Məhkəmə qərarları › İş №1(003)-205/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-205/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-205/2021 28.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Efendiyev küçəsi ev 23 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi 22 may 2017-ci il tarixdən başlayaraq övladları 12 yanvar 2002-ci il təvəllüdlü X2 və 08 may 2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədilə hər ay, bir uşağa 120,00 manat olmaqla, iki uşağa görə cəmi 240,00 manat, 11 mart 2019-cu il tarixdən isə artırılaraq əvvəli 26 iyul 2019-cu il tarixdən hesablanmaqla hər ay, bir uşağa 140,00 manat olmaqla, iki uşağa görə cəmi 280,00 manat sabit pul məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 iyun 2017-ci il tarixli, 2(003)-3123/2017 saylı və 11 mart 2019cu il tarixli, 2(003)-63/2019 saylı qətnamələrinin icrasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 23 iyun 2020-ci il tarixli, 3(003)-588/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilməsinə və məhkəmə aktlarının icra edilməsi məqsədilə ona 10 sentyabr 2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla xəbərdarlıq məktubu təqdim edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 07 oktyabr 2020-ci il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 3800,00 manat aliment borcunu tələbkara ödəmədiyindən, qanuni qüvvədə olan məlum qətnamələri qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2001-ci ildə evlənmiş, birgə nikahlarından X3 və X7 adlı övladları doğulmuşdur. Evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da Zərərçəkmiş şəxs övladları ilə birlikdə yaşayır. 2017-ci ildə Nigar ona qarşı aliment tələbinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 12 iyun 2017-ci il tarixli, 2(003)-3123/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 22 may 2017-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 120,00 manat olmaqla, iki uşağa görə cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutularaq 12 yanvar 2002-ci il təvəllüdlü Minirə Abasovanın və 08 may 2003-cü il təvəllüdlü Əli Abasovun yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Xəzər Rayon İcra Şöbəsinin icra məmurları ona bildirişlər təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmişdir. 2019-cu ildə Nigar alimentin artırılması üçün həmin məhkəmədə yenidən iddia qaldırmış, məhkəmənin 11 mart 2019-cu il tarixli, 2(003)- 63/2019 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq əvvəli 26 iyul 2019-cu il tarixdən hesablanmaqla hər ay, bir uşağa 140,00 manat olmaqla, iki uşağa görə cəmi 280,00 manat sabit pul məbləğində müəyyən olunmuşdur. Sonuncu qətnamənin icra olunmasından ötrü Xəzər Rayon İcra Şöbəsinin icra məmurları ona yenə də bildirişlər təqdim etməklə alimentin ödənilməsini tələb etmiş, o, isə yenə də maddi imkanının yüksək olmadığını əsas göstərərək məhkəmə aktını icra etməmişdir. İcra məmuru qətnamələr üzrə olan aliment borcunun ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin 23 iyun 2020-ci il tarixli, 3(003)-588/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmiş, bundan sonra icra məmuru məhkəmə aktlarının icrasını təmin etməsinə dair ona müddət təyin etməklə bildiriş təqdim etmiş, lakin o, maddi imkanının yüksək olmadığından alimenti ödəməmişdir. Hazırda 07 oktyabr 2020-ci il tarixədək borclu olduğu cəmi 3800,00 (üç min səkkiz yüz) manat aliment borcunu tələbkara tamamilə ödəmişdir. Bütün bunların nəzərə alınaraq onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2002-ci ildə evlənmiş, birgə nikahlarından X3 və X7 adlı övladları anadan olmuşdur. Evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da uşaqları ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs övladlarının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərmədiyindən aliment tələbinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 12 iyun 2017-ci il tarixli, 2(003)-3123/2017 saylı qətnaməsinə əsasən iddia təmin edilərək əvvəli 22 may 2017-ci il tarixdən hesablanmaqla, hər ay bir uşağa 120,00 manat olmaqla, iki uşağa görə cəmi 240,00 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq 12 yanvar 2002-ci il təvəllüdlü Minirə Abasovanın və 08 may 2003-cü il təvəllüdlü Əli Abasovun yetkinlik yaşına çatana kimi saxlanması üçün ona ödənilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Xəzər Rayon İcra Şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilsə də, o, alimenti ödəməkdən yayınaraq məhkəmə aktını icra etməmişdir. 2019-cu ildə alimentin artırılmasına dair ona qarşı həmin məhkəmədə yenidən iddia qaldırmış, məhkəmənin 11 mart 2019-cu il tarixli, 2(003)-63/2019 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq əvvəli 26 iyul 2019-cu il tarixdən hesablanmaqla hər ay, bir uşağa 140,00 manat olmaqla, iki uşağa görə cəmi 280,00 manat sabit pul məbləğində müəyyən edilmişdir. Sonuncu qətnamənin icrası ilə də Xəzər Rayon İcra Şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya yenə də bildiriş təqdim edilməsinə baxmayaraq, o, alimenti ödəməkdən birmənalı şəkildə imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən həmin məhkəmənin 23 iyun 2020-ci il tarixli, 3(003)-588/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. Bundan sonra da icra məmuru alimentin ödənilməsi ilə əlaqədar Gündüzə bildiriş təqdim etməsinə baxmayaraq, o, alimenti ödəməmiş, uzun müddətdir ki, fərdi əməklə məşğul oldğundan xeyli miqdarda pul qazanmasına baxmayaraq məhkəmə aktlarını qərəzli şəkildə icra etməmişdir. 07 oktyabr 2020-ci il tarixədək borclu olduğu cəmi 3800,00 manat aliment borcunu ona tamamilə ödəmişdir. Lakin o, həmin vaxtdan sonrakı aylar üçün də aliment ödənilməsini və təqsirləndirilən şəxsə cəza təyini zamanı bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs əvvəli 22 may 2017-ci il tarixdən hesablanmaqla 12 yanvar 2002-ci il təvəllüdlü Minirə Abasovanın və 08 may 2003-cü il təvəllüdlü Əli Abasovun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, bir uşağa 120,00 manat olmaqla, iki uşağa görə cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 iyun 2017-ci il tarixli, 2(003)-3123/2017 saylı qətnaməsi icra edilməsi üçün Xəzər Rayon İcra Şöbəsinə daxil olmuşdur. İcra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, 2019-cu ildə alimentin məbləği artırılaraq əvvəli 26 iyul 2019-cu il tarixdən hesablanmaqla hər ay, bir uşağa 140,00 manat olmaqla, iki uşağa görə cəmi 280,00 manat sabit pul məbləğində aliment müəyyən olunmasına dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 mart 2019-cu il tarixli, 2(003)-63/2019 saylı qətnaməsinin icrası təmin edilməsi üçün Xəzər Rayon İcra Şöbəsinə daxil olmuşdur. İcra sənədi icraata qəbul edilərək 31 iyul 2019-cu il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, tələbin təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim edilmişdir. Məhkəmə qətnamələri üzrə aliment borcu ödənilmədiyindən aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablardan borclunun adına olan əmlakları aşkar etmək mümkün olmamışdır. Borclu müxtəlif tarixlərdə Xəzər Rayon İcra Şöbəsinə dəvət olunaraq ondan izahatlar alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, o, izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də, üzərindən uzun müddət keçməsinə baxmayaraq, məhkəmə aktlarını qərəzli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından, həmin məhkəmənin 23 iyun 2020-ci il tarixli, 3(003)-588/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. Qətnamələrin icra edilməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktlarını qərəzli olaraq icra etməmişdir. Lakin hazırda təqsirləndirilən şəxs X5 07 oktyabr 2020-ci il tarixədək borclu olduğu 3800,00 (üç min səkkiz yüz) manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə tam şəkildə ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. Cinayət işinin materiallarına əlavə edilən 24 avqust 2017-ci il, 18 sentyabr 2017-ci il, 03 dekabr 2018-ci il, 25 dekabr 2018-ci il, 24 may 2019-cu il, 22 avqust 2019-cu il, 06 iyul 2020-ci il, 17 avqust 2020-ci il, 10 sentyabr 2020-ci il tarixli bildiriş və xəbərdarlıq məktublarından, eyni zamanda Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 3(003)-588/2020 saylı qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən həmin məhkəmənin qanuni qüvvədə olan 12 iyun 2017-ci il tarixli, 2(003)-3123/2017 saylı və 11 mart 2019-cu il tarixli, 2(003)-63/2019 saylı qətnamələrini qərəzli olaraq icra etməmişdir. İs materiallarında olan məhkəmə baxışı zamanı təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, təqsirləndirilən şəxs X5 07 oktyabr 2020-ci il tarixədək borclu olduğu 3800,00 (üç min səkkiz yüz) manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə tam şəkildə ödəmişdir. İş materiallarında olan Xəzər rayon İcra şöbəsinin 14 aprel 2021-ci il tarixli 5463/11E saylı məktubundan görünür ki, X5 07 oktyabr 2020-ci il tarixədək borclu olduğu 3800 (üç min səkkiz yüz) manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə tam şəkildə ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən alınmış 20 yanvar 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs X5 07 oktyabr 2020-ci il tarixədək borclu olduğu 3800,00 (üç min səkkiz yüz) manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə tam şəkildə ödəyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 iyun 2017-ci il tarixli, 2(003)-3123/2017 saylı və 11 mart 2019cu il tarixli, 2(003)-63/2019 saylı qətnamələrini tam icra etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 07 oktyabr 2020-ci il tarixədək borclu olduğu 3800,00 (üç min səkkiz yüz) manat aliment borcunu tamamilə ödəyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 iyun 2017-ci il tarixli, 2(003)-3123/2017 saylı və 11 mart 2019-cu il tarixli, 2(003)-63/2019 saylı qətnamələrini tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan Azərbaycan Respublikası 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin Qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 07 oktyabr 2020-ci il tarixədək borclu olduğu 3800,00 (üç min səkkiz yüz) manat aliment borcunu tamamilə ödəyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 iyun 2017-ci il tarixli, 2(003)-3123/2017 saylı və 11 mart 2019-cu il tarixli, 2(003)-63/2019 saylı qətnamələrini tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. İttiham aktına əsasən 07 oktyabr 2020-ci il tarixədək yaranmış 3800,00 (üç min səkkiz yüz) manat aliment borcunun Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs tamamilə ödənilməsi və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 iyun 2017-ci il tarixli, 2(003)-3123/2017 saylı və 11 mart 2019-cu il tarixli, 2(003)- 63/2019 saylı qətnamələrinin tam icra edilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 10 iş saatına görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 07 oktyabr 2020-ci il tarixədək yaranmış 3800,00 (üç min səkkiz yüz) manat aliment borcunu tamamilə ödəyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 iyun 2017-ci il tarixli, 2(003)- 3123/2017 saylı və 11 mart 2019-cu il tarixli, 2(003)-63/2019 saylı qətnamələrini tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar