Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-212/2022 11.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-17/2022 saylı, 11 yanvar 2022ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 yanvar 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşımaqla üstündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs X1 ona təmənnasız olaraq pay kimi verdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,161 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində üzərində saxlayaraq daşımış, 10 yanvar 2022-ci il tarixdə saat 06:50 radələrində X11 Alayının əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “BRAVO” marketin yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 1-ci X10 inzibati binasında xidməti otaqlardan birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qolsuz idman gödəkçəsinin sol iç cibindən bir ədəd şəffaf sellofan bükümündə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, heç bir yerdə işləmir, təqribən 3 ildir ki, narkotik vasitələrdən istifadə edir, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Narkotik vasitələrdən istifadə etdiyi üçün onda narkotik vasitələrə qarşı asılılıq yaranmışdır. 10 yanvar 2022-ci il tarixdə saat 06 radələrində X3 və onunla birlikdə adlarını bilmədiyi, lakin üzdən tanıdığı üç nəfər şəxslə birlikdə Şüvəlan qəsəbəsində “BRAVO” marketin yaxınlığında olmuş, bu zaman polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını görüb qaçmaq istəmişlər, lakin polis əməkdaşları onlara qaçmağa imkan verməmiş və onları Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə gətirmişlər. X5 tərəfindən ona müdafiəçi seçmək hüququ izah olunmuş və müdafiəçi ilə təmin edilmişdir. Natiq Ağamirzəyev tərəfindən ona şübhəli şəxs qismində tutulmağı elan edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Üzərində şəxsi axtarış aparılmadan öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qolsuz idman gödəkçəsinin sol iç cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamini təqdim etmiş və həmin psixotrop maddəni 09 yanvar 2022-ci il tarixdən 10 yanvar 2022-ci il tarixə keçən gecə Məzahir Nurəliyevin ona təmənnasız olaraq pay verdiyini bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofan bükümündə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetamin içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra zərfin üzəri və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 Alayının 11-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 göstərdi ki, 09 yanvar 2022-ci il tarixdən 10 yanvar 2022-ci il tarixə keçən gecə Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində 9644 saylı avtopatrulla xidmət aparmışdır. Onunla birlikdə xidmətdə X11 Alayının 11-ci Patrul Bölüyünün polis nəfərləri, polis serjantları Şahid2 və Şahid1 da olmuşlar. 10 yanvar 2022-ci il tarixdə saat 06:50 radələrində Şüvəlan qəsəbəsi “BRAVO” markatin yaxınlığında bir nəfər şəxsin avtomobildən düşərək nəsə axtardığını görmüş, həmin avtomobilə yaxınlaşan zaman avtomobildə olan şəxslər qaçmağa cəhd göstərmiş, həmin şəxslərin oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarına görə qaçmalarına imkan verməyərək onları Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə gətirmişdir. Orada həmin şəxslərin X8, X2, X9, X3 və Təqsirləndirilən şəxs olduqları müəyyən edilmişdir. 1-ci PŞ-nin inzibati binasında xidməti otaqlardan birində təhqiqatçı, polis mayoru Natiq Ağamirzəyev tərəfindən Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarışda Şahid2 və Şahid1lə birlikdə iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmadan öncə ona hüquq və vəzifələri izah olunmuş, üzərində qanunla qadağan olunan hər hansı əşya varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qolsuz idman gödəkçəsinin sol iç cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümdə olan kütləni 09 yanvar 2022-ci il tarixdən 10 yanvar 2022-ci il tarixə keçən gecə əvvəllər tanıdığı Məzahir adlı şəxsdən təmənnasız olaraq aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğu aşkar edilmiş, daha sonra onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, lakin üzərindən dövriyyəsi qanunla qadağa edilən hər hansı əşya və ya predmet aşkar edilməmiş, həmin 01 ədəd şəffaf sellofan bükümü içərisi boş olan ağ rəngli zərfə qoyularaq möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra zərfin üzəri və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X11 Alayının 11-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X11 Alayının 11ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək şahidlər Şahid3 və Şahid2 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2022-ci il tarixli, 6/121 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs..” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,161 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 0,161 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 0,061 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,00 (səksən bir) manat təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına ( Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 03 fevral 2022-ci il tarixli, 495 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, cinayət işi üzrə götürülmüş 0,161 qram psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış – 0,061 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 1(003)-55/2021 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssissində çəkməklə və cəzasını çəkməsinin əvvəli 05 oktyabr 2020-ci il tarixdən hesablanmaqla 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 7(003)-1060/2021 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmünə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasın çəkilməmiş qalan 01 (bir) ay 28 (iyirmi səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 23 fevral 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşımaqla üstündə saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 10 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,061 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 81,00 (səksən bir) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 5 saat) cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 10 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,061 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81,00 (səksən bir) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-212/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-212/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver