Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-215/2020 15.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Astara rayonu, Artupa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Artupa kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 04:30 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Zərərçəkmiş şəxs3 məxsus “Renault Megane minik” markalı **-US-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin giriş hissəsində Binə körpüsünün yaxınlığında Binə qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və s.) vaxtında və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, hər hansı səbəbdən (yuxusuzluq, yorğunluq və s.) avtomobilin idarə olunmasında çətinlik olduğu vəziyyətdə avtomobili idarə etməməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib ehtiyyatsızlıqdan idarəetməni itirib avtomobili yolun sağ kənarındakı zərərçəkmiş hüquqi şəxs olan “xxxxxxxxxxxxxxxx” X6 məxsus işıq dirəyinə vurmuş, nəticədə avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs2 əngin Lefor İ tipli sınığı, sağ alının cibinin ön səhivəsinin yerdəyişən sınığı, hər iki gözaltı nahiyənin qançırı, üst dodağın əzilmiş yarası ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, avtomobilin qabaq sağ oturacağında əyləmiş sərnişin Zərərçəkmiş şəxs1 Ehtiman oğlunun isə hər iki göz almasının konyukivası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almasına, Zərərçəkmiş şəxs3 əmlakı olan “Renault Megane minik” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3000 manat məbləğində maddi ziyan vurulmasına, zərərçəkmiş hüquqi şəxs olan “xxxxxxxxxxxxxxxx” X6 məxsus işıq dirəyinə isə 1083 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Astara rayonu Artupa kəndində qeydiyyatda olmaqla yaşayır. Onun «BC» dərəcəli sürücülük vəsiqəsi var və o, 15 ilə yaxındır ki, sürücülüklə məşğul olur. xx xxxxxx 2019cu il tarixdə icarə ilə Renault Megane minik markalı **-US-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil almış və bugünə kimi həmin avtomobili etibarnamə ilə idarə edir. Hazırda da həmin avtomobilin icarə haqqını verir. Bundan əvvəl heç vaxt yol-nəqliyyat hadisəsi törətməmişdir. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 04:00 radələrində Koroğlu metrostansiyasının yaxınlığında gediş haqqısı adambaşına 1 manatdan 2 nəfər sərnişin götürüb etibarnamə ilə idarə etdiyi Renault Megane minik markalı **-US-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Xəzər rayonu Binə qəsəbəsinə yola düşmüş, sərnişinlərdən biri qabaq sağ oturacaqda, digəri isə arxa oturacaqda əyləşmişdir. Təxminən saat 04:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin giriş hissəsində Binə körpüsünün yaxınlığında Binə qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən yuxulamış və ehtiyyatsızlıqdan idarəetməni itirib avtomobili yolun sağ kənarındakı dəmirdən olan işıq dirəyinə vurmuşdur. Hadisə nəticəsində avtomobildə sərnişin qismində əyləşmiş sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Ehtiman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Həmin vaxt o, 103 xidmətinə zəng edib hadisə yerinə təcili tibbi yardım çağırmış, bir qədər sonra hadisə yerinə polis və təcili yardım avtomobili gəlmişdir. Xəsarət alan hər iki şəxsi təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına aparmışlar. Bundan sonra onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Daha sonra o, xəsarət alan şəxslərə baş çəkmək məqsədi ilə 3 saylı şəhər xəstəxanasına getmişdir. Xəsarət alan şəxslərdən birinin, yəni Niyaməddinin vəziyyəti yüngül idi. Buna görə də o, xəstəxanada qalmayaraq yaşadığı evə getmişdir. Digər şəxsin Rzanın isə vəziyyəti bir qədər ağır idi, buna görə də onu əməliyyat etmişlər. Həmin günün səhəri Rzanı anasının istəyi ilə 1 saylı Kliniki xəstəxanaya aparmışlar. Bundan sonra Rzanın həmin xəstəxanada müalicə alıb sağalması üçün bütün xəstəxana xərclərini çəkmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu, Sulut kəndində qeydiyyatda olmaqla ailəsilə birlikdə ünvan 1 ünvanında yaşayır. Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Renault Megane minik” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuşdur. O, həmin avtomobili xx xxxxxx 2019-cu il tarixdə X2 10.000 manata almış və həmin vaxt o, ona 1 il müddətinə baş etibarnamə vermişdir. Odur ki, həmin avtomobil X4 adına olsa da, avtomobillə bağlı bütün hüquqlar ona məxsusdur və xx.xx.2019-cu il tarixdə Binə qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Renault Megane minik” markalı **- US-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ona dəymişdir. Hadisə nəticəsində avtomobilin qabaq kapotu, qabaq bufer, qabaq sağ və sol krılo, hər iki qabaq faralar, bütövlükdə motor sistemi, su radiatoru, kondisioner radiatoru, antifilis qabı, interkuller, komplekt ekran tam yararsız vəziyyətə düşmüşdür, hər iki hava yastıqları açılmışdır. Hazırda avtomobili tam olaraq təmir etdirmişdir və ümumilikdə 3000 manat xərci çıxmışdır. Odur ki, hadisə nəticəsində ona ümumilikdə 3000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, bu səbəbdən ona qarşı şikayət və tələbinin olmadığını, onunla barışıq əldə etdiyini bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Etiman oğlu ifadəsində göstərmişdir ki, Lerik rayonu Cəngəmiran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda nömrəsiz fərdi evdə kirayədə yaşamışdır. xx xxxxxx 2019-cu il tarixdə təxminən gecə saat 04:00 radələrində Koroğlu metrostansiyasının yaxınlığında gediş haqqı adambaşına 1 manat olan Renault Megane markalı **-US-*** dövlət qeydiyyat nömrə nişanlı gümüşü rəngli Binə taksisinə əyləşmiş və qabaq sağ oturacaqda əyləşmişdir. Ondan başqa bir nəfər də başqa sərnişin həmin taksiyə minmiş və arxa oturacaqda əyləşmişdir. Bundan sonra onlar Xəzər rayonu Binə qəsəbəsi istiqamətində yola düşmüşlər. Yolda təxminən 120 km/saat sürətlə hərəkətdə olarkən Komsomol dairəsi adlanan ərazidə sürücü qəflətən idarəetməni itirmiş və Zərərçəkmiş şəxs1 həmin vaxt cəld tərpənərək baş verəcək qəzanın qarşısını almışdır. Belə ki, vaxtında sürücünü ayıltmasa idi avtomobillə Komsomol dairəsində olan Saat qülləsinə çırpılacaqmışlar. Bundan sonra onlar yollarına davam etmişlər. Xəzər rayonu Binə qəsəbəsinin giriş hissəsində o, yatmış vəziyyətdə olarkən sürücü idarəetməni itirərək yolun sağ kənarındakı dəmirdən olan işıq dirəyinə çırpılmışdır. Hadisə nəticəsində həm o, həm də avtomobilin arxa oturacağında əyləşən sərnişin xəsarət almışdır. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə ünvan 2 ünvanda yaşayır. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 04:00 radələrində Koroğlu metrostansiyasının yaxınlığında gediş haqqı adambaşına 1 manat olan Renault Megane markalı ** US *** dövlət qeydiyyat nömrə nişanlı gümüşü rəngli Binə taksisinə əyləşib arxa oturacaqda əyləşmişdir. Ondan başqa bir nəfər də başqa sərnişin həmin taksiyə minib qabaq sağ oturacaqda əyləşmişdir. Bundan sonra onlar Xəzər rayonu Binə qəsəbəsi istiqamətində yola düşmüşlər. Təxminən yarı yolda o, arxa oturacaqda yuxuya getmiş, buna görə də hadisənin necə baş verdiyini görməmiş və səbəbini bilməmişdir. O, hadisə baş verəndən sonra ayılmış və anlamışdır ki, qəza baş vermişdir. Hadisə nəticəsində o, xəsarət almış, buna görə də əvvəlcə 3 saylı ŞKX-ya aparılmış, ona ilkin tibbi yardım göstərilmiş, oradan isə 1 saylı KTM-yə göndərilmiş və KTM-də üz çənə əməliyyatı olunmuşdur. Bildirmişdir ki, hadisənin baş verməsinin səbəbini həmin vaxt yatmış vəziyyətdə olduğundan bilmir. Ancaq sürücünün öz deməsinə görə sükan arxasında yuxuladığından idarəetməni itirmiş və qəza baş vermişdir. Hadisə zamanı avtomobildə ondan başqa bir nəfər sərnişin və bir nəfər də avtomobilin sürücüsü olmuş, başqa heç kəs olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, bu səbəbdən ona qarşı şikayət və tələbinin olmadığını, onunla barışıq əldə etdiyini bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında mülkiiddia çızərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, “xxxxxxxxxxxxxxxx” EŞM-nin hüquqşünası vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə Heydər Əliyev adına hava limanından Hökümət bağına gedən yolda Binə qəsəbəsinə dönən hissədə “xxxxxxxxxxxxxxxx” EŞM-ə məxsus olan işıq dirəyini təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla vurmuş, bir ədəd çıraq yararsız hala düşmüşdür və nəticədə müəssisələrinə 1083 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli 1586 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində əngin Lefor İ tipli sınığı, sağ alının cibinin ön səhivəsinin yerdəyişən sınığı, hər iki gözaltı nahiyənin qançırı, üst dodağın əzilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun “X11”ə müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli 43 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində hər iki göz almasının konyukivası müəyyən edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun Akademik Z.Əliyeva adına Milli Oftolmologiya Mərkəzinə müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 8/57 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Renault Megane markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “X3 X10” MMC tərəfindən verilmiş 19-1220 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Renault Megane markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobil yoxlanılmış və avtomobilə ehtiyyat hissələrinin sıradan çıxması ilə əlaqədar usta xərcləri ilə birlikdə cəmi 3000 manat ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İrca Hakimiyyəti “xxxxxxxxxxxxxxxx” X7 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 11-955 saylı məktubdan rəyindən görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü avtomobili “xxxxxxxxxxxxxxxx” EŞM-ə məxsus olan işıq dirəyinə vurmuş, bir ədəd çıraq yararsız hala düşmüş və nəticədə Müəssisəyə 1083 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1975-ci ildə Astara rayonunda anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Zərərçəkmiş şəxs2 ilə barışdığı, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağırzərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. QEYD: Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-nin 263-cü maddəsinə görə isə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına (CM-nin 263.1-ci maddəsi), eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə (CM-nin 263.2-ci maddəsi), və ya iki və daha çox şəxsin ölümünə (CM-nin 263.3-cü maddəsi) səbəb olduqda şəxs həmin maddədə göstərilmiş sanksiyalara məruz qalır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan təqsirləndirilən şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə və ya zərər çəkən şəxsə maddi zərər vurulduqda, inzibati məsuliyyət yaranır. Yol-nəqliyyat hadisəsi daha ağır nəticələrə səbəb olduqda isə ictimai münasibətlər artıq cinayət qanununun müddəaları ilə tənzimlənir. Belə ki, CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyəti yaranır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən “Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş “ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs” anlayışının şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Ağır və xüsusilə ağır cinayətlərdən fərqli olaraq böyük ictimai təhlükə törətməyən, şəraitin dəyişməsi ilə bağlı həmçinin az ağır cinayətlərə qanunvericinin belə imtiyazlı münasibəti qanuni ictimai marağa xidmət edir. Bununla da belə cinayətlər kateqoriyasına aid olan təqsirli əməl törətmiş şəxs cinayət qanununun qeyd olunan normalarında göstərilən şərtləri yerinə yetirməklə artıq ictimai təhlükəli olmadığını ifadə etdiyi halda, cinayət məsuliyyətinə cəlb olunmadan onun belə davranışdan çəkinməsinə, islah olunmasına və ictimaiyyətdə qəbul olunmuş birgəyaşayış qaydalarına riayət etməsinə nail olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “İctimai ittiham qaydasında cinayət təqibi böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə də həyata keçirilir. Cinayət-prosessual qanunvericiliyində ictimai ittiham qaydasında cinayət təqibi zamanı zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması əsasında icraata xitam verilməsinə heç bir məhdudiyyət qoyulmamışdır. Nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Zərər çəkmişin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla konkret işin bütün halları nəzərə alınmalıdır.” Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, Zərərçəkmiş şəxs2 ilə barışmasını, Zərərçəkmiş şəxs2 ona qarşı şikayətinin olmamasını və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın ödənildiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən bildirir ki, iş üzrə zərərəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs2 az ağır xəsarət almış, digər zərərçəkmiş şəxslər isə yüngül dərəcəli bədən xəsarətləri almışlar. Zərərçəkmiş şəxs2 az ağır dərəcəli bədən xəsarəti aldığından Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılmışdır. Məhləmə baxışında Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığından və ona dəymiş ziyan ödənildiyindən hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin dispozisiyasında həmçinin Konstitusiya və Ali Məhkəmənin müvafiq qərarlarında göstərildiyi kimi cinayət məsuliyyəti zərərçəkmiş şəxsin sağlamlığına az ağır dərəcəli bədən xəsarətləri yetirildikdə yaranır. Məhkəmə digər zərərçəkmiş şəxslərə münasibətdə bildirir ki, həmin şəxslərə yüngül dərəcəli bədən xəsarətləri yetirilmişdir və bu inzibati məsuliyyətə səbəb olur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən “Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət yaranır.” Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətləri olduğundan araşdırılması üçün müvafiq orqana göndərilməlidir. Hazır ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verildiyindən mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən “Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər.” İş üzrə 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxstutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Mülki iddia baxılmamış saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə göndərilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilidə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin.Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçiə ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-215/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-215/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver