Məhkəmə qərarları › İş №1(003)-206/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-206/2024

22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-206/2024 22.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4 (003)-471/2023 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,975 qram narkotik vasitə-heroini xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi F.Aynulov küçəsində X3 10 manat müqabilində əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 22:00-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi F.Aynulov küçəsində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə aparılmış, şöbədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş və içərisində təmiz çəkisi 0,975 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 149 saylı tam orta məktəbin arxasında Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” markalı, **-NX-*** qeydiyyat nömrəli avtomobilinin sol ön qapsının açıq olmasından istifadə edərək avtomobilin günlüyündə olan 2.300 (iki min üç yüz) manat pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 2.300 (iki min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən beş il olar ki, narkotik vasitədən istifadə edir. Narkotik vasitəni Bakı şəhərinin müxtəlif yerlərindən alır. Üzərində aşkar edlmiş narkotik vasitə isə ona məxsus deyil, xx.xx.2023-cü il tarixdə polis şöbəsinə aparıldıqdan sonra orada ona göstərilən təzyiq və təsirlərdən sonra həmin narkotik vasitəni Firudin adlı şəxsdən aldığını bildirmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu ərazisində yerləşən kafelərin birində 500 qram spirtli içki araq qəbul etdikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 149 nömrəli məktəbin arxa tərəfi ilə piyada yaşadığı evə tərəf getdiyi zaman məktəbin arxasında ağ rəngli Vaz 2107 markalı, qeydiyyat nömrəsini hazırda xatırlamadığı avtomobilin yolun kənarında dayandığını görmüş, salonu xoşuna gəldiyinə görə yaxınlaşıb qapısına fikir verib görmüşdür ki, qapıları kilidli deyil, sakitcə avtomobilin sol qabaq qapısını açıb avtomobildə olan əşya saxlanılan yerlə cəld olaraq baxmış, lakin qiymətli bir əşya tapmamışdır. Sonda avtomobilin salonunda sol tərəfdəki günlüyü açıb görmüşdür ki, orada çoxlu pul var, onları götürüb avtomobildən uzaqlaşmışdır. Sonradan pulları saymış, sərxoş olduğuna görə səhv etmirsə məbləğ 1870 manat olmuşdur. Həmin puldan özünə xərcləmiş, bir hissəsini borcuna vermişdir. 166 manat pul qalmışdır ki, onu da polis əməkdaşları tərəfindən saxlanılandan sonra 3-cü PŞ-də polis əməkdaşlarına təhvil vermişdir. Üzərindən narkotik vasitənin aşkarlanması ilə bağlı ifadələrində əhəmiyyətli ziddiyyətlər olduğu üçün Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadə həmin hissədə elan edilmişdir. Həmin ifadədə Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni isə xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Firudin adlı şəxsdən 10 manata alıb üzərində saxlamışdır. Həmin gün saat 22 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, F.Aynulov küçəsində piyada hərəkətdə olduğu zaman iki nəfər mülkü geyimdə ona yaxınlaşıb polis əməkdaşları olduqlarını demişlər və onunla söhbət etdikləri zaman hiss etmişdir ki, polis əməkdaşları onun narkotik istifadəçisi olduğunu bilirlər, ona görə də orada onlara üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Buna görə də onlar onu yaxınlıqda olan 3-cü PŞnə dəvət etmişlər. 3-cü PŞ-də polis əməkdaşları video çəkiliş aparılmaqla üzərində baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, buna etiraz etməmişdir. Hüquq və vəzifələrim izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərində baxış keçirmişlər. Baxış zamanı ona üzərində saxlanılması və gəzdirilməsi qadağan olan hər hansı bir əşya və ya maddə varsa könüllü təqdim etməsi təklif edilmiş, o, bu təklifdən sonra üzərində saxladığı içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olan bir ədəd şəffaf sellofana bükülmüş bükümü və özünə məxsus bir ədəd mobil telefonu təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış, baxış götürmə keçirmişlər, axtarış nəticəsində üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi narkotik vasitə olan heroin və mobil telefon qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs son sözündə özünü tam olaraq təqsirli bilərək etdiyi əməllərdən səmimi peşman olduğunu bildirib ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Hər gün oğlu X9 idarə etdiyi “Vaz 2107” markalı, **-NX-*** qeydiyyat nömrəli avtomobili ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazsində yerləşən 149 nömrəli orta məktəbə dərsə aparır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində oğlunu avtomobili ilə qeyd etdiyi məktəbə gətirmişdir. Avtomobilini məktəbin arxasında saxlayıb oğlunu məktəbin həyətinə kimi aparıb ötürmüş və geri qayıtmışdır. Təxminən 10 dəqiqədən sonra geri qayıdıb avtomobilinə yaxınlaşanda aşkar etmişdir ki, avtomobilin sol qabaq qapısı açıq vəziyyətdədir və avtomobildəki əşyalar qarışıq hala salınmışdır. Avtomobilinə kiminsə daxil olmasını başa düşmüş, avtomobilin günlüyündə saxladığı özünə məxsus 2.300 manat pulun orada olmadığını, yəni oğurlandığını aşkar etmişdir. Buna baxmayaraq fikirləşmişdir ki, bəlkə də pulu unudub evdə saxlamışdır, evə getdikdən sonra məlum olmuşdur ki, 2.300 manat pulu evdə deyil, elə avtomobilində olmuşdur. Bundan sonra həyat yoldaşı X10 DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2.300 manat maddi ziyan dəymiş, avtomobilindən pulundan başqa hər hansı bir əşya və ya əmlakı oğurlanmamışdır. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, ona dəymiş maddi ziyan ödənilməmişdir, ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 bildirdi ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 may 2023-cü il tarixdə saat 22 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə inspektoru polis kapitanı Şahid2 Talib oğlu ilə birlikdə inzibati ərazidə, yəni Xəzər rayonu, Binə qəsəbəsi, F.Aynulov küçəsində xidmətdə olduqları zaman bir nəfər qeyri adi hərəkətləri ilə diqqətlərini cəlb etmişdir. Ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onunla söhbət zamanı o, özünü narkotik vasitənin istifadəçisi kimi şübhəli aparmağa başlamış və etiraf etmişdir ki, üzərində narkotik vasitə var. Ona görə də araşdırılması üçün onu Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. Sonuncu etiraz etməmiş və onlarla birlikdə 3-cü PŞ-nə getmişdir. 3-cü PŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bununla bağlı tərəfindən tərtib edilmiş raportla şöbənin rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün şöbənin rəhbərliyi tərəfindən təhqiqat qrupuna göstəriş verilmiş və baş təhqiqatçı, polis mayoru Namiq Binnətov tərəfindən araşdırma aparılmasına başlanmışdır. Şöbənin inzibati binasında onun, Xəzər RPİ-nin 3cü PŞ-nin polis sahə inspektoru polis kapitanı Şahid2 və Bakı şəhər, 8 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Üzərində baxış və şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla təhqiqatçı tərəfindən tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü və həmin şalvarın sol yan cibindən bir ədəd “Mİ” markalı mobil telefonu çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan maddə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir və o, həmin heroini Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Firudin adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin ona məxsus olub-olmaması, saxlanılaraq Xəzər RPİ-nin 3-ci polis şöbəsinə dəvət olunarkən, polis şöbəsində polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmaması, əməlindən peşman olubolmaması barədə suallar verilmiş, Təqsirləndirilən şəxs cavab verərək təqdim etdiyi maddənin ona məxsus olduğunu, polis əməkdaşları tərəfindən heç bir qanunsuz hərəkətlərə məruz qalmadığını və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 16 may 2023-cü il tarixli, 6/2822 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 244” dairəvi möhür əksi olan, “Şübhəli şəxs (imza)...” sözləri, soyadı və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,975 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 6187 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə cəriməni tam ödədiyindən qeydiyyatda çıxarılmışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 15 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Namiq Binnətov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına şəxsi axtarış, baxış və götürmə aparılması haqqında xx.xx.2023cü il və diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli prptokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü və həmin şalvarın sol yan cibindən bir ədəd “Ml” markalı mobil telefonu çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuş və həmin bükümün içərisində "kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu və həmin heroini xx.xx.2023-cü il tarixdə, Binə qəsəbəsində Firudin adlı şəxsdən 10 (on) manata öz şəxsi istifadəsi üçün aldığını və bu məqsədlə üzərində saxladığını bildirmişdir. Daha sonra şübhəli şəxsin üzərində şəxsi axtarış davam etdirilmiş, lakin sonuncunun üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi və içərisində narkotik vasitə - heroin olan həmin büküm və mobil telefon ayrı-ayrı kağız zərflərdə baş təhqiqatçı tərəfindən qablaşdırılmış vəziyyətdə möhürlənərək götürülmüşdür. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ülvi Novruzov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 29 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Ağayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayət işinin icraata qəbul edilməsi və başqa cinayət işinə birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ülvi Novruzov tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraatına qəbul edilməklə AR CM-nin 177.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməklə sonuncu nömrə altına istintaqın davam etdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş maddi sübutun götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tədim etdiyi 01 ədəd 100 (yüz), 02 ədəd 20 (iyirmi), 2 ədəd 10 (on), 01 ədəd 5 (beş) və 01 ədəd 1 (bir) manatlıq pul əskinasları maddi sübut qismində götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin pul əskinaslarını Binə qəsəbəsində yerləşən 149 saylı tam orta məktəbin arxasından küçədə dayanmış vəziyyətdə olan **-NX-*** dövlət qeydiyyat nişanlı avtomaşından oğurladığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli ərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsindən Həmin Məcəllənin 177.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs yeni ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələri ilə yeni ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-471/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 177.1 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf etməsini və səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən “oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0.925 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla, cəmi 02 ( iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 02 (iki) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 29 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,925 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 7 saata görə 42 manat, ümumilikdə 162 (bir yüz altmış iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar