Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-192/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi X2 iştirakları ilə, xx.xx.2007-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olmamış, Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 9-da qeydiyyatda olan, ünvan 2də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tanışları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində vətəndaş X4 məxsus Xəzər rayonun, Qala qəsəbəsi, Xaşa-xuna bağları, 309 K nömrəli evin hasarından aşmaqla həyətə daxil olaraq evin pəncərəsinin dəmir barmaqlarını sındıraraq mənzilə daxil olaraq 01 ədəd 500 manat dəyərində 01 ədəd videokameranı, 01 ədədi 10 manat dəyərində 3 ədəd flǝşkardı, 01 ədədi 200 manat olan 03 ədəd qol saatını, 01 ədəd 200 manat dəyərində kofe üyüdəni, 01 ədəd 50 manat dəyərində tosteri, ümumi dəyəri 100 manat olan 6 ədəd xrustal stəkanı, ümumi dəyəri 400 manat olan bir cüt gümüş sırğa, boyunbağı və kulonu, 01 ədəd 150 manat dəyərində qızıl qolbağı, 01 ədəd 2000 manat dəyərində somavarı, 01 ədəd 150 manat dəyərində su qızdırıcısını gizli yolla talayaraq vətəndaşa ümumilikdə 4180 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla xx.xx.2023-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs məxsus Xəzər rayonun, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən nömrəsiz evinin həyətyanı sahəsinə daxil olmaqla 300 manat dəyərində "Kamaz" markalı yük maşınına məxsus ehtiyyat hissəsini, 01 ədədinin qiyməti 150 manat olan "Kamaz" markalı avtomobilə məxsus motorun 07 ədəd klapanını, 01 metrinin qiyməti 1,50 manat olan 116 metr su şlankını, yaşayış evindən isə 01 metrinin qiyməti 0.45 manat 200 metr 2.5 mm-lik elektrik naqillərini gizli yolla talayaraq vətəndaşa ümumilikdə 1500 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək qanuni nümayəndəsi X2 iştirakı ilə ifadəsində bildirdi ki, oğurluğ hadisəsini tanışı Mayis və Rəvan ilə birlikdə törətmişdir. Rəvanı təxminən 2 ilə yaxın müddətdir ki, tanımışdır. 03 may 2023-cü il tarixdə Bakı şəhəri Xəzər Rayonu, Xaşaxuna bağ massivində olan zaman Rəvanı təsadüfən görmüşdür. Bir az söhbət etdikdən sonra yaşadığı Xaşaxuna qəsəbəsində boş evin olmasını, həmin evə sahibinin çox gec-gec gəlmasini bildirmişdir. Bundan sonra birlikdə oğurluğa getməyi və onun Mayisə kömək etməyini istəmişdir. Saat 9 radələrində Mayis gələrək onları səsləmişdir. Bundan sonra Rəvan ilə evdən çıxaraq Mayislə birlikdə həmin evə getməyə başlamışlar. Oğurluq edəcəkləri ünvana çataraq hasardan aşıb həyətyanı sahəyə daxil olmuşlar. O, həyətdə olan su qızıdrıcısını, Rəvan Mayis ilə birlikdə samovar, stakan, kofe üyüdən aparat, toster, gümüş komplekt, 3 əded qol saatı, 01 qızıl bilərziyi evdən götürmüşlər. Evə dəmir barmaqlığı qıraraq daxil olmuşlar. Bundan sonra həmin əşyaları onun yaşadığı evə aparmışlar. Səhər açıldıqda onlar həmin əşyaları Qala qəsəbəsində yerləşən dəmirçiyə satmışlar. Satdıqları əşyaların qarşılığında 80 manat pul almışlar. Mayis 30 manat onlara vermiş, o, da həmin pulun 15 manatını Rəvana vermişdir. Bundan başqa 12 iyun 2023-cü il tarixdə o, Mayis və Rəvanı bir araya gətirmiş və əvvəllər onlara məxsus olan, Əfrail adlı şəxsə məxsus evə daxil olmağı məsləhət görmüşdür. Mayis və Rəvan bu təkliflə razılaşmışlar. Onlar təxminən saat 15 radələrində hasardan aşma yolu ilə həyətə daxil olmuşlar. Qapıda asma qifil olduğundan evdə heç kəsin olmadığına əmin olmuşlar. Nurlan Mayis ilə "Kamaz" markalı avtomobilin motor mexanizmini sökməyə başlamışdır. Bundan sonra orada olan su şlankını və elektrik naqillərini sökməyə başlamışlar. Sonra bütün bu əşyaları həmin evin həyətindən çıxarmışlar. Daha sonra Mayis taksi sifarişi edərək həmin yükləri Xaşa-xuna bağlarında Vüsal adlı şəxsə 60 manata satmışdır. 60 manat onların arasında bərabər şəkildə bölüşdürülmüşdür. Satdıqları əşyaların oğurluğ olduğunu alıcı şəxslər bilməmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş ziyanla bağlı razılığa gəlindiyini, zərər çəkmiş şəxslərlə barışdığını, zərər çəkmiş şəxslərin şikayət və tələbinin olmadığını bildirərək və onun yaşını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qala qəsəbəsi, Xaşa-xuna bağlarında yerləşən nömrəsiz evindən "Kamaz" markalı avtomobilin qolovkalarının, 200 metr uzunluğunda 2.5 mm-lik elektrik naqillərinin, "kamaz" markalı avtomobilin artırılmış yan dəmirlərinin və 117 metr uzunluğunda şlanqın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış və oğurluq hadisəsi zamanı ona 1500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında digər zərəçəkmiş şəxs X7 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən bağ evinin qonaq otağının pəncərəsinin dəmir barmaqlılarını sındırmaq yolu ilə naməlum şəxs və ya şəxslər evinə daxil olaraq evin yataq otağında olan sandıqdan 01 ədəd 500 manat dəyərində videokameranı, həmin otaqdakı çəkməcədən hər biri 200 manat olan 3 ədǝd qol saatını, mətbəxdən 200 manat dəyərində kofe üyüdən aparatı, 01 ədəd 50 manat dəyərində tosteri, ümumi dəyəri 100 manat olan 6 ədəd xrustal stəkanı, ümumi dəyəri 400 manat olan gümüşü sırğa, boyunbağı və kulonu, 01 ədəd 150 manat dəyərində qızıl qadın qolbağı, dəhlizdən 2000 manat dəyərində somavarı, evin çöl divarına bərkidilmiş 01 ədəd 150 manat dəyərində su qızdırıcısını oğurlamışlar. Oğurluq hadisəsi zamanı ona 4180 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ Massivində yerləşən X5 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ Massivində yerləşən Zərərçəkmiş şəxs məxsus bağ evində baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2007-ci il tarixdə doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. - xx.xx.2023-cü il tarixli yetkinlik yaşına çatmayan şübhəli şəxsə qanuni nümayəndənin təyin edilməsi haqqında qərardan görünür ki, X8 qızı yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndə təyin edilmişdir. - xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi C.Allahverdiyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə birlikdə oğlurluq etmiş şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır. - Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı şikayəti yoxdur. - Zərərçəkmiş şəxs X3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı şikayəti yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X6 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama -qabaqcadan əlbir olan bir qrup halında, təkrarən və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2.ş 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 84.1-ci maddəsinə görə cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını (CM 59.1.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 2 ünvanında çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-192/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-192/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver