Məhkəmə qərarları › İş №1(003)-195/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-195/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-195/2025 05.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan MR, Şərur rayonu, Şəhriyar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 fərdi ev ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 fərdi ev ünvanında arvadı X3 ilə aylıq əmək haqqısını ondan xəbərsiz xərcləməsini irad tutması, Səkinə İbrahimovanın isə ona içki aludəçisi olmasını deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı evin qapısının yaxınlığından götürdüyü döşəməsilən ağac ilə onu həmin evdə qəsdən vuraraq Səkinə İbrahimovaya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, X3 ilə 2007-ci ildən rəsmi olaraq evlidir və iki övladları var. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 fərdi ev ünvanında aralarında yaranmış mübahisə zamanı Səkinəni vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2007-ci ildən rəsmi olaraq evlidirlər və 2 övladları var. Elmarla həmişə normal münasibətləri olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Elmarın içkili olması səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu onu qəsdən vuraraq xəsarət yetirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmiş, sonuncu ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 1213 nömrəli rəyindən aydın olur ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlə - boynun, sol saidin, sol budun, sağ baldırın qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsəyin, sol saidin və sol diz oynaqlarının yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixinə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bunlar Yüngül dərəcəli zərərvurmaya aiddirlər; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, X3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi O.Hüseynzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.1998-ci il tarixli Tər-tər Qarnizon Hərbi Məhkəməsinin hökmünə əsasən 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci ildə cəzasının sonu ilə azad edilmişdir; - Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən aydın olur ki, o, zərərçəkmiş şəxslərlə barışmasını və ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq barəsində olan cinayət iuşi üzrə icraata xitam verilməsi xahiş etmişdir; - Zərərçəkmiş şəxs X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsini və zərərçəkmiş şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslərlə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 05 saat vaxta görə 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar