Məhkəmə qərarları › İş №1(003)-207/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-207/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-207/2023 13.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 oğlunun Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, barəsində 11 oktyabr 2022-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Xəzər rayonu, Qala-2 qəsəbəsi, Dayanacaq yaşayış massivi, Vorx küçəsi, ev 24-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaretin qızılı kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,265 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin İ Siyahısına daxil edilən psixotrop maddəmetamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin məmkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Stansiya Qala adlanan ərazidə küçədə hərəkət edən zaman saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş bükümdə psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, təxminən 10 il olar ki, narkotik vasitələr və “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin istifadə edir. Həmin maddələri Bakı şəhərində ayrı-ayrı yerlərdən müxtəlif şəxslərdən almışdır. Son vaxtlar isə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin istifadə edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində axşam saatlarında tanımadığı şəxsdən psixotrop maddə olan metamfetamini 10 (on) manata almışdır. Aldığı metamfetamini gələcəkdə istifadə etmək üçün bir ədəd siqaretin qızılı kağızına bükülmüş bükümdə üzərində gəzdirmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 12:30 radələrində Xəzər rayonu, Qala qəsəbəsi, Stansiya Qala adlanan ərazidə küçədə hərəkətdə olduğu zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları olduqlarını təqdim etdikdən sonra narkotik vasitənin istifadəçisi kimi şübhəli olduğunu bildirmişlər və sonra onu Xəzər RPİnin 1-ci PŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 1-ci PŞ-nə getmişdir. Bundan sonra xidməti otaqların birində müdafiəçinin iştirakı və videoçəkilişlə ona təklif olunmuşdur ki, üzərində saxlanılması və gəzdirilməsi qadağan olan hər hansı bir əşya və ya maddə varsa könüllü təqdim etsin. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibində içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamindir. Təqdim etdiyi psixotrop maddə olan metamfetamin qablaşdırılmış və möhürlənərək götürülmüşdür. O, müdafiəçisi və içtirakçılar qablaşdırmanı imzalamış və bu barədə protokol tərtib olunduqdan sonra ona ucadan oxunmuş və doğru yazıldığından imzası ilə təsdiq etmişdir. Narkotik vasitə və ya psixotrop maddənin istifadəsindən başqa satışı ilə məşğul olmamışdır. Əalvə olaraq onu da qeyd edir ki, polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki təzyiq və ya psixoloji təsir olunmamışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən himayəsində bir azyaşlı uşağının olmasını, əməlini etiraf edib və əməlindan səmimi olaraq peşman olmasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 09 oktyabr 2022-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsi, yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı alınmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə edilmişdir. Həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi, Şahid1 və ondan ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. 09 oktyabr 2022-ci il tarixdə, saat 12:30 radələrində tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu, Qala qəsəbəsi, Stansiya Qala adlanan ərazidə küçədə hərəkətdə olan Təqsirləndirilən şəxs saxlayaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmişlər. Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün şöbənin rəhbərliyi tərəfindən təhqiqat şöbəsinə göstəriş verilmiş və təhqiqatçı, polis kapitanı Şahin Mustafayev tərəfindən araşdırma aparılmasına başlanılmışdır. Şöbənin inzibati binasında Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X4, əməliyyat müvəkkili Şahid1, və Bakı şəhər, 8 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Üzərində baxış və şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisindəkinin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 (on) manata aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə baxış keçirərkən orada olan maddənin psixotrop maddəyə bənzər maddə olması aşkar edilmiş və həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılan zaman və üzərində baxış və şəxsi axtarış aparılan zaman ona qarşı hər-hansı bir fiziki təzyiq və ya psixoloji təsir göstərilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə şahid Xəzər RPİ-nin 1-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Rütbəsi polis baş leytenantıdır. 09 oktyabr 2022-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsi, yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı alınmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs anket məlumatlarının müəyyənləşdirilərkən həmin şəxsin xx.xx.1988-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Vorx küçəsi ev 24-də qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi, özü və Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. 09 oktyabr 2022-ci il tarixdə, saat 12:30 radələrində tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu, Qala qəsəbəsi, Stansiya Qala adlanan ərazidə küçədə hərəkətdə olduğu zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhələr olduğundan Təqsirləndirilən şəxs saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş və bu barədə tərəfindən tərtib edilmiş raportla şöbənin rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün şöbənin rəhbərliyi tərəfindən təhqiqat şöbəsinə göstəriş verilmiş və təhqiqatçı, polis kapitanı Şahin Mustafayev tərəfindən araşdırma aparılmasına başlanılmışdır. Şöbənin inzibati binasında onun, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X4, Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Bakı şəhər, 8 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Üzərində baxış və şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Bundan sonra, şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla təhqiqatçı tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir, həmin metamfetamini xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 (on) manata almış və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə baxış keçirərkən orada olan maddənin psixotrop maddəyə bənzər maddə olması aşkar edilmiş və həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və üzərində baxış və şəxsi axtarış aparılan zaman ona qarşı hər-hansı bir fiziki təzyiq və ya psixoloji təsir göstərilməmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5826 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində üzərində “Azərbaycan Respublikaı DİN Zərflər üçün № 157” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,265 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,265 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,215 qram. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop”in İ siyahısına daxildir. İş materiallarına olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6640 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Psixostimulyasitorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,265 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və hazırkı çəkisi 0,215 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşırılmış xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə hesab edilən metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Səfərov X5 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlni etiraf edərək peşmançılıq çəkməsini, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 11 oktyabr 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 09 oktyabr 2022-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində Bakı şəhəri, Xəzər rayonu, Qala-2 qəsəbəsi, Dayanacaq yaşayış massivi, Vorx küçəsi, 24 nömrəli evdə çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut Bakı şəhəri, Xəzər RPİ-də saxlanılan-ekspertiza tədqiqatından sonra qalan-0,215 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntü olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 55 (əlli beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı (10 saat) və məhkəmə baxışı zamanı (10 saat) hüquqi xidmət göstərmiş Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı (10 saat) və məhkəmə baxışı zamanı (10 saat) hüquqi xidmət göstərmiş Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 120 (bir yüz iyirmi) manat Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 09 oktyabr 2022-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixə qədər saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala-2 qəsəbəsi, Dayanacaq yaşayış massivi, Vorx küçəsi, v 24 nömrəli evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Bakı şəhəri, Xəzər RPİ-də saxlanılan-ekspertiza tədqiqatından sonra qalan-0,215 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı (10 saat), məhkəmə baxışı zamanı (10 saat) hüquqi xidmət göstərmiş Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar