Məhkəmə qərarları › İş №1(003)-206/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-206/2025

07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-206/2025 07.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Fizuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Fizuli rayonu, Dilağarda kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2 nömrəli yataqxanada yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 noyabr 2024-cü il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən “Ağ Saray” adlanan obyektdə yerləşən çayxanada yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində həmin obyektin gözəllik salonunda işləyən Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan təhqiramiz ifadələr işlətmiş və Zərərçəkmiş şəxs da ona kobud təhqiramiz formada cavab qaytarmasını cüzi səbəb kimi bəhanə edib mübahisə yaratmış, yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, eqoizm nümayiş etdirərək ucadan nalayiq sözlər işlətməklə Zərərçəkmiş şəxs təhqir etmiş, sonra onun boğazından yapışaraq silkələmiş və daha sonra isə təpiklə vuraraq, nəticədə ona üst dodağın səthi əzilmiş yarası ilə müşayiət olunan sağlamlığa zərərvurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilməyən, sağ budun fluktasiyaedici hematoması ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməsi və çayxananın iş fəaliyyətinin 15 dəqiqə pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra dostları ilə çay içmək üçün Binə qəsəbəsində yerləşən “Ağ saray” adlanan yerdə olan Akifin çayxanası kimi tanınan yerə getmişdir. Orada olarkən Akif ilə bir məsələ barədə söhbət edən zaman Zərərçəkmiş şəxs Akifə yaxınlaşıb onu kənara çağırmışdır. Akif onunla söhbəti yarıda kəsib həmin xanımın yanına getmişdir. O, da Akifin bu hərəkətindən qəzəblənib Akifə irad bildirmiş və bu vaxt Kəmalə də ona irad bildirmişdir. Bu səbəbdən də onunla Kəmalənin aralarında mübahisə yaranmışdır. Daha sonra Kəmalə onun ünvanına nalayiq ifadə işlətmişdir. Bu səbəbdən də, Kəmalənin arxası ilə getmiş və sonuncunun boğazından tutaraq silkələmişdir. O, Kəmaləni vurmaq niyyətində olmamışdır. Bu vaxt Rəşad və Akif onları ayırmışlar. Əlavə olaraq Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini və barışdığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qeyd etdi ki, xx.xx.2024-cü il tarixdə Binə qəsəbəsində “Аğ saray” adlanan obyektin içərisində yerləşən gözəllik salonunda bir nəfər müştərinin səhhətinin pisləşməsini görmüş və bu barədə obyektin sahibi Akif müəllimə məlumat vermək üçün həmin obyektin içərisində yerləşən kafeyə keçmişdir. Bu vaxt Akif əvvəllər tanımadığı sonradan adının Səyyad olduğunu bildiyi şəxs ilə söhbət edirmiş. O, Akifə yaxınlaşıb onunla kənara gəlməsini xahiş edib sonuncuya vacib sözünün olmasını bildirmişdir. Bu vaxt Akif buna etiraz etmədən ona tərəf gəlmək istədikdə Səyyad Akifə qarşı təhqir işlədib germəməsini bildirmiş və daha sonra onun ünvanına təhqir işlətmişdir. O, da həmin Səyyadın işlətdiyi təhqirləri sonuncunun özünə və ailə üzvlərinə şamil etməsini Səyyada demişdir. Bundan sonra Səyyad ayağa durub onun üzərinə tərəf gəlmiş və onun boğazından tutub təhqirlər işlətmişdir. Həmin vaxt Akif, Zakir və adını bilmədiyi bir nəfər şəxs onları ayırmışlar. Daha sonra Səyyad yenidən ona qarşı təhqir işlətmiş və o, yenidən həmin təhqirləri Səyyadın öz ailəsinə deməsini sonuncuya bildirmişdir. Bunu eşitdikdən sonra Səyyad onun üzərinə tərəf hücum etmiş və ona təpik zərbəsi vurmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq sonuncunu bağışlamış və onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 qeyd etdi ki, Binə qəsəbəsində yerləşən “Ağ saray” adlı obyektdə olan Akif adlı şəxsin işlətdiyi çayxanada çayçı kimi işləyir. xx.xx.2024-cü il tarixdə çayxanada müştərilər var idi və o, onlara xidmət edirdi. Həmin vaxt Səyyad da müştəri kimi gəlmişdi və Akif ilə birlikdə oturub söhbət edirdilər. Bir az sonra o, müştərilərə xidmət edərkən səs-küy eşitmişdir. Həmin vaxt əlində olan işi bitirib səs gələn tərəfə getmişdir. Bu vaxt Səyyad, Akif və Rəşad orada idilər. O, Səyyadın əsəbi olmasını və həmin obyektdə fəaliyyət göstərən gözəllik salonunda işləyən Kəmalə ilə mübahisə yaşadığının şahidi olmuşdur. Bundan sonra Səyyadı oradan uzaqlaşdırmağa kömək etmişdir. Lakin Səyyadın orada Kəmaləni vurmasını görməmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış X5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. X5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid3 göstərmişdir ki, onu uzun müddətdir hamı Rəşad kimi tanıyır. Bu səbəbdən də, hadisə şahidi kimi göstərilərkən adı Rəşad kimi qeyd edilmişdir. Hadisə baş verən gün o, da həmin kafeyə müştəri kimi gəlmişdir. Orada olarkən çayxana ilə gözəllik salonu arasında olan hissədən səs-küy gəldiyini eşitmişdir. Bundan sonra o, həmin yerə getmiş və orada Akifi, həmçinin Səyyad ilə Kəmaləni mübahisə edərkən görmüşdür. O, Kəmalə və ya Səyyadı aralaşdırmaq məqsədi ilə onlara yaxınlaşdıqda Səyyad Kəmalənin boğazından tutub silkələməyə başlamışdır. Bundan başqa Səyyad Kəmaləyə qarşı uca səslə təhqirlər işlədirdi və Kəmalə də həmin təhqirləri onun özünə ünvanlayırdı. O, onları aralaşdırıb Səyyadı uzaqlaşdırmaq istədikdə Səyyad əlindən qurtulub yenidən Kəmalənin üzərinə hücum edib sonuncuya təpik zərbəsi vurmuşdur. O, bu vaxt yenidən onları ayırmış və orada çayçı kimi işləyən Zakir də gəlib ona kömək edərək Səyyadı oradan uzaqlaşdırmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sərxoşluq hallarının təyini məqsədilə aparılan xx.xx.2024-cü il tarixli tibbi müayinə protokolundan aydın olur ki, Təqsirləndirilən şəxs yüngül alkoqol sərxoşluğu müəyyən olunmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 xx.xx.2024-cü il tarixli 1401 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində üst dodağın səthi əzilmiş və alt dodağın əzilmiş yaraları, burunun, sağ saidin səthi kəsilmiş yaraları, sağ budun fluktasiyaedici hematoması aşkar edildi. Qeyd olunan xəsarətlərdən üst dodağın səthi əzilmiş və alt dodağın əzilmiş yaraları, sağ budun fluktasiyaedici hematoması küt əşya (əşyalar): burunun, sağ saidin səthi kəsilmiş yaraları isə kəsici təsirə malik əşya (alət) təsirindən onun 10 saylı Təcili və X4 Stansiyasına müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə törənmələri istisna olunmur. Qeyd olunan xəsarətlərdən üst dodağın səthi əzilmiş yarası, burunun, sağ saidin səthi kəsilmiş yaraları sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün bunlar istər birlikdə, istərsədə ayrı-ayrılıqda dərəcələri təyin edilmir, alt dodağın əzilmiş yarası, sağ budun fluktasiyaedici hematoması isə dərəcələrinə görə istər birlikdə, istərsədə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. 2. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə, xarakterlərinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin şəxsən özü və ya kənar şəxs tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Bu məsələnin həllini istintaq yolu ilə dəqiqləşdirilməsi daha məqsədə müvafiqdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi B.Bəşirli tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, X3 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, diskin içərisində 35 saniyədən ibarət videogörüntü mövcuddur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Zərərçəkmiş şəxs Akif adlı şəxs ilə söhbət edir. Həmin görüntünün 05-ci saniyəsində Təqsirləndirilən şəxs Kəmalənin üzərinə hücum edərək sağ əli ilə onun boğazından tutub dəfələrlə silkələyir. Videonun 11-ci saniyəsində qara gödəkçəli istintaqa Rəşad adı ilə məlum olan şəxs onları ayırır. Daha sonra Kəmalə və Səyyad arasında sözlü mübahisə davam edir və görüntünün 18-ci saniyəsində Səyyad sağ ayağı ilə Kəmaləyə təpik zərbəsi vurur. Videonun 24- cü saniyəsində Zakir adlı şəxs də hadisə yerinə gəlir. Daha sonra orada olan şəxslər Təqsirləndirilən şəxs oradan uzaqlaşdırır; - Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 09 ay müddətə islah işləri cəzasına, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il sınaq müddəti ilə 02 il 01 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən hökmündüən CM-nin 70-ci maddəsinin tətbiqi çıxarılmış, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində xx.xx.2021-ci il tarixli Amnistiya qərarı tətbiq olunmaqla cəzası azaldılaraq 01 il 07 ay 28 gün saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Hazırda məhkumluğu yoxdur; - E-məhkəmə informasiya sistemindən və AA2409002 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.2020-ci il təvəllüdlü Şahlar - Təqsirləndirilən şəxs övladıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarda olan ifadələır, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12), zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı könüllü olaraq ödəməsini (CM-nin 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (CM-59.2) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsieləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzaya hesablansın və üzərində 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2 nömrəli yataqxana ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar