Məhkəmə qərarları › İş №1(003)-207/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-207/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-207/2025 02.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hal-hazırda həmin hökm üzrə cəza çəkən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İsmayılov küçəsi, ev 3, mənzil 37-də qeydiyyatda olmaqla yaşamış, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,307 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Bravo” marketin yaxınlığına kimi daşımış, 24 sentyabr 2024-cü il tarixdə saat 13:50-də orada digər cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmaqla axtarışda olduğu vaxt Təqsirləndirilən şəxs Xəzər Rayon Pİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Xəzər Rayon Pİ-nin X8 təhvil verildikdə Respublika DİN-nin müvafiq əmrinin tələblərinə əsasən həmin gün orada saat 14:00-da üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 01 ədəd gümüşü rəngli kağız kəsiyi bükümünə bükülmüş təmiz çəkisi 0,307 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış həmin xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü irəli sürülmüş ittiham üzrə təqsirli bilməyib ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum olunmuşdur. Tutulan zaman digər cinayət işi üzrə axtarışda olmuşdur. 24 sentyabr 2024-cü il tarixdə polis əməkdaşları onu Xəzər rayonu ərazisində olan “Teymur Quliyev” adına sanatoriya ərazisində tutmuşlar. Onu tutanlar Mircamal, Nicat və Güloğlan olmuşdur. Təxmini olaraq səhər saatlarında tutulmuşdur. Həmin vaxtı üzərində narkotik vasitə olmamışdır. Tutulduqdan sonra onu 1-ci Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində üzərini axtarmışlar, lakin narkotik vasitə aşkar edilməmişdir. Müəyyən qədər ona təzyiqlər etdikdən sonra onu Xəzər RPİ-nin X8 aparmışlar. Orada olan zaman üzərinə baxış keçirilmiş, lakin qanunsuz əşya tapılmamışdır. Ondan şəxsiyyət vəsiqəsi, bank kartı və bel kəmərini götürmüşlər. Həmin akta qol çəkmişdir. Lakin üzərindən narkotik vasitə tapılması ilə bağlı heç bir sənədi imzalamamışdır. İttiham aktında qeyd edilən kimi Mərdəkan qəsəbəsində yerləşən “Bravo” marketin yaxınlığında deyil, “Teymur Quliyev” adına sanatoriya ərazisində tutulmuşdur. Onun heç bir təqsiri yoxdur. Qeyd olunanları nəzərə alıb barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili X4 göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində axtarış verilmiş Təqsirləndirilən şəxs Cəmaləddin oğlu 24 sentyabr 2024-cü il tarixdə saat 13 radələrində Xəzər rayonu, “Teymur Quliyev” adına sanatoriya ərazisində saxlanılmışdır. Həmin vaxtı onunla bərabər şöbənin sahə rəisi Güloğlan və digər polis işçiləri olmuşdur. Təqsirləndirilən şəxs tutduqdan sonra 1-ci PŞ-nə gətirmişlər. Daha sonra onu Xəzər RPİ-nin MSY-nə təhvil vermişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman iştirak etməmişdir. Məhkəmə iclasında verilən suala cavab olaraq X4 bildirdi ki, Təqsirləndirilən şəxs “Teymur Quliyev” adına sanatoriya ərazisində tutmuşlar. İbtidai istintaq zamanı verdiyi ifadəsində tutulma yeri kimi Mərdəkan qəsəbəsində yerləşən “Bravo” marketin yaxınlığı göstərilməsi səhvdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin MSY-də növbətçi vəzifəsində xidmət edən Şahid1 qeyd etdi ki, xx.xx.2024-cü il tarixində X7 növbətçi olmuşdur. Onunla bərabər X9 da xidmətdə olmuşdur. Günorta saatlarında Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs MSY-nə gətirilmişdir. Həmin vaxt bilmişdir ki, Təqsirləndirilən şəxsla Şöbənin işçiləri arasında mübahisə olmuşdur. Xüsusi otaqda Təqsirləndirilən şəxs üstünə baxış keçirilmişdir. Həmin vaxt o, sənədləşmə işləri ilə məşğul olduğundan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə çıxmasını görməmişdir. Masanın üzərinə qoyulmuş əşyaları sənədləşdirmişdir. Müstəntiq tərəfindən götürmə aparılmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixində X7 xidmətdə olmuşdur. Günorta saatlarında Xəzər RPİ-nin 1-ci PŞnin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs MSY-nə gətirilmişdir. Xüsusi otaqda Təqsirləndirilən şəxs üstünə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində axtarışı o aparmışdır. Bu zaman Təqsirləndirilən şəxs üzərindən şəxsi əşyaları ilə yanaşı şübhəli büküm çıxmışdır. Həmin büküm ağ sellofana bükülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümün nə olduğunu bilmədiyini demişdir. Ağ sellofanda olan büküm şübhəli olduğundan rəhbərliyə məruzə etmişlər. Onlar həmin bükümü qablaşdırmamışlar. Bir qədər sonra müstəntiq MSY-nə gələrək həmin bükümü götürmüşdür. Lakin həmin bükümün qablaşdırılmasını görməmişdir. Axtarışı xüsusi otaqda aparmış, həmin otaqda müşahidə kameraları daimi olaraq işlək vəziyyətdə olmuşdur. Şahid X9 verilmiş suala cavab olaraq bir daha bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən tapılmış büküm ağ sellofana bükülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində tutulmuşdur; - Xəzər RPİ-nin MSY-nin rəisinin xx.xx.2024-cü il tarixli raportunda qeyd olunmuşdur ki, axtarışda olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun əynindəki şalvarı cibindən gümüşü kağız bükümündə qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir; - xx.xx.2024-cü il tarixli axtarış haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, bank kartı və bel kəməri və 01 ədəd büküm aşkar olunmuşdur; - Götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılaraq götürülmüşdür; - Xəzər RPİ-nin İŞ-nin müstəntiqinin tərtib etdiyi portokolda qeyd olunmuşdur ki, Xəzər RPİ-nin MSY-də müşahidə kamerasına baxış keçirilmiş, lakin kameranın işlək vəziyyətdə olmaması müəyyən olunmuşdur; - Xəzər RPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, Xəzər RPİ-nin MSY-nin video-müşahidə kamerasının qeydlərinin yadda saxlanma müddəti 30 gün olduğundan silinmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4731 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş: DİN "Arayışlar üçün Ne 43" möhür əksi, " olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,307 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025ci il tarixli, 113 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi H.Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixində cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bundan başqa o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş tutulmuş və ya həbs edilmiş şəxslərim tam axtarışı haqqında protokola, götürmə haqqında protokola, şahidlərin ifadələrinə, ekspertiza rəylərinə əsaslanmışdır. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, şahid Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili X1 Xəyal Camaləddin oğlunun üzərinə baxış aparılan zaman iştirak etmədiyini, həmçinin təqsirləndirilən şəxsin tutulduğu yerin ittiham aktında qeyd olunan yerdən fəqli olduğunu bildirmişdir. Digər şahid Xəzər RPİ-nin MSY-də növbətçi vəzifəsində xidmət edən Şahid1 isə məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs üzərindən hər-hansı büküm çıxmasını görmədiyini qeyd etmişdir. Xəzər RPİ-nin MSY-də növbətçi köməkçisi vəzifəsində xidmət edən X9 isə Təqsirləndirilən şəxs üzərindən ağ sellofana bükülmüş büküm tapıldığını bildirdi. Halbuki, verilmiş ittihama əsasən və ekspert rəyində göstərilmişdir ki, gümüşü rəngli kağız büküm aşkar edilmiş, sonra isə ekspertizaya təqdim edilmiş və ekspert rəyinə əsasən də həmin bükümdə olan maddənin heroin olduğu müəyyən olunmuşdur. Həm Şahid1, həm də X9 bükümün müstəntiq tərəfindən qablaşdırılmasını görmədiklərini qeyd etmişlər. Tutulmuş şəxsin tam axtarışı haqqında xx.xx.2024-cü il tarixli protokola münasibətdə məhkəmə hesab edir ki, bu protokolun qanuniliyi mötəbər sübutlarla təkzib edildiyindən, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin protokolun sübutedici qüvvəsi yoxdur. Götürmə haqqında xx.xx.2024-cü il tarixli protokol müstəntiq Hüseyn Məmmədov tərəfindən tərtib edilmiş, Şahid1 və X9 tərəfindən imzalanmış olsa da, sonuncular məhkəmə iclasında verdikləri ifadələrində ayrı-ayrılıqda hər biri bükümün qablaşdırılmasında iştirak etmədiklərini bildirmişlər. Bundan başqa müstəntiq tərəfindən tərtib olunmuş protokolda qeyd olunmuşdur ki, Xəzər RPİ-nin MSY-nin müşahidə kamerası işlək vəziyyətdə olmadığından video görüntülərin götürülməsi mümkün olmamışdır. Lakin həm Xəzər RPİ-nin MSY-nin əməkdaşlarının şahid qismində verdikləri ifadlərindən, həmdə Xəzər RPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, Xəzər RPİ-nin MSY-nin video-müşahidə kamerası işlək vəziyyətdə olmuş, lakin qeydlərinin yadda saxlanma müddəti 30 gün olduğundan silinmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tutulandan dərhal sonra MSY-nə gətirilməməsi, 1-ci Polis Şöbəsinə aparılması, bu zaman üzərinin yoxlanmaması əsaslı şübhələr doğurur. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya olması ehtimal olunsa belə, bu müddət ərzində onu özündən kənarlaşdırmaması (tullamaması) məhkəmə tərəfindən inandırıcı qəbul edilmir. Ekspertiza rəylərinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4731 saylı rəyi yalnız təqdim edilmiş kütlənin narkotik vasitə olması faktını təsdiq etsə də, onun Təqsirləndirilən şəxs aidiyyatına dair heç bir sübut əhəmiyyəti təşkil etmir. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 113 saylı rəyi ilə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyini müəyyən etsə də, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu qəbul etmiş və bununla əlaqədar olaraq CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Bu səbəbdən də bu ekspertiza rəyi də hazırki ittihamın əsası kimi qəbul oluna bilməz. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X10 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı ( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hüseyn və başqaları Azərbaycana qarşı» iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına, həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə görə həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən, bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən, təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi–hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən həmin əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi və onun hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman narkotik vasitə olan heroinin aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən narkotik vasitə - heroinin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması faktı müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, maddi sübut – narkotik vasitənin bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün hökm qanuni qüvvəyə mindikdən sonra zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 0,257 qram narkotik vasitə - heroin isə aparılan araşdırma sona çatanadək Bakı şəhəri Xəzər RPİ-nin saxlanc otağında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və ona mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. Məhkəmə habelə belə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci – keçirilmiş məhkəmə ekspertizasının dəyərini təşkil edən 65 məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.2, 42, 346-349, 350-353 və 356, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin . Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,307 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,257 qram çəkidə narkotik vasitə heroin həmin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Bakı şəhəri Xəzər RPİ-nin saxlanc otağında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin narkotik maddənin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 16 saat vaxta görə 96 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar