Məhkəmə qərarları › İş №1(003)-202/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-202/2022

14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-202/2022 14.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə 05 dekabr 1994-cü ildə Gürcüstan Respublikası, Bolnisi rayonu, Darvaz kəndində anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Bolnisi rayonu, Darvaz kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində etibarnamə əsasında idarə etdiyi Temuri Novruzovun mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes Benz” minik markalı, LL 884 OO dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Mərdəkan şossesi ilə Mərdəkan qəsəbəsi istiqamətində saatda 110 km/saat sürətlə hərəkətdə olmuşdur. Bu zaman yolun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisinə düşən hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yəni, onun hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək mövcud şəraitdə ehtiyatsızlıqdan yolu sağdan sola adi qaçışla keçən piyada 20 noyabr 1962-ci il təvəllüdlü X2 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığına AĞİR dərəcəli zərər vuran bədən xəsarətləri yetirərək hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gürcüstan vətəndaşı olsa da, 6-cı sinifdən Azərbaycanda yaşayır və təhsilini Azərbaycan dilində almışdır. X1 3 il olar ki, Gürcüstanda “Mersedes Benz” markalı, LL 884 OO markalı avtomobili Temuri Novruzovdan etibarnamə əsasında almışdır. Qardaşı da, avtomobili idarə etmək üçün ona müvəqqəti etibarnamə vermişdir. O, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 11 yanvar 2022-ci il tarixdə qardaşı Elvarla birlikdə Pirallahıda yaşayan bibisigilə getmək istəmişdir. Benzin pulunu çıxarmaq üçün qardaşı Elvarla birlikdə saat 20 radələrində Koroğlu metrostansiyasından 3 nəfər qadını müştəri kimi avtomobilə mindirib Pirallahıya getmək üçün Mərdəkan şossesi istiqamətində 100-110 km/saat sürətlə hərəkət etmişdir. Binə qəsəbəsinə çatanda Grandmarketin yaxınlığında 1- 2 metr məsafədə yolu sağdan sola bir nəfər orta yaşlı qadının qəfil qarşısına çıxmışdır. Onun başı qarşısında hərəkət edən avtomobilə qarışdığı üçün sağ tərəfdən gələn qadını görməmişdir. O, əyləcdən istifadə edib avtomobili saxlamaq istəsə də, qadını avtomobilin qabaq sağ hissəsi ilə vurduqdan sonra avtomobili sağa çəkib saxlamışdır. Avtomobildən düşüb yerdə uzanan qadına yaxınlaşanda qadın sağ olmuş və o, dərhal təcili tibbi yardıma zəng etmişdir. Bir neçə dəqiqə sonra təcili yardım gələndə qadın artıq vəfat etmişdir. Bundan bir qədər sonra o, hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nə getmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahiadin ifadəsi və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, Gürcüstan vətəndaşı olsa da, 7-ci sinifdən Azərbaycanda yaşayır. Milliyyətcə azərbaycanlıdır və təhsilini Azərbaycan dilində almışdır. Təxminən 3 il əvvəl Gürcüstanda “Mersedes Benz” markalı, LL 884 OO markalı avtomobili Temuri Novruzovdan etibarnamə ilə almışdır. Həmin avtomobili idarə etmək üçün qardaşı Renata müvəqqəti etibarnamə vermişdir. Renat həmin avtomobillə arada taksi fəaliyyəti ilə məşğul olmuşdur. 11 yanvar 2022-ci il tarixdə qardaşı Renatla birlikdə Pirallahıda yaşayan bibisigilə getmək istəmişlər. Benzin pulunu çıxarmaq üçün qardaşı Renatla birlikdə saat 20 radələrində Koroğlu metrostansiyasından Pirallahıya aparmaq üçün 3 nəfər qadını müştəri kimi avtomoblə mindirib üzü Mərdəkan şossesi istiqamətində saatda 100-110 km/saat sürətlə hərəkət etmişlər. Avtomobili Renat idarə etmişdir, o isə ön sərnişin oturacağında əyləşmişdir. Binə qəsəbəsinə çatanda Grandmarketin yaxınlığında orta yaşlı bir qadın qəfil qarşılarına çıxmışdır. Qardaşı Renat qadını avtomobilin qabaq sağ hissəsi ilə vurduqdan sonra avtomobili saxlamış və o, Renat ilə yerdə uzanan qadına yaxınlaşanda qadın sağ olmuşdur. Renat dərhal təcili yardıma zəng etmiş və təcili yardım gələnə qədər qadın artıq vəfat etmişdir. Bundan bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmiş və Renat polis əməkdaşları ilə birlikdə Xəzər RPİnə getmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X6 istintaq zamanı ifadəsində göstərmişdir ki, mərhum X3 onun anasıdır. 11 yanvar 2022-ci il tarixdə axşam saatlarında anası evə gəlmədiyindən anasına zəng etsə də, cavab verən olmamışdır. Daha sonra xəbəri olmuşdur ki, anası yol keçərkən onu maşın vurmuşdur. O, anasının xəstəxanada olduğunu zənn etdiyi üçün maşın ilə 26 saylı xəstəxanaya gəlmişdir. Lakin qapıda duran mühafizəçilər onu ekspertiza şöbəsinin morq hissəsinə göndərmişlər. Oraya gedən zaman anasının yol-nəqliyyat hadisəsi nəticəsində rəhmətə getdiyini və hazırda morqda olduğunu demişlər. Sonra anasını morqdan çıxarıb evə aparmışlar və anasını dəfn etmişlər. 23 may 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmadığını, onunla barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirmiş və məhkəmə iclasında iştirak edə bilməyəcəyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatət təqdim edərək göstərdi ki, Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində etibarnamə əsasında idarə etdiyi Temuri Novruzovun mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes Benz” minik markalı, LL 884 00 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Mərdəkan şossesi ilə Mərdəkan qəsəbəsi istiqamətində saatda 110 km/saat sürətlə hərəkətdə olan zaman yolun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisinə düşən hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni onun hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək mövcud şəraitdə ehtiyatsızlıqdan yolu sağdan sola adi qaçışla keçən, piyada xx.xx.1962-ci il təvəllüdlü X2 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq sonuncuya ənsə nahiyəsinin, sağ və sol dizin geniş ölçülü əzilmiş yaraları, alın nahiyəsinin, burun belinin, sağ bazunun, sol bazunun yuxarı üçdə birindən sol kürək nahiyəsinə doğru davam edən sol körpücük nahiyəsinin, sağ və sol süd vəzisinin, qarının ön divarının sol yarısının, qarının ön divarının aşağı üçdə birinin, sağ əlin arxa səthinin sıyrıqları, sağ baldırın orta üçdə birinin ön-bayır səthinin qançırları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, ənsə sümüyünün basılmış, qəlpəli sınığı, sol İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ və sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətt üzrə qapalı, yerdəyişən sınıqları, sağ və sol bazu sümüyünün qapalı yerdəyişən sınığı, sağ və sol baldır, sümüklərinin qapalı, yerdəyişən sınıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirərək hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Gürcüstan Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə daxil olmuş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti yaşamaq üçün icazə alaraq Bakı şəhəri Binə qəsəbəsində olduğu yer üzrə qeydiyyata alınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Təqsirləndirilən şəxs həmin Qanunun tələblərinə riayət etməyərək, Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini dəyişdirməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2022-ci il tarixli qərarında göstərilmişdir ki, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərində hərəkətində daha ağır, yəni Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyi üçün cinayət işinin baxılmasına xitam verilməsi və ona həmin ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Müdafiəçi cinayət işinin təqsirləndirilən şəxsə ağır ittiham irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə vəsatətin əsassız olduğunu bildirdi və bu barədə etiraz təqdim etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəsatətin təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi dövlət ittihamçısının vəsatətinə əsasən təqsirləndirilən şəxsə qarşı daha ağır, yəni Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan ittiham irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 318.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilsin və dövlət ittihamçısının vəsatətinə əsasən cinayət işi təqsirləndirilən şəxsə daha ağır, yəni Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan ittiham irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan şikayət verilə bilməz. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar