Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-201/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,577 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 20 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Gənclər küçəsinə kimi daşımış, həmin gün orada 18:30-da piyada hərəkətdə olarkən Xəzər RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən oğurluq hadisəsi törətməkdə şübhəli şəxs kimi saxlanılaraq həmin gün saat 22:15-də Polis İdarəsinin X8 təhvil verilərkən ayrılmış xüsusi otaqda mövcud Qaydalara uyğun olaraq üzərində MSY-nin əməkdaşları tərəfindən yoxlama aparılan zaman əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibində 01 ədəd şəffaf rəngli kağıza bükülmüş təmiz çəkisi 0,577 qram olan kütləsi kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, narkotik vasitə üzərindən çıxmamışdır. O, piyada formada hərəkətdə olan zaman tutulmamışdır. O, avtomobildə olan zaman saxlanılmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə 18:30 radələrində Xəzər rayonu Türkan qəsəbəsi ərazisində Hövsan qəsəbəsi istiqamətinə gedən zaman yolun kənarında marketə girərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Miri və Hüzri adlı şəxslərlə avtomobil ilə Hövsan qəsəbəsinə gedən zaman saxlanılmışdır. Avtomobil Hüzriyə məxsus olmuşdur. Hüzrü və Miri marketə girmişdirlər. O, isə avtomobildə qalmışdır. Polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları avtomobildən narkotik vasitə aşkar edildiyini bildirmişlər. Onu polis avtomobilinə əyləşdirmişlər. Yanında olan iki nəfəri isə öz avtomobili ilə şöbəyə aparmışlar. Onları 3 nəfər polis əməkdaşı aparmışdır. Onların adını Pərviz və Natiq kimi eşitmişdir. İdarənin içərisinə aparmışlar. Narkotik vasitəni stolun üstünə atmışlar. O, qəbul etmədiyindən Pərviz və Dostməmməd onu döymüşdür. Onu sillə və təpiklə qarnından, üzündən və ayağından vurmuşdurlar. Ancaq xəsarəti olmamışdır. Səhərə kimi orda saxlanılmışdır. MSY-nə yerləşdirəndə 2 büküm narkotiki sağ cibinə məcburi qoymuşlar. Lakin MSY-nin əməkdaşları narkotik vasitə cibinə qoyulanda görməmişdirlər. MSY-nin əməkdaşı ondan üzərində nə varsa çıxarmasını tələb etmişdir. O da cibindən siqareti çıxarmışdır. Sonra isə narkotik vasitəni cibindən çıxardıb təqdim etmişdir. MSY-nin əməkdaşlarına həmin narkotiki Pərvizin onun cibinə qoyduğunu demişdir. Vəkilinə bu barədə məlumat verməmişdir. Bazar günü onu buraxmışdırlar. Sonra məhkəmədən çağrılan zaman bilmişdir ki, narkotik vasitənin üzərindən çıxması faktı üzrə məhkəməyə verilmişdir. Heç bir orqana şikayət etməmişdir. Müstəntiqin göstərdiyi yerləri imzalamışdır. Avtomobil yanında olan iki nəfərdən şəxsdən birinə məxsus olmuşdur. O, müştəri kimi həmin avtomobilə əyləşmişdir. Mağazaya getmək istəyən zaman boynunun arxasından tutub “Range Rover” markalı avtomobilə əyləşdirmişdirlər. **-PK-*** dövlət qeydiyyat nişanlı, “Prius” markalı avtomobilə Hövsana getmək üçün sərnişin kimi əyləşmişdir. Ancaq həmin şəxsləri əvvəlcədən tanımamış və heç bir münasibətləri olmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə, məhkəməyədək icraat dövründə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olmaqla qazanc əldə edir, təqribən 1 ay olar ki, narkotik vasitə istifadə edir, 20 dekabr 2024-cü il tarixdə saat 18 radələrində şəxsi istifadəsi üçün qəsəbədə üzdən tanıdığı lakin hər hansı bir anket məlumatlarını bilmədiyi şəxsə 90 manat ödəməklə 01 büküm patı və 01 büküm nəşə almışdır. Həmin an qəsəbədə hərəktdə olan zaman polis əməkdaşları ona yaxınlaşmış, polis vəsiqələrini təqdim etdikdən sonra baş vermiş oğurluq cinayətində şübhəli bilindiyini qeyd edib onu Xəzər RPİ-nə aparmışlar. Bundan sonra o, X8 Təhvil verilən zaman bir neçə saat öncə şəxsi istifadəsi üçün aldığı və əynində olan qəhvəyi rəngli gödəkçəsinin cibində saxladığı iki büküm maddə aşkar olunaraq götürülmüşdür. Qeyd etdiyi kimi həmin bükümlərdən biri psixotrop maddə metamfetamin, digəri isə qurudulmuş marixuana olmuş, daha sonra isə onun və vəkilinin iştirakı ilə aşkar olunmuş maddələr zərflərə qoyularaq möhürlənib müvafiq ekspertiza təyin olunması üçün götürülmüşdür. Həmin narkotik vasitədən və psixotrop maddədən heç kimə satmamış, heç kimə hədiyyə verməmişdir. O, həmin narkotik vasitəni və psixotrop maddəni öz istifadəsi üçün saxlamışdır, heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamamışdır, ona polis şöbəsində olan zaman psixi və psixi zor tətbiq olunmamış, onunla yaxşı rəftar olunmuşdur. Təqsirləndirilən şəxs son sözündə barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, MSY-də polis nəfəri vəzifəsində işləyir. Hadisəni tam xatırlamır. 2 büküm narkotik vasitə aşkarlanmışdır. Gün ərzində çox insan gətirilir deyə, hadisəni tam xatırlamır. İlkin MSY-nə yerləşdirilən zaman üzərindən narkotik vasitəsi aşkar edilmişdir. Şahid2 da postda olmuşdur. MSY-nə yerləşdirilən bütün şəxslər tam şəkildə yoxlanılırlar. Biri ot bükümü və biri isə duz kristalına bənzər narkotik vasitə aşkar edilmişdir. İlkin narkotik vasitəni təqdim edəndə, nə deməsini xatırlamır. Bütün sənədləşməni özü aparmışdır. Gətirilən zaman İlkinin üzərində xəsarət aşkar edilməmişdir. Növbə zamanı bir növbətçi, 3 nəfər polis serjantı onunla xidmət aparır. MSY-nə gətirilən şəxslərin üzərindən çıxan bütün əşyalar aktlaşdırılır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin MSY-nin polis nəfəri vəzifəsində işləyən Şahid2 bildirdi ki, MSY-də xidmət aparan zaman şəxsin üzərində 2 bükülü, yəni şəffaf kristal şəkilli maddə və ot aşkar edilmişdir. Axşam üstü MSY-nə təhvil verilmişdir. Üzərinə baxış keçirilən zaman Qəzənfər adlı iş yoldaşı da yanında olmuşdur. Yoxlanış keçirən zaman gödəkçəsini çıxarıb, içərisində nə varsa stolun üstünə qoymasını tələb etmişdir. Çünki, yoxlanışı aparmaq onun vəzifəsidir. İlkin adlı həmin şəxsə də cibində olan iki büküm narkotik vasitəni təqdim etmiş və tanımadığı şəxsdən aldığını bildirmişdir. Baxış zamanı əməliyyatçılar iştirak etməmişdir. Ancaq MSY-nin əməkdaşları iştirak emişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 bildirdi ki, müstəntiqin əməliyyat axtarış barədə qərarı əsasında Təqsirləndirilən şəxs idarəyə gətirmişdirlər. Müstəntiqin qərarı əsasında şəxs şübhəli şəxs qismində tutulmuşdur. MSY-nə yerləşdirilən zaman üzərində 2 büküm narkotik vasitə aşkar edilmişdir. Qanuna müvafiq qaydada saxlanılmışdır. İlkin tək saxlanılmış və idarəyə tək gətirilmişdir. Onu saxlayan zaman üzərinə baxış keçirilməmiş, onu ancaq istintaq şöbəsinə təhvil vermişdirlər. Oğurluq hadəsinə görə saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin CAŞ-nin kiçik inişpektoru vəzifəsində işləyən Şahid4 bildirdi ki, Xəzər RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən onlara X3 yerinin müəyyən edilərək istintaqa təhvil verilməsi barədə əməliyyatı tapşırığ verilmişdir. Tapşırıq əsasında o, saxlanılaraq istintaqa təhvil verilmişdir. Sonuncu müstəntiq tərəfindən tutularaq MSY-nə təhvil verilən zaman üzərində narkotik vasitə aşkar edilmişdir. Ancaq onların MSY-nə daxil olması qadağan olduğu üçün MSY-nə girə bilməmişdir. Ancaq onun üzərindən narkotik vasitəsi çıxmasını uzaqdan görmüşdür. Ona qarşı fiziki və yaxud psixoloji təzyiq edilməmişdir. Onun üzərində axtarış keçirməmişdirlər. Sadəcə şəxsi müstəntiq Məmməd Cəfərova təhvil vermişdirlər və dindirilməsində iştirak etməmişdir. İlkin tək gətirilmişdir. Onunla birlikdə başqa şəxsləri gətirməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2024-cü il tarixli, 6/5536 nömrəli ekspert rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №43” dirəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,577 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2024-cü il tarixli, 7/2032 nömrəli ekspert rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd büküm........” yazılar və imzalar olan zərfdə bir ədəd gümüşü ağ kağız kəsiyi bükümdə təmiz çəkisi 0,368 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın nəticələrinə dair 09 yanvar 2025-ci il tarixli, 92 nömrəli rəy məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan: -“Cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-yə məxsus magistral avtomobil yollarının sfalt örtüyünün kənarlarında quraşdırılmış 32 ədəd su qəbuledici quyuların çuqun barmaqlarının oğurlanması nəticəsində 5000 manat ziyan dəyməsi barədə” faktı üzrə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı həmin maddə ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində Xəzər RPİ-nin 3-cü PŞ-nin baş müstəntiqi, polis mayoru X6 tərəfindən tutulmuşdur. -Tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında” xx.xx.2024-cü il tarixdə, saat 22:10-da tərtib edilmiş protokolun surətindən görünür ki, tutulmuş şəxs Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş, axtarış zamanı bel kəməri, qol saatı, təsbeh, 1 ədəd “Samsung” markalı mobil telefon, qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən biri şəffaf selofanda, digəri gümüşü rəngli kağıza bükülmüş ümumilikdə iki ədəd büküm aşkar edilərək götürüldü. Şəffaf sellofanda olan bükümdə ağ rəngli kristal maddə, gümüşü kağız bükümdə isə quru bitki kütləsi aşkar olunmuşdur. -Xəzər RPİ-nin MSY-nin rəisi, polis mayoru X11 RPİ-nin rəisi v.m.i.e, polis polkovniki Həsən İsmayılova ünvanladığı xx.xx.2024-cü il tarixli raportundan görünür ki, 20.12..2024cü il tarixdə saat 22:15 radələrində Xəzər RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Məmməd Cəfərov tərəfindən AR CM-nin 177.2.3-2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən iki ədəd, biri şəffaf selofanda şəffaf kristal maddə, digəri gümüşü rəngli kağızda quru bitki kütləsi aşkar edilərək götürülmüş və zərfə qoyulub qablaşdırılmışdır. -“Cinayət işinin materiallarından başqa cinayət işi ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haaqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılması və həmin cinayət işinin icraatına qəbul edilərək istintaqının davam etdirilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-nin baş müstəntiqi, polis mayoru X6 tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin MSY-dən azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hal(lar) müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, özünü müdafiə etməyə və bununla da cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhd kimi qəbul edir. Belə ki, həmin ifadə məhkəmə istintaq zamanı tədqiqi edilmiş mümkün və mötəbər sübutların məcbusu ilə tam olaraq təkzib olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,527 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və qalıq 0,318 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 135 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,527 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və qalıq 0,318 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 135 (bir yüz otuz beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 120 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-201/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-201/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver