətində yaşadığı anası Şahid ilə nə üçün yola getməməsinin, münasibətlərinin pisləşməsinin səbəbini soruşarkən kobud formada nalayiq söyüşlərlə cavab qaytardığına görə aralarında baş vermiş mübahisə zəminində kəllə ilə sifətburun nahiyyəsinə, təpiklə isə döş nahiyyəsinə bir dəfə zərbə vuraraq sağ gözaltı nahiyənin nöqtəşəkilli qansızması, burunun, döş qəfəsinin qançırları, üst dodağın selikli qişasının əzilmiş yarası ilə nəticələnən xəsarət yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası Səbinə X1 ilə kəbinlə ər-arvad kimi yaşamış və birlikdə kirayə ev tutub orada qalmışdır. Bir müddət əvvəl anası Səbinə yaşadıqları evə qayıtmış və Əlrzanın ona baxmamasını, ac-susuz saxlamasını deyərək onların yaşadığı evdə qalmışdır. Elə bu səbəbdən o, xx.xx.2020-ci il tarixdə Əlrzaya zəng edərək anası barədə söhbət etmək üçün evə çağırmış, təxminən saat 14 radələrində Əlrza özünə məxsus avtomobillə onun yaşadığı ünvana gəlmiş, həmin vaxt anası və o, yolda dayandıqlarından Əlrza avtomobili onların yanında saxlamış, o və anası avtomobilə əyləşmişlər. Həmin vaxt Əlrza ondan nə məsələ olduğunu soruşmuş, o, isə ondan nə üçün anası Səbinə ilə yola getməməyini soruşmuşdur. Həmin vaxt Əlrza əsəbi vəziyyətdə olmuş və ona cavab vermək əvəzinə gözləmədiyi halda onun yanında anası Səbinəyə əl qaldırmaq istəmişdir. Bununla bağlı o, Əlrzaya iradını bildirərkən Əlrza onu kobud formada nalayiq söyüşlərlə söyüb təhqir etmiş, bu zaman Təqsirləndirilən şəxs özündən asılı olmayaraq avtomobilin içərisində kəllə ilə sifət-burun nahiyyəsinə, ardınca isə yumruqla döş nahiyyəsinə bir dəfə zərbə vuraraq Əlrzanı döymüşdür. Qeyd etmişdir ki, həmin vaxt Əlrzanın başı avtomobilin qabaq sol qapısının şüşəsinə dəydiyinə görə qapının şüşəsi sınaraq yerə tökülmüş, həmçinin o, Əlrzanı vurarkən necə olmuşsa, avtomobilin bardaçokunun qapısı açılmış və həmin yerdə olan bıçağı görərək həmin bıçağı götürüb Əlrzanı vurmağa çalışsa da, anası Səbinə buna imkan verməyərək arxa tərəfdən onu tutub saxlamış, bıçağı əlindən alaraq pəncərədən çölə tullamış və onu sakitləşdirmişdir. Bundan sonra onlar bir qədər avtomobillə hərəkət edəndən sonra Əlrzanın istəyi ilə avtomobildən düşmüşlər. Əlrza isə həmin yerdən çıxıb getmişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 14 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, Büllur zavodunun yaxınlığında avtomobil yolunun sağ tərəfində Əlrzaya məxsus BAİC markalı ** NY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində baş vermiş, həmin vaxt həmin yerə heç kəs toplaşmamış və hadisə demək olar ki, heç bir dəqiqə davam etməmişdir. Bildirmişdir ki, Əlrza Salikov anası Səbinəni vurmaq istəmiş, lakin vurmamışdır. Hadisə vaxtı heç bir xəsarət almamışdır. Hadisə vaxtı həmin yerdə anası Səbinə, Əlrza və ondan başqa heç kəs olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, Şahid tərəfindən barəsində Xəzər RPİ-nin 1-ci PŞ-nə verilən ərizə ilə tanış olmuşdur. Həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs barəsində Xəzər RPİ-nin 1-ci PŞ-nə verilən ərizəni o, yazmışdır, məzmunu doğru olduğu üçün imzası ilə təsdiq etmişdir. Bildirmişdir ki, Şahid ilə təxminən 8 il olar ki, qeyri-rəsmi ər-arvad münasibətində olmuşdur. 2020-ci ilin noyabr ayının ortalarında maddi vəziyyətilə əlaqədar münasibətləri pozulmuş və bundan sonra Səbinə onun üçün kirayə götürdüyü evdən çıxaraq övladları ilə birlikdə yaşamağa başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 14 radələrində Səbinənin oğlu Emin ona zəng edərək onunla görüşmək istədiyini bildirmiş və onu Şağan qəsəbəsində yerləşən yaşadığı evə çağırmışdır. O, idarə etdiyi özünə məxsus BAİC markalı ** NY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onun yaşadığı evə getmiş, həmin vaxt Emin və Səbinə yolda dayandıqlarından o, avtomobili saxlamış, Emin qabaq sağ oturacaqda, Səbinə isə arxa oturacaqda əyləşmişdir. O, avtomobili yolun kənarında saxlayaraq Emindən nə məsələ olduğunu soruşmuş, Emin isə ondan nə üçün anası Səbinə ilə yola getməməyini soruşmuş, həmin vaxt o, əsəbi vəziyyətdə olduğuna görə Emini kobud formada nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Bu zaman Emin qəflətən kəllə ilə sifət-burun nahiyyəsinə, ardınca isə yumruqla döş nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Bildirmişdir ki, Emin onu kəllə ilə vurarkən o, başını arxa tərəfə çəkdiyi vaxt başı avtomobilin qabaq sol qapısının şüşəsinə dəymiş və əvvəlcədən çatlaq vəziyyətdə olan qapının şüşəsi sınaraq yerə tökülmüşdür. Həmin vaxt Emin üzərində olan bıçaqla onu vurmağa çalışarkən Səbinə arxa tərəfdən onu tutub saxlamış və bıçağı onun əlindən alaraq pəncərədən çölə tullamış və Emini sakitləşdirmişdir. Bu zaman o, qarşı tərəfdən təxminən 50-100 metr aralıda olan polis əməkdaşlarının onlara tərəf gəldiyini görüb avtomobili işə salaraq həmin yerdə uzaqlaşmış və bir qədər gedəndən sonra avtomobili yolun kənarına verib saxlayaraq Səbinə və Emindən avtomobildən düşmələrini tələb etmişdir. Onlar da maşından düşüb getmişlər. Həmin gün Səbinənin onun barəsində şikayət etməyini bilmiş, buna görə o, da Xəzər RPİ-nin 1-ci polis şöbəsinə gedərək hadisə barədə ərizə yazıb Emin tərəfindən döyülməyini bildirmişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, Büllur zavodunun yaxınlığında avtomobil yolunun sağ tərəfində ona məxsus BAİC markalı ** NY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində baş vermiş və həmin vaxt həmin yerə heç kəs toplaşmamışdır. Bildirmişdir ki, Səbinə əsassız olaraq barəsində şikayət etmiş, buna görə Səbinəyə qarşı əsəbləşərək məhkəmə-tibbi müayinədən keçərkən o cür bildirmişdir. Əslində onu Emin avtomobilin içərisində kəllə ilə sifət-burun nahiyyəsinə, ardınca isə yumruqla döş nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Səbinə isə həmin vaxt onları aralaşdırmış və Emini sakitləşdirmişdir. Zərərçəkmiş şəxs X5 ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, təxminən 8 ildir ki, X5 ilə kəbinlə yaşayır, Əlrza onun ikinci həyat yoldaşıdır. Birinci evlilikdən 3 oğlu var. O, Əlrzanın bir müddətdir ki, kirayə yaşadığı evə gəlmədiyini, evə yemək almadığını və demək olar ki, evdə ac qaldığını bildirmişdir. Elə bu səbəbdən o, kirayə yaşadığı evdən çıxıb övladlarının yaşadıqları Xəzər rayonu, Şağan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən evinə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs Əlrzaya zəng edərək onun barəsində onunla söhbət etməsi üçün evə çağırmışdır. Bir qədər sonra Əlrza idarə etdiyi özünə məxsus BAİC markalı ** NY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yaşadıqları evin yanına gəlmiş, həmin vaxt Eminlə o, yolun kənarında dayandıqlarından avtomobili onların yanlarında saxlamış, Emin qabaq sağ oturacaqda, o, isə arxa oturacaqda əyləşmişdir. Bundan sonra Əlrza avtomobili yolun kənarında saxlamış və söhbət açaraq Emindən nə məsələ olduğunu soruşmuşdur. Emin isə ondan nə üçün Səbinə ilə yola getməməyini soruşmuşdur. Həmin vaxt Əlrza əvvəlcə yumruqla Şahid vurmaq istəmiş, ardınca isə Emini kobud formada nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Buna görə də Emin kəllə ilə Əlrzanın sifət nahiyyəsinə, ardınca isə yumruqla döş nahiyyəsinə zərbə vurmuşdur. Həmin vaxt Emin Əlrzanı kəllə ilə vurarkən Əlrza başını arxa tərəfə çəkdiyi vaxt başı avtomobilin qabaq sol qapısının şüşəsinə dəymiş və qapının şüşəsi sınaraq yerə tökülmüşdür. Həmin vaxt Emin bıçaqla Əlrzanı vurmağa çalışarkən o, arxa tərəfdən onu tutub saxlamış, bıçağı əlindən alaraq pəncərədən çölə tullamış və yalvaryaxar etməklə onu sakitləşdirmişdir. Bundan sonra onlar bir qədər avtomobillə hərəkət edəndən sonra Əlrzanın istəyi ilə avtomobildən düşmüşlər. Əlrza isə həmin yerdən çıxıb getmişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, Büllur zavodunun yaxınlığında avtomobil yolunun sağ tərəfində Əlrzaya məxsus BAİC markalı ** NY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində baş vermiş və həmin vaxt həmin yerə heç kəs toplaşmamışdır. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1295 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ gözaltı nahiyənin nöqtəşəkilli qansızması, burunun, döş qəfəsinin qançırları, üst dodağın selikli qişasının əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərərçəkmiş şəxs X5 ilə barışdığı, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Emin tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 02 saata görə 12 (on iki) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 05 saata görə 30 (altmış) manat, ümumilikdə 42 (qırx iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar