Məhkəmə qərarları › İş №1(003)-215/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-215/2022

23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-215/2022 23.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Salmanov Surac Çingiz oğlunun, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Vəliyeva Aynur Sahib qızının iştirakları ilə Ağatalıbov İsmayıl Ağahüseyn oğlunun 04 noyabr 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ağatalıbov İsmayıl Ağahüseyn oğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Ağatalıbov İsmayıl Ağahüseyn oğlu 05 yanvar 2022-ci il tarixdə günorta saatlarında İsmayılzadə Elmin İlqar oğlundan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Rəhmanov küçəsində 15 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq 02 bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi xalis çəkisi - 0,581 qram və 0,293 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə daşıyaraq üzərində saxlamışdır. 06 yanvar 2021-ci il tarixdə, saat 17:45-də Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən «Ümid Yeri» sığınacağının yaxınlığında saxlanılaraq 3-cü Polis şöbəsinə dəvət olunmuşdur. Orada İsmayıl Ağatalıbovun üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən siqaretin şəffaf sellefonuna bükülmüş 02 ədəd bükümdə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Ağatalıbov İsmayıl Ağahüseyn oğlu özünü təqsirli bilərək göstərdi ki, o, 8 ay olar ki, narkotik vasitə heroindən istifadə edir. Anar adlı tanışı narkotik vasitə almaq üçün ona 5 manat pul vermiş, o da, həmin pulun üzərinə 15 manat qoyaraq 20 manat pula 05 yanvar 2022-ci il tarixdə Binə qəsəbəsində yaşayan Elmin adlı şəxsdən 2 büküm heroin almışdır. Həmin günü axşam saatlarında heroindən bir büküm Anara vermişdir. 06 yanvar 2021-ci il tarixdə, saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yerləşən «Ümid yeri» sığınacağının yaxınlığından keçərkən iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələr gəzdirməsi ilə bağlı 3-cü Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin yanında video çəkilişlə üzərinə axtarış keçirilməmişdən əvvəl üzərində gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməsini təklif etmişlər. O, üzərində olan iki büküm heroini təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Saxlanılarkən və üzərinə axtarış keçirilərkən ona qarşı fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Törətdiyi əməldən səmimi peşmançılığını və iki azyaşlı uşağının olduğunu bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Ağahüseyn oğlunun təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid Süleymanov Anar Məhəmməd oğlu göstərdi ki, Xəzər RPİ-nin 3-cü Polis şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağatalıbov İsmayıl Ağahüseyn oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sahə inspektoru Heydər Bağırov ilə birlikdə İsmayıl Ağatalıbovu 06 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mirzə Ələkbər Sabir küçəsində yerləşən «Ümid yeri» sığınacağının yanında şübhəli şəxs qismində saxlayaraq 3cü Polis şöbəsinə dəvət etmişlər. Şöbədə şəxsi axtarış aparılmamışdan əvvəl videoçəkilişlə İsmayıl Ağatalıbova müdafiəçinin iştirakı ilə üzərində saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif olunmuşdur. İsmayıl Ağatalıbov qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd siqaretin şəffaf sellofanına bükülmüş bükülünü təqdim edərək içində narkotik vasitə heroin olduğunu və yaşadığı evin qarşısında Elmin adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra İsmayıl Ağatalıbovun üzərində şəxsi axtarış aparılsa da, üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. İsmayıl Ağatalıbov saxlanılarkən və üzərinə axtarış keçirilərkən ona qarşı fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin sahə inspektoru Bağırov Heydər Yadulla oğlu şahid Süleymanov Anar Məhəmməd oğlunun ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 6/68 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №244” dairəvi möhür əksi və “Həsənov Anar” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,455 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkoik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №244” dairevi möhür əksi və “İsmayılzadə Elmin” yazı əlavəsi qeyd edilmiş bir ədəd ağ rəngli polietilen bükümdə təmiz çəkisi 6,520 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №244” dairəvi möhür əksi və “Ağatalıbov İsmayıl” yazı əlavəsi qeyd edilmiş iki ədəd şəffaf polietilen bükümlərdə təmiz çəkiləri- 0,581 qram və 0,293 qram (ümumi təmiz çəkiləri: 0,874 qram) qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkoik vasitə -heroindir. Tədqiqata təqdim edilmiş, kustar üsulla hazırlanmış 04 ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısı (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına Ağatalıbov İsmayıl Ağahüseyn oğlundan aşkar edilmiş 0,581 qram və 0,293 qram narkotik vasitə heroinin hər birindən 0,02 qram sərf edildikdən sonra 0,561 qram və 0,273 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin ambulator məhkəmə-narkoloji ekspertizasının 24 fevral 2022-ci il tarixli, 945 nömrəli rəyindən görünür ki, müayinə zamanı Ağatalıbov İsmayıl Ağahüseyn oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dsipanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 21 yanvar 2022-ci il tarixli tələbnaməsindən görünür ki, 04 noyabr 1984-cü ildə Bakı şəhərində anadan olmuş Ağatalıbov İsmayıl Ağahüseyn oğlunun məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Ağatalıbov İsmayıl Ağahüseyn oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Ağatalıbov İsmayıl Ağahüseyn oğlunun ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Ağatalıbov İsmayıl Ağahüseyn oğlunun cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Ağatalıbov İsmayıl Ağahüseyn oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Ağatalıbov İsmayıl Ağahüseyn oğlu 06 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Ağatalıbov İsmayıl Ağahüseyn oğlunun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Ağatalıbov İsmayıl Ağahüseyn oğlunun cəzasının əvvəli 06 yanvar 2022-ci il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ağatalıbov İsmayıl Ağahüseyn oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Anar Bəxtiyarovun 01 aprel 2022-ci il tarixli qərarından görünür ki, Ağatalıbov İsmayıl Ağahüseyn oğlundan aşkar olunmuş 2 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertizadan sonrakı qalığı 0,561 qram və 0,273 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Ağatalıbov İsmayıl Ağahüseyn oğlunun üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk isə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Ağatalıbov İsmayıl Ağahüseyn oğlundan aşkar olunmuş 2 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertizadan sonrakı qalığı 0,561 qram və 0,273 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Ağatalıbov İsmayıl Ağahüseyn oğlunun üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ağatalıbov İsmayıl Ağahüseyn oğlu cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunmalı və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Ağatalıbov İsmayıl Ağahüseyn oğlundan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Mustafayev Namiq Cuma oğlu təqsirləndirilən şəxs Ağatalıbov İsmayıl Ağahüseyn oğluna ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Vəliyeva Aynur Sahib qızı təqsirləndirilən şəxs Ağatalıbov İsmayıl Ağahüseyn oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 4 (dörd) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından vəkil Mustafayev Namiq Cuma oğluna, 24 (iyirmi dörd) manat məbləğində vəsait vəkil Vəliyeva Aynur Sahib qızına ödənilməsi üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Ağatalıbov İsmayıl Ağahüseyn oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Cəzasının əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Ağatalıbov İsmayıl Ağahüseyn oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ağatalıbov İsmayıl Ağahüseyn oğlunun barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Ağatalıbov İsmayıl Ağahüseyn oğlundan aşkar olunmuş 2 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertizadan sonrakı qalığı 0,561 qram və 0,273 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Ağatalıbov İsmayıl Ağahüseyn oğlunun üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Ağatalıbov İsmayıl Ağahüseyn oğlundan alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Mustafayev Namiq Cuma oğlu təqsirləndirilən şəxs Ağatalıbov İsmayıl Ağahüseyn oğluna ibtidai istintaqda göstərdiyi hüquqi xidmətə görə 180 (yüz səksən) manat məbləğində vəsait, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Vəliyeva Aynur Sahib qızı təqsirləndirilən şəxs Ağatalıbov İsmayıl Ağahüseyn oğluna məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Mustafayev Namiq Cuma oğluna və Vəliyeva Aynur Sahib qızına ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Ağatalıbov İsmayıl Ağahüseyn oğluna isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar