Məhkəmə qərarları › İş №1(003)-199/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-199/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-199/2021 01.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Əbülfəz oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş, Xəzər rayonu, Binə qəsəbəsi, donuz kökəltmə sovxozu nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib gəlir əldə etmək niyyəti ilə Zərərçəkmiş şəxs Əbülfəz oğluna, anası Əhmədova (Firidova) Ziyarət Araz qızına məxsus Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən fərdi yaşayış evini göstərib 25.000 manata satacağını vəd verərək, 17.09.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən fərdi yaşayış evində 150 (yüz əlli) manat məbləğində pulu, 18.09.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fəaliyyət göstərən 31 saylı notariat ofisinin qarşısında həmin evin yerləşdiyi torpaq sahəsinin ona aid olduğunu göstərən, saxtalaşdırılmış Abşeron rayonu Donuzkökəltmə sovxozu üzrə 14.10.1990-cı il tarixli, 1549 qeydiyyatlı 135 nömrəli əmrdən çıxarışı təqdim edib bilə-bilə saxta sənəddən istifadə etməklə inandırıb 16.850 (on altı min səkkiz yüz əlli) manat məbləğində pulu aldadıb alaraq ona həmin evə dair sahiblik və istifadə hüququ verən heç bir rəsmi sənəd təqdim etmədən Zərərçəkmiş şəxs qarşı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ona məxsus ümumilikdə 17.000 (on yeddi min) manat pulu ələ keçirərək, ona xeyli miqdarda maddi ziyan vurmaqla, vahid niyyətlə əhatə olunan dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 2020-ci ilin sentyabr ayında o, anasına məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Donuz Kökəltmə sovxozunda yerləşən 0,4 ha torpaq sahəsində inşa edilmiş, 1 mərtəbəli kürsülü 4 otaqdan ibarət evi satmaq fikrinə düşmüşdür. O, həmin evdə ailə qurandan sonra yaşayır. Hazırda da iki azyaşlı övladı və həyat yoldaşı ilə birlikdə həmin evdə yaşayır. O, evi satan zaman anası Ziyarətə heçnə deməmişdir. Yaşadığı anasına məxsus evi satmaq məqsədi ilə “Lalafo” sosial şəbəkədə 29.000 manata yerləşdirmişdir. Həmin ərəfədə onunla eyni qəsəbədə yaşayan Ziya Fətullayevin və məhlədə taksi fəaliyyəti ilə məşqul olan Sübhan adlı şəxsin vasitəsi ilə Elçin Asalanov adlı şəxs onun satmaq istədiyi faktiki anasına məxsus evə gəlib baxmışdır. Həmin vaxt Elçin qohumları ilə birlikdə evə gəlib baxmış və evi bəyənmişdir. O, Elçinə və onun qohumlarına evin özünə məxsus olmasını demiş və onlar 25.000 manata razılaşmışlar. Elçin ona 150 manat ona beh vermiş, həmin vaxt Elçin ona, əlində 23.000 manat olduğunu bildirmişdir. Onlar öz aralarında həmin qiymətə evi razılaşmışlar, pulun qalan hisəsini isə ayda 500 manat verib borcunu ödəyəcəkdir. 17.09.2020-ci il tarixdə Elçin ona qohumlarının iştirakı ilə 150 manat beh vermişdir. 18.09.2020-ci il tarixdə isə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən notariusun qarışısında ona etibarnamə vermiş və Elçin ona 17.000 manat vermişdir. Pulun qalan hissəsini isə hər ay 500 manat verəcəyini demişdir. Həmin vaxt o, razılşmamış, belə ki, Elçin ona evə görə ilkin olaraq 23.000 manat verəcəyini söz vermişdir. Lakin, 17.000 manat verdiynə görə onunla razılaşmasa da 17.000 manatı Elçinə qaytarmamışdır. Elçindən 17.000 manatı aldıqdan sonra oradan aralanıb gedib borclarımı qaytarmışdır. Səhəri gün Elçin ona sms yazmış və ondan narazıçılıq olduğunu deyib veridiyi 17.000 manatı qaytarmasını istəmişdir. Lakin o, borclarını ödədiyi üçün Elçinin vediyi puldan 3.000 manat qalmış və həmin pulu anasına vermişdir ki, aparıb Elçinin 3.000 manatını qaytarsın. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödədiyini, himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əbülfəz oğlu bildirdi ki, 12.09.2020-ci il tarixdə özünə ev almaq istəmişdir. Bu barədə dostu Ziya Fətullayevə dedikdən sonra onunla birlikdə Binə qəsəbəsi ərazisində yerləşən satışa çıxarılan bir neçə evə baxmışlar. Lakin, büdcəsinə uyğun olan ev tapa bilməmişdir. Ziya Fətullayev ilə birlikdə Binə qəsəbəsi ərazisində çayxanalardan birində oturub çay içib söhbət etdikləri Ziya Fətullayevin tanışı olan taksi sürücüsü Sübhan adlı şəxs onların yanına gəlmişdir. Söhbət əsnasında X5 üçün satdıqda olan ev axtardıqlarını bildirmişdir. Sübhan bu barədə maraqlanıb onlara məlumat verəcəyini bildirmişdir. 13.09.2020-ci il tarixdə Zərərçəkmiş şəxs Qəbələ rayonuna getmişdir. 15.09.2020-ci il tarixdə Ziya Fətullayev ona zəng edərək bildirmişdir ki, Sübhan ona zəng edərək onun özünün yəni Ziya Fətullayevin tanışı olan Emin Əhmədovun qardaşı Təqsirləndirilən şəxs satılıq ev vardır. Əlavə olaraq həmin şəxslərlə danışıb razılığa gələ biləcəyini bildirmişdir. 16.09.2020-ci il tarixdə Zərərçəkmiş şəxs Qəbələ rayonundan Bakı şəhərinə gəlmişdir. Gəldiyi günün axşamı işdə Ziya Fətullayevə məxsus ***-***-**-** saylı mobil telefonla Təqsirləndirilən şəxsla danışmışdır. Həmin günü axşam saat 21:00-da Təqsirləndirilən şəxs məxsus satdıqda olan evə baxmışlar. Evdə Təqsirləndirilən şəxs həyat yoldaşı və 2 körpə uşağı olmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs həyat yoldaşına evi almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı ondan evin qiymətini bilib-bilmədiyini soruşmuşdur. Zərərçəkmiş şəxs qiyməti bilmədiyini demişdir. Sonradan Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Ziya Fətullayev evin həyətinə baxmaq üçün evdən bayıra çıxmışlar. Həmin zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin evin dəllal tərəfindən 29.000 manata qiymətləndirildiyini və sosial şəbəkədə satışa çıxarıldığını bildirmişdir. Əlavə olaraq özü dəllala evi 25.000 manata dediyini bildirmişdir. Bundan əlavə olaraq Zərərçəkmiş şəxs son qiymət 25.000 manat olacağını demişdir. Zərərçəkmiş şəxs həmin ev üçün əvvəlcədən 17.000 manat pul verəcəyini, 8000 manat pulu isə hər ay 300 manat ödəməklə razılaşmışlar. 17.09.2020ci il tarixdə yenidən həmin evə qayınatası və qayınanası ilə baxmağa gəlmişlər. Həmin zaman evdə Təqsirləndirilən şəxs və 2 körpə uşaqlarından başqa heç kim olmamışdır. Həmin günü axşam alacağı ev ücün qayınatası və qayınanasının iştirakı ilə Təqsirləndirilən şəxs 150 manat beh vermişdir. 18.09.2020-ci il tarixdə Binə qəsəbəsinin mərkəzində yerləşən 31 saylı notariat kontorunun qarşısında qardaşı Şahid1, bibisi oğlu Şahid5, qohumu Əkbər adlı şəxs, Sübhan, Ziya Fətullayev, Təqsirləndirilən şəxs və özünü ev alqı-satqısı ilə məşğul olan kimi təqdim edən Rauf adlı şəxs ilə birlikdə görüşmüşlər. Oradan yenidən evə baxmağa getmişlər. Evə baxdıqdan sonra notariat kontorunun qarşısına qayıtmışlar. Orada Rauf adlı şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqələrini notariat kontoruna təqdim edərək heç bir alqı satqı müqaviləsi olmadan ona Təqsirləndirilən şəxs adından mülki etibamamə və Abşeron rayonu Donuzkökəltmə sovxozu üzrə torpaq sahəsi ayrılması haqqında sənədi təqdim etmişdir. Sənədi təqdim etdikdən sonra qohumu Əkbər adlı şəxsin avtomaşınında Təqsirləndirilən şəxs 17.000 manat pulu qardaşı Şahid1, Şahid5, qohumu Əkbərin iştirakı ilə vermişdir. Pulu verdikdən sonra Təqsirləndirilən şəxs 19.09.2020-ci il tarixdə Asan xidmətə gedərək satdığı evin qaz, su və elektrik enerjisinin sayğaclarını Zərərçəkmiş şəxs adına keçirəcəyini bildirmişdir. 19.09.2020-ci il tarixdə görəcəyi olduğu işlərə görə Təqsirləndirilən şəxs zəng etsə də o, əvvəlcədən mobil telefona cavab verməmişdir sonradan isə telefonu söndürmüşdür. Onun qardaşı Emin Əhmədovla əlaqə saxlamış Emin Əhmədov ona qardaşı Təqsirləndirilən şəxs harada olmasından xəbərinin olmadığını bildirərək evi ucuz qiymətə aldığına görə Zərərçəkmiş şəxs iradını bildirmişdir. 20.09.2020ci il tarixdə Təqsirləndirilən şəxs anası Ziyarət ilə görüşmüş və o, Zərərçəkmiş şəxs sənədin saxta olduğunu, aldığı evin isə onun adına olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs və Emin Əhmədovun dələduzluqla məşqul olduqlarını bildirmişdir. Əlavə olaraq oğlanlarının aldıqları 17.000 manat pulu öz aralarında böldüklərini bildirmişdir. Təqsirləndirilən şəxs qardaşı Emin Əhmədovla dəfələrlə görüşüb söhbət etsə də heç bir nəticə olmamışdır. Onların anası Ziyarət pulu qaytarcağını bildirsə də yalnız 3000 manat pul qaytarmışdır. Emin Əhmədov və anası Ziyarət 3000 manat pulu qaytardıqdan sonra pulun qalan hissəsini müxtəlif bəhanələr gətirərək qaytarmamışlar. Qeyd etmişdir ki, ona sonradan məlum olmuşdur ki, aldığı ev üçün verilən sənəd də saxtadır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 3000 manat ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 Şıxali qızı, Şahid4 və Şahid5 eyni məzmunlu ifadələr verərək Zərərçəkmiş şəxs Əbülfəz oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 19.09.2020-ci il tarixdə saat 15:00 radələrində yaşadığı evə qayıtdığı zaman evin yanında 2 avtomaşının dayandığını görmüşdür. Avtomaşından düşən şəxslər oğlu Təqsirləndirilən şəxs soruşmuşlar. Şahid3 həmin şəxslərdən Təqsirləndirilən şəxs nəyə görə axtardıqlarını soruşmuşdur. Həmin şəxslərdən biri bildirmişdir ki, hazırda yaşadıqları evi oğlu Təqsirləndirilən şəxs həmin şəxsə 17.000 manata, sonradan isə hər ay 300 manat olmaqla ümumilikdə 25.000 manata satmışdır. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs satdığı evin qaz, su və elektrik enerjisinin sayğaclarını onun adına keçirəcəyini demişdir. Təqsirləndirilən şəxs mobil telefonuna zəng çatmadığı üçün həmin şəxslər onun arxasınca yaşadığı evə gəlmişlər. Bundan sonra Şahid3 həmin şəxslərə 17.000 manat pul verib aldığı evin onun özünə məxsus olduğunu bildirərək onlara həmin evin sənədini təqdim etmişdir. Əlavə olaraq həmin evin sahibəsi olduğunu bildirmişdir. Şahid3 həmin şəxslərə öz iradını bildirərək evi almazdan əvvəl soraqlaşmaq lazım olduğunu demişdir. Bundan sonra oğlu Təqsirləndirilən şəxs ona məxsus evi almaq ücün pul verən Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs onu aldadaraq ondan 17.000 manat pul aldığını bildirmişdir. Həmin şəxsə gözləməyi və onunla əlaqə saxlayacağını bildirmişdir. Sonradan məlum olmuşdur ki, oğlu Təqsirləndirilən şəxs pulu aldıqdan sonra tanımadığı şəxslərə ümumilikdə 3000 manat pul vermişdir. Həmin şəxslərə verilmiş pulları geri alaraq ümumilikdə 3000 manat pulu Zərərçəkmiş şəxs qaytarmışdır. Pulun qalan hissəsini isə hazırda yaşadığı evi satdıqdan sonra qaytaracağına söz vermişdir. Bildirmişdir ki, hazırda yaşadığı evi satışa çıxarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 bildirdi ki, 2020-ci ilin sentyabr ayında Binə qəsəbəsində fəaliyyət göstərən Notariat Kontorunun yaxınlığında yerləşən çayxanada oturub çay içən zaman qəsəbə sakini kimi tanıdığı Elnur Əhmədov ona yaxınlaşmış, yaşadığı evi satmaq istədiyini və buna görə notariusdan sənədləşməni tez aparılmasını xahiş etmişdir. Həmin vaxt evi almaq istəyən və onun yanında olan şəxslərdən həmin evə baxdıqlarını soruşmuşdur. Onlar bir neçə dəfə evə baxdıqlarını demişlər. Bundan sonra o, notariat kontorunun müdiri ilə münasibəti olduğu üçün onun yanına girib onları növbəsiz qəbul etməsini xahiş etmişdir. Bundan sonra onlar notariusda sənədləşmə aparmışlar. Onun sənədləşmənin hansı formada aparılmasından məlumatı olmamışdır. Həmin vaxt hər hansı sənəd Elvinə təqdim etməmişdir. Onun Təqsirləndirilən şəxs satdığı evə görə hansı sənədi təqdim etməyindən məlumatı olmamış, sonradan Elvinin anası Ziyarətin həmin evi satmağa icazə vermədiyini bilmişdir. Bundan başqa baş verənlər barədə məlumatı olmayıb, onlara kömək etdiyinə görə hər hansı məbləğdə pul almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 bildirdi ki, o, **-BC-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomaşınla taksi fəaliyyəti ilə məşqul olur. Yaşadığı qəsəbədə Elvin adlı şəxs evin satışa qoyduğunu bilirmiş, 2020-ci ilin sentyabr ayında Binə qəsəbəsində yaşayan Ziya adlı şəxs bir nəfər iş yoldaşı ilə ona yaxınlaşmışdır. O, həmin vaxt öz avtomaşını ilə Binə qəsəbəsində “Yaşıl aptek” adlanan yerdə dayanmışdır. Ziya yanındakı şəxsi təqdim edərək iş yoldaşı olduğunu və özünə Binə qəsəbəsində yaşayış evini almaq istədiyini demişdir. O, Ziyaya qəsəbədə yaşayan Elvin adlı şəxsin öz yaşadığı evi satmaq məqsədi ilə sosial şəbəkəyə yerləşdirdiyini demişdir. Ziya özü Elvini tanıyırmış, o, Elvinin və onun ailəsini dəfələrlə taksi kimi aparıb-gətirmişdir. Həmin vaxt Ziya özü Elvini tanıdığını demiş və onlara tərəf getmişlər. Təxminən bir saat sonra onlar geri qayıtdıqda, onlardan nə yerdə olduğunu soruşmuş, sonradan adının Elçin olduğunu bildiyi Ziyanın iş yoldaşı evi almaq üçün pul toplmaq məqsədi ilə rayona gedəcəyini demiş və pulu hissə-hissə Elvinə verəcəyini bildirmişdir. Bundan sonra onlar çıxıb getmişlər. Səhəri gün o, Elvinin qardaşı Emini idarəyə aparan zaman Elvin ondan xahiş etmişdir ki, onu da notariusun yanına yolu üstü aparıb düşürsün. Bundan sonra o, Elvini həmin yerdə düşürmüşdür, ardınca isə Emini işə aparmışdır. Bundan sonra Binə qəsəbəsində kənd icra nümayəndəliyinin yanına gəlmiş, həmin vaxt Elvinlə Elçinin notariusdan çıxdığını görmüş, Elvindən necə olduğunu soruşmuş, o, halalaşdıqlarını evi Elçinə satdığını demişdir. Həmin vaxt onlara xeyir dua vermişdir. Bundan sonra baş verənlər barəsində məlumatı olmamışdır. Lakin, sonradan onların arasında narazıçılığın olduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs uzun illərdi ki, tanıyır. Onunla normal münasibəti var. 2020-ci ilin sentyabr ayında Elçin ondan xahiş etmişdir ki, Binə qəsəbəsində ev alır, onu həmin yerə aparsın. O, Elçini və qohumlarını həmin evə aparmış, onlar evə baxmışlar. Həmin vaxt Elçin evi satan şəxsə beh vermişdir. Səhəri gün onlar yenidən Elçinlə və qohumları ilə birlikdə Binə qəsəbəsinə getmişlər. Orada Notariat Kontorunun yaxınlığında çay içib söhbət etdikdən sonra, onlar notariusa daxil olmuşlar və evi satan şəxs Elçinə etibarnamə vermişdir. Bundan sonra Elçin evi satan Elvin adlı şəxsə pul vermişdir. Həmin vaxt onlar evi ilkin olaraq 17.000 manata qalan pulu isə hissə-hissə verməyi razılaşmışlar. Elçin pulu verəndən sonra onlar şəhərə qayıtmışlar. Bundan bir neçə gün sonra Elvin adlı şəxsin Elçini aldatdığını və evi ona vermədiyini eləcə də aldığı pulu geri qaytarmadığını bilmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 12.09.2020-ci il tarixdə Zərərçəkmiş şəxs özünə ev almaq istəyirdi. Bu barədə həmin günü onlar birlikdə Binə qəsəbəsi ərazisində yerləşən satışa çıxarılan bir neçə evə baxmışlar. Lakin, Zərərçəkmiş şəxs özünə uyğun olan ev tapa bilməmişdir. Onlar birlikdə Binə qəsəbəsi ərazisində çayxanalardan birində oturub çay içib söhbət etmişlər. Bir müddət sonra Ziya Fətullayevin tanıdığı taksi sürücüsü Sübhan adlı şəxs onların yanına gəlmişdir. Söhbət əsnasında X8 Zərərçəkmiş şəxs üçün satdıqda olan ev axtardıqlarını bildirmişdir. Sübhan bu barədə maraqlanıb onlara məlumat verəcəyini bildirmişdir. 15.09.2020-ci il tarixdə Sübhanı yaşadığı məhəllədə gördüyü zaman X9 Elvin adlı şəxsin ev satdığını bildirmişdir. Ziya Fətullayev bu barədə zəng edərək Zərərçəkmiş şəxs demişdir. Zərərçəkmiş şəxs Ziya Fətullayevə rayonda olduğunu bildirərək, evə gedib baxmağı xahiş etmişdir. Ziya Fətullayev həmin evə baxmağa getməmişdir. Əlavə olaraq Sübhana zəng edərək həmin evin şəkillərini çəkərək göndərməyi demişdir. Bir müddət sonra Elvinin qardaşı Emin ona zəng edərək qardaşı Elvinin yaşadığı evi satdığını bildirmişdir. Bundan əlavə olaraq Emindən qardaşı Elvinin nömrəsini alıb onunla danışan zaman Elvin, Zərərçəkmiş şəxs nə qədər pulu olduğunu və avtomaşını olub olmadığını soruşmuşdur. X10 Zərərçəkmiş şəxs 25.000 manat civarında ev axtardığını lakin, avtomaşını olmadığını bildirmişdir. X11 danışıb söhbət edəcəklərini bildirmişdir. 16.09.2020-ci il tarixdə Zərərçəkmiş şəxs Qəbələ rayonundan Bakı şəhərinə gəlmişdir. Gəldiyi günün axşamı işdən onunla birlikdə çıxaraq Təqsirləndirilən şəxsla danışaraq Binə qəsəbəsi Sovxoz ərazisinə gəlmişlər. Həmin günü axşam saat 21:00-da Təqsirləndirilən şəxs məxsus satdıqda olan evə baxmışlar. Evdə Təqsirləndirilən şəxs həyat yoldaşı və 2 körpə uşağı olmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs həyat yoldaşına Zərərçəkmiş şəxs evi almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs evin qiymətini bilib-bilmədiyini soruşmuş və Zərərçəkmiş şəxs ona qiyməti bilmədiyini və danışacaqlarını demişdir. Sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Ziya Fətullayev evin həyətinə baxmaq üçün evdən bayıra çıxmışlar. Həmin zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin evin dəllal tərəfindən 29.000 manata qiymətləndirildiyini və sosial şəbəkədə satışa çıxarıldığını bildirmişdir. Əlavə olaraq özü dəllalə evi 26.000 manata dediyini bildirmişdir. Bundan əlavə olaraq son qiymət 25.000 manat olacağını demişdir. Həmin ev üçün əvvəlcədən Zərərçəkmiş şəxs 17.000 manat pul verəcəyini, 8000 manat pulu isə hər ay 300 manat ödəməklə razılaşmışlar. 18.09.2020-ci il tarixdə Binə qəsəbəsinin mərkəzində yerləşən 31 saylı notariat kontorunun qarşısında qardaşı Şahid1, Zərərçəkmiş şəxs bibisi oğlu Şahid5, qohumu Əkbər adlı şəxs, Sübhan, Ziya Fətullayev, Təqsirləndirilən şəxs və özünü ev alqı-satqısı ilə məşqul olan şəxs kimi təqdim edən Rauf adlı şəxs birlikdə görüşmüşlər. Zərərçəkmiş şəxs qohumları və Təqsirləndirilən şəxs oradan yenidən evə baxmağa getmişlər. Evə baxdıqdan sonra notariat kontorunun qarşısına qayıtmışlar. Orada Təqsirləndirilən şəxs cibindən sarı rəngli kağız yəni evin sənədini Rauf adlı şəxsə şəxsiyyət vəsiqəsi verərək etibarnamə yazdırmasını bildirmişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs öz şəxsiyyət vəsiqəsini həmin şəxsə vermişdir. Sonradan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs notariat kontoruna girmişlər. Onlar notariat kontorundan çıxıb avtomaşına oturmuşlar. Avtomaşında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulu vermişdir. Sonradan Təqsirləndirilən şəxs 19.09.2020-ci il tarixdə Asan xidmətə gedərək satdığı evin qaz, su və elektrik enerjisinin sayğaclarını Zərərçəkmiş şəxs adına keçirəcəyini bildirmişdir. 19.09.2020-ci il tarixdə Ziya Fətullayevə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadaraq ondan 17.000 manat pul almışdır. Həmin puldan Təqsirləndirilən şəxs Ziya Fətullayevə 200 manat pul vermişdir. Həmçinin də Zərərçəkmiş şəxs aylıq əmək haqqını aldığı zaman Ziya Fətullayevə 200 manat pul verəcəyini bildirmişdir. Lakin, məsələdən agah olduqdan sonra Ziya Fətullayev aldığı puldan 100 manatı Təqsirləndirilən şəxs anası Şahid3 qaytarmışdır. Sonradan Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Təqsirləndirilən şəxs anası Şahid3 ona oğlunun aldığı 17.000 manat puldan 3000 manat pul qaytarmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 22.01.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 29.12.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Nizami Rayon Məhkəməsinin 26.04.2016-cı il traixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 66.5-ci maddələri ilə təqsirli bilinərək barəsində 04 il 08 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 21.06.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası CM-nin 66-cı maddəsinə əsasən 29.12.2015-ci il tarixli hökmlə birləşdirilərək qəti olaraq 04 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 29.03.2018-ci il tarxli qərarı ilə Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi hökmdən xaric edilmiş, 29.12.2015-ci il tarixli hökmlə Azərbaycan Respublikası CM-nin 320.2, 66.3, 178.2.2, 178.2.4-cü maddələri ilə təyin edilmiş 04 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 23.11.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15.11.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 320.2-ci maddələri ilə tövsif edilir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddələrinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyandan 3000 manat məbləğində pul vəsaitinin ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08.07.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25.05.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06.09.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.2-ci maddələri ilə təqsirli bilinsin, CM-nin 178.2.4-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 320.2-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli 18.01.2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar