Məhkəmə qərarları › İş №1(003)-205/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-205/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-205/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş şəxs X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:45 radələrində idarə etdiyi “Kuba X Boss” markalı, mühərrikinin həcmi 49 sm3 və konstruksiya sürəti saatda 80 kilometr olan mopedlə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsi Mərdəkan qəsəbəsi istiqamətindən hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq təhlükə yarandığını gördükdə mopedin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, mövcud şəraitdə yolu sağdan sola keçən piyada, X6 ehtiyyatsızlıqdan vuraraq sonuncunun – sol bazu sümüyünün və sol ayağın İV-V daraq sümüklərinin yerdəyişən sınıqları, sol budun əzilmiş yarası, sol baldırın qançırı ilə nəticələnən və dərəcələrinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox (120 gündən çox) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən “X12” dönər evində xx.xx.2022-ci il tarixdən kuryer kimi işləyir. Özünə məxsus “Kuba X Boss” markalı, mühərrikinin həcmi 49 sm3 və konstruksiya sürəti saatda 80 kilometr olan mopedi ilə həmin dönər evində fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə 10:00 radələrində evdən çıxıb Mərdəkan qəsəbəsinə işə gələrkən Buzovna-Mərdəkan yolu ilə gəlib “Arzu” restoranının yaxınlığındakı işıqfordan sağa dönmüşdür, sağa döndükdən sonra H.Z.Tağıyev küçəsi ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkət etmişdir. Həmin küçədə “Sahil” marketə çatana yaxın yolun sağ tərəfində ağ rəngli “Prado” markalı qeydiyyat nömrəsini xatırlamadığı avtomobil dayanmışdır. N.Abdulayev hərəkətdə olduğu zaman qarşısında digər bir avtomobil hərəkətdə olmuşdur, lakin markası və qeydiyyat nömrəsi yadında qalmadığını bildirmişdir. Onun fikri həmin avtomobildə olmuşdur. Həmin avtomobil “Prado” markalı avtomobili keçəndən təxminən 20 metr sonra ara yola dönmüşdür. O, dönən kimi arxasınca bir nəfər təxminən 70 yaşlı kişi qarşısına çıxmışdır. O, adi yerişlə yeriyərək yolun əks tərəfinə keçmək istəmişdir. Bu zaman qarşı tərəfdən də avtomobillər hərəkətdə olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs 40 km/saat sürətlə hərəkət etmiş və ani olaraq əyləcə basmışdır, lakin hadisədən yayına bilməmişdir, özünü itirmiş, idarə etdiyi mopedi qaçırtmaq istəsə də bacara bilməmişdir və həmin şəxsi sol nahiyyəsindən vurmuşdur, vuran kimi həmin şəxs yerə yıxılmışdır. Tez həmin şəxsə yaxınlaşmış, bu zaman ətrafdan tanımadığı şəxslər də yaxınlaşmışlar. O, bir az gözləmişdir ki, həmin şəxs bir az özünə gəlsin sonra qaldırsın. Tez yaxınlıqdakı mağazadan su alıb gətirib ona vermişdir, həmin şəxs bir qədər özünə gəldikdən sonra onu qaldırıb “Sahil” marketin qarşısına aparmışlar. Mopedlə vurduğu şəxs orada bir nəfərdən avtomobil sürə bildiyini soruşmuş, həmin şəxs də avtomobil sürə bildiyini bildirmişdir. Bu zaman vurduğu şəxs cibindən açarı çıxardıb bildirmişdir ki, yolun kənarında dayanmış “Prado” markalı avtomobil ona məxsusdur, onu həmin avtomobilimə mindirib evinə aparmağını xahiş etmişdir, həmin şəxs də onun avtomobilini işə salıb “Sahil” marketin qarşısına sürüb saxlamışdır. Təqsirləndirilən şəxs köməkləşib həmin şəxsi avtomobilinə mindirib yol salmışdır, özü isə işə getmişdir. Qeyd etmişdir ki, mopedlə vurduğu şəxsdən mobil nömrəsini almışdır. Həmin gün təxminən saat 17:00 radələrində həmin nömrəyə zəng vurub səhhəti ilə maraqlanmışdır. Zənginə bir nəfər qadın cavab vermişdir. O, həmin qadından vurduğu şəxsin səhhəti ilə maraqlanmış və bildirmişdir ki, hadisəni özü törətmişdir. Həmin qadın hal-hazırda xəstəxanaya getdiklərini və orada xəstənin vəziyyətinin necə olduğunu biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs də ona bildirmişdir ki, nə xəbər olsa ona da desin. Həmin gün və səhəri gün ona heç kim bu barədə zəng etməmişdir. İki gündən sonra bir nəfər qadın ona zəng vurub bildirmişdir ki, “mən vurduğun şəxsin qızıyam”. O, da həmin qadından atasının səhhətini soruşmuş, qadın ona bildirmişdir ki, həkim müayinə etmiş və hal-hazırda xəsarətləri ilə bağlı evdə müalicə olunduğunu, həkimə 500 manat xərci çıxdığını, həkim də atasına ortopedik çarpayı və yerimək üçün xüsusi əsa almağı məsləhət gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxs ondan üzr istəmiş və demişdir ki, bacardığı köməkliyi edəcək. Ondan sonra gedib satışda olan ortopedik çarpayının qiyməti ilə maraqlandmış və öyrənmişdir ki, həmin çarpayıların ən ucuzunun qiyməti 700 manatdır. Ondan sonra əsa ilə daha maraqlanmamışdır və fikirləşmişdir ki, onları almağa maddi imkanı çatmayacaq, ona görə də həmin qadınla sonuncu dəfə telefonla danışdıqdan sonra istifadəsində olan ***-***-**-** mobil nömrəsini bağlamış və işlətməmişdir, özünə başqa nömrə, yəni ***-***-**-** mobil nömrəsini almışdır. Ondan sonra həmin şəxslə və qohumları ilə əlaqəsi olmamışdır. Mobil nömrəsini dəyişməkdə məqsədi idarə etdiyi mopedlə vurduğu şəxsin müalicəsi və ona lazım olan əşyaların alınması üçün fikirləşmişdir ki, pul lazım olacaq, həmin məbləğə də özünün maddi imkanı yoxdur, ona görə də nömrəsini dəyişmişdir ki, onu tapa bilməsinlər. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, əməlini səmimi olaraq etiraf etdiyini, gənc olmasını, ilk dəfə cinayət əməli törətdiyini, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyə hazır olduğunu, lakin zərər çəkmiş şəxsin onunla barışmaq istəmədiyini və dəymiş ziyanı tələb etmədiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş X7 göstərdi ki, hazırda Nəsimi rayonu, M.Qaşqay küçəsi ev 24, mənzil 53-də ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 11:30-11:45 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində H.Z.Tağıyev küçəsində yerləşən Sahil marketin qarşısında yolu keçərkən motosiklet tərəfindən vurulmuşdur. Vurulma nəticəsində yerə yıxılmış və özü artıq qalxa bilməmişdir. Hadisə yerində olan hadisənin şahidləri ona köməklik etmişlər. Bu zaman onu vuran şəxs telefonla kiməsə zəng edib danışmışdır. Bildirmişdir ki, vurulma nəticəsində onun əlində və ayağında sınıqlar əmələ gəlmişdir. Hadisə yerindən evə getməyi ona tanımadığı bir nəfər şəxs köməklk göstərərək onun öz avtomobili ilə evinə aparmışdır. Evə çatandan sonra isə oğlu və qızı tərəfindən xəstəxanaya aparılmışdır. Hadisənin şahidi olmuş şəxsləri tanımadığını, onu vuran nəqliyyat vasitəsi motisiklet olduğunu, hadisədən sonra həmin motosikletin sınmış bir neçə parçasını yolda gördüyünü bildirmişdir. Xəstəxanaya hadisə baş verən günü, lakin polis orqanlarına isə hadisədən 5 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə məlumat verdiyini, bildirmişdir. Həkimə müraciət edərkən yol nəqliyyat hadisəsi zamanı xəsarət almasını bildirmədiyini ifadəsində qeyd etmişdir. Hadisə baş verdiyi gün onu vuran şəxs qızı ilə telefon vasitəsi ilə danışmışdır, ondan sonra heç kim onunla əlaqə saxlamamışdır nə də ona heç bir köməklik və ya maddi yardım etmədiyini bildirmişdir.Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 971 saylı ekspert rəyindən görünür ki, 1951-ci il təvəllüdlü X3 bədəni üzərində sol bazu sümüyünün və sol ayağın İV-V daraq sümüklərinin yerdəyişən sınıqları, sol budun əzilmiş yarası, sol baldırın qançırı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun Azərbaycan Tibb Universitetinin X4 müraciətindən az əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna olunmur. Xəsarətlərin sağlamlığa zərərvurma dərəcəsi T.A.İsmiyevin müalicəsi başa çatdıqdan və onun adına tərtib olunmuş tibbi sənədlər ilə birlikdə təkrari məhkəmə-tibbi müayinəsindən sonra təyin ediləcəkdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin əlavə məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 10-ə/971 saylı ekspert rəyindən görünür ki, 1951-ci il təvəllüdlü X3 bədəni üzərində sol bazu sümüyünün və sol ayağın İV-V daraq sümüklərinin yerdəyişən sınıqları, sol budun əzilmiş yarası, sol baldırın qançırı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun Azərbaycan Tibb Universitetinin X4 müraciətindən az əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna olunmur. Dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox (120 gündən çox) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/2408 saylı rəyindən görünür ki, “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 33-cü bəndinə tələblərinə əsasən yol hərəkəti iştirakçısı - hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir. Ona görə də mövcud vəziyyətdə “Kuba X Boss” markalı moped yol hərəkəti iştirakçısıdır. “Kuba X Boss” markalı mopedin sürücüsü hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarına əlavə edilmiş 02 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 267.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. İş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya surəti saatda 50 kilometrdən artıq olmayan iki və ya üçtəkərli nəqliyyat vasitələri (mopedlər) və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti hesab edilmir. Belə nəqliyyat vasitələrini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həmin şəxsin CM-nin 267-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilər. Məhkəmələrə izah edilsin ki, CM-nin 262, 263, 263-1, 264 və 351-ci maddələri ilə məsuliyyət daşıyan şəxslər istisna olmaqla, nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozan hər bir şəxs (sərnişin, piyada, velosipedçi, avtomobil və digər nəqliyyat vasitələrinin konduktorları və başqa şəxslər) CM-nin 267-ci maddəsi ilə nəzərdə tutulan cinayətin subyekti ola bilərlər. CM-nin 267-ci maddəsi mexaniki olmayan nəqliyyat vasitələrini, yəni, məsələn, at-arabanı (kirşəni) idarə edən şəxslərin də cinayət məsuliyyətini istisna etmir, lakin belə nəqliyyatı idarə edən şəxsin yol hərəkətinin təhlükəsizliyi qaydalarını pozması yalnız mexaniki nəqliyyat vasitəsilə əlaqəli şəkildə yolnəqliyyat hadisəsinin törədilməsinə səbəb olduqda CM-nin 267-ci maddəsi ilə tövsif edilir. Bütün digər hallarda, (at-araba ilə piyadanı vurma, özgə əmlakını məhv etmə və sair bu kimi hallarda) təqsirkarın əməli CM-nin şəxsiyyət və ya mülkiyyət əleyhinə törədilən cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyətinin yol hərəkətində iştirak edən insanların məsuliyyətindən üstünlüyü yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipidir.” Həmin Qanunun 50.1-ci maddəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” Həmin Qanunun 1-ci maddəsinin 33-cü bəndinə əsasən yol hərəkəti iştirakçısı dedikdə hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxs nəzərəd tutulur. Həmin Qanunun 1-ci maddəsinin 27-ci bəndinə əsasən moped - iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 267.1- 1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. ” Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi əməldən səmimi peşmançılığını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəmək niyyətində olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 267.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsinə əsasən “Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 267.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar