Məhkəmə qərarları › İş №1(003)-202/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-202/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-202/2023 21.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 3-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs dövlət və ictimai əhəmiyyətli qaz xəttini gizli olaraq talayaraq oğurlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin dekabır ayının təxminən ortalarında saat 18 radələrində dövlət və ictimai əhəmiyyətli olan “SOCAR” “Azəriqaz” İB-nin Bakı Regional Qaz Satışı Departamentinin balansında olan Xəzər rayonu Buzovna qəsəbəsi M.Musayev küçəsindən keçən 01 metri 39,36 manat olmaqla ümumi dəyəri 1574,40 manat olan D76 mm-lik küçə qaz xəttinin 40 metr uzunluğunda olan hissəsini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “SOCAR” “Azəriqaz” İB-nə 1574,40 (min beş yüz yetmiş dörd, qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, heç bir oğurluq cinayətini törətməmiş və bu barədə heç bir məlumatı olmamış, həmin qaz borusunu oğurlamamışdır. O, həm “Azəriqaz” İB-də işləmiş, həm də podrat işləri görmüşdür. İbtidai istintaq zamanı müstəntiqə də bildirmişdir ki, hadisə yerinə baxış keçirilsin, borunun hara istifadə olunduğu, hansı hissədə oğurlandığı müəyyən edilsin. Müstəntiq iş materialları ilə onu tanış etməmiş, guya tanış olmaqdan imtina etməsini qeyd etmişdir. “Azəriqaz” İB-nə müraciət edildikdən sonra hüquqşünasla birlikdə gedib əraziyə baxış keçirmişlər. 32-33 metr boru onun iştirakı ilə kəsilmiş və elə həmin gün başqa yerdə quraşdırılmışdır, lakin həmin vaxt o, orada olmamışdır. Qaz xətləri yerdən 2-3 metr hündürlükdən keçmişdir. Vətəndaşın müraciəti əsasında ona köməklik etmək məqsədilə qaz xəttinin yeri dəyişdirilmişdir. Çünki orada yeni ev inşa olunurmuş və qaz xətləri girişə müəyyən qədər maneçilik törədirmiş. Qaz xətlərinin yeri dəyişdirilərkən vətəndaşların qaz təminatı kəsilməmişdir. Qaz xətləri kəsiləndə o, “Azəriqaz” İB-nin əməkdaşı olmuşdur. Əslində 2021-ci ildə həmin ərazidən 20 metr kənarda sözügedən 40 metr boru istifadə olunmuşdur. Məlumat üçün bildirir ki, qaz xətlərinin yerinin dəyişdirilməsi, sayğaclaşma podrat şirkətləri tərəfindən yerinə yetirilir. Həmin vaxt qaz xətlərinin yerinin dəyişdirilməsi ilə bağlı “Azəriqaz” İB tərəfindən ona heç bir göstəriş verilməmişdir və “Azəriqaz” İB belə göstəriş vermir. Yeni qazlaşma işləri ilə bağlı bu işlər görülmüşdür, həmin boru yerindədir. Yekunda “Azəriqaz” İB tərəfindən məktub verilmişdir ki, ərazidən borular oğurlanmamışdır. Həmin məktubun surəti prokurorluğa, müstəntiqə təqdim edilmişdir. Bundan sonra işin bağlandığını hesab etmişdir. Lakin 2 gündən sonra ona bildiriş gəlmiş və cinayət işinin məhkəməyə verildiyi məlum olmuşdur. Onu da qeyd edir ki, müstəntiq ona qarşı qərəzli olmuş, iş yerini, ünvanını, əlaqə nömrəsini bildiyi halda, onu xəbəri olmadan axtarışa vermişdir. O, nə vaxt dəvət olunmuşdursa, istintaqın çağırışlarına gəlmiş, heç vaxt yayınmamışdır. Onu 5 gün qanunsuz olaraq həbsdə saxlamışlar, sonra prokuror onu azad etmişdir. Özünü təqsirli bilmir, himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş zərərçəkmiş hüquqi şəxs “Azəriqaz” İstehsalat Birliyinin Bakı X3 Departamentinin nümayəndəsi Zərərçəkmiş şəxs göstərmişdir ki, vətəndaşın qazın verilməsinin dayandırılması barədə müraciətinə əsasən Bakı Reginoal Qaz İstismarı Departamentinin xidməti ərazisində Xəzər rayonu Buzovna qəsəbəsi M.Musayev küçəsində Departamentin balansında olan qaz xətlərinə Xəzər TİX-in əməkdaşları tərəfindən 29 dekabr 2021-ci il tarixdə saat 17:00 radələrində baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin küçədə qaz yoxdur, orada istismarda olan D76 mm-lik küçə qaz xəttinin təqribən 40 metr uzunluğunda olan hissəsi qeyri-qanuni kəsilib oğurlanmışdır. Adətən podratçı görəcəyi işlə bağlı layihə təqdim edir və həmin işdən bu cür məlumatları olur. Tərəflərindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, həmin qaz xətti BRQ–nin sabiq əməkdaşı Təqsirləndirilən şəxs tərəfindən qazanc əldə etmək məqsədi ilə bilərəkdən oğurlanmışdır. Təqsirləndirilən şəxs özü əməkdaşlara zəng edərək qaz xəttini oğurladığını etiraf etmişdir. Həmin qaz xəttinin bir metri 39,36 manat olmaqla ümumi dəyəri 1574,40 manatdır. Onlar Təqsirləndirilən şəxs tapa bilmədikləri üçün məcbur olaraq polisə şikayət etmişlər. Sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həbs edilmişdir. Təqsirləndirilən şəxs azadlığa buraxılandan sonra hadisə yerinə gedərək baxış keçirmişlər və görmüşlər ki, qaz xətlərinin yeri dəyişdirilmiş, arka şəklində quraşdırılmışdır, borular da bu məqsədlə istifadə olunmuşdur. Bu barədə Polis İdarəsinə məktub göndərmişlər. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilmişdir. Buna görə də onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayətləri və ya digər tələbləri yoxdur. Təqsirləndirilən şəxsə cəza təyini zamanı bunun nəzərə alınmasını xahiş edirlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, təxminən 3 ildir ki, qaz təsərüfatında işləyir. Xəzər TİX üzrə işlədiyi ərazi Buzovna qəsəbəsi M.Musayev küçəsi, Mərdəkan və Şağan qəsəbəsi bağlarıdır. 29 dekabr 2021-ci il tarixdə usta Şahid1 ilə birlikdə qaz təzyiqi ilə bağlı abonentin şikayəti əsasında Buzovna qəsəbəsi Malik Musayev küçəsində olarkən, həmin küçədə baxış keçirən zaman məlum olmuşdur ki, istismarda olan aşağı təzyiqli təxminən 40 metrə yaxın 76 mm ölçülü qaz xətti kəsilərək götürülmüşdür. Bu barədə akt tərtib etmiş və xətin kəsilərək oğurlanması barədə dərhal Xəzər TİX-nin rəisi Mikayıl Mehdiyevə məlumat vermişlər. Daha sonra baş vermiş oğurluq hadisəsi ilə əlaqədər məlumat toplamaq üçün səhəri günü həmin ünvana getmişdir. 76 mm diametrli kəsilmiş xətt yeni inşa olunmuş ünvanın qarşısından keçir, həyətə yeni açılmış keçidə mane olurmuş. Bununla bağlı həmin evin həyətində işləyən ustalardan ev sahibinin adını və əlaqə telefonun öyrənmişdir. Bundan başqa, ona məlum olmuşdur ki, 12 yanvar 2022-ci il tarixdə keçmiş əməkdaşları Təqsirləndirilən şəxs usta Yusifə zəng vuraraq bildirib ki, BRQİD-nin hüquqşünası Qəşəmə özü zəng vuraraq deyib ki, M.Musayev küçəsində kəsilib götürülən 40 metr uzunluğunda olan qaz xəttini o özü götürüb. Beləliklə də ona məlum olmuşdur ki, həmin qaz xətti Mətləb tərəfindən kəsilib götürülmüşdür. Məhkəmə iclasında ibridai istintq zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, təxminən 11 ildir ki, qaz təsərrüfatında işləyir. Xəzər TİX üzrə işlədiyi ərazi Mərdəkan, Şüvəlan, Şağan və Buzovna qəsəbəsinin M.Musayev küçəsi onun xidmət ərazinə daxildir. 29 dekabr 2021-ci il tarixdə saat 17:10 radələrində abonentin müraciətinə əsasən Buzovna qəsəbəsi Malik Musayev küçəsinə baxış keçirən zaman məlum olmuşdur ki, istismarda olan aşağı təzyiqli təxminən 40 metrə yaxın 76 mm ölçülü qaz xətti kəsilərək götürülmüşdür. Bu barədə akt tərtib etmişlər və xəttin kəsilərək oğurlanması barədə dərhal Xəzər TİX-nin rəisi Mikayıl Mehdiyevə məlumat vermişdir. Daha sonra baş vermiş oğurluq hadisəsi ilə əlaqədar məlumat toplamaq üçün səhəri günü həmin ünvana getmişdir. 76 mm diametrli kəsilmiş xətt yeni inşa olunmuş ünvanın qarşısından keçir, həyətə yeni açılmış keçidə mane olurmuş. Bununla bağlı həmin evin həyətində işləyən ustalardan ev sahibinin adını və əlaqə telefonunu öyrənmişdir. 12 yanvar 2022-ci il tarixdə ona Mətləb zəng vuraraq bildirmişdir ki, BRQİD-nin hüquqşünası Qəşəmə zəng vurub deyib ki, M.Musayev küçəsində kəsilib götürülən 40 metr uzunluğunda olan qaz xəttini o götürmüşdür. Beləliklə də ona məlum olmuşdur ki, həmin qaz xətti Mətləb tərəfindən kəsilib götürülmüşdür. İş materiallarında olan və zərərçəkmiş hüquqi şəxs “Azəriqaz” İstehsalat Birliyinin Bakı X3 Departamenti tərəfindən məhkəməyə ünvanlanmış 23 noyabr 2022-ci il tarixli Ərizədən ğörünür ki, Təqsirləndirilən şəxs tərəfindən Bakı X3 Departamentinə dəymiş ziyan ödənilmişdir. Odur ki, Bakı X3 Departamentinin Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, nəzərə alınmasını xahiş edirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 26 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 46.2, 66.3 və 66.4-cü maddələrinə əsasən 1 (bir) il müddətə dövlət və yerli idarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2022-ci il tarixli 1(103)-1184/2022 saylı Qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunaraq, təyin edilmiş 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat məbləğində cərimə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 8000 manat cərimə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3, 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixdən 09 avqust 2022-ci il tarixədək həbsdə olduğu müddət nəzərə alınaraq Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş və onun üzərində 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2000 manat məbləğində cərimə cəzası saxlanılmış, məhkum Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi, cəzasınınn icrasının Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 7(007)-287/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cərimə cəzasının hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2022-ci il tarixli Qərarı nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 46.2, 66.3, 66.4 və 69.4-cü maddələri tətbiq edilməklə, qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilmiş cərimənin ödənilməmiş hissəsinin 6 (altı) ay ərzində hissə-hissə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 30 noyabr 2023-cü il tarixli 189050-21-1/3-28306-9 saylı məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2022-ci il tarixli Qərarı nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 46.2, 66.3, 66.4 və 69.4-cü maddələri tətbiq edilməklə, qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 24 avqust 2022ci il tarixdə qeydiyyata alınmış, cərimə məbləğindən cəmi 600 manat ödəniş etmiş, ödənilməmiş qalan məbləğ 1400 manat təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək özünü təqsirli bilmədiyini, həmin cinayətin onun tərəfindən törədilməməsini, qeyd olunan oğurluqla bağlı heç bir məlumatının olmamasını göstərmiş, lakin onun həmin dəlilləri məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, “Azəriqaz” İB-nin Bakı Regional Qazın X2 rayonu üzrə texniki istismar xidmətinin işçilərinin tərtib etdikləri aktla, fotoşəkillərlə təkzib edilmiş, qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədlməsi tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 19 noyabr 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-202/2023 saylı 24 avqust 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə təyin edilmiş məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 2-ci PŞ tərəfindən məhkəməyə ünvanlanmış 29 avqust 2023-cü il tarixli 3-13-45-1/2-11307/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün və 29 avqust 2023-cü il tarixdən 21 dekabr 2023-cü il tarixə qədər təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 3 (üç) ay 22 (iyirmi iki) gün, cəmi 3 (üç) ay 23 (iyirmi üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1184/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2000 (iki min) manat cərimə cəzasının ödənilməmiş qalan 1400 (min dörd yüz) manat hissəsi Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə toplanmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası və 1400 (min dörd yüz) manat cərimə cəzası saxlanılmalı, Azərbaycan Respublikasının CM-nin 68.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması və cərimə cəzasının hər biri müstəqil icra olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 10 iş saatına görə 60 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat olmaqla ümumilikdə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 1 (bir) gün və 29 avqust 2023-cü il tarixdən 21 dekabr 2023-cü il tarixədək həbsdə olduğu 3 (üç) ay 22 (iyirmi iki) gün, cəmi 3 (üç) ay 23 (iyirmi üç) gün müddət 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1184/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2000 (iki min) manat cərimə cəzasının ödənilməmiş qalan 1400 (min dörd yüz) manat hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə toplanmaqla üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 1400 (min dörd yüz) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması və cərimə cəzasının hər biri müstəqil icra olunsun. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 3-də çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazisini tərk etməmək, gecə saat 24:00-dan səhər saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 60 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat olmaqla ümumilikdə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar