Məhkəmə qərarları › İş №1(003)-21/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-21/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-21/2025 05.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 21:24 radələrində etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Tayola Prius” minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində Buzovna-Zuğulba istiqamətində yolun soldan 1-ci zolağı ilə saatda 90-100 km sürətlə hərəkətdə olarkən “X9” Azərbaycan Respublikası Qanununun 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “X9” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və “X9” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yəni, onun hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək mövcud şəraitdə ehtiyatsızlıqdan yolu sağdan sola keçən piyada X5 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq sonuncuya təpə-ənsə nahiyyəsinin, sol saidin və sol baldırının geniş ölçülü əzilmiş yaraları; alın nahiyyəsinin, burunun, üst dodağın, alt çənənin, sağ bazunun orta-aşağı üçdə birinin arxa səthinin, sol bazunun orta üçdə birindən saidin yuxarı üçdə birinin arxa səthinədək davam edən, sağ dirsək nahiyyəsinin, sağ və sol əlin arxa səthinin, döş qəfəsinin sol yan səthinin aşağı üçdə birinin, sağ qalça darağı proyeksiyasının, sağ və sol ayağın üst səthinin sıyrıqları, ağır travmatik və hemorragik şokla müşaitl olunan baş beyinə qansızına; ənsə sümüyünün xətli sınığı, sol Vİİİ, İX, X qabırğaların ön qoltuqaltı xətli üzrə qapalı, az yerdəyişən sınıqları, sol said sümüklərinin açıq, qəlbəli sınığı, sağ baldır sümüklərinin qapalı yerdəyişən sınıqları, sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları, kəskin daxili qanitirmə ilə nəticələnmiş qaraciyər və dalağın cırılmaları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərər vuran bədən xəsarətləri yetirərək hadisə yerində ölməsinə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona ittiham edilən əməl üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Türkandən 4-cü yolda hərəkətdə olarkən qabaqda 3 avtomobil hərəkət etmişdir. Havada görüntü zəif olmuşdur. Bir anda avtomobillərin arasından çıxmışdır. O, piyadanı görməmişdir. Piyadanı görmədiyi üçün avtomobilin əyləcindən də istifadə etməmişdir. Piyadanı görüb saxlamamağı heç bir ağlı başında olan adam etməz. Avtomobillərin arasından çıxdığı üçün piyadanı görməmişdir. Sol tərəfdə dəmirlərin yanı ilə hərəkət etmişdir. Sağında avtomobillər hərəkət etdiyi üçün sağ tərəfini görə bilməmişdir. Həmin şəraitdə yolu soldan sağa keçməyi heç bir ağlı başında olan adam etməzdi. Piyadanı vurduqdan sonra avtomobilə nəsə dəyməsinin səsini eşitmiş və 10 metr qabaqda saxlamışdır. Sonra gəlib həmin adama yaxınlaşmış, 102 xidmətinə zəng etmiş, yaxında olan adamların heç biri isə yaxınlaşmamışdır. Daha sonra müstəntiq gəlmiş, hadisə yerinin eskizi çəkilmiş, sonra isə onun polis şöbəsinə aparmışlar. Mərhum günahı ucbatından hadisə baş vermişdir. Sonra mərhumun evinə getmişlər. Qəbir daşının qoyulmasına köməklik edəcəyini bildirmişdir. Xərclərin nə qədər olmasını soruşsa da, ona məlumat verməmişdirlər. Özü avtomobili lizinqə götürüb istifadə etmişdir. Hal-hazırda fəhləlik edir. İstər öz valideynlərinin, istərsə də həyat yoldaşının valideynləri yoxdurlar. Maddi imkanı yoxdur. 20000 manat pul istəyiblər. Onun həmin pulu verməyə imkanı yoxdur. Hadisə axşam saatlarında sürət həddini aşmadan baş vermişdir. Soldan birinci yolda hərəkət edirdi. Qabaq tərəfində maşın yox idi. Lakin sağ tərəfindən 3 avtomobil hərəkət edirdi. Həmin maşınların sürücləri avtomobilləri saxlayıb-saxlaya bilməmələrini bilməmişdir. Onu qabaqcadan görsə idi, dərhal avtomobili saxlayacaqdı. Mərhumun 3 nəfər dostu olmuşdur. Müstəntiq həmin şəxsləri dindirməmişdir. Tibbi ekspertiza təyin etmişdir ki, mərhum içkili olmuşdur. Hadisə baş verən yerdən 25-30 metr qabaqda piyada keçidi olmuş, həmin yerdə isə piyada keçidi və svetefor yoxdur. Hadisə baş verən zaman avtomobilin sürətlər qutusunun son göstəricisinin nə qədər olmasını bilmir, daha doğrusu yadına düşmür. Ekspertiza rəyi ilə tanış olmuşdur. Sürət həddini aşmamışdır. Ekspertiza rəyinə etiraz etmişdir. Hadisə axşam 10-a işləmiş baş vermişdir. Yol dörd zolaqlı olmuşdur. Avtomobilin sağ fara hissəsi ilə piyadanı vurmuşdur. Əgər orta istiqamətdən vursa idi, onda razılaşardı ki, onu görmək imkanı olmuş, hadisənin qarşısını almamışdır. Görüntülərdən görünür ki, mərhum yolu sağdan sola keçir. Hadisədən qabaq mərhumu tanımamışdır. Onu vurduqdan sonra təcili tibbi yardıma zəng vurmuşdur. Hadisə zamanı surətinin dəqiq nə qədər olmasını bilmir. Lakin, birinci surət radarını keçərkən surəti saatda 97 km olmuşdur. Həmin yerdən isə hadisənin baş verdiyi yerə kimi 200-300 metr məsafə qət etmişdir. Sağ tərəfi avtomobillərlə dolu olduğu üçün piyadanı görə bilməmişdir. Sağında olan avtomobillərdən daha surətli hərəkət etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs bildirdi ki, bir nəfər zəng edərək evinə gəlmək istədiyini demiş, 2 nəfə saqqallı oğlan gəlmiş, lakin qapıdan içəri girmək istəməmişlər. Orada pul söhbəti olmamışdır. Anası və bacısını maddi cəhətdən mərhum təmin etmişdir. Hörmət etmək istəmişlər, demişdir belə söhbət ola bilməz. Onun anasının əlini öpməyən insanı heç bir zaman bağışlamayacaqdır. İş yoldaşı cənazəni evə gətirmişdir. Barışıq əldə olunmamışdır. Ona dəymiş təzminatın ödənilməsini tələb edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli, 107 nömrəli ekspert rəyindən görünür ki, 1969-cu il təvəllüdlü X3 meyitində aşkar edilmiş xəsarətlər - təpə-ənsə nahiyyəsinin, sol saidin və sol baldırının geniş ölçülü əzilmiş yaraları; alın nahiyyəsinin, burunun, üst dodağın, alt çənənin, sağ bazunun orta-aşağı üçdə birinin arxa səthinin, sol bazunun orta üçdə birindən saidin yuxarı üçdə birinin arxa səthinədək davam edən, sağ dirsək nahiyyəsinin, sağ və sol əlin arxa səthinin, döş qəfəsinin sol yan səthinin aşağı üçdə birinin, sağ qalça darağı proyeksiyasının, sağ və sol ayağın üst səthinin sıyrıqlar: ağır travmatik və hemorragik şokla nıüşaiət olunan baş beyinə qansızma; ənsə sümüyünün xətti sınığı: sol Vİİİ, İX, X qabırğaların ön qoltuqaltı xətti üzrə qapalı, az yerdəyişən sınıqları; sol said sümüklərinin açıq, qəlbəli sınığı, sağ baldır sümüklərinin qapalı yerdəyişən sınıqları: sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları; kəskin daxili qanitirmə ilə nəticələnmiş qaraciyər və dalağın cırılmaları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığı AĞİR dərəcəli zərərvurmanm əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum E.B.Quliyevin ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum E.B.Quliyevin meyitinin meyitxanada müayinəsindən 10-12 saat əvvəl baş vermişdir. Mərhum E.B.Quliyevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,6% etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti sağkən yüngül dərəcəli sərxoşluq vəziyyətinə uyğundur. Narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 2680/K, xx.xx.2023). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/2282 nömrəli rəyindən görünür ki, “Tayota Prius” minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərinə “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Quliyev maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 22 iyul 2023-cü il tarixli, 1/2767 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbul edilməsi halı aşkar edilməmişdir. - AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin mərkəzi məlumat sistemində aktiv məlumatları yoxlanılarkən AC seriyalı, 236961 nömrəli sürücülük vəsiqəsinin aktiv olması, həmin sürücülük hüququndan məhrum edilməməsi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-in xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. - elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin diskdə 01 ədəd videogörüntü vardır. Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər kameralarından əks olunan video görüntü olan 01 ədəd DVD diskə baxış keçirdilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 22 iyul 2023-cü il tarixində X3 yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Tayota Prius” markalı, 50-DP- 81İ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Xəzər rayonu, Zuğulba şossesində birinci yolda hərəkətdə olarkən yolun şağ tərəfindən sol tərəfinə keçmək istəyən X5 Təqsirləndirilən şəxs idarə etdiyi idarə etdiyi “Tayota Prius” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sağ tərəfi ilə vuraraq nəqliyyat vasitəsinin ön şüşəsinə çırpmış və havaya qalxaraq asfalt örtüyə çırpılmışdır. Video görüntü 16 saniyə davam etmişdir. -təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Mirzəbala Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı xx.xx.2024-cü il tarixli qərarla ilə təyin edilmiş əlavə yolnəqliyyat hadisəsi ekpertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1487-4/22 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı, DVD-R diskə qeydə alınmış “1-173-24” adlı videoyazıdakı görüntülərə görə baş vermiş yolnəqliyyat hadisəsinin iştirakçısı olan avtomobilin hərəkət parametrlərini müəyyən etmək mümkün olmamışdır. Videoyazıların məhkəmə ekspertizası yolu ilə sürücünün hadisənin qarşısının alınması ilə əlaqədar Toyota Prius markalı avtomobilin hərəkət parametrlərini müəyyən etmək mümkün olmadığından mövcud vəziyyətdə məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası yolu ilə Toyota Prius markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əlavə edilmiş 1 ədəd CD diskdə olan videogörüntündən görünür ki, bir istiqamətli hərəkət hissəsi olan dörd zolaqlı yolda, hərəkət istiqaməti nəzərə alındıqda yolun sağ hissəsindən sol hissəsinə keçən piyada üçüncü zolağın ortasını keçdikdən sonra dördüncü zolaqda hərəkətdə olan avtomobil həmin hərəkətdə olan piyadanı avtomobilin sağ hissəsi ilə vurur. Zərbənin təsirindən piyada havaya qalxır, onu vuran avtomobil isə dayanmadan gəldiyi sürətdə və istiqamətdə (avtomobilin yarı hissəsi dördüncü zolaqda, yarı hissəsi isə üçüncü zolaqda) yolunu davam edir, bir az məsafədən sonra vurulan piyadanın cəsədi vuran avtomobilin arxa hissəsinə düşərək dördüncü zolaqda sürüşərək dayanır. Bundan sonra arxada üçüncü zolaqda hərəkətdə olan avtomobil vurulan piyadanın cəsədini görərək avtomobilin hərəkətini dayandırır. Həmçinin həmin videogörüntüdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yolda suni işıqlandırma var və piyadanı vuran avtomobilin hadisə baş verən zaman sağ və qarşı hissələrində hərəkətdə olan avtomobillər olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X9» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.” “X9” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “X9 Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir”. Həmin qanunun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən “Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir”. Həmin Qanunun 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə qiymət verərək, həmçinin iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv olaraq qiymətləndirərək qeyd edir ki, iş materiallarından da göründüyü kimi xx.xx.2023-cü il tarixdə baş vermiş və piyadanın ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi məhz sürücü Təqsirləndirilən şəxs təqsiri nəticəsində baş vermişdir. Bu hal yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, protokola əlavə edilmiş hadisə yerinin sxemi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi və iş materiallarına əlavə edilmiş və yol nəqliyyat hadisəsinin əks olunduğu video görüntü ilə də öz təsdiqini tapır. Sürücü Təqsirləndirilən şəxs diqqəti daim dəyişkən və intensiv hərəkətin olduğu yolda olmalı olduğu halda, o, hər hansı bir səbəbdən diqqətsiz və ehtiyatsız davranaraq ümumiyyətlə yola daxil olan piyadanı görməmişdir. Belə ki, onun diqqəti yolda olsa idi hadisəni görmək və qarşısını almaq imkan da kifayət qədər çox ola bilərdi. Təqsirləndirilən şəxs bunu piyadanın yolu sağdan sola keçmək istəməsi və həmin vaxt sağında avtomobillərin olması səbəbindən piyadanı görə bilməməsi ilə izah etsə də, bu hal işdə olan sübutlar, xüsusi ilə yol-nəqliyyat hadisəsinin əks olunduğu videogörüntü ilə tam olaraq təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə piyada vurularkən onun sağ tərəfdən görüntü dairəsinin digər avtomobillərlə bağlanması öz təsdiqini tapmır. Həmçinin nəzərə almaq lazımdır ki, hadisənin baş verdiyi yerdə görüntü dairəsi məhdud olmamış, əksinə süni işıqlandırma ilə həmin ərazi lazımınca işıqlandırılmışdır. Həmçinin qeyd olunmalıdır ki, piyada yolun sağından hərəkət hissəsinə daxil olub kifayət qədər böyük bir məsafə qət etmiş və sürücünü hərəkəti üçün təhlükə də piyadanın yolun sağından hərəkət hissəsinə daxil olub sola doğru hərəkətə başladığı andan yaranmışdır. Bu qədər məsafədə piyadanı görməməsini isə ancaq sürücünün ehtiyatsızlığı ilə izah etmək olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. İş üzrə 185 (bir yüz səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut qismində tanımış “Toyota Prius” markalı, **-DP-*** qeydiyyat nömrəli avomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzrə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 185 (bir yüz səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut qismində tanımış “Toyota Prius” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Cinayət işinin materiallarında olan 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar