Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-199/2023 28.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı - Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxx 1978-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonu, Kəpənəkçi kəndində anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D.Massivi, ev 66, mənzil 12-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni sahədə fərdi bağ evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qumar oyunlarını təşkil etmiş və keçirmiş, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədilə gəlir əldə etmək üçün yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni sahədə yerləşən fərdi bağ evində 2022-ci ilin avqust ayından etibarən qumar oyunları, yəni pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar təşkil etmiş və keçirmiş, 03 noyabr 2022-ci il tarixdə həmin ünvanda yerləşən mənzilin qonaq otağında özü ilə birlikdə müştərilər Şahid1, Şahid2, Şahid3 və X1 zəruri şərait yaradıb pul uduşlu qumar oyunlarının keçirilməsi üçün yer təşkil edərək saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 noyabr 2022-ci il tarixdə saat 22:00 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni sahədə yerləşən fərdi bağ evinə baxış keçirilən zaman mənzilin qonaq otağında müştərilərin qumar oyunu oynaması müəyyən edilmiş va masanın üzərindən 1697 manat pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 01 dəst oyun kartı aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Namik Rzaguliev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidin ifadəsi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində bildirmişdir ki, o, ailəlidir, 2 övladı var. Qızı ailə həyatı qurmuşdur, oğlunun isə 16 yaşı vardır. Oğlu yaşadıqları evin qarşısında bərbər kimi işləyir. Həmçinin bir azyaşlı nəvəsi də vardır. Özü Gürcüstan Respublikasının vətəndaşı olsa da, demək olar ki, 30 ildən çoxdur ki, Azərbaycan Respublikasında yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni sahə adlı ərazidə fərdi bağ evində ailəsi iə birlikdə yaşayır, tikinti sahəsində usta kimi işləyərək ailəsini dolandırır. Boş vaxtlarında dost-tanışları ilə birlikdə yığışıb puldan kart vasitəsilə qumar oynayaraq vaxtlarını keçirirmişlər. Təxminən 1 il bundan öncə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində nəvəsinə kiçik toy edən zaman toy axşamında dost tanışları ilə məclisin sonunda pul ilə kart vasitəsilə qumar oynamışlar. Həmin məclisdə olan dostlarının içərisində Şahid2, Cəbrayılov Xəyaləddin də olmuşdur. Daha sonra müxtəlif məclislərdə yenidən bir yerdə olmuşlar. Belə ki, onun Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən bağ evi vardır. Aralarında dostluq münasibətləri yaxşılaşdığından təxminən 3-4 ay bundan öncədən başlayaraq 1-2 həftədən bir, bəzən həftə ərzində bir neçə dəfə həmin yoldaşları öz evinə dəvət etmişdir. Evi bağ evi olduğundan, həm genişlik, həm də sakitçilik baxımından orada qumar oynamaqları üçün hər bir şərait var. Belə ki, o, oyuna başlamazdan əvvəl oyunçular üçün kabab çəkmiş, yemək yeyib, içki içdikdən sonra oyuna başlamışlar. Oyun əsasında da çox vaxt onları siqaret və s. ilə təmin etmişdir. O, qumar oyunlarının təşkil edilməsinin qanunla cinayət sayılmasını bildiyi üçün hər adamı evinə çağırmamış, sadəcə güvəndiyi tanışlarını evində təşkil etdiyi qumar oyunlarında iştirak etmələri üçün dəvət etmiş və onlara lazımı şərait yaratmışdır. Onlar qumar oynamaq üçün bir yerə yığışanda demək olar ki, hər zaman eyni komandada olmuşlar. Sonuncu dəfə Şahid1 həmin yoldaşlar vasitəsi ilə 3 ay bundan öncə tanımışdır. Evində hər cür şərait olduğu üçün başqa hər hansı əlavə bir iş görməyinə ehtiyac qalmamış, çünki qumar oyunlarını evinin qonaq otağında təşkil edib keçirmiş, orada da masa, stollar, işıqlandırma, yəni lazım olan hər bir şey var. Sadəcə olaraq bir dəst oyun kartı əldə etmişdir və hər dəfə toplaşanda o kartı çıxarıb masanın üzərinə qoymuşdur. O, həmin tanışlarını bağ evinə hər dəfə qumar oynamaq üçün çağıran zaman ailə üzvlərini qonşuluqda yaşayan qızıgilə göndərmiş ki, evdə heç kim olmasın. Oynun şərtlərinə görə hər dəfə sekadan ona 5 manat pul verilmiş, ümumilikdə hər dəfə qumar oyununun nəticəsində ona 100-150 manat pul qalmış, ona qalan pulun hamısını özünə götürmürmüş, onun bir hissəsini oyunçular üçün yemək, içki, siqaret və s.almışdır. 03 noyabr 2022-ci il tarixdə saat 18 radələrində o, Şahid2, Şahid3, Cəbrayılov Xəyalədin, Şahid1 yaşadığı evə yeyib içməyə və daha sonra da qumar oynamağa dəvət etmişdir. Onlar təxminən 1-2 saat sonra onun evinə gəlmişlər, əvvəl yeyib-içmişlər, sonra qumar oynamağa başlamışlar. Həmin gün ümumilikdə təxminən 10-15 oyun oynamışdırlar. Onun özü 300 manat pul ilə oyuna başlamış, 80 manat pul qazanmışdır. Digər oyunçuların da hər birinin qabağında 80-90 manat pul olmuşdur. Bir neçə saat sonra, saat 22 radələrində qumar oynayan zaman evin həyətinin qapısı döyülmüş, o, qapını açan zaman qapıda dayanan mülki geyimli şəxsləri görmüşdür. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdirlər və yaşadığı evdə qumar oyunu təşkil etməyi barədə onlarda olan əməliyyat məlumatı əsasında evinə baxış keçirəcəklərini demişdirlər. O da bunun üçün onlara icazə vermiş və onları evinin qonaq otağına gətirmişdir. Həmin vaxt digər 4 nəfər masanın arxasında əyləşib onu gözləmişlər. Polis əməkdaşları içəri daxil olan zaman masanın üzərində olan pul vəsaitlərini və paylanılmış kartları aşkar etmişər. O, polis əməkdaşlarına oynadıqları qumar oyununu onun təşkil etdiyini, orada olan şəxslərin evinə qumar oynamağa onun tərəfindən dəvət edildiyini, hər sekadan ona 5 manat verildiyini etiraf etmişdir. Polis əməkdaşları içəri daxil olarkən qumar masasının üzərində paylanılmış şəkildə olan kart dəstini və ümumilikdə 1697 manat pulu sayaraq götürmüşdür. Bütün bu hərəkətlər onun icazəsi ilə videoçəkiliş aparmaqla həyata keçirilmişdir. Daha sonra onları Baş İdarəyə gətirmişdirlər. O, qumar oynamağın qanunsuz olduğunu bilir, onu təşkil etməyin isə daha ağır məsuliyyətə səbəb olacağını dərk edir, lakin heç vaxt fikirləşməmişdir ki, yaşadığı evdə qumar oyunları təşkil etməyindən polis orqanlarının xəbəri olar. Həmçinin bildirmişdir ki, o, dostlarını evinə dəvət edərək təxminən 4 dəfə qumar oyunu təşkil etmiş və onlarla birlikdə o da oynamışdır. İlk dəfə cinayət törətdiyini, törətdiyi əməli səmimi etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində dostunun oğlunun kiçik toyunda qumar oynayan zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Asimdən öncə də Mövləni tanımışdır. Asim onları bir neçə dəfə bağ evinə qonaq çağırmış, onlar orada yeyib içdikdən sonra Asimin təklifi ilə orada qumar oynamışlar. Son 3 aydır ki, hər ayda 6-7 dəfə Təqsirləndirilən şəxs evində qumar oynamışdır. Qumar oyununu o, Təqsirləndirilən şəxs, Xəyal Cəbrayılov, Şahid2 və Şahid1 ilə birlikdə oynamışlar. Hər dəfə sekadan Təqsirləndirilən şəxs 5 manat pul vermişlər. Bir dəfəyə 50 oyun oynamışlar. Ümumilikdə, hər dəfə qumar oyununun nəticəsində Asimə 100-150 manat pul vermişlər. Hər oyunu adam başına 5-10 manatdan oynamışlar. Hər oyunun 5-10 manatdan oynanılmasını onlar özləri öz aralarında qayda kimi qoymuşdurlar. Onlar hər dəfə həmin evə Təqsirləndirilən şəxs dəvəti ilə qumar oynamağa getmişlər. 03 noyabr 2022-ci il tarixdə saat 18 radələrində o, Təqsirləndirilən şəxs ilə zəngləşmiş və Təqsirləndirilən şəxs yaşadığı qeyd olunmuş Xəzər rayonu, Şağan qəsəbəsi, yeni sahədə yerləşən bağ evinə getmişdir. O, yemək yemiş, sonra qumar oynamağa başlamışlar. Qumarı Poker oyunu ilə kartla oynamışlar. Asim, Zakir Mövlə, Elşənlə kartla pul qarşılığında qumar oynamağa başlamışlar. Ümumilikdə 10-15 oyun oynamışlar. O, 150 manat pul ilə oyuna başlamış, 50 manat uduzmuş və 100 manat pulu qalmışdır. Bir neçə saat sonra saat 22 radələrində evin həyətinin qapısı döyülmüş,. Asim qapını açmışdır. Sonra Asim polis əməkdaşlarını evə dəvət etmişdir. Həmin şəxslər BMCMİ-nin əməkdaşları olduqlarını demiş və evdə qumar oynamaqları ilə bağlı onları sorğusual etmişlər. Masanın üzərində olan pul vəsaitlərini və paylanılmış kartları aşkar etmişlər. O, həmin oyunda iştirak edənlər kimi kart oyununda hər sekadan Təqsirləndirilən şəxs 5 manat pul verdiyini, burada Təqsirləndirilən şəxs dəvəti ilə əvvəllər də qumar oynadığını bildirmişdir. Baxış zamanı onların qumar oynadıqları masa üzərində kartlar və təxminən 1650 manat pul olması və 1 ədəd kart dəsti paylanılmış şəkildə aşkar edilmişdir. Həmin əşyalar polis əməkdaşları tərəfindən götürülmüş və onlar da BMCMİ-ə dəvət edilmişdirlər. Əməlinin qanunsuz olduğunu dərk etmişdir. O, Təqsirləndirilən şəxs evində 6-7 dəfə qumar oynamışdır. Onun iştirak etdiyi oyunlarda iştirakçılar hər dəfəsində eyni adamlar olmuş, yəni qumar oyununu Təqsirləndirilən şəxs, Şahid2, Şahid1, Xəyal Cəbrayılovla birlikdə oynamışdır. O, Təqsirləndirilən şəxs təşkil etdiyi qumar oyunlarında iştirak etdiyi müddətdə, təxminən 100 manata yaxın pul uduzmuşdur. O, bu vaxta kimi Təqsirləndirilən şəxs təşkil etdiyi qumar oyunundan başqa digər hansısa yerdə qumar oynamamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, X.Cəbrayılov, Şahid5, Şahid6, Şahid7 elan edilmiş ifadələri ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1978-cu ildə Gürcüstan Respublikasında doğulmuş Təqsirləndirilən şəxsin məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 244-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində bu günədək Şağan qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs İsaev Rashadın əməlində cinayət tərkibi vardır. Lakin ittiham aktına əsasən onun törətmiş olduğu cinayət əməli düzgün olmayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinə əsasən Qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama – beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 244.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 244.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzanın təqsirləndirilən şəxsə təyin edilməsini məhkəmə ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər.” Təqsirləndirilən şəxsin barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Maddi sübut qumar oyunlarının oynanılması üçün 01 dəst oyun kartı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Maddi sübut 1.697 (bir min altı yüz doxsan yeddi) manat pul hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməlidir. Cinayət işinin materialları olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 6 000 (altı min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut qumar oyunlarının oynanılması üçün 01 dəst oyun kartı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut 1.697 (bir min altı yüz doxsan yeddi) manat pul hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin. Cinayət işinin materialları olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-199/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-199/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver