Məhkəmə qərarları › İş №1(003)-204/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-204/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-204/2021 07.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 16:30 radələrində qaynı Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı işlədiyi həmin evin ikinci mərtəbəsindən götürdüyü dəmir boruları qəsdən evin həyətində olan qaynı Zərərçəkmiş şəxs üzərinə atması və həmin dəmir borulardan birinin sonuncunun bel nahiyəsinə, digərinin isə sol əlinə dəyərək ona sol əlin əzilmiş yarası, bel nahiyəsinin qançırı və sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadı Büllurə Talıbovanın doğma qardaşıdır. Onlarla Şiro arasında 10 ildən artıqdır ki, mülklə bağlı mübahisələri davam edir. Bununla bağlı dəfələrlə məhkəmələrdə işləri olmuşdur. Aralarında mütəmadi olaraq münaqişələr baş verir. Hazırda Şiro ilə qonşuluqda yaşayır. Şiro ilə eyni evdə keçmiş arvadı Şahid da yaşayır. Həmin xanımla münasibətləri normaldır. Hətta o, usta kimi bacarığı olduğu üçün lazım olduqda Yanaya evdə müəyyən xırda təmir işləri ilə bağlı köməklik edir. xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 16:30 radələrində o, Şirogilin həyətinə gedərək evin Yanaya aid olan hissəsində, yəni evin ikinci mərtəbəsində təmir işləri görürmüş. Şiro isə onu orada görən kimi səbəbsiz yerə onun ünvanına nalayiq küçə söyüşləri söyməyə başlamışdır. O da cavabında Şironu söymüşdür. Sonra isə o, evin ikinci mərtəbəsində iş görən zaman Şiro əlində olan ot kəsmək üçün nəzərdə tutulan aləti ona tərəf uzadıb yenə də onu təhqir etmişdir. O isə bu dəfə dözməyib əlində olan dəmir borulardan ikisini onun üstünə atmışdır. Həmin dəmir borulardan biri Şironun belinə, biri isə əlinə dəyib xəsarət yetirmişdir. Şiro da yerdən taxta parçası götürüb ona tərəf atmış və həmin taxta parçası ona dəyməmişdir. Daha sonra isə Şiro həyətdən çıxıb getmişdir. Mübahisə 2-3 dəqiqə davam etmiş, həmin vaxt ətrafda Yanadan başqa heç kəs olmamışdır. İndiki açıq məhkəmə iclasında bildirir ki, o, özünü bu işdə qətiyyən təqsirli bilmir, çünki Şiro əvvəlcə onu söyməsəydi və yerdən taxta parçası götürüb ona tərəf atmasaydı, o da əlində olan dəmir boruları ona tərəf atmazdı və bu hadisə baş verməzdi. Onu da bildirir ki, Şiro 10 ildən artıqdır ki, onun ailəsi ilə münaqişəli vəziyyətdədir, tez-tez səbəbsiz yerə onu söyüb təhqir edir və hər vasitə ilə dava-dalaşa cəlb etmək istəyir. Əvvəllər heç bir cinayət törətməmişdir. Bütün bunların nəzərə alınaraq onun barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs oğlu göstərdi ki, Talıbova Billurə onun bacısı, Təqsirləndirilən şəxs isə Billurənin əridir. 2007-ci ildən ailə üzvləri, o cümlədən bacısı Billurə və onun əri İntiqam ilə mülk üstündə aralarında mübahisə olub və həmin müddətdən sonra onlarla danışmır. Hal-hazırda mülklə bağlı işləri məhkəmədədir. Şahid onun keçmiş arvadıdır və onlar ayrılsalar da, bir evdə yaşayırlar. Belə ki, o, həmin evin birinci mərtəbəsində, Yana isə ikinci mərtəbədə yaşayır. Yana ilə də münasibəti yaxşı deyil və danışmırlar. xx xxxxxxx 2020-ci il tarixdə saat 16:30 radələrində İntiqam onun evinin ikinci mərtəbəsində, yəni Yananın otağında təmir işləri görürmüş. İntiqam onu həyətdə görüb təhqir etməyə başlamış, o da ona cavab olaraq danışığına fikir verməsini bildirmişdir. Bu zaman İntiqam ikinci mərtəbədə olan dəmir boru parçalarını onun üstünə atmış və həmin borulardan biri onun belinə, digəri isə başını qorumaq üçün əlini başına qaldıran zaman sol əlinə dəyərək ona xəsarət yetirmişdir. İntiqam ilə barışmaq fikri yoxdur, ondan şikayətçidir və törətdiyi əməlinə görə ona cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş əridir. Eyni zamanda X4 bacısı, Təqsirləndirilən şəxs isə Billurənin əridir. Şiro ilə bacısı Billurə və onun əri İntiqam ilə mülk üstündə aralarında mübahisə vardır və hal-hazırda mülklə bağlı işləri məhkəmədədir. Şiro ilə ayrılsalar da, eyni ünvanda yaşayırlar. Belə ki, Şiro həmin ünvanda yerləşən evin birinci mərtəbəsində, o isə ikinci mərtəbədə yaşayır. Şiro ilə münasibəti yaxşı deyil və danışmırlar. xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 16:30 radələrində İntiqam onların evinin ikinci mərtəbəsində, yəni onun yaşadığı mərtəbədə təmir işləri görürmüş. Həmin vaxt evin birinci mərtəbəsinin qarşısında olan Şiro ilə evin ikinci mərtəbəsində olan İntiqamın sözlə mübahisə etdiyini görmüşdür. Onlar bir-birlərini təhqir etdikdən sonra Şiro yerdən götürdüyü taxta parçasını İntiqama tərəf atmış, lakin həmin taxta parçası İntiqama dəyməmişdir. Bundan sonra İntiqam əsəbiləşdiyindən evin ikinci mərtəbəsində olan dəmir boruları aşağıda olan Şironun üzərinə atmışdır. Həmin boru Şiroya dəyərək xəsarət yetirmişdir. Mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, kənarda başqa şəxslər olmamışlar. İş materiallarında olan canlı şəxsin ekspertizası ilə bağlı 1213 saylı, xx xxxxxxx 2020-ci iltarixlirəyindəngörünürki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol əlin əzilmiş yaraası, bel nahiyəsinin qançırı və sıyrığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxxx 2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutları araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurması cinayətini törətməsi zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin Təqsirləndirilən şəxs həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin və şahidin ifadəsi və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla müəyyən müddətə islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili X2 və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 ümumilikdə 10 (on) iş saatına görə cəmi 60,00 (altmış) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 10 (on) iş saatına görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə cəmi 60,00 (altmış) manat və Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ 2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar