Məhkəmə qərarları › İş №1(003)-200/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-200/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-200/2022 19.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrar olaraq özgənin əmlakını gizli olaraq talama məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 dekabr 2021-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən nömrəsiz bağ evinə hasardan tullanmaqla qanunsuz daxil olaraq, evin həyətindəki saxlanc yeri olan əl damının qapısından içəri daxil olaraq içəridən hər birinin dəyəri 100 manat olan 03 ədəd su matorunu, 01 ədəd dəyəri 80 manat olan odun samovarını, 01 ədəd dəyəri 70 manat olan su qızdırıcını, dəyəri 100 manat olan kondisionerin mis ehtiyat hissələrini və hər metri 5 manat olan 60 metr uzunluğunda içərisində 4 kabel olan 4-lük elektrik kabelini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 850 manat dəyərində miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 dekabr 2021ci il tarixdə, saat 14 saatlarında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən nömrəsiz bağ evinə hasardan tullanmaqla qanunsuz daxil olaraq, evin həyətindəki saxlanc yeri olan əl damının pəncərəsindən içəri daxil olaraq içəridən 01 ədəd dəyəri 150 manat olan "BK" markalı kondisioneri, 01 ədəd, dəyəri 50 manat olan dreli, 01 ədəd dəyəri 30 manat olan dreli, 01 ədəd dəyəri 200 manat olan laqondanı, 01 ədəd dəyəri 150 manat olna su matorunu, 01 ədəd dəyəri 100 manat su matorunu, 01 ədəd dəyəri 50 manat olan tozsoranı və hər metri 70 qəpik olan 60 metr uzunluğunda 4-lük elektrik kabelini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 772 manat dəyərində miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən nömrəsiz bağ evinə hasardan tullanmaqla qanunsuz daxil olaraq, evin həyətindəki saxlanc yeri olan əl damının qıfılını dəmir alətlə sındıraraq içəri daxil olaraq içəridən 01 ədəd dəyəri 350 manat olan "İsma Bull" markalı velosipedi və 02 ədəd hər birinin dəyəri 50 manat olan samovarları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 450 manat dəyərində miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 25 dekabr 2021-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində qonşuluqda olan bağda heç kimin olmadığını bildiyi üçün hasardan tullanaraq həyətdəki əl damından 01 ədəd odun samovarını, elektrik kabelini, mis qırıntılarını və 01 ədəd su qızdırıcını oğurlayıb dəmir yığan "Qazel" markalı avtomobilə ümumilikdə 90 manata satmışdır. Bundan başqa 29 dekabr 2021-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində qonşuluqda olan yaşayış olmadığını bildiyi bağa hasardan tullanaraq daxil olmuşdur. Həyətdəki əl damından 01 ədəd drel, 01 ədəd laqonda və elektrik kabelini oğurlayıb dəmir yığan "Qazel" markalı avtomobilə ümumilikdə 50 manata satmışdır. Bundan əlavə 21 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində evində yaşayış olmayan digər həyətə hasardan daxil olmuşdur. Həyətdəki əl damının qıfılını dəmir alətlə sındırıb oradan 01 ədəd velosipedi və 02 ədəd odun samovarı oğurlamışdır. Velosipedi Zirə qəsəbəsi, Qışlaq adlanan ərazidə tanımadığı şəxsə 100 manata satmışdır. Samovarları isə dəmir yığan "Qazel" markalı avtomobilə 60 manata satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyacları üün xərcləmişdir. Sonradan polis əməkdaşlarının həmin evdən oğurluq edən adamı axtardıqlarını bildiyi üçün Zirə qəsəbəsinə gedib velosipedi satdığı adama 100 manat verib velosipedi geri almış və ev sahibinin görüb götürməsi üçün oğurladığı evin hasarına söykəmişdir. Törətdiyi əməldən peşman olduğunu, sol böyrəyində daş olduğunu, sağtərəfli hidronefroz, xroniki pielonefrit və soltərəfli pieloektaziya xəstəliyindən əziyyət çəkdiyini bildirərək məhkəmədən yüngül cəzanın təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ona məxsus Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən nömrəsiz bağ evində heç kəs yaşamır. 20 yanvar 2022-ci il tarixdə, saat 18 radələrində bağ evindəki əl damını bağlayıb çıxıb getmişdir. 22 yanvar 2022-ci il tarixdə, saat 13:30 radələrində bağ evinə gələrkən əl damının qıfılının sındırıldığını, içəridən hər birinin dəyəri 50 manat olan 02 ədəd odun samovarının və dəyəri 500 manat olan 01 ədəd «İsmabayıl» markalı velosipedin oğurlandığını müəyyən etmişdir. O, DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Sonra polis əməkdaşları gələrək baxış keçirmişlər. Oğurluq nəticəsində ona 600 manat maddi ziyan dəymişdir. Bundan sonra o, velosipedi hasarın yanından tapmışdır. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi və ona yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ona məxsus Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən nömrəsiz bağ evində heç kəs yaşamır. 18 dekabr 2021-ci il tarixdə, saat 17 radələrində bağ evinin qapı və pəncərələrini bağlayıb getmişdir. 25 dekabr 2021-ci il tarixdə, saat 16:30 radələrində bağ evinə gələn zaman əl damının qapısının açıq olduğunu görüb içəri baxarkən hər birinin dəyəri 100 manat olan 03 ədəd su matorunun, 80 manat dəyərində 01 ədəd odun samovarının, 70 manat dəyəri 01 ədəd su qızdırıcısının, ümumi dəyəri 100 manat olan kondisionerin mis ehtiyyat hissələrinin və hər metri 5 manat olan 60 metr uzunluğunda içərisində 4 kabel olan 4-lük kabelin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluqla bağlı DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və polis əməkdaşları gələrək baxış keçirmişlər. Oğurluq zamanı ona 850 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə ərizə təqdim etdi. Məhkəmədə Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Xəzər rayonu, Türkan qəsəbəsində bağ evi vardır və orada heç kəs yaşamır. 25 dekabr 2021-ci il tarixdə, saat 15 radələrində bağ evinin qapı və pəncərələrini bağlayıb getmişdir. 02 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində bağ evinə gələndə yardımçı tikilinin pəncərəsinin şüşəsinin çıxarıldığını görüb içəriyə baxdıqda 150 manat olan 01 ədəd "BK" markalı kondisionerin, dəyəri 50 manat olan 01 ədəd drelin, dəyəri 30 manat olan 01 ədəd drelin, dəyəri 200 manat olan 01 ədəd laqondanın, dəyəri 150 manat olan 01 ədəd su matorunun, dəyəri 100 manat olan 01 su matorunun, dəyəri 50 manat olan tozsoranın və hər metri 70 qəpik olan 60 matr uzunluğunda 4-lük elektrik kabelinin oğurlandığını aşkar etmişdir. O, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və polis əməkdaşları gələrək baxış keçirmişlər. Oğurluq nəticəsində ona 772 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə ərizə təqdim etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 mart 2022-ci il tarixli, 9/1450 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd "İsma Bull" markalı, qara-yaşıl rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 350,0 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 24 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, 29 oktyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin 10 may 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 20 sentyabr 2021ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin təsiri altına düşdüyündən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 fevral 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cinayət törətməyə görə məhkum olunmasına, məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən cinayət törətməsinə baxmayaraq onun əməli cinayətin residivini yaratmır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılığını, xəstəliyini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmasını, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 1 il 1 ay 11 günü çəkilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 04 fevral 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 04 fevral 2022-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Tural Aslanovun 10 mart 2022-ci il tarixli qərarından görünür ki, 01 ədəd «İsma Bull» markalı, qara-yaşıl rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 ədəd «İsma Bull» markalı, qarayaşıl rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışlar. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişlər. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat olmaqla, ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ödənilməsi üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 11 (on bir) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 6 (altı) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə o, qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 04 fevral 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd «İsma Bull» markalı, qara-yaşıl rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar