Məhkəmə qərarları › İş №1(003)-208/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-208/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-208/2021 07.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1953-cü il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsi ev 16 mənzil 69-da qeydiyyatda olmaqla ünvan 1 fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi əşya ilə ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edib silah qismində istifadə etdiyi dəmir universal açar ilə sonuncunun sol qulağından qəsdən bir dəfə zərbə endirərək, Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvuran bədən xəsarəti yetirərək xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16:30-da o, yaşadığı evin həyətində olan zaman həyat yoldaşı Qəndab ona bildirmişdir ki, həyətdə olan su borusu qırılıb, həyəti su basıb. O, borunu təmir etmək məqsədi ilə yaşadığı evdən təqribən 200 metr məsafədə yerləşən həyətə gələn su borusunun kranını bağlamağa getmişdir. Həmin kran beş həyətə gələn şirin suyu bağlamaq üçün qoyulmuşdur. O, krana tərəf gedəndə görmüşdür ki, qonşuları olan Canpolad (Namulla) adlı şəxsin evinin qarşısında təqribən 5-6 nəfər şəxs dayanmışdır. O, qonşularının yanından keçmək istəyərkən bu zaman adını sonradan bildiyi Etibar adlı şəxs ondan hara getdiyini soruşmuş, o, ona həyətə gedən su kranını bağlamağa getdiyini bildirmişdir. Bu zaman həmin şəxs ona bildirmişdir ki, sən suyu bağlaya bilməzsən. O, Etibarın sözünə fikir verməyib gedib suyu bağlamaq istəmiş, bu zaman həmin şəxslərdən dəqiq xatırlamadığı biri arxadan ona yaxınlaşıb onu dartmış, o, yıxılmış və həmin şəxslər onu söyüb təhqir etmişlər. Bundan sonra nə baş verdiyini xatırlamır. Yalnız onu bilmişdir ki, onun əlində suyu bağlamağa balaca dəmir qayçı açar olmuşdur. Bundan sonra o, DİN-nin 102 xidmətinə məlumat verərək qonşuluqda yaşayan Canpolad (Namulla) adlı şəxsin və yanında olan bir neçə nəfər şəxsin onu təhqir etdiklərini bildirmişdir. Lakin sonradan həmin şəxslərdən şikayət etmək istəmədiyi üçün ərizə yazmaqdan imtina etmişdir. Əlində olan həmin dəmir açarı hazırda yerini xatırlamadığı yerdə atmışdır, hadisənin sonunu xatırlamır. Mübahisə təqribən 10-15 dəqiqə davam etmişdir. O, həmin vaxt heç kimi vurmamışdır. Əvvəllər özünü təqsirli bilməsə də, hazırda özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs Etibar ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdır və onun ondan heç bir şikayəti yoxdur. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16:40 radələrində yaşadığı evdə olan zaman onların ailələri ilə yaxın olan, tanıdığı Nurlana xanım evlərinə su gəlmədiyini bildirmiş və kömək etməsini xahiş etmişdir. O, baxdıqda ona məlum olmuşdur ki, Nurlanəgilə gələn su xətti əsas xətdən bağlıdır. Bundan sonra təxminən 500 metr məsafədə olan Nurlanə xanımgilə gələn xətti gedib açmışdır. Bu zaman məhəllədə olan əvvəlcədən tanımadığı, lakin sonradan adını Sabir bildiyi şəxs ona yaxınlaşıb nə üçün su xəttini açdığını soruşmuşdur. O da ailənin evdə susuz qaldığını bildirib bu səbəbdən su xəttini açdığını demişdir. Həmin Sabir adlı şəxs cavab olaraq cəhənnəmə ki, sularının gəlmədyini deyib əlindəki dəmir açar ilə bir dəfə onun sol qulağına zərbə vurmuşdur. O, qulağından ağrı hiss edib bu barədə dərhal DİN 102 zəng xidmətinə məlumat vermişdir. Bir qədər keçmiş Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları gəlmişlər. Həmin mübahisə zamanı orada adını Canpolad kimi bildiyi şəxs də olmuşdur. Ona sonradan məlum olmuşdur ki, həmin şəxsi ləqəb olaraq Canpolad kimi çağırırlar, əsil adı isə Namulladır. Həmin mübahisə yaşadığı ünvanın yaxınlığında məhəllədə baş vermişdir. Sabir yalnız əlində olan dəmir açar ilə onun qulağından bir zərbə vurmuşdur. O, Sabiri vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Həmin mübahisə təxminən 10 dəqiqə davam etmiş, orada yalnız Namulla olmuşdur. Hazırda səhhəti yaxşıdır, təqsirləndirilən şəxs Sabir onunla barışıq əldə edərək ona dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də o, onu bağışlamışdır və ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, bir qonşu kimi mehriban yaşayırlar. Bu barədə yazaraq notarial qaydada təsdiq etdirdiyi ərizəni ibtidai istintaq zamanı müstəntiqə təqdim etmişdir, hazırda həmin məzmunda yazdığı yeni ərizəni də məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Sabirə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 göstərdi ki, yaşadığı qəsəbədə onu hər kəs Canpolad kimi tanıyır, lakin onun əsil adı Namulladır. xx xxxxxx 2020-ci il tarixdə saat 16-17 radələri olarmış yaşadığı evdə olarkən məhəllədən qışqırıq səsinin gəldiyini eşidib küçə qapısının ağzına çıxmışdır. Bu an görmüşdür ki, onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs üstünə hücum çəkmiş və əlində olan dəmir açar ilə sol qulağından zərbə vurmuş, Etibar qulağından xəsarət almış və xəsarət yerindən qan gəlmişdir. Etibar dərhal DİN 102 xidmətinə və X10 zəng etmişdir. Bundan sonra onlar Etibarı xəstəxanaya aparmışlar, orada Etibarın qulağını tikmişlər və evə qayıtmışlar. Həmin mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Zərərçəkmiş şəxs 15 ildir ki, taynıyır, belə ki, özünə məxsus Şağan qəsəbəsi ərazisində yerləşən bağ evində fəhləlik edir. xx xxxxxx 2020-ci il tarixdə o, bağ evində olmuşdur. Bağ evində qonaqları olmuş, Etibar da öz qohumu – onların qonşuluğunda yaşayan Namullanın evində fəhləlik edirmiş. Saat 17 radələrində birdən həyətinin qarşısındakı küçədə qışqırtı səsi eşitmiş və küçəyə çıxdıqda Etibarın qulağından qan axdığını görmüşdür. O, Etibardan nə baş verdiyini soruşduqda Etibar ilkin olaraq yıxılıb xəsarət aldğını demişdir. Bundan sonra o, X11 Stansiyasına zəng vurmuşdur. X11 gələndən sonra o, bilmişdir ki, Etibar qonşuluqda yaşayan Sabir adlı şəxs ilə mübahisə edib və Sabir onu qulağından vurub, lakin Etbar ilə Sabirin davasını şəxsən görməmişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrini bir-birlərinin üzlərinə deyərək həmin xüsusatları bir daha təstiq etmişlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ifadələri yerində yoxlanılmış, onlar ifadələrində qeyd etdikləri xüsusatları təstiq etmişlər, bu barədə protokollar tərtib olunmuş və fotoşəkillər çəkilərək protokollara əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 15 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət - sol qulağın əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddəti onun 10 saylı Təcili və X5 Stansiyasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş xx xxxxx 2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 83 saylı MKİS tərəfindən təqdim olunmuş xx xxxx 2021-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi əşya ilə ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi onun özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsnın ilk dəfə törətdiyi əməli məhkəmə iclasının sonunda etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, xx xxxxxx 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli məhkəmə iclasının sonunda etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 01 (bir) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar