Məhkəmə qərarları › İş №1(003)-211/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-211/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-211/2020 29.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, məhkum olunmamış, subay, natamam orta təhsilli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi, ev 38A-da qeydiyyatla yaşayan və barəsində nəzarət altına vermə iltizam qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Yetkinlik yaşına çatmayan xx xxx 2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 02:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs2 Baloğlan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində yerləşən saxlanc yeri olan ərzaq mağazasına pəncərəni sındırmaqla qanunsuz daxil olub oradan 700 (yeddi yüz) manat pulu gizli olaraq talayıb zərərçəkmişə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx xxx 2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən «Ucuzluq» geyim mağazasına damdan qanunsuz olaraq daxil olub oradan bir dəsti 25 manat olan 20 dəst uşaq geyimləri, bir ədədi 20 manat olan 08 ədəd qadın koftaları, bir ədədi 23 manat olan 5 ədəd məktəbli çantaları, bir ədədi 20 manat olan 17 ədəd qadın çantası, bir ədədi 80 manat olan 08 ədəd qadın və kişi kurtkaları, bir ədədi 23 manat olan 18 ədəd cins kişi şalvarı, bir ədədi 15 manat olan 15 ədəd kişi polverləri, bir ədədi 20 manat olan 23 ədəd klassik kişi şalvarları, bir ədədi 20 manat olan 15 ədəd idman ayaqqabısı, bir ədədi 30 manat olan 20 ədəd kişi ayaqqabıları, bir dəsti 50 manat olan 10 dəst idman geyim dəstlərini və kassada olan 1000 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 4914 (dörd min doqquz yüz on dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx xxx 2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 02:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən saxlanc yeri olan “Bərəkət” ərzaq mağazasına dam örtüyündən qanunsuz daxil olub oradan bir kiloqramı 10 manat olan 8 kiloqram «Halal» kolbasası, bir kiloqramı 9 manat olan 6 kiloqram «Min Bərəkət» sosiskası, bir ədədi 0,60 qəpik olan 24 ədəd alışqan, bir ədədi 1,20 manat olan 24 ədəd uşaq «Toybox» şirniyyatları, 1 qutusu 2,20 manat olan 10 ədəd «Palmalı» siqaretləri, 1 qutusu 2,20 manat olan 10 ədəd «Vinçester» siqaretləri, ümumi dəyəri 500 manat olan konturlar, bir ədədi 0,50 manat olan 24 ədəd «Ozmo» şokolodları, bir ədədi 3,40 manat olan 5 ədəd «Yaşkino» tortu, bir ədədi 3,50 manat olan 5 ədəd «rexsona» antiperspirantlar, bir ədədi 4 manat olan 5 ədəd «rexsona» dezoderantları, mağazada istifadə olunan 30 manat dəyərində səsgücləndirici, qutuda olan 250 manat nəğd pul və 25 manat dəmir pulları gizli olaraq talayıb zərərçəkmişə 1092,70 (min doxsan iki manat yetmiş qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, maddi imkanı olmadığından oğurluq etmək qərarına gəlmiş və bu məqsəd ilə bir neçə ünvandan oğurluq etmişdir. Həmin oğurluqlardan biri də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində yerləşən Etibar adlı şəxs məxsus mağazadan etdiyi oğurluqdur. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə gecə saat 02:00 radələrində həmin dükana yaxınlaşıb ətrafda heç kimin olmadığına əmin olduqdan sonra özündə olan vintaçanla (atverka) dükanın yan tərəfində olan şüşəsini sındırıb oradan dükana daxil olmuşdur. Dükanda olan piştaxtanın arxasındakı pul yığılan yerdən 700 manat nağd pulu oğurlayıb gəldiyi kimi oradan çıxaraq uzaqlaşmışdır. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Etdiyi əməldən səmimi olaraq peşmançılıq hissi keçirmişdir. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində o, Xəzər rayonu Binə qəsəbəsinə oğurluq etmək məqsədi ilə gəlmişdir. Məqsədi içində adam olmayan ev və yaxud obyekt tapıb oğurluq etmək olmuşdur. Oğurluq etmək istəyi pul əldə edib sonra onu öz ehtiyaclarına xərcləmək olmuşdur. Binə qəsəbəsində ara küçələrlə gəzmişdir. Diqqətini bir paltar mağazası çəkmişdir. Ətrafdan həmin obyekti müşahidə etmişdir. İşıqları sönülü olduğundan bağlı olduğunu başa düşmüşdür. Yaxınlaşıb dükanın pəncərəsindən boylanmışdır. İçəridə kimsə olmamışdır. Dükanın ətrafını gəzmişdir. Obyektin arxasından dama qalxmış, damın şiferin sındırmış və ondan sonra obyektin dam örtüyü olan lambir qatını ayağı ilə itələyib biri birindən qopardaraq mağazanın içərisinə daxil olmuşdur. Mağazanın içərisində dəqiq saylarını bilmədiyi və vitrinlərdə olan kişi şalvarları, məktəbli çantaları, qadın əl çantalarından, idman geyimi dəstləri, uşaq dəst paltarlarından, ayaqqabıları, idman ayaqqabılarını, qadın koftalarından, kişi qadın kurtkalarından, polverlərdən oğurlayıb orada olan iri torbaya yığmışdır. Orada olan şkafda olan pullarıda oğurlamışdır, pulları saymış, pullar kağız və qəpiklərlə olmaqla təxminən ***-**** mant pul idi, pulları cibinə qoymuşdur. Həmin torbanı da oradan oğurlayıb çıxarmışdır. Bunu heç kim görməmiş və bundan heç kimin xəbəri olmamışdır. O, həmin oğurladığı içi dolu torbanı aparıb ara bir məhəllədə heç kimin görmədiyi yerdə gizlətmişdir. Səhəri günü həmin torbanı markasını və nömrə nişanını bilmədiyi taksi ilə Sabunçu rus bazarı deyilən yerə aparmışdır. Eləcə də taksi sürücüsünə bu barədə bildirmişdir ki, evlərində olan əşyalardı imkansızlıqdan satır. Bazarda ümumilikdə tanımadığı şəxslərə 400 manata satmışdır. Əldə etdiyi pulları və eyni zamanda oğurladığı pulları öz ehtiyacları üçün xərcləmişdir. Oğurluq hadisəsini o, tək törətmişdir. Oğurluq hadisəsini törətməzdən əvvəl və sonra heç kəsə bu barədə xəbər verməmişdir. Bundan başqa xx xxxx 2020-ci il tarixdə saat 02:00 radələrində o, bir daha Xəzər rayonu Binə qəsəbəsinə oğurluq etmək məqsədi ilə gəlmişdir. Məqsədi içində adam olmayan ev və yaxud obyekt tapıb oğurluq etmək olmuşdur. Oğurluq etmək istəyi pul əldə edib sonra onu öz ehtiyaclarına xərcləmək olmuşdur. Binə qəsəbəsində ara küçələrlə gəzmiş, diqqətini adını təxmini «Bərəkət» bildiyi market çəkmişdir. Marketin işıqları yanmırdı, ətrafa baxmışdır ki, heç kim yoxdur. Marketin plastik qapısını aça bilməyəcəyini düşünüb, marketin yan tərəfinə keçmişdir. Oradan marketin üstünə çıxmışdır. Marketin üsütndə olan dam örtüyünü dartıb qırmış və oradan marketin içərisinə tullanmışdır. Marketdən kolbasalar, sosiskalar, təxminən bir blok alışqanlar, uşaq şirniyyatları, iki blok siqaretlər, rexsona antipespirantları və dezodorantlar səsgücləndirici salafan paketlərə yığmışdır. Bundan sonra kassanın yanında qutuda olan 250 manat kağız pulları və təxminən 20-25 manat olan dəmir pulları, konturları oğurlayıb mağazadan ayağını piştaxtalara qoyaraq girdiyi yerdən mağazadan çıxmışdır. O, Binə qəsəbəsində gecələmişdir, səhəri günü həmin ərzaqların bir qismini özü yesə də, digər hissəsini tanımadığı şəxsə ümumilikdə 50 manata satmışdır. Həmin şəxsə də bildirmişdir ki, öz evləri üçün alınan ərzaqlardır, sadəcə imkansızlıqdan satır. Həmin konturlarında bir qədərini istifadə etsə də sata bilməyəcəyini düşünüb, yəni ehtiyat edərək zibilxanaya atmışdır. Bundan sonra həmin pulları da öz şəxsi ehtiyaclarına xərcləmiş və bu barədə heç kimə bildirməmişdir. Həmin oğurluq cinayətini də tək törətmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət törətdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən kişi geyimləri mağazasını işlədir. Mağazanı mütəmadi olaraq saat 22:00 radələrində bağlayır, səhər saatlarında 09:00 radələrində mağazanı açır. xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində mağazanı bağlamışdır. Səhəri gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 09:50 radələrində mağazanı hər zamanki qayda ilə açıb içəri girmişdir. Mağazanın içərisində müəyyən malların dağınıq vəziyyətdə olduğunu və mağazanın damının balaca bir hissəsinin sökülmüş vəziyyətdə olduğunu görmüşdür. Ona məlum olmuşdur ki, mağazadan oğurluq olmuşdur. Mağazadan bir dəsti 25 manat olan 20 dəst uşaq geyimləri, bir ədədi 20 manat olan 08 ədəd qadın koftaları, bir ədədi 23 manat olan 5 ədəd məktəbli çantaları, bir ədədi 20 manat olan 17 ədəd qadın çantası, bir ədədi 80 manat olan 08 ədəd qadın və kişi kurtkaları, bir ədədi 23 manat olan 18 ədəd kişi cins şalvarı, bir ədədi 15 manat olan 15 ədəd kişi polverləri, bir ədədi 20 manat olan 23 ədəd klassik kişi şalvarları, bir ədədi 20 manat olan 15 ədəd idman ayaqqabıları, bir ədədi 30 manat olan 20 ədəd kişi ayaqqabıları, bir dəsti 50 manat olan 10 dəst idman geyim dəstlərini və kassada olan 1000 manat manatlarla və qəpiklər ilə olan pullar oğurlanmışdır. Bu barədə DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Bir qədər keçmiş hadisə yerinə polis əməkdaşları gəlmişlər. Hadisə yeri müayinə olunmuş və fotoşkillər çəkilərək protokol tərtib olunmuşdur. İlkin təhqiqat zamanı o, dəymiş ziyanı tam hesablamadan təxmin olaraq 5000 manat kimi göstərmişdir. Lakin sonradan tam hesablama nəticəsində ona məlum olmuşdur ki, onun 3914 manat məbləğində əmlakı və kassada olan 1000 manat pulu oğurlanmışdır. Ümumilikdə ona 4914 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Baloğlan oğlu bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində ərzaq dükanı var və həmin dükanı işlədir. Dükanı səhər saat 07:00 radələrində açıb gecə təxminən 23:00 radələrində bağlayır. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində dükanı bağlayıb evinə getmişdir. Evdə bir qədər yatıb dincəldikdən sonra saat təxminən 07:00 radələrində yenidən dükana gəlmişdir ki, dükanı açsın. Həmin vaxt görmüşdür ki, dükanın yan tərəfindən yerləşən şüşəsi sındırılmışdır. Dükandan oğurluq olduğunu bildiyindən dərhal Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng vuraraq məlumat vermişdir. İçəri baxarkən məlum olmuşdur ki, dükana daxil olan naməlum şəxs və ya şəxslər dükanda olan piştaxtanın arxasındakı pul yığılan yerdən 700 manat nağd pulu oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 700 manat maddi ziyan dəymişdir. Qeyd etdiyi puldan başqa heç bir əşya oğurlanmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, onun Binə qəsəbəsində yerləşən ərzaq mağazası vardır və həmin mağazanı işlədir. xx xxxx 2020-ci il tarixdə saat 23:50 radələrində həmin mağazanı bağlayıb çıxmışdır. xx xxxx 2020-ci il tarixdə 07:00 radələrində mağazanı açmaq üçün gəlmişdir. Mağazaya daxil olmuş, bu zaman görmüşdür ki, mağazanın dam örtüyü sındırılmış vəziyyətdədir. Mağazanın vintrinlərinin müəyyən hissələri dağıdılmışdır. Ona məlum olmuşdur ki, mağazadan oğurluq olmuşdur. Mağazadan hər bir kiloqramı 10 manat olan 8 kiloqram «Halal» kolbasası, bir kiloqramı 9 manat olan 6 kiloqram «Min Bərəkət» sosiskası, bir ədədi 0,60 qəpik olan 24 ədəd alıqşan, bir ədədi 1,20 manat olan 24 ədəd uşaq «Toybox» şirniyyatları, 1 paçkası 2,20 manat olan 10 ədəd «Palmalı» siqaretləri, 1 paçkası 2,20 manat olan 10 ədəd «Vinçester» siqaretləri, ümumi dəyəri 500 manat olan konturlar, bir ədədi 0,50 manat olan 24 ədəd «Ozmo» şokolodları, bir ədədi 3,40 manat olan 5 ədəd «Yaşkino» tortu, bir ədədi 3,50 manat olan 5 ədəd «rexsona» antiperspirantlar, bir ədədi 4 manat olan 5 ədəd «rexsona» dezoderantları, mağazada istifadə etdiyi 30 manat dəyərində səsgücləndirici, qutuda olan 250 manat nəğd pul və 25 manat dəmir pullar oğurlanmışdır. O, dərhal bu bardə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər, müayinə edib fotoşəkillər çəkilmişdir. O, ilkin təhqiqat zamanı ona dəymiş maddi ziyanı təxmin olaraq 375 manat göstərmişdir. Lakin sonradan tam dəqiqliklə malları hesabladıqda ona məlum olmuşdur ki, yuxarıda adlarını qeyd etdiyi malların oğurlanması nəticəsində ona ümumilikdə 1092,70 manat məbləğində maddi ziyan dəymişdir. Onun əmlakının zədələnməsi nəticəsində 20 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, 20/218R saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə vət. Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən saxlanc yerində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 05 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 01 ədəd əl-barmaq və 03 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs əl əksləri (daktiloskopik xəritəsi) müqayisəli tədqiqatın aparılması üçün yararlıdırlar. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərdən 03 ədəd ovuc izi (daktiloskopik xəritəsi tədqiqata təqdim edilmiş) xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucunun (03 dəfə) əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi DİN-in KTİnin ADİS-in məlumat bankında olan, o cümlədən Təqsirləndirilən şəxs əlbarmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxx 2020-ci il tarixli, 736 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar edilmir. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətinin daxili aləmə yönəlməsi) daha yaxın olduğu müəyyən olunur. Ünsiyyətçillik, sərbəstliyə və müstəqilliyə can atmaq, emosionalıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik müəyyən edilmir. Onda başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs, əqli və psixi inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən “Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islahvə yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4.1-ci maddəsinə əsasən “Yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsinicəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi, ev 38 a ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar