Məhkəmə qərarları › İş №1(003)-210/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-210/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-210/2024 02.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 avqust 2023-cü il tarixdə saat 23:15 radələrində BA 069641 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi "Hunday Elantra" markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Xəzər rayonu, Qala-Zirə avtomobil yolunun 19-cu kilometrliyində yerləşən Qala dəmir yolu keçidi istiqamətində saatda 80 km sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 44cü maddəsinin 3-cü hissəsinin 5-ci bəndinin və həmin Qanunun 44-cü maddəsinin 4- cü hissəsinin tələblərini pozmuş, yəni sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etməli, habelə keçidə qatar (lokomotiv, drezina) yaxınlaşdıqda (görünmə həddində) keçməməli olduğu halda bunlara əməl etməyərək idarə etdiyi avtomaşının hərəkətini dayandırmayaraq həmin dəmiryolu keçidinə yaxınlaşan, "xxxx" QSC-nə məxsus, 31 vaqondan ibarət, 2024 nömrəli yük qatarının gəldiyini görməli olduğu halda görməyib keçidə daxil olan zaman avtomaşının ön tərəfi ilə həmin qatarın sağ hissəsinin toqquşmasına, nəticədə sərnişin qismində avtombilin arxa oturacağında əyləşmiş xx.xx.1990-cı il təvəllüdlü X3 başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, alın-təpə nahiyyəsinin, sol bazunun orta üçdə birinin arxa-bayır səthinin, sol saidin aşağı üçdə birindən əlin arxa səthinədək davam edən əzilmiş yaraları, alının mərkəzində, burunun, sol yanağın, sol bazunun arxa-bayır səthinin, döş qəfəsinin sol yarısının, qarının ön divarının sol yan səthinin sıyrıqları, hər iki göz orbitinin qançırı ilə müşaiyət olunmaqla sağlamlığına ağır zərər vurulmasına səbəb olan, habelə almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar nəticəsində ölümü ilə nəticələnən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bəzən etibarnamə əsasında idarə etdiyi "Hyundai Elantra" markalı 77- FV-520 dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 02 avqust 2023-cü il tarixdə, saat 22 radələrindən Xəzər rayonu, Şüvəlan qəsəbəsindən keçərkən, "Araz" marketin qarşısından müştəri qismində bir qadını götürmüşdür. Həmin qadın Qala qəsəbəsinə getməli olduğunu demiş və beş manat qarşılığında razılığa gəlmişlər. Qadın arxa sağ oturacağa əyləşmişdir. O, Qala-Zirə yolu ilə hərəkətə keçmişdir. Avtomobili təxminən saatda 80 km sürətlə idarə edirmiş.Hava qaranlıq olduğundan irəlidə dəmiryol xəttinin olduğuna fikir verməmiş, qatarın gəldiyini görməmişdir. Eyni zamanda qaranlıq olduğundan Qala qəsəbəsinin ərazisindən keçərkən, yolun sağı tərəfində irəlidə dəmir yolu xəttinin olduğunu bildirən yol nişanı, həmçinin "Stop" nişanını görməmişdir. Artıq dəmir yol xəttinə lap az qalmış sağda işıqforun yanıb söndüyünü və sol tərəfdən sağ istiqamətdə qatarların hərəkət etdiyini görmüşdür. Ayağını əyləcə basmış, lakin məsafə çox yaxın olduğundan avtomobil ən öndə gedən qatar ilə toqquşmuşdur. Qatar ilə toqquşan zaman zərbədən huşunu itirmişdir. Gözlərini açanda qadının onun ayaqlarının yanına düşdüyünü görmüşdür. Həmin vaxt ətrafda olan şəxslər qapıları açaraq ilk olaraq qadını, sonra da onu sağ qapı tərəfdən çıxartmışlar. Onların hər ikisini təcili tibbi yardım maşınları ilə Sabunçu xəstəxanasına aparmışlar. Sonradan həmin qadının vəfat etdiyini eşitmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində bildirdi ki, mərhum Aytəkin Əşrəfova onun qızı idi. Aytəkin Mərdəkan qəsəbəsində aptekdə əczaçı işləyirmiş. Aytəkin həmişə gecə saat 23 radələrində işdən çıxıb, evə gəlirmiş.03 avqust 2023-cü il tarixdə gecə vaxtı ona məlumat gəlmişdir ki, qızı Aytəkin Qala-Zirə yolunda avtomobil ilə elektrovozun toqquşması nəticəsində dünyasını dəyişib. Gecə saatları olduğundan və avtobuslar işləmədiyindən Aytəkin evə taksi ya da ki, manatlıq maşınlar ilə gələrmiş. Hadisədən sonra eşitmişlər ki, yenə evə taksi ilə gələrkən, Qala stansiyası tərəfdən keçən zaman avtomobil elektrovozu görməyib və toqquşma nəticəsində qəza baş verib. Aytəkini Sabunçu xəstəxanasına aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. Sonradan Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanı ödəmişdir. Ona görədə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, 2003-cü ildən "xxxx" QSC-nin Biləcəri lokomotiv deposunda elektrovoz maşinisti işləyir. Məlum hadisə 02 avqust 2023-cü il tarixdə, saat 23:15-də Dübəndi stansiyasından Biləcəri stansiyasına idarə etdiyi elektrovozun və elektrovozun yedəyində olan 31 vaqonun hərəkəti zamanı baş vermişdir. Həmin gün növbətçilik qrafikinə əsasən maşinist kimi o və köməkçisi Şahid1 olmuşlar. Saat 23:15-də Qala stansiyasını keçirmişlər. Həmin hissədə dəmir yolu xətti avtomagistral yolun üzərindən keçir və onlar həmin hissəyə doğru yaxınlaşırmışlar. Həmin yol ilə Qala qəsəbəsindən Zirə-Pirallahı və əks istiqamətdə hərəkət etmək olur. Yol birtərəfli olmaqla hər iki istiqamətdə 3 zolaqlıdır. Onlar avtomagistral yola çıxan zaman Qala qəsəbəsindən Zirə qəsəbəsi istiqamətində yüksək sürətlə avtomobilin hərəkət etdiyini görmüşlər. Həmin vaxt dərhal "tifon" siqnalı vurmağa başlamışlar. Həmin siqnalın səsi çox güclüdür və ətrafa dərhal yayılır. Həmçinin elektrovozun önündə işlək vəziyyətdə iki ədəd fara, orta yuxarı hissədə projektor yanırmış, yəni bunlar normalda avtomobil sürücüsünün dərhal diqqətini çəkməli imiş. Lakin avtomobilin sürəti azaltmadığını görüb o, təcili əyləc sisteminə basmışdır. Buna baxmayaraq avtomobilin sürəti yüksək olduğundan onun sol ön hissəsi elektrovozun sağ ön hissəsi ilə toqquşmuşdur. Təxminən 5- 6 vaqon da yolu keçəndən sonra elektrovoz tam dayanmışdır. Onlar düşüb yola tərəf qayıtmışlar. Ətrafa çox sayda adamlar yığışmış və ora çatanda görmüşdür ki, maşından bir kişi və bir qadın çıxarılmışdır. Bir müddət sonra təcili tibbi yardım maşınları gəlmiş və hər ikisini xəstəxanaya aparmışlar. Sonra eşitmişdir ki, avtomobildə olan qadın dünyasını dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 şahid X2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış protokolundan görünür ki hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən Qala-Zirə avtomagistral yolunun 19-cu km-də, PK-2 adlanan ərazisidir. Yol asfaltdır, qurudur, projektorlar vasitəsilə süni işıqlandırma var. Avtomagistral yolunun üzərindən dəmir yolu xətti keçir. Dəmir yolu mühafizə edilməyən ərazidədir və hər iki tərəfdən şlaqbaum yoxdur. Dəmir yolu xəttinin üzərində vaqonlar dayanmış şəkildədir və yolun sağ kənarından 5 metr məsafədə elektrovoza toqquşaraq, zərbədən ön hissəsi sağ səkiyə dəyərək, dayanmış və sol tərəfi elektrovoza qoşulmuş vaqonlara dəymiş şəkildə "Hyundai Elantra" markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu görünür. Dəmir yolu xəttinə çatmağa təxminən 250 metr qalmış yolun sağ tərəfində irəlidə şlaqbaumsuz dəmir yolu keçidinin olduğunu və dəmir yol keçidinə yaxınlaşdığını xəbərdar edən nişanlar quraşdırılmışdır. Dəmir yol xəttinə çatmağa təxminən 240 metr qalmış maksimum sürətin saatda 60 km-dək məhdudlaşdırıldığını bildirən qadağanedici nişanın olduğu görünür. Dəmir yol xəttinə çatmağa təxminən 40 metr qalmış irəlidə şlaqbaumsuz dəmir yol keçidinin və birxətli dəmir yolunun olduğunu bildirən xəbərdaredici nişanlar var. Dəmir yol xəttinə təxminən 22 metr qalmış hündürlüyün məhdudlaşdırıldığını göstərən nişan yerləşdirilib. Dəmir yolu xəttinə çatmağa təxminən 8 metr qalmış işıqfor nizamlayıcısının, 5 metr qalmış isə dayanmadan keçmək qadağandır "STOP" işarəsinin quraşdırıldığı aşkar edilmişdir; - BA 269120 seriyalı qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətindədir; - BA 069641 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2033-cü il tarixədək “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir; - xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən aydın olur ki, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi Təqsirləndirilən şəxs oğluna etibar edilmişdir; - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2023-cü il tarixli, 1/3093 saylı protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və heç bir məhdudiyyəti yoxdur; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 115 saylı rəyindən görünür ki, mərhum A.S.Əşrəfovanın meyitində başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; alın-təpə nahiyyəsinin, sol bazunun orta üçdə birinin arxa-bayır səthinin, sol saidin aşağı üçdə birindən əlin arxa səthinədək davam edən əzilmiş yaraları; alının mərkəzində, burunun, sol yanağın, sol bazunun arxa-bayır səthinin, döş qəfəsinin sol yarısının, qarının ön divarının sol yan səthinin sıyrıqları; hər iki göz orbitinin qançırı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin salonunun qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum A.S.Əşrəfovanın ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur. - Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-ci il tarixli, 8/25xxxx/6408 saylı rəyindən görünür ki, "Hyundai Elantra" markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin 3-cü hissəsinin 5-ci bəndinin, 44cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Ş,Z,Rəfili avtomobili hərəkət sürəti 3.24 <<Maksimum sürətin məhdudlaşdırılması yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Yol-nəqliyyat hadisəsinin baş vermə şəraitinin (mexanizminin) ekspertizanın təyin olunması haqqında qərarın təsviri hissəsində və vəsatətə cavab məktubunda qeyd edildiyi kimi olduğunu, yəni maşınıst X2 və maşinist köməkçisi Şahid1 idarə etdikləri "V 11-351" nömrəli, yedəyində 31 vaqon olan elektrovoz Dübəndi stansiyasından Biləcəri stansiyasına doğru Qala stansiyasının ərazisində 21 km/saat sürətlə hərəkəti zamanı Təqsirləndirilən şəxs idarə etdiyi "Hyundai Elantra" markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəmiryolunun üzərinə çıxdığını gördükdə, avtomobilə 10-15 metr məsafə qaldıqda yüksək tonlu xəbərdarlıq siqnalı verdiklərini, lakin siqnala məhəl qoymadığını görən zaman maşinistin təcili tormozlanmadan istifadə etdiyini, həmin tormoz yolunun (200-250 metr) qatarın hərəkəti üçün maneənin yarandığı anda avtomobil ilə elektrovoz arasındakı məsafədən (10-15 metrdən) çox olduğunu nəzərə aldıqda, maşinist və maşinist köməkçisi tərəfindən "Azərbaycan Dövlət Dəmir X7 Qaydaları"nın tələblərinin pozulması müəyyən edilmir və hadisənin qarşısının alınması üçün maşinist və maşinist köməkçisinin texniki imkanları olmamışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəza çəkməkdən azad edilmişdir; - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, maşinist İ.G.Varonejtsevin və maşinist köməkçisi Şahid1 əməllərində cinayət tərkibi olmadığından həmin hissədə cinayət təqibinə xitam verilmiş, cinayət işi CM-nin 262.2-ci maddəsindən CM-nin 263.2-ci maddəsinə tövsif edilmişdir; - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, X8 cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır; - Zərərçəkmiş şəxsin hüquqi varisi X6 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. - Masallı RİHB-nin Çaxırlı kənd İƏDÜ nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini (59.1.1), əməlindən səmimi etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini (59.1.12), cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Hazırki cinayət əməli ehtiyatsızlıqdan törədilmiş cinayətlərə aid olduğundan CM-nin 18-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratmır. CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası (CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 150 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Maddi sübut kimi tanınmış “Hyunday Elantra” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomaşın hökm qanuni qüvvəsini aldıqdan sonra mülkiyyətçisinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 150 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə tutulsun. Maddi sübut kimi tanınmış “Hyunday Elantra” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomaşın hökm qanuni qüvvəsini aldıqdan sonra mülkiyyətçisinə qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar