Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-216/2023 03.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1964-cü il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 1-ci dərəcəli əlil təqaüdçü, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “Volkswagen Golf” minik markalı **-CJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunun yeraltı tunel olan hissəsində Maştağa qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və s.) vaxtında və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, hər hansı səbəbdən (yuxusuzluq, yorğunluq və s.) avtomobilin idarə olunmasında çətinlik olduğu vəziyyətdə avtomobili idarə etməməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib ehtiyatsızlıqdan yolun sağ kənarı ilə Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Moon” markalı mopedi idarə etdiyi avtomobilin qabaq hissəsi ilə arxa tərəfdən vuraraq toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs sol baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişən sınığı, sol baldırın əzilmiş yarası ilə nəticələnən və sağlamlığa ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxsin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 12 oktyabr 2022-ci il tarixdə, təxminən saat 10 radələrində idarə etdiyi özünə məxsus “Volkswagen Golf” minik markalı **-CJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunun yeraltı tunel olan hissəsində Maştağa qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən gözünə gün işığı düşdüyündən ehtiyatsızlıqdan yolun sağ kənarı ilə Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olan, sonradan adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Moon” markalı mopedi idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə arxadan vurmaqla toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs sol ayaq nahiyəsindən xəsarət almışdır. Xəstəliyi ilə əlaqədar o, özü kömək edə bilməsə də, yaxınlıqda olan şəxsləri köməyə çağırmış və onların köməkliyi ilə mopedin sürücüsü Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır. Hadisənin baş verməsinin səbəbi idarə etdiyi avtomobillə hərəkətdə olarkən gözünə gün işığının düşməsi olmuşdur. Onun üçün təhlükə anı mopedi gördüyü vaxt yaranmış və həmin vaxt mopedlə idarə etdiyi avtomobilin arasında çox qısa məsafə olmuş, buna görə də hadisənin qarşısını ala bilməmişdir. Hadisə zamanı idarə etidiyi avtomobildə ondan başqa sərnişin olmamış, tək olmuşdur. İlk dəfə ehtiyatsızlıqdan törətdiyi bu əməlindən peşmandır. Maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə heç bir köməklik göstərə və onunla barışıq əldə edə bilməmişdir. Çünki özü 1-ci qrup əlildir, heç bir yerdə işləmir,cəmi 303,75 (üç yüz üç manat yetmiş beş qəpik) manat pensiya alır. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində idarə etdiyi “Moon” markalı mopedlə Maştağa qəsəbəsi istiqamətində yolun sağ kənarı ilə hərəkətdə olduğu vaxt sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen Golf” minik markalı **-CJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunun yeraltı tunel olan hissəsində Maştağa qəsəbəsi istiqamətində idarə etdiyi “Moon” markalı mopedlə toqquşmuş, nəticədə o, yerə yıxılıb sol baldır nahiyəsindən ağır xəsarət almışdır. Həmin yerdə olan şəxslər köməklik edib onu xəstəxanaya aparmışlar. Yol-nəqliyyat hadisəsi törədərək onun xəsarət almağına səbəb olmuş Təqsirləndirilən şəxs onun səhhətinin yaxşılaşması ilə əlaqədar heç bir addım atmamışdır. O, onun ona olan laqeyd münasibətinə görə barəsində şikayətçidir. Yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində sərbəst hərəkət etmək qabiliyyətini itirmişdir. Təqsirləndirilən şəxs isə hadisədən sonra onunla maraqlanmamış və müalicə xərclərinə köməklik göstərməmişdir. Halbuki, o, indiyə qədər öz müalicəsinə təminən 5000 manata qədər pul xərcləmişdir, müalicəsi indi də davam edir və hələ bundan sonra da davam edəcəkdir. Çox böyük çətinliklə dolanır, müalicəsi ilə əlaqədar çoxlu borcu vardır, təqsirləndirilən şəxsdən müalicəsinə çəkdiyi xərcləri ödəməyi tələb edir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona müvafiq cəza verilməsini xahiş edir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunun yeraltı tunel olan hissəsində Maştağa qəsəbəsi istiqamətində baş verdiyi müəyyən edilmişdir. Həmin yol asfalt örtüklü, hamar və quru, düz olmaqla nəqliyyat vasitələrinin hərəkəti üçün maneəsizdir. Hadisə baş verən yerdə hərəkət iki istiqamətli olmaqla hər istiqamətdə bir zolaqlı yol mövcuddur. Yolun ümumi eni 6 metrdir, bir istiqamətdə yolun ümumi eni 3 metrdir. Hadisə yerində tormoz izi yoxdur. Hadisə sutkanın işıqlı vaxtı baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən alınmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2022ci il tarixli 1/2270 №-li aktla müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02 noyabr 2022-ci il tarixli 1509 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişən sınığı, sol baldırın əzilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun “X1” X2 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən törənmələri istisna olunmur və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 12 dekabr 2022-ci il tarixli 8/3400 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən, “Volkswagen Golf” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manatdır. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə verilmiş “B1” kateqoriyalı AF seriyalı 400467№-li sürücülük vəsiqəsi ilə müəyyən edilmişdir ki, onun 12 oktyabr 2022-ci il tarixdə minik avtomobilini idarə etmək hüququ olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Arayışdan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz 1-ci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 saylı Bakı DOST Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Arayışdan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz 1-ci qrup əlilliyə görə 303,75 (üç yüz üç manat yetmiş beş qəpik) manat əmək pensiya alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 26 dekabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxsnın avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ağır xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi faktı tam sübuta yetirildi. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, əməlindən peşman olmasını, 1-ci qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85,00 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-216/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-216/2023
03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver