Məhkəmə qərarları › İş №1(003)-208/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-208/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-208/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Banbaşı Ərazi Dairəsi, Binə Xocavar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 8 Mart küçəsi, ev 18-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Masallı RPİnin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 16 dekabr 2024-cü il tarixdə saat 23 radələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi nömrəsiz fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs kiminləsə ona məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə danışdığını eşidərək mobil telefonunu ondan alıb “Whatsapp” ani mesajlaşma proqramı ilə sevgi mesafı paylaşdığını görüb qısqanclıq səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə qəsdən vuraraq təpə nahiyyəsinin, ənsə nahiyyəsinin nöqtəşəkilli qansızması, alın nahiyyəsinin, döş qəfəsinin, sağ və sol əlin, sol budun qançırları, sol gicgah nahiyyəsinin əzilmiş yarası ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Birgə nikahlarından dörd övladları vardır. xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsində yerləşən evdə Rüfanənin telefonla yazışdığını görmüşdür. Bu səbəbdən aralarında mübahisə yaranmış və o, sonuncunu əli ilə vurmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs bildirmişdir ki, 2013-cü ildə Təqsirləndirilən şəxs ilə tanış olmuş və onlar həmin ili rəsmi olaraq ailə həyatı qurmuşlar. Onların həmin nigahdan 4 övladı olmuşdur. Onun Ceyhunla münasibətləri həmişə normal olmuşdur. O, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən Ceyhunun anasının yaşadığı yataqxanaya gəlmiş və orada yaşamağa başlamışdır. Bundan sonra onların 3 övladı dünyaya gəlmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində evdə olduğu zaman oğlu Kamalın ad günü imiş. Onlar bir qədər əyləndikdən sonra Ceyhun otağa yatmağa getmişdir. O, Ceyhunun mobil telefonunu götürərək “Votsap” sosial şəbəkədə tanış olduğu Adil adlı şəxslə mesajlaşan zaman Ceyhun yuxudan durmuş və onun əlindən mobil telefonu alaraq yazışmaları görmüşdür. Ceyhun onu əli ilə vurmağa başlamışdır. Ceyhun onun bədəninin müxtəlif yerlərindən əli ilə vurmuşdur. O, Ceyhunun əsəbləşdiyini görüb evdən çıxıb qonşuya getmiş və gecəni orada qonşuda qalmışdır. Səhərisi gün polisə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmiş və sonuncuya qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 1530 nömrəli rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - təpə nahiyyəsinin, ənsə nahiyyəsinin nöqtəşəkilli qansızması, alın nahiyyəsinin, döş qəfəsinin, sağ və sol əlin, sol budun qançırları, sol gicgah nahiyyəsinin əzilmiş yarası küt əşya(əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər; - xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi A.Həsənov tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi məhkəməyə göndərilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və CM-nin 128-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilmişdir. - Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və o, axtarışa verilmişdir; - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir; - Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(050)-19/2025 nömrəli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində Masallı RPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Cinayət işinin materiallarında göründüyü kimi, Təqsirləndirilən şəxs əməlini xx.xx.2024-cü il tarixində törətmişdir. O, CM-nin 73.2-ci maddəsi ilə cinayət məsuliyyətindən xx.xx.2024-cü il tarixli qərarla azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli xx.xx.2024-cü il tarixli qərar qanuni qüvvəsini almadan törətmişdir. Bu hal isə onun barəsində CM-nin 73-cü maddəsinin tətbiqinin mümkünlüyünü istisna etmir. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsini və zərərçəkmiş şəxsin ifadəsini, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və onun digər cinayət işi üzrə həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və onun digər cinayət işi üzrə həbsdə olmasınəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 04 saat vaxta görə 24 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar